Icma.az
close
up
RU
100 il əvvəldən gələn səslər

100 il əvvəldən gələn səslər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ən maraqlı məruzələrin icmalı və şərhi

(əvvəli qəzetimizin 9, 11, 18 və 20 dekabr 2025-ci il saylarında)

Bu sayımızda I Türkologiya qurultayının təşkilində fəal iştirak etmiş, türk dillərinin görkəmli araşdırmaçılarından olan Bəkir Çobanzadənin və dünyaca məşhur rus əsilli türkoloq alim Nikolas Poppenin məruzələrinin icmalını təqdim edirik.

Bəkir Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında” məruzə edir. Onun qənaətinə görə, Orxon-Yenisey yazılı abidələri iki qismə: şərq və qərbə, yaxud şimal və cənuba bölünür. Bu kitabələrdə karluk, uyğur, dokuzoğuz adlarının çəkilməsi onların türklərə məxsus olduğunu bir daha sübut edir. Türklərin özlərini “türk” adlandırmaları heç bir şübhə doğurmur. Tarixin bütün dönəmlərində bu fikri təsdiqləmək üçün mühüm faktlar var. Müxtəlif tarixi dövrlərə aid olan “Kutadqu-bilig”, “Divani hikmət”, “Divanü lüğat-it türk” əsərlərinə nəzər salıb mahiyyətinə vardıqda, onların müxtəlif türk ləhcələrində qələmə alındığını görürük. Həmçinin müəlliflər əsərlərini “türk işi”, özlərini də “türk” adlandırmışlar. İrəli sürülən mülahizəmizə əsasən, türk ləhcələrinin ilkin kökünü Orxon-Yenisey abidələrinin yaranmasından əvvəlki dövr-

lərdə axtarmaq lazımdır. Lakin əlimizdə Orxon-Yenisey abidələrindən başqa mənbə, tarixi sənəd olmadığı üçün bu sahədə daha dərin araşdırma aparmaq mümkün deyil. Məlum olduğu kimi, XIII əsrə qədər “Kutadqu -bilig”, “Divanü lüğat-it-türk” və bir neçə nümunədən savayı əlimizdə başqa bir mənbə yoxdur.

Çobanzadə qeyd edir: “Elə türk tayfaları var ki, onların ləhcələrinin, demək olar ki, izi də qalmamışdır. “Divanü lüğat-it-türk” XI əsrə aid bir yazılı abidədir. Bu əsərin tədqiqi həmin dövrdə mövcud olan türk ləhcələrinə doğru istiqamət götürməyə imkan verir – Mahmud Kaşğari I cildin Müqəddiməsində türk ləhcələrinin təsnifatını vermişdir:

1. Uyğur

2. Kay, Yabqu, Tatar, Basmıl

3. Qırğız, Qığçaq, Oğuz, Toxsi, Yağma, Çığıl, Əgrək, Ciriq

4. Yemaq, Başqırt

5. Bulqar, Cuvaş, Peçeneq

Bundan başqa, Mahmud Kaşğari dövrün anlayışına müvafiq olaraq bu məsələyə daha geniş elmi əsasla yanaşmış və türk ləhcələrinin qarşılıqlı əlaqələrini və bağlılığını təhlil etmişdir. Türk ləhcələri arasında leksik kök eynidir. Fərq yalnız bəzi səslərin dəyişməsində və tələffüzdə müşahidə olunur”.

O, Kaşğarinin araşdırdığı səs fərqləri və dil xüsusiyyətlərinə toxunaraq XI əsrdə mövcud olan türk ləhcələrindən, hətta bu ləhcələrin ədəbi dilləri arasındakı fərqlərdən bəhs edir. Doqquz səs götürüb, onlar arasındakı fərqləri təhlil edir:

Məsələn, başında “ya” səsi olan sözləri oğuz və qıpçaqlar “əlif” və ya “c” ilə əvəz etmişlər. Əslində isə burada səs “y” “s” ilə əvəzlənir, ya da tamamilə düşür. Ərqu türkləri sözün ortasında və ya sonunda gələn “b” və “ğ” səslərini “n” ilə əvəz edirdilər. Oğuz, qıpçaq və suvarlar (bəlkə də bulqarlar) sözün əvvəlindəki “b” hərfini dəyişdirirdilər,“b” → “m” keçidi olurdu. Əgər sözdə “t” səsi varsa, oğuzlar onu başqa səsə dəyişdirirdilər məsələn, “d” və ya “y” ilə. Türk dillərində “b” və “p” səsləri də dəyişmələrə uğrayır. Oğuzlar “b” əvəzinə “d” işlədirlər, “b”-ni “v” ilə əvəz edirlər. Yağma, toksi, qıpçaq, əbaqu, tatar, qayı, cəməl və oğuzlar “zal” ذ) ) hərfini heç vaxt işlətmir, bu səsi “y” ilə əvəz edirdilər. Kaşğariyə görə, Çindən Bizansadək bu səs fərqli tələffüz olunur: Çinə doğru “ya” və “b”, Bizans tərəfinə doğru isə “za” kimi, Xətən və Gəncək türkləri isə sözün əvvəlindəki “əlif”i ( ا) “ha” kimi tələffüz edirdilər.

Kaşğarinin sözlərinə görə, bu xalqlar tam türk deyildilər, çünki belə səs xüsusiyyəti türk dillərinə xas deyil. Oğuz və qıpçaq ləhcələrində sözün ortasındakı “m” səsi tamamilə düşür, bu düşmə türk dillərində sadələşmə prosesinin erkən nümunəsidir. Mahmud Kaşğari bəzi türk ləhcələrində zaman və məkan mənası verən isimlərdə fərqli şəkilçilərin işlədildiyini qeyd edir. Bəzi nümunələrdə “-caq, -əcək” mənası verən gələcək zaman formalarının müxtəlif tələffüzləri müşahidə olunur.

B.Çobanzadə onu da qeyd edir ki, Kaşğari səciyyəvi xüsusiyyətlərə toxunmamışdır, hər halda, onun əsərindən belə nəticə çıxır ki, bugünkü canlı türk-tatar ləhcələri ümumi cizgiləri ilə artıq XI əsrdən əvvəl formalaşmışdır. Əgər biz VII – X, XI – XV, XV – XIX əsrlər üzrə türk xalqlarının tarixini izləmiş olsaq, onlar arasında təkcə dilçilik baxımından deyil, digər cəhətlərdən də maraq doğuran dövrlər olduğunu görmüş olarıq. Təəssüf ki, bu dövrləri ayrı-ayrılıqda həm dilçilik, həm də mədəniyyət tarixi baxımından təhlil etmək üçün əlimizdə kifayət qədər material yoxdur.

B.Çobanzadə məruzəsində Tukyu, Uyğur, Moğol, Cağatay, Qızıl Orda xanlıqlarının yarandığı, süqut etdiyi və tarix səhnəsindən silindiyi mərhələləri xüsusi vurğulayır, həmçinin, iqtisadi dəyişiklikləri şərq və qərb, şimal və cənub türklərinin bir-birinə qarışması ilə səciyyələndirir. O, hər bir dövrdə yeni ləhcə və dil xüsusiyyətlərinin meydana çıxmasının müşahidə edildiyini qeyd edir.

Onun sözlərinə görə: “İstənilən türk xalqının: Orta Asiya, Krım, Qafqaz, Uralboyunun coğrafi xəritəsini götürüb kənd, oba, dağ, çaylarının ad və təyinatının izinə düşsək, həm şərq, həm qərb ləhcələrinə, hətta monqol və türk dillərinə aiddir. Mahmud Kaşğaridən başlayaraq, bütün digər tədqiqatların əsasını bir sıra ümumi səs xüsusiyyətləri təşkil edir, lakin bu tədqiqatların heç biri hər hansı bir ləhcə və ya ləhcələr qrupunun həyatına dair tam və hərtərəfli məlumat vermir, onlara əsaslanaraq terminologiya və ya qrammatika qurmaq mümkün deyil”.

B.Çobanzadə M.Kaşğaridən başlayaraq professor Samoyloviçə kimi bu istiqamətdə aparılan tədqiqat işlərindəki çatışmazlıqları qeyd etmişdir:

1) Türk ləhcələrinin öyrənilməsi tarixi baxımdan təhlil edilmiş, əksərən iqtisadi, yaxud siyasi məsələlərə aydınlıq gətirmək məqsədilə aparılmışdır;

2) Türk ləhcələrinin müqayisəli təhlili nəticə etibarilə bir ləhcənin təhlili çərçivəsindən kənara çıxmamışdır;

3) Aparılmış tədqiqatlarda qüsurlar var:

– əsas fikir səs xüsusiyyətlərinə yönəlir

– tarixi baxımdan xüsusiyyətlərin təhlili nəzərə alınmır

– fərqli prinsiplər bir-birinə qarışdırılır.

Şübhəsiz ki, praktik baxımdan bu təsnifat əsasında qrammatika və terminologiya qurmaq olmaz.

Betlinq, Rodlov, Vamberi, Budeni, Ramsted türkologiyanın bir çox sahəsini tədqiq ediblər. Onlar türk ləhcələri arasında qohumluq əlaqələrini qurmağa çalışıblar. Belə bir nəticə çıxarırıq ki, mərkəzi mövqe tutan özbək və Şərqi Türküstan ləhcələri başlanğıc təşkil edir və şaxələnmələr buradan başlanır. Bunlardan biri Türkmən-Osmanlı, digəri isə Tatar – Başqırd – Qazax, Qırğız – Noqay – Başqırt istiqamətlərindədir. Yakut ləhcəsi bu günə kimi hələ də ayırd edilməmişdir. Sibir və Altay türklərinin ləhcələri Orta Asiya ləhcələrinə daha yaxındır.

B.Çobanzadə qeyd edir ki, tədqiqatçıların fikri ilə razılaşmadan, çuvaş və yakut ləhcələrinin təsnifatını qazax və oyrat ləhcələri ilə birlikdə verə bilmərik. Çuvaş ləhcəsi özünəməxsus fonetik və morfoloji quruluşa malikdir. Bir daha qeyd edim ki, türk ləhcələrinin tədqiqi həmin ləhcələr arasındakı əlaqə və müqayisəli qrammatikanı yetərincə işıqlandırmır.

Məruzəsinin sonunda fantastik fərziyyələri bir kənara qoyub, ayrı-ayrılıqda hər bir ləhcəni öyrənmək və ya qrup üzrə ləhcələrin müqayisəli tərtibatı ilə məşğul olmağı daha məqsədəuyğun hesab edir və qeyd edir ki, hazırda Göytürk dövründən Osmanlı dönəminədək dil və ləhcələrin tarixinə dair ümumi bir yol yoxdur. Deyilənləri nəzərə almaqla, belə nəticəyə gəlirik ki, türk-tatar ləhcələrinin öyrənilməsi və tədqiqi türkologiya elminin digər sahələri, xüsusilə tarixi araşdırmalar ilə əlaqəli olmalıdır. O, geniş miqyasda müqayisəli qrammatikanın yaradılması üçün yolların və planın çəkildiyini bildirmişdir: “Ümid edirəm ki, belə bir iş yaxın zamanlarda mənsub olduqları təşkilat və ya qrupdan asılı olmayaraq, türkoloqların qələmindən çıxacaq. Şübhəsiz ki, belə bir iş Ural-Altay nəzəriyyəsinə dair sual doğuran məsələləri aydınlaşdırmağa yetərincə işıq salacaq”.

* * *

B.Çobanzadə məruzəsini iki əsas tezis üzərində qurur:

1. Türk ləhcələri tarixi baxımdan ortaq kökdən gəlir və Orxon-Yenisey abidələri bu ortaq kökün ən erkən və etibarlı yazılı sübutudur. Bu abidələrdə adları çəkilən tayfalar (karluk, uyğur, dokuzoğuz və s.) “türk” kimliyinin tərkibini göstərir, Orta əsr ədəbiyyatı (“Kutadqu bilik”, “Divani Hikmət”, “Divanü lüğat-it-türk”) davamını təsdiqləyir.

2. Türk dilləri arasındakı fərqlər əsasən fonetik dəyişmələrdir, fərqlər əsasən səslərin dəyişməsi, düşməsi, yumşalması üzərində qurulur; leksik baza sabitdir.

Çobanzadə məqsədli şəkildə göstərir ki, dillərin ayrılma səbəbi etnik təməldən çox coğrafi, siyasi və mədəni proseslərin nəticəsidir. O, “ortaq kök” anlayışını elmi şəkildə əsaslandırır: “Orxon-Yeniseydən əvvələ dair yazılı material yoxdur – bu dil tarixi üçün problem yaradır, belə ki, fonetik ardıcıllığı izləmək çətindir və ilk ayrılma mərhələlərini müəyyənləşdirmək mümkün deyil. Alim metodoloji olaraq qəti nəticə verməkdən çox mümkün istiqaməti göstərir. M.Kaşğariyə istinadən fikrini möhkəmləndirir – XI əsrdə ləhcə fərqləri artıq mövcud idisə, deməli, ayrılma prosesi daha əvvəl başlamışdı.

Onun fonetik təhlil metodunda 9 fonetik hadisənin üzərində qurduğu müşahidələrdən belə nəticə çıxarır:

1) Əsas səs dəyişmələri:

– “ya” → “a / c / s”

– “b” → “m / v / d”

– “t” → “d / y”

Bu dəyişikliklər areal fonetikanın formalaşdığını göstərir.

2) Söz ortasında səslərin düşməsi:

– “m” samitinin düşməsi (oğuz, qıpçaq)

Bu, dili sadələşdirən fonetik keçidin göstəricisidir.

3) “z”, “y”, “b” samitlərinin yön təsiri:

B.Çobanzadə M.Kaşğarinin “Çindən Bizansa qədər tələffüz xətti” barədə müşahidələrinə əsaslanaraq bildirir ki, dil dəyişiklikləri siyasi-coğrafi istiqamətlər üzrə yayılır, fonetik qanunauyğunluqlar təsadüfi deyil − sistemlidir və türk dillərinin qohumluğunu sübut edir.

4) Ləhcələrin tarixi inkişaf mərhələləri:

VII–X əsrlər → Orxon dövrü

XI–XV əsrlər → Qaraxanlı – Uyğur – Səlcuq dövrü

XV–XIX əsrlər → Osmanlı – Çağatay – Qızıl Orda xətti

Çobanzadə bu dövrləri 3 böyük proseslə səciyyələndirir:

1. İmperiyalar arasında miqrasiya

2. Şərq – Qərb, Şimal – Cənub istiqamətli qarışma

3. Yeni ləhcə və ədəbi dillərin yaranması

Bu bölgü müasir türkologiyanın əsas strukturu kimi qəbul olunur.

5. Toponimlərin və etnonimlərin dildəki rolu

B.Çobanzadəyə görə:

– Coğrafi adlar (dağ, çay, oba, kənd) ləhcə tarixi üçün ən etibarlı arxivdir.

– Bir çox toponim həm Şərq, həm Qərb türk dillərinin izlərini daşıyır.

– Hətta monqol qatı belə toponimlərdə görünür.

6. Metodoloji baxış:

– Mövcud mənbələr qıt olduğundan tam təsnifat vermək mümkün deyil.

– Heç bir tədqiqat türk ləhcələrini təsvir etmir.

– Terminologiya və qrammatika qurmaq üçün material kifayət etmir.

Bu, onun elmi yanaşmasının dürüstlüyünü göstərir. Çobanzadə sübutlar yetməyən yerdə qəti hökmlər vermir. Onun qənaətinə görə:

1. Türk dilləri tarixi baxımdan ortaq bir nəhəng dilin varisidir.

2. Siyasi və coğrafi miqrasiya dillərin yayılmasını formalaşdırmışdır.

3. XI əsrdə ləhcələr artıq fərqlənmişdi, deməli, ayrılma daha qədimdir.

4. Fərqlər əsasən fonetik və morfoloji proseslərin uzunmüddətli nəticəsidir.

5. Mövcud mənbələr məhdud olsa da, fonetik qanunauyğunluqlar real sübutdur.

Məruzədə Çobanzadə özündən əvvəlki klassik türkoloq-tədqiqatçılarının: Samoyloviç, Radlov və başqalarının araşdırmalarındakı çatışmazlıqları aydın şəkildə qeyd edir: türk ləhcələrinin öyrənilməsi natamam və metodoloji cəhətdən qeyri-sistemlidir. O, fikrini belə əsaslandırır:

1. Tədqiqatlar tarixi kontekstdən kənar aparılmış, daha çox iqtisadi yanaşma, siyasi məqsədlər daşımış və dilin daxili inkişaf qanunauyğunluqları ikinci plana keçmişdir. Bu, elmi obyektivliyə zərbədir, çünki dil təkcə ideoloji-siyasi fakt deyil, özünəməxsus inkişaf qanunları olan sistemdir.

2. Müqayisəli təhlil dar çərçivədə aparılmışdır. Müqayisə geniş türkologiyanın deyil, sadəcə “müqayisəli” görünən işlər əslində metodoloji olaraq lokal və məhduddur.

3. Fonetikyönümlü metod qarışıqlığı. Tədqiqatların çoxu yalnız səs dəyişmələrinə əsaslanıb, tarixi-diaxronik yanaşma unudulub, müxtəlif metodlar qarışdırılıb, bu da elmilikdən çox uzaqdır – türkologiya hələ özünün tarixi-metodoloji əsaslarını yaratmayıb.

B.Çobanzadə Radlov və digər tədqiqatçıların ləhcə qrupları ilə bağlı verdikləri təsnifatı ümumən qəbul etsə də, ciddi iradlarını da bildirir. Məsələn, çuvaş və yakutların dilini qazax-oyrat qrupu ilə birlikdə verilməsinin yanlış olduğunu bildirir. Çuvaş dili fonetikası, morfologiyası, ümumi struktur xüsusiyyətləri baxımından klassik türk dillərindən kəskin şəkildə fərqlənir. Bu, onun “bulqar qolu” kimi ayrıca müstəqil istiqamət təşkil etdiyini göstərir. Yakut dili Sibir arealına məxsusdur, arxaik xüsusiyyətləri saxlayan tam ayrıca bir qrup kimi qiymətləndirilməlidir. Çobanzadə burada etnik deyil, struktur-linqvistik təsnifat təklif edir ki, bu da metodoloji cəhətdən tam şəkildə özünü doğruldur.

B.Çobanzadə mövcud tədqiqatları ümumiləşdirərək ləhcə qrupları arasındakı bölgünü 2 istiqamətdə sistemləşdirir:

1. Mərkəzi qrup:

Özbək və Şərqi Türküstan.

2. Şaxələr:

Türkmən – Osmanlı;

Tatar – Başqırd – Qazax – Qırğız – Noqay – Başqırd.

Bu iki istiqamət türkcənin tarixi yayılmasını izah edir.

Yakut ləhcəsinin tam təsnifatlandırılmamasını əvvəlki tədqiqatçıların zəifliyi ilə izah edir.

B.Çobanzadənin metodoloji təklifi budur ki, reallıqdan kənar nəzəriyyələri bir tərəfə qoyub, hər ləhcəni ayrıca və ya qrup üzrə sistemli şəkildə öyrənmək lazımdır. Bunun üçün:

1. Ləhcələrin daxili quruluşunu ayrı-ayrılıqda analiz etmək;

2. Qruplar üzrə sistemli müqayisə aparmaq;

3. Materiallar əsasında ümumi türk dilləri tarixini yaratmaq.

Bu fikir həmin dövr üçün radikal dərəcədə moderndir.

