Icma.az
close
up
RU
Gürcüstan Qərb qarşıdurması səngimir

Gürcüstan Qərb qarşıdurması səngimir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Tbilisidəki yeni səfiri özünü emissar kimi aparır

Gürcüstanın Qərblə münasibətləri yenidən gərginləşib. Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib ki, Fransanın Gürcüstandakı yeni səfiri Olivye Kurto “antigürcü və antikonstitusiya fəaliyyətində adı hallanan” qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə gizli görüşlər keçirib: “Bu, müəyyən suallar doğurur və belə təmaslar diplomatın reputasiyasına kölgə sala bilər”.

“Rustavi 2” telekanalının məlumatına görə, Fransanın səfiri təxminən 15 QHT-nin, o cümlədən Gənc Hüquqşünaslar Assosiasiyası və Strateji Analiz Mərkəzinin nümayəndələri ilə qapalı görüş keçirib. Görüş səfirlikdə deyil, paytaxtın Çanturiya küçəsindəki mənzillərdən birində baş tutub. Görüşün təfərrüatları açıqlanmayıb.

Hakimiyyət tərəfindən sərt reaksiya ilə qarşılanan görüşlə bağlı Tsilosani bildirib ki, belə təşkilatlarla gizli əlaqələr diplomata fayda gətirə bilməz: “Düşünürəm ki, o, sonradan bunu özü izah edəcək. Bizim üçün də maraqlıdır ki, nə üçün səfir antigürcü və antikonstitusiya proseslərində adları hallanan təşkilatların nümayəndələri ilə mənzildə gizli görüş keçirib”.

Hakim “Gürcü arzusu” partiyasından deputat Levan Maçavariani əlavə edib ki, görüşün səfirlikdə deyil, mənzildə keçirilməsi suallar doğurur və yaxşı təəssürat yaratmır: “Bu, müəyyən şübhələrə səbəb olur. Lakin səfirin Gürcüstana yeni gəldiyini nəzərə alaraq, ümid edirəm ki, o, fəaliyyətində Vyana konvensiyasının çərçivəsindən kənara çıxmayacaq”.

Deputat bildirib ki, ictimaiyyət səfirdən və Fransa səfirliyindən izahat gözləyir. Yada salaq ki, səfir Olivye Kurto 2025-ci ilin avqust ayında bu posta təyin olunub və 2023-cü ildən bu vəzifədə çalışan Şeraz Qasrini əvəz edib. Rəsmi Parisin diplomat dəyişməsi Qərbin Gürcüstan hakimiyyətini demokratik standartlardan uzaqlaşmaqda tənqid etdiyi bir vaxtda baş verib. Vəzifəsini tərk etməzdən əvvəl Şeraz Qasri Gürcüstan hakimiyyətini “repressiyaları dayandırmağa” və “ədalətsiz həbs olunanları azad etməyə” çağırmışdı.

Fransa səfirliyinin keçmiş rəhbəri, həmçinin müxalifəti aktiv şəkildə dəstəkləyirdi. Qasri bildirirdi ki, Qərbin Gürcüstan büdcəsi üçün nəzərdə tutulan vəsaitləri QHT-lərə və KİV-lərə yönəldiləcək. Bundan sonra, “Gürcü arzusu” partiyası Fransa səfirliyini “radikal təşkilatları maliyyələşdirməkdə” ittiham etmişdi. Qasri isə cavabında deyirdi ki, Parisin qərarı Avropa Şurasının nəticələri ilə bağlıdır. Bu nəticələrə əsasən, Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesi dayandırılıb. Onu da qeyd edək ki, həmin vaxt Aİ “LGBT təbliğatını” qadağan edən qanunun qəbuluna cavab olaraq Tbilisi ilə münasibətlərini yenidən nəzərdən keçirərək, “Gürcü arzusu” ilə yüksəksəviyyəli görüşlərdən imtina edib və maliyyə yardımlarını, diplomatik və xidməti pasport sahibləri üçün vizasız səyahəti dayandırıb. Eyni zamanda, Avropa Komissiyası Gürcüstan Xarici İşlər Nazirliyinə “xarici agentlər” və “LGBT təbliğatı” haqqında qanunların ləğvini tələb edən məktub göndərib və adi vətəndaşlar üçün də vizasız səyahəti dayandırmaqla hədələyib. Hakimiyyət şərtləri “reallıqdan uzaq” adlandırsa da, vizasız rejimin dayandırılmayacağına əmin idilər. Amma məsələ bu gün yenidən gündəmə gəlib. “Prime Time” nəşrinin məlumatına görə, müxalifət Brüsseldən Gürcüstan üçün viza liberallaşdırmasını dayandırmasını tələb edib. Nəşrin məlumatına görə, radikal müxalifət noyabr ayının sonuna qədər Gürcüstanın sıravi vətəndaşları üşün vizasız səyahəti dayandırmalarını xahiş edib və Brüsseli təkcə hökumət məmurlarına təzyiq göstərməyin nəticə verməyəcəyinə inandırmağa çalışıb.

Ekspertlər hesab edirlər ki, Aİ tərəfindən Gürcüstan üçün vizasız səyahətin ləğvi son dərəcə mənfi addım olardı. Çünki belə bir qərarın qəbulu ölkədə iqtisadi gərginlik yaradardı. Hər il minlərlə Gürcüstan vətəndaşı Aİ-yə üzv ölkələrdə əmək fəaliyyəti ilə məşğul olur. Ölkəyə milyonlarla avro vəsait daxil olur. Bu vəsaitin qarşısının alınması Gürcüstanda gərginliyi artırar, sabitliyi poza bilər.

Qasri bundan əvvəl də “X” sosial şəbəkəsində hakimiyyəti tənqid edərək vurğulamışdı ki, Gürcüstanda yeni seçkilərin keçirilməsi ölkədəki siyasi böhrandan çıxış yolu olardı. Bildirək ki, müxalifət partiyaları 2024-cü il parlament seçkilərinin nəticələrini tanımaqdan imtina ediblər. Onları dəstəkləyən Aİ rəhbərliyi “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik etməyib. Aİ ölkələrindən yalnız Macarıstan və Slovakiya təbrik göndərib.

Göründüyü kimi, müxalifəti dəstəkləyən Qərb hələ də Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsində israrlıdır. Lakin indiki şəraitdə bu, mümkün deyil. Baş nazir İrakli Kobaxidze dəfələrlə bildirib ki, qarşıdakı üç il ərzində Gürcüstanda seçkilər keçirilməyəcək: “Bu gün ölkəmizdə sabitlik var və düşünürəm ki, Gürcüstanda sabit mühiti qoruyub saxlayacağıq. Bu isə ölkənin inkişafının açarıdır”.

Gürcüstan hakimiyyəti sabitliyi qorumaqda israrlıdır və bunun üçün sərt tədbirlər görür. Baş Prokurorluq müxalifət liderləri Mixeil Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Japaridze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Japaridze barəsində cinayət işi açıb. Baş prokuror Giorgi Qvarakidze bildirib ki, iş dövlətə qarşı törədilmiş cinayətlərə, xüsusən sabotaja, xarici dövlətə düşmən fəaliyyətində kömək göstərməyə, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinə aiddir.

Baş nazirin yaxın üç il ərzində seçkilərin keçirilməyəcəyi barədə bəyanatı da göstərir ki, hökumət bunu dövlətin inkişafı və daxili təhlükəsizliyin təminatı kimi qiymətləndirir. Rəsmi Tbilisi hesab edir ki, son hadisələr xarici qüvvələrin Gürcüstanın daxili işlərinə müdaxiləsinin nəticəsidir.

Beləliklə, Qərb dairələrinin müəyyən müxalifət qrupları vasitəsilə siyasi təzyiq göstərməsi Tbilisi ilə Brüssel arasındakı münasibətləri gərginləşdirir. Buna baxmayaraq, Gürcüstan hələ də çevik diplomatiya aparmaq imkanına malikdir. Rəsmi Tbilisinin mövqeyinə görə, ölkənin maraqları nə Rusiyanın, nə də Qərbin tam tərəfində olmaq deyil. Əsas hədəf Gürcüstanın təhlükəsizliyini təmin etmək, suverenliyini qorumaq və müstəqil inkişaf yolunu davam etdirməkdir.

Xatırladaq ki, Gürcüstan Aİ-yə üzvlüyə namizəd ölkədir. Tbilisi bu statusu 2023-cü ilin dekabrında alıb və Brüssel ilə Assosiasiya Sazişi imzalayıb. 2017-ci ildən bəri vətəndaşlar vizasız səyahətdən yararlanıblar. Gürcüstanın inteqrasiya prosesini davam etdirmək üçün ona doqquz əlavə şərt elan edilib. Bunlara qütbləşmənin aradan qaldırılması, deoliqarxizm, azad və rəqabətli seçkilərin təmin edilməsi və digər tədbirlər daxildir.

Sonda onu da qeyd edək ki, Gürcüstan noyabrın 18-də Brüsseldə keçirilməsi planlaşdırılan genişlənmə forumuna dəvət olunmayıb. Bu qərar Avropa Komissiyasının son hesabatının nəticələrini əks etdirir və hesabatda Gürcüstanın getdikcə özünü Aİ-dən uzaqlaşdırdığı qeyd olunur. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, “Bu gün Brüssel öz dəyərlərindən uzaqlaşıb ki, bu da gürcü xalqına qarşı eşitdiyimiz qarşıdurma tonunun, hücumların və ritorikanın nəticəsidir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri