Gürcüstan Avropa ilə münasibətlərini necə qoruyacaq?
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Tbilisi–Brüssel qarşıdurması
Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərin ən mürəkkəb mərhələsini yaşayır. Brüssel Tbilisini demokratik prinsiplərdən uzaqlaşmaqda ittiham edir, Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Aİ-ni ölkəsinə qarşı ədalətsiz yanaşmada və ikili standartlar tətbiq etməkdə günahlandırır. Tərəflərin mövqeləri sərtləşsə də, Gürcüstan Avropa istiqamətindən tamamilə imtina etdiyini bildirmir. Çünki məsələ yalnız siyasi seçim deyil, həm də ölkənin iqtisadi gələcəyi ilə bağlıdır. Bəs Tbilisi öz mövqeyindən geri çəkilmədən, Brüssel ilə münasibətləri qaydaya sala biləcəkmi?
Kobaxidzenin son açıqlamaları göstərir ki, Gürcüstan hökuməti dialoqa hazır olduğunu bəyan edir, lakin münasibətlərin bərpası üçün Avropa tərəfinin də addım atmasını istəyir. Baş nazir hesab edir ki, Avropa Komissiyasının noyabrda açıqlayacağı genişlənmə hesabatında Gürcüstanla bağlı yanaşma ciddi şəkildə dəyişməyəcək. Onun fikrincə, Brüsselin mövqeyi əvvəlki kimi qalır və bu səbəbdən hesabatdan müsbət nəticə gözləmək çətindir.
Kobaxidze münasibətlərin yaxşılaşdırılması üçün konkret təklif də irəli sürüb. Onun fikrincə, tərəflər siyasi səviyyədə açıq dialoqa başlamalı, müzakirələr yalnız rəsmilərin iştirakı ilə məhdudlaşmamalıdır. Gürcüstan cəmiyyəti üçün də əlçatan olmalıdır, problemlərin həlli, ilk növbədə, siyasi müzakirələrdən keçməlidir.
Bu təklif Tbilisinin Brüsselə göndərdiyi mühüm mesajdır. Gürcüstan hökuməti münasibətlərin yalnız qarşılıqlı ittihamlar və sərt bəyanatlar üzərində qurulmasını istəmir. Ancaq burada bir sual yaranır: tərəflər dialoqa hazır olduqlarını bildirsələr də, əslində hansı məsələlərdə güzəştə getməyə razıdırlar? Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Gürcüstanın namizəd statusunun hazırda formal xarakter daşıdığını bildirib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da ölkədə demokratik vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib. Brüsselin mövqeyinə görə Avropaya inteqrasiya yalnız siyasi bəyanatlarla mümkün deyil, bunun üçün demokratik standartlara, qanunun aliliyinə və əsas hüquq və azadlıqlara əməl olunmalıdır.
Kobaxidze isə məsələyə başqa cür yanaşır. Onun fikrincə, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Gürcüstanın müstəqil qərar qəbul etmək hüququna hörmətlə yanaşmalıdır. Baş nazir ölkənin suverenliyini, təhlükəsizliyini və daxili sabitliyini əsas prioritetlər kimi təqdim edir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionu ilə bağlı həll olunmamış problemləri də bu mövqenin arxasında dayanan amillərdəndir.
Deməli, mübahisənin mərkəzində təkcə Aİ-yə üzvlük məsələsi dayanmır. Söhbət Gürcüstanın daxili siyasətini və xarici əlaqələrini hansı prinsiplər əsasında quracağından gedir. Tbilisi müstəqil qərar vermək hüququnu qorumağa çalışır, Brüssel isə Avropa inteqrasiyasının demokratik islahatlarla müşayiət olunmasını tələb edir. Tərəflər eyni böhrana fərqli nöqtələrdən baxdıqları üçün ortaq məxrəcə gəlmək getdikcə çətinləşir.
Maraqlıdır ki. hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının nümayəndələri Avropa qurumlarını dialoqdan yayınmaqda və Gürcüstana qarşı ikili standartlar tətbiq etməkdə ittiham edirlər. Onlar milli kimliyin, ənənəvi dəyərlərin və dövlət suverenliyinin qorunmasını ön plana çəkirlər. Avropa rəsmiləri isə tənqidlərinin Gürcüstanın milli kimliyinə deyil, hökumətin siyasətinə və demokratik normalara aid olduğunu bildirirlər. Sonda siyasi mübahisə daha da sərtləşir, tərəflər arasında qarşılıqlı etimad isə zəifləyir.
Bununla belə, siyasi gərginlik iqtisadi reallığı dəyişmir. Aİ Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. 2025-ci ildə tərəflər arasında əmtəə ticarətinin həcmi 5,2 milyard avro təşkil edib. Aİ ilə Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Məkanı (CFTAD) Gürcüstan şirkətlərinə Avropa bazarına çıxış imkanı yaradır. Bu əlaqələr kənd təsərrüfatı, qida sənayesi, ixrac, investisiya və müasir texnologiyaların əldə olunması baxımından önəmlidir. Gürcüstan üçün Avropa bazarı yalnız məhsul satmaq imkanı deyil. Bu, həm də yeni investisiyalar, istehsalın inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Odur ki, Brüssel ilə münasibətlərin uzun müddət gərgin qalması ölkənin iqtisadi maraqlarına da təsirsiz ötüşməyəcək.
Avropa üçün də Gürcüstanın əhəmiyyəti yalnız ticarətlə məhdudlaşmır. Ölkənin ərazisindən Xəzər hövzəsini Qara dəniz və Avropa bazarları ilə birləşdirən mühüm nəqliyyat və enerji marşrutları keçir. Beynəlxalq ticarət yollarının və alternativ logistika istiqamətlərinin əhəmiyyətinin artdığı indiki şəraitdə Gürcüstanın tranzit imkanları ön plana çıxır. Bu səbəbdən siyasi fikir ayrılıqları tərəflərin ortaq iqtisadi maraqlarını aradan qaldırmır.
Azərbaycan da bu mənzərədə mühüm yer tutur. Bakı ilə Tbilisi arasındakı strateji tərəfdaşlıq, enerji və nəqliyyat layihələri hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Gürcüstan Azərbaycan üçün Avropa bazarlarına çıxış baxımından mühüm tranzit ölkəsidir, Azərbaycan isə Gürcüstanın regional əməkdaşlıq imkanlarının genişlənməsində vacib tərəfdaşdır. Tbilisi ilə Brüssel arasında münasibətlərin sabitləşməsi bu marşrutların və Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir.
Bəs bundan sonra nə baş verə bilər? Gürcüstan məsələsinin 2027-ci ilin yanvarında Aİ-də yenidən müzakirəyə çıxarılması münasibətlərin gələcəyi baxımından vacibdir. Ancaq həmin müzakirələrin avtomatik olaraq yeni sanksiyalarla və ya üzvlük prosesinin bərpası ilə nəticələnəcəyini söyləmək də tezdir.
Kobaxidzenin dialoq təklifi münasibətləri dalandan çıxarmaq üçün başlanğıc ola bilər. Amma dialoqun özü hələ nəticə demək deyil. Tbilisi və Brüssel mübahisəli məsələləri açıq şəkildə müzakirə etməli, qarşılıqlı ittihamları konkret təkliflərlə əvəzləməli və iqtisadi əməkdaşlığın siyasi qarşıdurmanın qurbanına çevrilməsinin qarşısını almalıdırlar. Deməli hər iki tərəfin məsuliyyəti var. Birincisi, Gürcüstan hökuməti Avropa inteqrasiyası istəyinin yalnız bəyanat səviyyəsində qalmadığını nümayiş etdirməli, demokratik idarəçilik və hüquqlar sahəsində narahatlıqlara aydın cavab verməlidir. İkincisi, Brüssel isə dialoq imkanlarını qoruyaraq Gürcüstanla münasibətlərin yalnız təzyiq və tənqid üzərində qurmamalıdır. Hər iki tərəf qarşılıqlı maraqları nəzərə almalı və real danışıqlar üçün ortaq zəmin yaratmalıdır. Bu iki mövqe arasında uzlaşma tapılmasa, siyasi gərginliyin uzun müddət davam etməsi ehtimalı yüksəkdir.
Gürcüstanlı siyasi icmalçı Vüqar İsayev bildirdi ki, əsas məsələ siyasi fikir ayrılıqlarının ölkənin iqtisadi gələcəyinə və regionun sabitliyinə zərər vurmasının qarşısını almaqdır: “Aİ və Gürcüstan arasında siyasi gərginliyin artdığı bir dövrdə tərəflər 2027-ci ilin yanvarında münasibətlərə yenidən baxmağa hazırlaşır. Hazırda Brüsselin demokratik islahat tələblərinə qarşı Tbilisinin prinsipial mövqeyindən geri çəkilmək niyyətində olmadığını bildirməsi siyasi müstəvidə çıxılmaz vəziyyət yaradıb. Bununla belə, mövcud vəziyyəti münasibətlərin tam qırılması deyil, siyasi böhran şəraitində yeni bir əməkdaşlıq modelinin axtarışı kimi qiymətləndirirlər. Siyasi fikir ayrılıqlarına rəğmən, tərəflər arasında iqtisadi və nəqliyyat əlaqələrinin kəsilməməsi dialoqun yenidən bərpası üçün qapıları açıq saxlayır”.
Onun fikrincə, Aİ ilə Gürcüstanın yaxın gələcəyi siyasi ambisiyalar ilə ortaq iqtisadi maraqlar arasında düzgün tarazlığın tapılmasından asılı olacaq. Tərəflər arasında tam siyasi uzlaşmanın əldə olunması yaxın perspektivdə çətin görünsə də, Cənubi Qafqaz regionunun strateji əhəmiyyəti və mövcud ticarət dövriyyəsi əməkdaşlığın davam etdirilməsi üçün güclü zəmin yaradır. Brüssel və Tbilisi arasındakı gələcək əlaqələrin taleyi böyük ölçüdə 2027-ci ilin əvvəlində aparılacaq danışıqların nəticələrindən asılı olacaq. Buna görə də hazırkı vəziyyəti münasibətlərin tam qırılması deyil, siyasi gərginlik şəraitində yeni əməkdaşlıq modelinin axtarışı kimi qiymətləndirmək olar.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