B.Çobanzadə Ural-Altay nəzəriyyəsinə çox ehtiyatla yanaşır və qeyd edir ki, genişmiqyaslı müqayisəli qrammatika yaradılarsa, bu nəzəriyyə elmi təsdiqini tapar. O, Ural-Altay nəzəriyyəsini nə təsdiqləyir, nə də rədd edir, sadəcə ciddi metodoloji iş aparılmadan bu barədə hökm verməyin qeyri-elmi olduğunu vurğulayır.

Çobanzadənin elmi qənaəti budur: “Türk ləhcələrinin öyrənilməsi dünya dilçilik elminin ən mürəkkəb və hələ tamamlanmamış sahəsidir, bu sahənin inkişafı üçün sistemli, tarixi və metodoloji əsaslara söykənən yeni mərhələ lazımdır”.

* * *

Nikolas Poppe “Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti” mövzusunda etdiyi məruzəsində türk və monqol dillərinin tarixi və müasir vəziyyətini təhlil edir: “Altay – türk, monqol və tunqus dilləri mürəkkəb bir inkişaf yolu keçmişdir. Rahat və təhlükədən kənar olmayan bu yolu seçənlər dəfələrlə dərinliklərə varmış və uzun sürən çıxılmazlıqlardan yol taparaq yenidən tədqiqatlara davam etmişlər. Poppe Altay dillərinin müqayisəli tədqiqi tarixini 2 mərhələyə ayırır:

I mərhələ – Altay dillərinin müstəqil bir dil qrupu kimi qəbul olunmadığı və tədqiqatçılar tərəfindən Ural-Altay dil ailəsinin üzvü kimi tədqiq etdikləri – Ural-Altay adlandırılan dövr;

II mərhələ – Ural-Altay dil qrupundan ayrı, xüsusi bir qrup kimi xarakterizə olunduğu dövr.

Hər şeydən əvvəl, Ural-Altay dilləri arasındakı qohumluq əlaqəsindən danışarkən, tədqiqatçılar fin-uqor, Ural dil qruplarını deyil, ilk növbədə, türk və monqol, həmçinin tunquz dillərinin bir-birilə əlaqəli şəkildə təhlili istiqamətində daha dəqiq işlər görmüşlər. Lakin bu, məhz II mərhələnin müqayisəli Altay dilçiliyinin başlanğıcını təşkil etdiyini söyləməyə əsas vermir. I dövrün müqayisəli Altay dilçiliyi üçün əhəmiyyəti olmadığını söyləmək düzgün deyil, ədalətsizlik olar – bu, hazırlıq mərhələsi idi. Məhz həmin dövr tədqiqatçılarının səhvləri, yanlış qənaətləri yeni məktəbin araşdırmaçıları üçün tərbiyəvi rol oynadı.

Dil baxımından yaxınlaşdırdığı xalqları ümumi şəkildə “tatar” adı altında birləşdirən Stralenberq oları 6 qrupa ayıraraq ilk təsnifatını verir:

1. Uyğurlar (fin-uqor xalqları, barabinlər, hunlar)

2. Türk-tatar

3. Samoyedlər

4. Monqol və mancurlar

5. Tunquslar

6. Xəzər və Qara dəniz arasında məskunlaşan tayfalar

Poppe qeyd edir ki, bu təsnifat sonrakılara uyğun gəlmir və bir çox hissəsi düzgün deyil, bəzi hallarda faktiki olaraq fərqli qruplara aid tayfalar bir qrupa daxil edilmişdir. Lakin buna baxmayaraq, I təsnifat kimi xüsusi diqqət çəkir.

Rasmus Rask Stralenberq tərəfindən birləşdirilmiş dillərə Qrelandiya, Amerika, Asiya, Avropa, Qafqaz, həmçinin İspaniya xalqlarının dillərini əlavə etməklə “skiflər” adı altında təsnifatını vermişdir. Beləliklə, tunquslar, monqollar, türklər, fin-uqor xalqları ilə yanaşı, Qrelandiya, dağlı tayfaları, İspaniya, Avropanın digər ölkələrindən silinmiş yafəs nəslinin nümayəndələri “skif” xalqlarına daxil edilmişdir.

O, keçən əsrin ortalarına doğru, ümumiyyətlə, dilçilik elminin böyük nailiyyətlər əldə etdiyini xüsusi vurğulayaraq məruzəsinə davam edir: “Dillərin müqayisə prinsipləri formalaşmış, Hind-Avropa müqayisəli dilçiliyi yaradılmışdı. Dilçilik sahəsində V.fon Humboldtun “tatar” və “skif” dillərinin qohumluğu nəzəriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərən tədqiqatları həmin dövrə aiddir. Hind-Avropa dillərinin flektiv quruluşundan fərqli olaraq, bu dillərin ən səciyyəvi xüsusiyyətlərindən biri aqlütinativ dil quruluşuna malik olmaları xarakterik xüsusiyyətlərindən biridir. Məhz bu xüsusiyyətlərə əsaslanaraq, M.Müller sait səslərin ümumi ahəng qanunu ilə birləşən dillər sırasına şam, Tibet, Cənubi Hind və Malay arxipelağı dillərini daxil etmiş və bu dil qrupunu “Turan dilləri” adlandırmışdır”.

Poppe qeyd edir ki, mahiyyət etibarilə, turanizmi yeni nəzəriyyə adlandırmaq olmaz. Ümumilikdə bu nəzəriyyə Hind-Avropa, semit, Çin dilləri istisna olmaqla, bütün Asiya və Avropa dillərini birləşdirərək Raskın “skif” nəzəriyyəsi ilə üst-üstə düşür. Lakin məsələyə daha geniş miqyasda baxılması ilə fərqlənir. Qeyd etmək lazımdır ki, M.Müller bu dillərin bir-biri ilə qohumluğunu zəif hesab etmiş, “Turan dilləri ailəsi” ifadəsinin əvəzinə “Turan dil qrupu” işlətmişdir”.

Onun fikrincə, “turan dilləri” termini turan torpaqlarına birbaşa işarə edir. Turan dillərinin dəqiq sərhədləri müəyyənləşdirilməmişdir. Elə bu səbəbdən də “Turan dilləri” anlayışının dairəsi get-gedə genişlənmiş və az sonra bəzi qədim dilləri, o cümlədən akkad dilini də əhatə etmişdir. Poppe qeyd edir ki, həmin dövrdə müqayisəli fin-uqor dilçiliyi yeni formalaşmağa başlamış və Bötlinq tərəfindən türk dillərinin müqayisəli qrammatikasının əsası təzə qoyulmuş, digər dillər, o cümlədən monqol dili də hələ tədqiq edilməmişdir.

Tanınmış alim Kastren Ural-Altay dillərinin qohumluğu ilə əlaqədar aparılan tədqiqatlardan fərqli şəkildə, həmkarlarının əksinə olaraq, eşitmək və ya istinad etməklə deyil, şəxsi araşdırmaları ilə elmə düzgün istiqamət vermişdir. Poppe bildirir ki, geniş miqyasda Ural-Altay dillərinin müqayisəli tədqiqinə Şott tərəfindən başlanılmışdı. Özündən əvvəlki tədqiqatçılara və müasirlərinin əksinə olaraq Şott, Ural-Altay dillərinə məxsus bəzi ümumiləşdirmələr üzərində deyil, leksik materiallar arasındakı uyğunluqla yanaşı, Ural-Altay dillərinin morfologiyasını da diqqətdən kənar qoymadan nəticələr əldə etmişdir.

Poppe onun bu sahədəki xidmətlərindən danışarkən qeyd edir ki, bu dillər üçün bir sıra fonetik qanunlar çox düzgün müəyyən etmişdir. Məsələn, r-z, l-ş səslərinin uyarlığı Altay dil ailəsi üçün, o cümlədən çuvaş dilinə xarakterik olan qanunauyğunluqlar onun tərəfindən düzgün müəyyən edilmişdir. Bu xüsusda çuvaş dilinin türk dili olduğunu ilk dəfə elmi şəkildə əsaslandırmışdır.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri