“Gül kimi aktyor idin, niyə rahat dayanmadın?” Hikmət Rəhimov bizdən nə istəyir?
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Kulis.az Hikmət Rəhimovun "Səkkiz" serialı haqqında Miri Rəsulzadənin yazısını təqdim edir.
Bəzən bir insanın qatilə çevrilməsi, təkcə onun hekayəsi olmur. Bu, bütün bir cəmiyyətin portretidir.
Barnabas İncilində Həzrət İsanın belə bir sözü var. Deyir, hüzurunda durduğum Allah sağ və diridir. Siz məndən göylərə çıxmağı yox, gerçəyi alacaqsınız.
Hikmət Rəhimov da rejissor həyatında gördüyü son işlərlə təxmini belə bir mesaj verir. Məndən gerçəyi alacaqsınız. Film təqdimatlarının birində tamaşaçılara gülə-gülə bildirdi ki, 40-a kimi məndən “yaxşı” heç nə gözləməyin.
Hikmət bundan əvvəlki 3 bədii filmdə önümüzə çeşid-çeşid, növbənöv, hər rəngdə ağrılar, dərdlər sərdi. O gün də "İMAX"da ARB üçün çəkdiyi 12 seriyalıq yeni “Səkkiz” adlı problemlər külliyatını təqdim elədi. İçindəki ağrını 44 gün kamera ilə bölüşdü.
Hikmətin yaradıcılığında bir vacib nüansı müşahidə etmişəm. Həqiqəti estetikaya sığınıb deyir. Onun filmləri əyləndirmir, ayıldır. Kadrlarında gözəllik yox, gerçəklik var. Bəlkə də buna görə ağır gəlir. Çünki bizə sonu yaxşı qurtaran nağıllar yox, yaxşı çəkilmiş həqiqətlər təqdim edir.
Mənə görə “Səkkiz” serialı sadəcə bir manyakın həyatını göstərmir. Bu serial sevgi çatışmazlığının, ardıcıl xəyanətlərin insan ruhunda yaratdığı uçurumun ekran həllidir.
Hikmət bütün istedadı ilə hamıya açıq sual verir. Adəm peyğəmbərdən bu günə qədər dünyanın müxtəlif yerlərində sınaqdan çıxa bilməyən şeytani təcrübələr niyə bu məmləkətdə uğurlu nəticələr verir? Niyə verməlidir? Niyə?
Açığı, Rəhimovu aktyor oyununa görə qınayanı görməmişəm. Nə filmdə, nə reklamda, nə teatrda, amma çəkdiyi filmlərin mövzusuna görə xeyli tənqid olunub, qınanıb. O gün qala gecəsində bəzilərinin ürək sözlərini eşitdim. “Hikmət, həqiqəti niyə gözümüzə soxursan?” “Niyə dincəlmirsən?” “Nə vermisən bu cəmiyyətə ala bilmirsən?” Nə vaxta kimi qaramat?
Elə bilirsiniz o bunun fərqində deyil?
Elə bilirsiniz o “Stalinin başı”nı çəkə bilməz?
Bugünkü kino məkanında kosmetik münasibətlər, yüngül sevgi hekayələri, səthi xoşbəxtlik bolluğu hökm sürərkən Hikmət Rəhimov cəmiyyətə güzgü tutur. Abort olunmuş vicdanlarımızı, ört-basdır edilmiş faciələrimizi, bizi dəli edən susqunluğumuzu göstərir. O, saxta təbəssümləri yox, içimizdə boğduğumuz hayqırtını ekrana daşıyır. Cəmiyyət amansızdır və rejissor bunun fərqindədir.
Dram onun üçün janr deyil, həyatın içindəki sükutu danışdırmaq formasıdır.
Hikmət Rəhimov cəmiyyəti Mütəhhərinin tüstülü maşın məntiqindən tanıyır. Maraqlı eksperimentdir.
Alim danışır ki, o vaxt bizim evimiz Ədbüləzimin məqbərəsinin yaxınlığında idi. O vaxtlar dəmir yolu qatarları indiki kimi deyildi, ancaq Tehran-Şah Əbdüləzim qatarı var idi. Mən görürdüm ki, qatar dayanacaqda saxlayanda uşaqlar onun ətrafına yığışır, ona tamaşa edir və öz-özlərinə: "Gör nə təccüblü varlıqdır?!", - deyirlər. Məlum idi ki, ona böyük ehtiram bəsləyirdilər. Qatar orada dayandığı müddət ərzində ona böyük ehtiram, təəccüb və heyrətlə baxırdılar. Yavaş-yavaş qatarın hərəkət vatı yaxınlaşırdı və qatar yola düşürdü. Qatar elə ki yola düşürdü, uşaqlar qaçıb bir daş götürür və qatara hücum edirdilər. Mən təəccüb edirdim ki, əgər bu qatara daş vurmaq lazımdırsa, bəs onda nə üçün dayananda ona balaca bir qum dənəsi də atmırlar? Və ya ona heyrətlə baxmaq lazımdırsa, onun daha heyrətli vaxtı hərəkət edəndədir.
Bu mənim üçün bir müəmma olaraq qalırdı. Nəhayət, böyüyüb cəmiyyətə daxil oldum və gördüm ki, bu bizim ümumi həyat qanunumuzdur. Hər şey və hər kəs nə qədər ki, hərəkətsizdir, sabitdir ona ehtiram olunur, amma elə ki yola düşdü və bir addım atdı, nəinki heç kəs ona kömək etmir, hətta ona tərəf daş atılır.
Bu, ölü cəmiyyətin nişanəsidir. Amma diri cəmiyyət sükut edənə deyil, yalnız danışana, sakit dayanana deyil, hərəkət edənə, xəbərsizə deyil, xəbərdara ehtiram edir.
Keçim əsas mətləbə.
Hikmət, sənə bir sirr açım. Sənin daxili dramın, yuxusuzluğuna səbəb olan düşüncələrin heç kəsi, hətta səni sevənlərin əksəriyyətini də dərindən maraqlandırmır. Biz gözünü “Green Cart”a dikən, ƏDV-nin ümidinə qalan adamlarıq. Biz hər dəfə popkorn alıb, kinoya gedəndə niyə burnumuzdan gətirirsən? Sən bilmirsən ki, biz cəmiyyət olaraq uzun illər çox ciddi suallarımıza lətifə səviyyəsində cavab almışıq. Ciddi məzmun həmişə uduzub “lokkoya”, “xanaya”, “matanıya”, “matana”. Niyə ağrımaz başımıza duz bağlayırsan? Görmürsən heç nə qozumuza deyil? Üzünə deməsək də arxanca deyirik. Sənə lazımdı? Niyə bir yerdə durmursan? Navalnı zadsan? Gül kimi aktyor idin. Oynadığın tamaşalardakı kimi yaddaşımızda qalardın da.
Gözümüz səni YUĞ teatrının darısqal məkanında görməyə alışmışdı. Biz səni az-dramada qəpik-quruşa işləyən, arzularını təxirə salan, ictimai mövqeyi olmayan quru faktura ilə məhdudlaşdırmaq istəyirdik.
Şair demiş, biz görməmək üçün eynək taxırıq. Sən də qalxıb deyirsən ki, gəl gözünü pulsuz əməliyyat eləyim. Bəli, texnologiya inkişaf etdikcə ruhunun ərazisi daralır. Sən də iynə əlində o ərazini genişləndirməyə çalışırsan.
Mən bəzilərinə başa sala bilmirəm ki, vallah adam riskə girir, müştərisinin az olduğunu bilə-bilə “ağır” mal vurub gətirib. Ömrü gedir. O başqa planetdən gəlməyib. And olsun Mədəniyyət Nazirliyinin inandığı Allaha, o da sizin mindiyiniz metroya minir, sizin getdiyiniz marketə gedir.
Yenə deyirəm, hər şey və hər kəs nə qədər ki, hərəkətsizdir, sabitdir ona ehtiram olunur, amma elə ki yola düşdü və bir addım atdı, nəinki heç kəs ona kömək etmir, hətta ona tərəf daş atılır.
"Fərqli” gördüyü yadplanetliyə bağlanır... - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir? "Fəryad"ın antaqonist qəhrəmanı - O niyə Şeyx Nəsrullah rolunu oynamaq istəmirdi? Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















