Güney Azərbaycanımızdan gələn səslər
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
(Minurə xanım Rizvanla könül söhbətimiz)
“Münirə - Minurə - “nur verən” deməkdir”(Cavad Həssas).
Dilimizin özəlliyi və gözəlliyi gündəlik həyatımızda, elm və təhsilimizin inkişafında, qədim tarixi ənənələrimizin qorunub-saxlanması və gələcək nəslə ötürülməsində müstəsna rolu olan milli-mənəvi dəyərimiz kimi xalqımızın varlığını sübut etməkdədir. Təbii ki, dil fikrin ifadəsini təmin etməklə yanaşı, ünsiyyətqurmada və bədii söz sənətinin yaranıb inkişaf etdirilməsində müstəsna əhəmiyyət daşıyır. Güneyli-Quzeyli Azərbaycanımızın əzəli-əbədi sakinləri olan soydaşlarımızın mənəviyyat dünyasının aynasıdır Ana dilimiz. Biz bu dildə danışan analarımızın laylaları ilə böyüyüb, bayatıları ilə öyüdləndik, alxış və duaları ilə işıqlı sabahlara doğru qədəmlərimizi atmağa başladıq. Analarımızın südüylə qətrə-qətrə içirtdikləri dilimizi məktəblərdə doğmadan-doğma müəllimlərimiz daha da sevdirdilər bizə. Onun necə müqəddəs, necə gərəkli və halal bir nemət olduğuna əmin etdilər bizi...
Yaxın ayların söhbətidir: Müəllimlər günü ərəfəsində dəyərli dostlarımızdan birinin göndərdiyi mesaj diqqətimi cəlb etdi. Bu, çox dəyərli, önəmli bir səs yazısı, bir möhtərəm xanımın ömür yolunun kiçik bir xatiratda öz əksini tapmış nəsillərə örnək ola biləcək davranış nümunəsi idi. Bu, 1955-ci il aprel ayının 21-də Güney Azərbaycanımızın Qaradağ mahalının mərkəzi Əhər şəhərində mütəvəssid (orta təbəqədən olan sadə bir ailə) bir ailədə dünyaya göz açmış Münirə Rizvan adlı gözəl ziyalımızın, ibtidai sinif müəlliminin artıq tarixə dönmüş həyat hekayəsi idi. Səs yazısının müəllifi də elə müəllimlər müəllimi Münirə xanımın özü idi.
Bu audio-yazı məni o dərəcədə təsirləndirdi ki, həmin səsli xatiratı mənə yönəltmiş dostumuz Cavad bəy Həssasdan bizi - Münirə xanımla məni qiyabi də olsa tanış etməsini rica etdim. Məqsədim isə, Münirə xanımın iç dünyasına, mənəviyyat aləminə daha dərindən bələd olmaq idi. Artıq özülüyümdə bu ruh yaxınlığının bəzi yollarını da düşünmüşdüm. Ona bəzi suallarımı ünvanlayacaqdım. Təbii ki, belə bir yüksək intellekt sahibinin verəcəyi cavablar da maraqlı olacaqdı. Buna şübhəm yox idi.
Fikrimi Cavad bəyə bildirəndə o da xoşhal oldu, çünki bugünkü gəncliyimizə belə örnək müəllimlərin həyat və ömür yolunu təbliğ və təşviq etmək millətimizin xoşbəxt gənclərinin taleyində önəmli yer tuta, istiqamət verə bilərdi.
Odur ki, Münirə xanıma bir neçə sualla müraciət etdik və aşağıda həmin kiçik müsahibəmizi oxucularımıza təqdim edirik:
- Münirə xanım, biz sizin böyük tərbiyəvi əhəmiyyətə malik ömür yolunuzun bəzi məqamları ilə artıq tanışıq. Xahiş edirik, deyərdiniz: siz necə bir ailədə doğulub boya-başa çatıbsınız?
- Əvvəla, təşəkkür edirəm ki, mənim o kiçik səs yazım dinləyənlər arasında bu dərəcədə böyük əks-səda doğurub. Məlumunuz olsun ki, anam Humay xanım çox az savadlı bir qadın idi, cəmi dörd sinif oxumuşdu. Atam Əli o dövrün savadlı insanlarından sayılırdı və ömrünün sonunacan Əhər şəhər bələdiyyəsində işləmişdi. Ailədə 8 uşaq idik: beş qardaş, üç bacı. Kərim, Rza, Hüseyn, Həsən, Şahab adlı qardaşlarımın hamısının orta məktəb təhsili olub. Böyük bacım Rübab 6-cı sinfə qədər təhsil almışdı və o, adətən ev işləri ilə məşğul olardı. Məndən kiçik bacım Mehrəngiz orta məktəb bitirib, müəllim idi. Mən orta məktəbi 1974-cü ildə bitirib, iki il sipahedaniş
(hərbi mükəlləfiyyət) vəzifəmi yerinə yetirmək məqsədilə Əhərin Kürdlər adlı kəndində dərs demişəm. Həmin bu iki ildə Cəbbar ilə tanış olmuşdum. Cəbbar öyrəncilərimdən biri idi. Sipahedaniş vəzifəmi bitirəndən sonra müəllimlik peşəsini çox sevdiyimdən, bu peşəyə vuruldum və Əhərin kəndlərində iki il ərzində yenidən müəllim kimi dərs dedim. İlk iki ilimi başa vurdiqdan sonra məni Sırqın kəndinə müəllim təyin etdilər. Bir il burada işləyəndən sonra məni yenidən Azqan kəndinə dərs deməyə göndərdilər. Bir il də bu kənddə sevdiyim peşəni davam etdirmişəm. Dörd ilim bitəndən sonra Təbrizə gəlib, burada müəllimliyə başlamışam. 2000-ci ildə təqaüdə çıxmışam.
- Bir vicdanlı müəllim kimi peşənizi necə ürəkdən sevdiyiniz söhbətlərinizdən bəlli olur. Bəs özünüz ailədə necə bir övlad və məktəbdə necə bir şagird olubsunuz, bax bu bizim üçün çox maraqlıdır...
- Məndən necə bir uşaq və necə bir şagird olmağımı soruşdunuz. Deyim ki, mən cumbucuşluydum (qaynar, çılğın), lakin şuluq deyildim. Müəllimlərimi sevməyimə gəlincə, hansı dərsi ki çox sevərdim, zirək idim dərsdə, o dərsi tədris edən müəllimi çox sevərdim. Hansı dərsi ki başarmazdım, o müəllimi sevməzdim, xoşlamazdım. Hər cür olur-olsun, çalışardım özümü xəstəliyə-zada vurub dərsə getməyəm. Məsələn, boğazıma rusəridən-zaddan (dəsmal, yaylıq) bağlayıb deyərdim, boğazım ağrıyır. Ta ki bi bəhanə ilə onun dərsinə getmiyəm. Lakin dediyim kimi, çox cumbucuşluydum, çox dövrəm var idi, dostum çox-çox idi. Təsəvvür edin ki, məktəbdəki hər sinifdə mənim dostlarım vardı. Necə ki, indi də dostlarım lap çoxdu.

- Məktəbdə dərslərinizi necə oxuyurdunuz? Sevilən şagirdlərdən olubsunuz çox güman ki...
- Dərslər barədə sual edirsiniz, ingilis dili dərsində zəif idim. Müəllimimizin adı Ağayi Yusif Sərci idi, mən həftom (yeddinci) sinifdəydim və çox aşağı qiymətlər alardım bu dərsdən. Bir gün qapı açıldı, müəllimimiz gülə-gülə qapıdan girdi içəri və dedi ki, sizin hamınıza mənim xoş xəbərim var. Hamımız intizarla gözləməyə başladıq ki, görəsən bu xoş xəbər nədən ibarətdir? Sən demə, bu xoş xəbərin də məğzi bu imiş ki, xanım Rizvan, yəni mən dərsdən “4” (20-dən 4!!!) qiymət almışammış. Hamı, elə özüm də çox təəccüblə qarşıladıq bu gözlənilməz “xoş” xəbəri. Hamı güldü və təbii ki, əlacsızlıqdan mən də onlara qoşulub güldüm. Bu mənim orta məktəb illərində oxuduğum dövrdən bir unudulmaz xatirəm idi ki, sizlərə çatdırdım.
Daha bir xatirəm isə daha yuxarı, yəni nohom (doqquzuncu sinif) sinfində oxuyan vaxtlara təsadüf edir. O vaxtlar kiminin geyinməyə paltosu vardı, kimininki yoxuydu, heç kim biri o birinə həsədlə baxmaz, paxıllıq eləməzdi ki, onunku niyə var, mənimki yox? Mənim bir siniz yoldaşım vardı Pərvanə adında. Onun paltosu variydi. İlk günüydü ki, həmin qız paltosunu geyib gəlmişdi məktəbə, mənimki isə yoxiydi. Mən kamvakot (toxunma pencək) geyib gedərdim məktəbə. Bizim rahruda (dəhliz) paltarasan yerdə hər kəsin öz paltarını asmağa yeri var idi. Mən bəhanə elədim ki, guya dəstşuyiyə (əl-üz yuyulan yer) gedirəm, durdum müəllimdən icazə aldım. Məqsədim də bu idi ki, gedib o paltonu geyəm əynimə ki, görüm necə olur, mənə necə yaraşır. Getdim ora, o yan-bu yana baxdım, gördüm ki, heç kəs gəlmir (sinif otaqlarından kimsə bayıra çıxırdısa, tez dayanırdım ki, kimsə məni görməsin), arxayın oldum, getdim Pərvanənin paltosunu geydim əynimə, yaxşı-yaxşı baxdım o yan-bu yanına və çox da xoşhal oldum. Tez də çıxarıb asdım paltonu yerinə. Bu da mənim bir xatirəm idi ki, sizə söylədim.
Mən çox bətər vərzişi (idman) sevərdim. Do meydaniyə (qaçış meydançası) gedərdim. Əhərin özündə keçirilən müsabiqələrdə iştirak və çıxışlar edərdim. Pərtabi-disk (disk atışı), pərtabi-nizə (nizə atmaq) yarışlarında iştirak etmək üçün hətta Miyanaya və Təbrizə də gedərək burada təşkil olunan müsabiqələrdə uğurlu çıxışlar eləmişəm. Teatr tamaşalarında oynamağı, obrazlar yaratmağı çox sevərdim.
Dəbistani şəhid Səqaidə (Şəhid Səqai adına ibtidai məktəb) dərs deyəndə mənim sinfimdə 42 şagird var idi, hamısı da oğlandı. Bilirsiniz ki, əvvəl-əvvəl dərsə təzə gələndə uşaqlar çox qorxaq olurlar. O siyahı yazılmış vərəqi ki əlimə verdilər mən bir-bir səsləyim uşaqları, onlarla tanış olum. Bir ad çəkdim: “Səhənd Çələbiani kimdi, dursun ayağa”. Dedilər, xanım, gəlməyib dərsə. Adların hamısını çəkdim, tanış olduq, kitab-zad payladıq uşaqlara, daha başqa bir iş görmədik. Səhər oldu, məktəbə getdim. Yenə dərs başladı, siyahı üzrə çağırdım uşaqları, dedilər Səhənd Çələbiani gəlməyib dərsə. Dedilər bu uşaq dərsə gəlmir, daha doğrusu, mədrəsədən qorxur. Bu minvalla bir həftə keçdi, Səhənddən xəbər çıxmadı. Məcbur qaldım məktəb direktoru ilə, nazim ilə (müdir müavini) danışım. Direktor da bu işin araşdırılmasına qərar verdi. Məlum oldu ki, evdən deyiblər, bu uşaq məktəbin adı gələndə bətər narahat olub, ağlıyır, titriyir mədrəsə adı gələndə. Bu söhbətdən sonra səhər müavin gəldi, mənə dedi ki, xanım Rizvan, Səhənd ata və anasıynan gəlib məktəb qapısının qarşısında maşında oturublar, hər nə qədər edirlər, uşaq maşından enmək istəmir. Dedim ki, işiniz olmasın, mən gedib gətirərəm uşağı. Məktəbin qapısından çıxdım, gördüm maşını xiyabanda saxlayıblar. Yaxınlaşıb maşının qapısını açdım. Dedim, bə hardadı mənim Səhənd balam, neçə gündü gözüm onu axtarır. Keçib oturdum maşında, bir az da bunlarla söhbət eləyib danışandan sonra, qayıtdım ki, bayaqdan müntəzirəm, özümə sübhanə (səhər yeməyi) gətirməmişəm. Müntəzirəm ki, Səhənd gələ, sübhanə gətirə, birlikdə yeyək, səhərdən ac qalmışam, gözləyirəm. Uşaq bir baxdı anasının üzünə, bir atasının, bir də mənim üzümə, bilmir neyləsin. Qayıtdım ki, mən gedirəm sinifə, əgər Səhənd istəsə, gəlsin. Anasına dedim ki, siz də gələ bilərsiniz istəsəniz. Mən sinfə çatanda gördüm ki, bunlar ana-bala dalımca gəldilər. Gəlib oturdular sinifdə. Səhənd oturub tir-tir titriyir, qorxduğu hiss olunurdu. Bir qədər sonra anası qalxdı ayağa, soruşdu ki, Səhənd, mən gedə bilərəmmi? Uşaq tez əl atıb yapışdı anasının çarşabından. Dedi, mən də səninlə gedirəm. Dedim, heç zad olmaz, qoy getsin. Səhəri yenə birlikdə gəldilər. Oturdular, bir qədər sonra sinfə müraciət elədim ki, uşaqlar, kim sübhanə gətiribsə, çıxarıb yeyə bilər. Səhənd dedi, mən də gətirmişəm. Dedim, Səhənd, qoyarsan mən də sənin sübhanəndən bir tikə yeyim? Uşaq razılaşdı. Mən onun yeməyindən azacıq yedim, hiss olunurdu ki, uşaq yavaş-yavaş təzə mühitə alışır. Bir azdan anasına dedi ki, sən get daha, mən özüm qalaram. Beləcə anası getdi evlərinə, Səhənd də qaldı sinifdə uşaqların yanında. Mən də uşağın anasını yola salmaq üçün bayıra çıxanda, qadın qayıtdı ki, Xanım Rizvan, mənim tək bircə arzum o idi ki, bu uşaq məktəbə gedəydi, o günü görəydim, sonra öləydim. İndi də qorxuram dərsini oxumaya, mənim də nigaranlığım daha da arta. Dedim, yox, siz nigaran olmayın, mən çalışacam hər işi qaydasına qoyam. Görəcəksiniz, yavaş-yavaş hər şey qaydasına düşəcək.
Beləliklə, Səhəndin dərsə davamiyyəti və dərslərə hazırlaşıb cavab verməyi tamamilə bərpa olundu. Çox təmiz, səliqəli, çox tərbiyəli bir uşaq kimi bütün məktəbin sevimlisinə çevrildi. Tamam sinif şagirdlərindən daha üstün savad və biliyi ilə də seçilirdi. Sinfi yüksək nəticələrlə başa vurub getdi. Sözüm onda yox, deyəsən inişil idi. Mən getmişdim bizim kanune-fərhəngiyan (müəllimlərin yığıncağı) olur, ora. Baznişəstelər (təqaüdçü müəllimlər) yığışıb həftədə bir gün - doşənbələr (həftənin birinci günü) şeirlər oxuyar, məqalə və yazılar müzakirə olunar, xatirələr söylənər. Hər həftə bu müəllimlərdən biri aparıcılıq edər həmin bərnaməyə (proqram). Ağayi Mirzayi vardı, o gün həmin yoldaş mücri (icra edən) idi, bərnaməmizin gedişatını o icra edirdi. Ağayi Mirzayi çıxışında dedi ki, bu gün bir sürprizimiz var sizə. Dedik, nədir o sürpriziniz? Dedi, bura bir ağa gəlibdir, əgər onun müəllimi öz şagirdini tanısa, biləcəyik ki, bu müəllim həqiqətən bahuş (huşlu, hafizəli) müəllimdi. Hamı maraqlandı. Dedik, heç olmasa azca da olsa rahnümalıq edin (ipucu verin). Dedi, Abadani məskən mədrəsələrində təhsil alıb. Adını demədi məktəbin. Dedik, gəlsin, bir görək kimdir? Oğlan gəldi. Ucaboy, heykəlli (enlikürək), saqqallı-filan. Gəldi zala. Hamı baxdı, heç kim tanımadı. Dedim, yox, mən buna dərs deməmişəm. Biri dedi, mən heç o mədrəsələrdə dərs deməmişəm. Bir başqası başqa söz dedi. Mən də eləcə, dedim, bu oğlan mənim şagirdim olmayıb. Ağayi Mirzayi dedi, baba, fikirləşin yaxşı-yaxşı, baxın bunun qaş-gözünə, görün yadınızda nə qalıbdır. Dedik, tapammırıq, yenə bir rahnümalıq edin görək taparıqmı? Dedi, başqa cür kömək edə bilmərəm, bircə bunu deyə bilərəm ki, bunun adının baş hərfi “S”-dır. Yenə ağlımıza heç nə gəlmədi. Çox çək-çevirdən sonra, Ağayi Mirzayi dedi, indi ki tapmadınız, istəyirsinizsə, şagird getsin özü müəllimini tapsın. Bir nəfər də kənarda dayanıb divara söykənili halda, əlində də bir dəstə gül vardı. Bir az keçdi, mən də oturmuşam rədife dovvomda (ikinci sıra), oğlan hərəkət edib düz gəldi mənim qarşımda diz çökdü. İstədi ayağımdan öpə, tez qalxdım ayağa, qucaqlayıb çiyinlərindən öpdüm bunun. Atası gəldi, gülü verdi Səhəndin əlinə. Atası ağladı. Bu səhnədən çəkilən şəkil də var məndə. Atası da gəldi tribunaya, mənim oğlum ki var, Yaşar adında, indi dəndanpezeşkdi (diş həkimi), onun şimi (kimya) müəllimi olmuşdu. Xoş sözlər dedi ünvanıma, özü də ağladı, Səhənd də ağladı, mən də ağlamaqdan saxlaya bilmədim özümü. Dedi ki, Xanım Rizvan, fəqət, bir söz deyə bilərəm ki, aqibətdə xeyir olasınız. Bizi bətər bir bəladan qurtarıbsınız. O zamanlar Səhəndin anası deyərdi ki, kaş oğlumun məktəbə getdiyini, dərslərini yaxşı oxuduğunu görüb sonra öləydim. Sən demə, şagirdimin anası xərçəng xəstəsiymiş, Səhənd sevvoma (üçüncü sinif) gedəndə anası dünyasını dəyişibmiş. Hazırda Səhənd Təbrizin kimya zavodunda çox məsul bir vəzifədə işləyir.
- Çox gözəl xatirələriniz varmış, Münirə xanım. Yaxşı olardı ki, uşaqlıq xatirələrinizi dilə gətirərdiniz. Necə oldu ki, müəllimliyi seçdiniz?
- Qiymət xanım, ta uşaqlıqdan mənim müəllimliyə çox böyük sevgim olub. Öz həmsinnosallarımla (yaşıdlarımla) Bizim həyətimizdə iki dənə böyük qoz (girdəkan) ağacı vardı. Onun altında yerə palaz salar, qonşu uşaqları yığışıb oturardıq. Küçəmizdə evimizin qabağından qənovla (arx) su gedərdi. Su gur gələndə daş-qum, başqa şeylər, nəlbəki sınığı-zad gətirərdi. Gedib onları yığıb gətirib yapışdırar, “qonaqbacı” oynardıq. Evdən mer-meyvə qurusundan, kişmişdən-zaddan gətirib içinə yığar, guya qonaq qarşılayar, qabağına çərəz qoyardıq. “Məktəb-məktəb” oynayanda həmişə müəllim olardım. Rədifnən (sıra) uşaqlar oturardılar, mən onlardan dərs soruşardım, sual-cavab edərdim. Yaxşı oxumayan “şagird”imi tənbeh edərdim, əllərinə vurardım, danlayardım və s.. Məhz elə bu sevgim mənə şövq verdi ki, müəllim olum. Müəllimliyi də yaxşı eliyə biləm. Allahım da şahiddir ki, heç bir qüsurum olmayıb müəllimliyimdə. Mənim böyük zövqlə tərtib etdiyim tərhekada (təlim-tədris proqramı) hər zaman baş idarədən təqdirnamələr verilib. İbtidaini Əhərdə “Xosrovi” adında, “Namus” mədrəsəsində isə doreye dəbiristanımı (orta məktəb) qurtarmışam, təhsil istiqamətim isə ədəbiyyat olub.
- Sizin insanlarda ən çox xoşladığınız xüsusiyyətlər, insani keyfiyyətlər hansılardır?
- Mən insanlarda sədaqəti, vəfa və etibarı çox önəmli sayıram. Kələkdən, fitnədən uzaq olmalısan. Mən 14-15 il yoqaya getmişəm. Orda olan insanlardan əksəriyyəti ilə, 30-40 nəfərlə dostluq edirəm indi də. Zəban klasına (dil kursları) getmişəm, ordan da çox dostlar əldə etmişəm, onlarla get-gəl edirəm. İndi yaşadığım binada da əksər insanlar məni tanıyır və sevir. Hərdən düşünürəm, görəsən necə olub ki, bu insanlar məni belə qəlblərinə yaxın bilir, hər cür yığıncaq və törənlərinə dəvət edirlər? Nədir axı buna səbəb?! Düşünürəm ki, çox güman insanları bir-birinə belə yaxın edən onların dürüstlüyü, səmimiliyi, halallığı və doğma münasibəti olub. Kimsə xəstəlik keçirir, mütləq başının üstündə oluruq. Özün naxoşlayırsan, əməliyyat keçirmişdim, o qədər gələn olurdu yoluxmağa ki, hətta aşağı məhəllədə yaşayanlar belə sual edirmişlər ki, burada nə baş verir ki, bir bu qədər gedib-gələn var? Yəni, bir-birinin halına yanmaq, əhvalını xoş etmək, qayğısıyla yaşamaq bizim əhatəmiz üçün qanun olubdur. Elə olub ki, xəstələnmişəm, dostlarımdan kimsə məndən qabaq gedib həkimdə növbəyə yazılıb, oturub sıramı tutub. Bu mənim üçün çox böyük iftixardır, əlbəttə.
- Bütün bunlar çox gözəl. Bəs övladlarınız, ailəniz necə, ümidlərinizi doğruldurmu?
- Mənim 2 övladım var: biri Yaşar adında, soyadı Vaizzadə, 1978-ci il təvəllüdlüdür, dəndanpezeşkdir (diş həkimi). Beş il Bakıda oxuyub, sonra gəlib Təbrizdə Avropaya imtahan verib, ən yüksək səviyyəni qazanıb. Təbriz daneşgahında (universitet) kurs keçərək, əvvəl Əhərdə işləməyə başlayıb, orada təqribən 9 il həkimlik edib. Sonra gəlib Təbrizə, burda diş həkimi işləyib, indi Kərəcdə həkimliyini davam etdirir. Evlidir, bir övladı var. Xanımı vəkildir. Qızım da çox savadlıdır. Hələ rahmomayeni (6-8 illik təhsil dövrü) oxuyan zaman deyirdi ki, gedəcəm İrandan, burada qalmayacam. Çox foqaladə huşludur (həddən ziyadə dərrakəli, huşlu), əslində hər iki övladım belədir. Oğlum da, qızım da bir neçə dildə sərbəst danışmağı bacarırlar. Qızım Amerika Birləşmiş Ştatlarında yaşayır. Təzəlikcə bir yerlimizlə ailə qurub. Nüfuzlu beynəlxalq neft şirkətində müşavir olaraq çalışır. O da çox nazik qəlbli, səxavətli, insana, insanlığa sayğılı bir insandır. Yoldaşım Rəhim Vaizzadə uzun müddət gömrük orqanlarında çalışıb, müxtəlif zamanlarda mühasibatlıq işlərində işləyib.
Xoş arzularım heç də təkcə övladlarım, ailəmlə bağlı olmayıb. Vətən övladlarına uğurlar, müvəffəqiyyətlər, can sağlığı arzu edirəm və həmişə də bu arzuda olmuşam. Olmayıb ki, xiyabanda (küçə) gedəm, cavan balalar gələ və mən onlara müvəffəqiyyət, xoşbəxtlik arzu eləməyəm. Üzdə deməmişəm, amma hər zaman ürəyimdə dua eləmişəm ki, bala, sizləri xoşbəxt olasınız. Allah sizi müvəffəq və salamat eləsin.
- Münirə xanım, səs yazınızı dinlədikcə belə bir maraq oyandı içimdə: görəsən belə gözəl qəlbli, geniş dünyagörüşlü, intellektli xanım heç şeir yazıbmı?
- Şeir yazırammı, ya yazmışammı, soruşursunuz. Mənim çox böyük sevgim, rəğbətim var şeirə. Şeir yazmıram, amma şeir oxumağa ayrı cür həvəs və sevgim var. Məsələn, şairlərdən Asim Ərdəbilinin bir gözəl şeiri vardı, onu səsləndirmişdim. O qədər adam bu səsləndirməyə görə mənə zəng etmişdi ki, ayrı bir aləmə apardınız siz bizi. Ya məsələn, Zəlimxanın şeirlərini çox sevirəm, Nadir İlahinin əcib şeirlərini səsləndirmişəm sevə-sevə. İnstaqram səhifəmdə paylaşılıb bu şeirlər. Asim Ərdəbilinin “Ağlamazdım, zaman ağlatdı məni” qəzəlini səsləndirmişdim. Çoxları bu qəzəlin səslənməsini təqdir etmişdilər, hətta bir nəfər yaşlı kişi mənə dedi ki, sizin səsinizdə bu şeiri dinləyəndə mənim üzümün tükləri biz-biz oldu, çox ağladım. Bu cür yanaşmalar məni çox həvəsləndirirdi. Əminə Yusifqızının şeir söyləmələrinə sevə-sevə qulaq asıram. Eşidib bəyəndiyim bütün şeirləri, əlimdə nə işim olsa belə, bir tərəfə qoyub tez onu yaddaşa yazaram, dəftərə köçürərəm. Şeirə sevgim tükənməzdir. “Fənni-bəyan”a (qiraət kursu) yazılmışdım ki, şeir demək, bəyan etmək qabiliyyətimi daha da artırım. Girərəm yerimə ki yatam, beynimdə sevdiyim şeirləri elə hey şövqlə söyləyirəm, birdən hansısa misra yadımdan çıxanda mobilimin işığında da olsa, dəftəri açıb, ordan tapıb yaddaşıma yazaram.
- Əzizimiz Münirə xanım, belə gözəl müsahibəyə və xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə bu böyük sevginizə, məhəbbətinizə görə sizə ürəkdən təşəkkür edirik.
Qiymət Məhərrəmli,
AMEA Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı”
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.
