Güclü Ordu Güclü Dövlət: Müstəqil Azərbaycanın qürur mənbəyi
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət yeni tip müharibə üsullarının tətbiqi, iqtisadi sanksiyalar, separatizm, etnik və dini qarşıdurmalar, terrorizm və digər destabilizasiya cəhdləri region ölkələrinin hərbi və milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Bu proseslər bir daha təsdiq edir ki, mövcud təhlükəsizlik sistemləri bu təhdidlərin qarşısını almaqda yetərincə səmərəli deyil. Azərbaycan isə geosiyasi, geoiqtisadi və geostrateji baxımdan olduqca əlverişli mövqedə yerləşdiyindən həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Ölkənin zəngin təbii sərvətləri, mühüm tranzit imkanları, sabit siyasi idarəçiliyi və artan iqtisadi potensialı onu regional gücə çevirir.
Lakin bütün bu üstünlüklər eyni zamanda ciddi təhlükəsizlik risklərini də artırır. Bu səbəbdən Azərbaycan milli təhlükəsizlik strategiyasını daim yeniləmək və dinamik mühitə uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir. Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Göründüyü kimi, Azərbaycanın yaxın gələcəkdəki regional və qlobal mövqeyi onun necə bir xarici siyasət yürüdəcəyindən ciddi şəkildə asılı olacaqdır. Qlobal güclərin Cənubi Qafqazdakı maraqları və bu maraqlar uğrunda gedən mübarizədə Azərbaycanın öz milli maraqlarını maksimum qorumaq və hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün strateji addımlar atmasını zəruri edir. Bu səbəbdən ölkəmizin xarici siyasəti xüsusilə Ermənistanla olan keçmiş münaqişə fonunda hərbi-siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini nəzərdə tutur.
Hazırkı mərhələdə prioritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulmuşdur. Bu gün tariximizə ölkəmizdə ilk müntəzəm hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün kimi düşmüşdür. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olundu, daha sonra bu vəzifədə general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər fəaliyyət göstərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri isə 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birlikdə Bakını işğaldan azad etməsi oldu. Bu, müasir dövlətçilik tariximizdə ilk böyük hərbi zəfər kimi yadda qaldı. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkə sovet işğalına məruz qaldı. Milli Ordu ləğv olundu, onlarla general və zabit repressiyaya məruz qaldı, çoxu şəhid edildi. Hərbi nazirlik ləğv olundu və Azərbaycan uzun illər müstəqil hərbi qüvvəyə malik olmadı. Milli Ordunun yenidən dirçəlişi yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra baş verdi. Bu dövrdə Azərbaycanın öz milli ordusunu qurmaq imkanı yarandı. Lakin bu proses çətin və keşməkeşli oldu. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi xaos, komandanlıq böhranı və fərarilik kimi hallar hökm sürürdü. Bu zəiflikdən istifadə edən Ermənistan torpaqlarımızı işğal etməyə başladı.
Azərbaycan Ordusunun real və sistemli quruculuğu yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa müddətdə ordu sıralarını vahid komandanlıq altında birləşdirdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğuna əsaslı şəkildə start verildi. Füzuli istiqamətində keçirilmiş uğurlu əks-hücum əməliyyatları da məhz Ulu Öndərin birbaşa komandanlığı ilə baş tutdu və bu əməliyyatlar zamanı bir sıra ərazilərimiz düşməndən azad edildi. 1994-cü ildə onun siyasi iradəsi ilə Ermənistanla atəşkəs razılaşması imzalandı. Bu mühüm qərar Azərbaycan ordusunun möhkəmləndirilməsi və genişmiqyaslı, planlı quruculuq işlərinə başlamaq üçün strateji şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl qanunvericilik və struktur islahatları həyata keçirildi. 1998-ci il 22 may tarixli sərəncamla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarixdən etibarən 26 İyun hər il dövlət səviyyəsində qeyd edilir, hərbçilərimizin qəhrəmanlığına dərin ehtiram ifadə olunur. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi. Beynəlxalq hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoydu.
2001-ci ildən etibarən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat" planına qoşuldu, hərbçilərimiz sülhməramlı əməliyyatlarda iştirak etdi. Azərbaycan hərbçiləri İraq, Əfqanıstan, Kosovo kimi bölgələrdə beynəlxalq missiyalarda uğurla xidmət etdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi:"Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır." Bu fikirlər müasir Azərbaycan əsgərinin mənəvi dayaq nöqtəsinə çevrilmişdir. Ordu sıralarında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbçilərdə milli qürur və dövlətçilik şüurunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin siyasətində əsas istiqamətlərdən biri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirir, onu daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırmaqdadır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda peşəkarlığın artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də Silahlı Qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atılmışdır.
Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilmişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da möhkəmləndirilmiş, milli təhlükəsizlik sistemimiz yüksək səviyyəyə çatdırılmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf strategiyası müasir ordu quruculuğuna mühüm dəstək vermişdir. Müdafiə sahəsinə ayrılan maliyyə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunmuş, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilmişdir. 2011-ci ildə Bakıda keçirilən hərbi parad, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bu qüdrətin bariz sübutudur. Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini işğaldan azad etdi.
Günnüt əməliyyatı zamanı isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Günnüt kəndi düşməndən təmizlənərək strateji mövqelər Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci ildə Bakının Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyevin dediyi bu sözlər hər bir azərbaycanlının qəlbində əbədi iz buraxdı: "Biz mütləq torpaqlarımıza qayıdacağıq!". Bu qətiyyətli bəyanat cəmi iki il sonra gerçəyə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbirdə iştirak etdilər. Paradda düşməndən qənimət kimi götürülmüş texnikalarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda ucaldılmış üçrəngli bayraqlar nümayiş etdirildi. Bu müharibə zamanı 2900-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı.
Vətən uğrunda canlarından keçən igidlərimizin qəhrəmanlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. 2020–2021-ci illərdə imzalanmış sərəncamlarla 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunmuş, onlarla hərbi qulluqçuya ali rütbələr verilmişdir. İgid əsgər və zabitlərimiz “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı da daxil olmaqla 15 yeni orden və medalla təltif olunmuşlar. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirilmiş, bir çox ekspertlər Azərbaycan Ordusunun qarşısında heç bir dövlətin dayana bilməyəcəyini qeyd etmişlər. Ordunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır.
Bu məqsədlə 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Milli Müdafiə Universiteti yaradılmışdır. Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırmışdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər isə orduya əlavə güc və təcrübə qazandırır. Bundan əlavə, Azərbaycan dövləti İsrail, Rusiya və Pakistan kimi qabaqcıl ölkələrdən ən müasir silah və texnoloji sistemləri əldə edərək Silahlı Qüvvələrin texniki imkanlarını daha da genişləndirib. Bu gün hər bir gənc güclü və qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi böyük şərəf sayır.
Cəlil Xəlilov,
Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik


