Icma.az
close
up
RU
Güney Azərbaycan poeziyasından bəhs edən kitab ARAŞDIRMA

Güney Azərbaycan poeziyasından bəhs edən kitab ARAŞDIRMA

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ədəbiyyatdan bir az o yana, Güneydə Azərbaycan şeirindən bəhs edən kitab” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Ədəbiyyatımızın bir parçası kimi, Güney Azərbaycan Türk ədəbiyyatı çox zəngin keçmişə sahibdir. Tarix boyu bir çox şair bu dildə şeirlər yazıb, divanlar yaradıb. Beləliklə, Azərbaycan şeir ənənəsi nəsildən-nəslə keçərək bu günə gəlib çatıb.

Vaxtı ilə Füzuli və Nəsimi kimi dahi şairlər bu dildə möhtəşəm şeirlər yazıblar. Bir zamanlar Azərbaycanın böyük hökmdarı, Səfəvi imperiyasının qurucusu bu dildə məktublarla yanaşı bir-birindən gözəl şeirlər də qələmə alıb. Bundan başqa Azərbaycan ədəbiyyatında aşıq sənəti də güclü ənənələrə malik olub, keçmiş zamanlardan indiyədək aşıqların sazlarında səsləndirilən şeirlər və dastanlar bu dildə yazılıb.

Başqa millətlərdə olduğu kimi, çağdaş dövrümüzdə Azərbaycan ədəbiyyatında da dəyişiklik və yeniliklər yaşanıb. Beləliklə, keçmiş şeir ənənələrinə uymayan yeni şeirlər yaranıb.

Bu yazıda söhbətimizin mövzusu klassik şeir ilə yeni şeirin müqayisəsi və hər iki istiqamətin tərəfdarları arasında gedən uzun müzakirələrə qatılmaq deyil. Məsələ budur ki, bu polemikalara baxmayaq, bu gün hər iki vəzndəki şeirin Azərbaycanda həm yazanı və həm də oxuyanı var.

Bildiyiniz kimi, Azərbaycan klassik şeiri fərqli-fərqli ölçülərdə yazılıb və yazılmaqdadır. Güney Azərbaycanda Azərbaycan türkcəsində təhsil imkanı olmadığı üçün bir çox mövzularda boşluqlarla üzləşməkdəyik. Bu boşluqların biri də əhatəli, amma müxtəsər şəkildə şeir ölçülərini gənclərə, xüsusilə də şeir yazmaq istəyənlərə anlatmaq idi. Daha əvvəldən fars dilində şeirlər yazan biri olaraq heç unutmaram ki, öz ana dilimdə şeir yazmaq istədiyimdə şeir ölçülərini öyrənmək üçün çoxlu çətinliklərlə qarşılaşmışdım.

Ancaq neçə il bundan əvvəl bu mövzuda çox mükəmməl bir kitab çıxdı. Kitabı görəndə ağlıma gələn ilk şey, Azərbaycan türkcəsində şeir ölçülərini öyrəndiyim zaman qarşılaşdığım çətinliklər oldu. Çox sevindim ki, artıq Güney Azərbaycan gəncləri öz dillərində şeir yazmaq istədikdə mənim çəkdiyim əziyyətləri çəkməyəcəklər.

(“Ədəbiyyatdan bir az o yana”)

Yanar Qaradağlının “Ədəbiyyatdan bir az o yana” adlı 673 səfhəlik kitabı bütün ədəbiyyatçıların, xüsusən də bütün şairlərin oxuması lazım olan kitablardan sayılır. Yanar Qaradağlı bu kitabda klassik şeirimizdən bir-bir nümunə gətirərək danışır, onların ölçü və biçimlərini ətraflı şəkildə açıqlayır.

Yazarın bəhs etdiyi ilk şeir forması gəraylıdır. Bu bölümdə gəraylı haqqında məlumat verildikdən sonra onun fərqli-fərqli çeşidlərindən nümunələr gətirilir, onların ölçü-biçimləri oxucuya öyrədilir. Beləliklə, oxucu cığalı gəraylı, dodaq dəyməz gəraylı, cinaslı gəraylı, nəqəratlı gəraylı, beşlik ya həmən müxəmməs gəraylı, varsağı gəraylı və vucudnamə gəraylısını tanımış və öyrənmiş olur.

Yeri gəlmişkən, gəraylı haqqında kitabdan neçə sətri birlikdə oxumağımızı faydalı hesab edirəm:

“Gəraylı forma baxımından qoşma kimidir, ancaq heca sayı qoşmadan fərqlidir. Gəraylı səkkiz hecalı şeirdir, hecaları 4-4 və 2-3-3 bölgülərində olur. Birinci bənddə ikinci və dördüncü misralar qafiyəli gəlir. İkinci bənddə isə əvvəlki üç misra bir-biri ilə bir qafiyədə və dördüncü misra isə birinci bəndə uyğun olaraq qafiyələnir və şeirin son bəndində təxəllüs (şairin adı) gəlir.

Gəraylı forması bir tərəfdən ən çətin formalardandır. Ona görə ki heca sayı azdır. Şair istədiyi məna və sözü dar bir çərçivəyə gətirməlidir. Digər tərədən isə ən yumşaq formalardandır. Bu da şairə imkan verir ki, müxtəlif mövzularda öz hünərini sınasın. Bəlkə də bu özəlliyinə görədir ki, gəraylı həm ozan, yaxud aşıq şeirində, həm də klassik yazılı şeirdə ən yayğın şeir formasıdır.

Örnək üçün Bəhmən Vətənoğludan bir gəraylını oxuyaq:

Qaşa göz, gözə qaş demə

Qaş ayrıdır, göz ayrıdır.

Külə köz, közə kül demə

Kül ayrıdır, köz ayrıdır.

Əyriyə düz demək olmaz

Çuğula söz demək olmaz

İpəyə bez demək olmaz

İpək ayrı, bez ayrıdır.

Etibar gözləmə darda

İlqarını atan yarda.

Görən niyə insanlarda

Əməl ayrı, söz ayrıdır.

Söz mövzusu klassik şeirimizin ölçü-biçimi olsa da, Yanar bəy şeirimizin çağdaş durumundan da qafil qalmır. Buna görə də ara-sıra çağdaş yenilikçi şairlərimizdən də nümunələr gətirir. Məsələn, o sərbəst varsağı gəraylıdan söz açaraq Quzey Azərbaycanımızın çağdaş şairi Ramiz Rövşəndən bu şeiri nümunə olaraq oxucuya təqdim edir:

Gedirəm izim böyüyür

Susuram sözüm böyüyür

Baxıram gözüm böyüyür

Dünya mənə tanış gəlir

Bunun dağı-daşı tanış

Bunun yayı-qışı tanış

Gözlərimin yaşı tanış

Dünya mənə tanış gəlir

Bir dəfə də gəlmişəmmi

Gəlmişəmmi, görmüşəmmi

Yaşamışam, ölmüşəmmi

Dünya mənə tanış gəlir

Bu kitabın böyük məziyyətlərindən biri də Yanar Qaradağlının özünün də şair olmasıdır. Şair Azərbaycan şeirini yalnız nəzəriyyədə deyil, əməldə də tanıyır-bilir. Bəlkə vaxtı ilə özünün də o ölçülərdə şeir deməsi səbəb olub ki, söz açdığı ölçü və biçimlərdə yetərincə təcrübəyə sahibdir. Beləliklə də kitabı oxuyanlar, xüsusilə də gənc şairlər kitabın içindəkilərə daha artıq güvənə bilərlər.

Nümunə olaraq burada onun bir sərbəst dördlüyünə nəzər salırıq. Əlbəttə, şeirdən qabaq onun sərbəst dördlük haqqında açıqlamasını da sizinlə paylaşırıq:

“Sərbəst dördlükdə şair birinci və üçüncü misraları bir-biri ilə qafiyələndirməkdə sərbəstdir. Yalnız ikinci və dördüncü misralar bir-birləriylə qafiyələnirlər:

Ulduzlar sayrışır yenə bu gecə

Bir anda min ulduz doğulur, ölür

Görəsən ilahi bu anda həyat

Kimlərə ağlayır, kimlərə gülür?

Bu gecə daralıb başıma aləm

Yazıram min kitab-dəftərə sığmır

Min xülya yapışıb qopmur yaxamdan

Bir röyam uzanıb səhərə çıxmır

Bəlkə də həyatın özü bir yuxu

Bilmədən dolaşır xəzanı-yazı

Bəlkə də qaranlıq mənim içimdə

Bəlkə elə mənəm dünyanın özü?!

Bildiyimiz kimi, Azərbaycan ədəbiyyatında heca şeiri ilə birlikdə əruz şeiri də özünə xüsusi yer açıb və bir çox tanınmış şairimiz əruzda yazıb-yaradıb. Hazırda da Güney Azərbaycanda əruzda yazan şairlərimiz var.

Müəllif “Ədəbiyyatdan bir az o yana” kitabında heca şeiri ilə yanaşı əruz vəznində yazılan şeir növləri ilə də oxucuları tanış edir. Beləliklə, kitabın oxucuları qəzəl, qəsidə, rübai, məsnəvi, kimi şeir ölçüləri ilə də tanış olurlar.

Yanar bəy klassik şeirin gəlini sayılan qəzəl forması haqqında belə deyir:

“Qəzəl ərəbcə olan “təğəzzul” sözündən götürülüb və “eşqbazlıq və sevişmək” deməkdir. Qəzəl klassik Şərq ədəbiyyatında, o cümlədən də Azərbaycan şeirində çox yayğın şeir formasıdır. Qəzəllər əruz vəznindəki müxtəlif bəhrlərdə yazılsa da, son zamanlarda Azərbaycan ədəbiyyatında, özəlliklə də Dirəniş (müqavimət) şeirində əruz vəzni ilə yanaşı heca vəznində də qəzəllər yazılır.

Qəzəlin birinci beytinin hər iki mirası da qafiyəli olur, amma ikinci beytdən birinci misralar sərbəst buraxılır və ikinci misralar birinci beytə uyğun qafiyələnirlər:

Nümunə üçün Qovsi Təbrizidən (1568- 1640) bir qəzəl:

Qanımı içmək dilər saqi, gözündən bəllidir

Yandırar bir gün məni axır, üzündən bəllidir.

Suz-ı-eşqim dud-e-ahımdan qiyas etmək gərək,

Pəhləvanlar cür’əti meydan tozundan bəllidir.

Dil bilən yanında özgə dərdi var pərvanənin,

Gərçi bülbül eşqinin suzi, sözündən bəllidir.

Nuktə tutmaq bülbülə Qovsi, nə lazımdır sənə,

Hər kimin mə’nadə miqdari, sözündən bəllidir.

(1568- 1640-cı illərdə Təbrizdə yaşamış Qövsi Təbrizinin Azərbaycan türkcəsində şeir kitabı)

Bu kitabın başqa bir özəlliyi də bu günədək qulaqlarımızın alışıq olduğu ərəbcə və farsca adların yerinə onların türkcə qarşılıqlarının işlədilməsidir. Məsələn, müxəmməs yerinə beşlik, müstəzad yerinə artırılmışlı, çarpara yerinə dördlük, qət’ə yerinə bölmə, mürəbbə yerinə dördləmə işlənib. Əlbəttə, oxucuların bu sözlərlə tanış olmaması göz önünə alınaraq bu türkcə sözcüklərin yanında onların farsca və ərəbcə qarşılıqları da yazılıb.

Bu kitabda uşaq ədəbiyyatı və uşaq şeiri barədə də məlumat verilib. Yanar bəy uşaq şeiri haqqında yazır: “Məncə uşaq şeiri bütün millətlərdə olduğu kimi, şeirimizin ən önəmli sahələrindəndir və çox-çox diqqətlə yanaşılmalıdır”. Bundan sonra, o, uşaq şeirinin çeşidlərini də bir-bir açıqlayır və yeri gəlmişkən, hər bir çeşid üçün şifahi ədəbiyyatımızla yanaşı çağdaş şairlərimizdən də örnəklər gətirir.

Misal üçün, o düzgülər və sicilləmələr haqqında belə yazır:

“Düzgülər və sicilləmələr, şifahi el ədəbiyyatımızın uşaq şeir qrupuna aiddirlər. Uşaqları nəzərə alaraq deyilib, ya yazıldıqlarından, sadə və bəsitdirlər. Amma bəzən sadəlikləri ilə bərabər, dərin ictimai fikirlər də özlərində daşıyırlar. Düzgülər və sicilləmələrdə forma sıxıntısı yoxdur. Bu şeir növlərində heca vəzninin tələbləri bir o qədər gözlənilmir və ritmləri çox axıcı olur.

Üşüdüm ay üşüdüm

Dağdan alma daşıdım

Almaları aldılar

Məni yola saldılar

Mən bu yoldan bezaram

Dərin quyu qazaram...

Qarğı deyil, qamışdı

Beş barmağım gümüşdü

Gümüşü verdim tata

Tat mənə darı verdi

Darını səpdim quşa

Quş mənə qanad verdi

Qanatlandım uçmağa

Haq qapısın açmağa...”

Yanar bəy klassik şeir ölçü-biçilərini bir-bir açıqladıqdan sonra Azərbaycan poeziyasının bədii məziyyətlərindən də bəhs edir və bu mövzuda geniş izahlar verir. Bu bədiilik xüsusilə klassik ədəbiyyatda önəmli sayılır və bunları yerində istifadə etmək klassik şeirlərdə şairin bacarığının göstəricisi sayılır.

Bu arada əruz-qafiyə və heca-bölmələrinin xırdalıqları da unudulmur və Yanar bəy kitabın 6-cı bölümündə bunları bütün xırdalıqları ilə anlatmağa çalışır. Kitabın son bölümlərində fərqli-fərqli ədəbi məktəblər tanıtdırılır. Ən son bölümdə isə yazar Azərbaycan çağdaş şeirinə görə öz baxışını ortaya qoyur.

Yazının sonunda Yanar Qaradağlının çağdaş şeirimizə görə olan baxışına bir baxış salaq:

“Ümumən götürsək, Azərbaycan poeziyasında modernizmin inkişafı Avropada olduğu kimi baş vermir. Daha doğrusu Azərbaycan şeiri bu müddət ərzində modernizmi mənimsəməkdən və modern olmaqdan daha çox, yenilik və yenilənməyə doğru səy göstərib, bu səylər indi də davam etməkdədir.

Mən bir çox tənqidçi qardaşlardan fərqli olaraq düşünürəm ki, əslində Azərbaycan şeiri XIX yüzilliyin ikinci yarısından bu günə qədər, özəlliklə də son zamanlar, yüksəliş xətti ilə yürüməkdədir və bu gün də ən uğurlu dönəmlərindən birini yaşayır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri