Icma.az
close
up
RU
“Güzgünün qabağında “məndən nə gözəl şəhid olar” demişdi...” Videoreportaj

“Güzgünün qabağında “məndən nə gözəl şəhid olar” demişdi...” Videoreportaj

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Şəhid olduğu gündən iki il ötür. Ailəsi üçün isə bu ayrılıq elə dünənki kimi təzədir. Qürurla yanaşı, hər gün bir az da böyüyən həsrət... 

Yazımızın sözün əsl mənasında qəhrəmanı antiterror əməliyyatında şəhid olan ən yüksəkrütbəli zabit - polkovnik-leytenant Vüsal Rüstəmovdur!

1984-cü ilin mayın 11-də Xaçmaz şəhərində dünyaya gələn Vüsal orta məktəb təhsilindən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur və oranı uğurla bitirir.

2020-ci ildə Vətən müharibəsində iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir. 

2023-cü ilin 19 sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Ölümündən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət” ordeninə layiq görülüb.

İndi ondan geriyə şərəfli həyat hekayəsi və əziz xatirələr qalıb...

“Qafqazinfo” olaraq şəhid polkovnik-leytenantın hekayəsini ailəsindən dinləmək üçün onların hazırda Bakıda yaşadığı evə yollandıq. 

Videonu buradan izləyə bilərsiniz:

Qapını üzümüzə Vüsalın övladları - 12 yaşlı Səma və ​10 yaşlı Şahin açdı. Evə daxil olan kimi gözümüzə atalarının şəkilləri, medal və ordenləri dəydi.

Elə bu məqamda şəhid anası, 66 yaşlı Sevil xanım sözə başladı: “Mən bu şəkillərlə təsəlli tapıram. Bütün gün telefonda da onun şəkillərinə, videolarına baxıram. Qızım da, Vüsalın dostları da fotolarını çox paylaşırlar. Elə bilirəm, yenə də xidmətdədir, gələcək...”

Digər otaqdan gələn atası Rüstəm kişi isə söhbətin davamını gətirir: “Vüsal 6 yaşından karate ilə məşğul olub. 20-yə yaxın diplomu, fəxri fərmanı var. Elə həmin illərdə hərbiyə həvəsi yarandı. Özü seçdi, biz də dəstək olduq. Xidmət etdiyi müddətdə 7 il düşmənlə üzbəüz olub. Ermənilərə qarşı nifrəti o qədər çox idi ki, həmişə deyirdi, “yox, mən bir addım da geri ata bilmərəm”.

Xanımı Lalə onunla qohumları vasitəsilə tanış olub. Amma Vüsalın hərbçi olması heç vaxt onu fikrindən daşındırmayıb: “Onunla tanış olarkən 19 yaşım var idi. Elə ilk görüşdə bütün bunları danışmışdıq. O qədər yaxşı insan idi ki... Tanısaydınız, anlayardınız necə bir insan olduğunu. Mən bu yolu onunla getmək istədim. Heç vaxt da peşman olmadım.

İkinci ildir ki, o yoxdur, amma hələ də inanmırıq. Elə bilirik ki, təlimdədir, işdədir, harasa gedib. Gözümüz yolda, qulağımız qapıda. Çox çətindir, amma çətin olduğu qədər də qürurvericidir”.

Sevil xanım deyir ki, oğlu lap balacalıqdan qayğıkeş olub. Xidmət etdiyi illərdə də döyüşdə olarkən özündən çox yoldaşları üçün narahatlıq keçirib: “Vüsal yalnız özünü yox, yanında olan əsgərləri də düşünürdü. Dua edirdi ki, heç bir itki verməsin, analar gözüyaşlı qalmasın. 44 günlük Vətən müharibəsində ən yaxın dostlarını itirdi. Özünə gələ bilmirdi. Elə hey deyirdi ki, “Mən niyə şəhid olmadım?” Elə bil xəcalət çəkirdi. Müharibədən sonra şəhid olan yoldaşlarının evinə ziyarətə getmişdilər. Onların uşaqları qaçaraq Vüsalın ayaqlarından yapışıb ki, “atam gəldi”. Bu hadisə ona çox pis təsir etmişdi. Axırıncı dəfə gedəndə keçdi güzgünün qarşısına saçını daramağa, baxdı özünə dedi ki, “məndən nə gözəl şəhid olar”. Mən bu sözü eşidib ağladım. Çıxıb gedəndə qapıdan düz üç dəfə çıxıb qayıtdı, məni öpdü. Arxasınca baxanda gözümə elə göründü ki, sanki tabutunu gətirirlər. Özüm öz düşüncəmə pis oldum”.

Həyat yoldaşı Lalə də bunu təsdiqləyir: “Onun hərbçi yoldaşları, dostları gözlərinin önündə şəhid olmuşdu. Həmin xatirələri yadına düşəndə çox sarsılırdı. Deyirdi: “Mən Allah qarşısında nə günah eləmişəm ki, mənə şəhid olmağı qismət etmədi?!” Demək olar ki, onun əsas arzusu şəhid olmaq idi. Hər axşam evimizdə onun zabit dostları, şəhid olmuş dostları haqqında söhbətlər keçirdi. Həmişə arzulayırdı ki, bəlkə mən şəhid olsam, onları görə bilərəm. Çox arzulayırdı, arzusuna çatdı”.

67 yaşlı ata oğlundan fəxrlə bəhs edir. Hərdən gözləri dolur, amma sonra hansısa xatirə yadına düşür və gülümsəyir. Vüsalla sadəcə ata-oğul yox, eyni zamanda dost olduqlarını da bildirir. Lakin oğlunun daha çox anasına bağlı olduğunu vurğulayır: “Şəhid olanda bütün kursant yoldaşları gəlmişdi. Onların hamısı “O, bizim böyük qardaşımız, bizə məsləhət verən idi. Bütün məsləhətlərimizi ondan alırdıq” deyirdilər. İndi onların hərəsi bir vəzifədədir. Amma hamısı onu böyük qardaşları kimi xatırlayır.

Qərargah rəisləri adətən döyüşdən arxada olur, idarəçilik aparırlar, amma o döyüş məkanında əsgərlərin yanında olmaq, onları ruhlandırmaq istəyirdi. Səhər tezdən “poqon”larını çıxarıb sürücüsünə verərək demişdi “Bu gün şəhid olacağam, bunları atama verərsən”. O, yetişmişdi, dövlətinə, vətəninə sədaqətlə xidmət edən bir zabit idi. Şəhid generalımız Polad Həşimovla düz 12 il müxtəlif hərbi hissələrdə bir yerdə xidmət etmişdi. Bu da onun yetişməsində böyük rol oynamışdı”.  

Lalə unuda bilmədiyi axırıncı görüşləri belə xatırlayır: “Biz sentyabrın 4-də görüşdük. Çox susqun idi. Həmişə döyüşə gedəndə deyib-gülə qapıdan çıxırdı. Amma bu dəfə yox.. Sadəcə gözləri danışırdı. Baxışlarından sanki hər şeyi izah etməyə çalışırdı, heç bir söz demirdi. Son sözü o oldu ki, “uşaqlardan və anamdan muğayat ol”.

Axırıncı danışığımız isə sentyabrın 18-i, axşam saatlarında oldu. Vüsal bildirdi ki, sabah səhər tezdən qarşıya keçəcəklər. Dedi ki, “zəng çatmasa, narahat olma”. O sözləri ürəyimə ağır bir yük qoydu. Bu dəfə içimdəki hisslər də başqa idi. Vüsal danışanda valideynlərimin üzünə baxmırdı. Həmişə başını aşağı salıb danışırdı. Evli olduğumuz illər ərzində o anamla yalnız əllə görüşmüşdü, sonuncu dəfə isə anamın üzündən öpüb getdi...

Elə bilirdim yaralanıb, ayağını itirib. Buna da şükür edirdim, sevinirdim ki, sağdır. Düzdür, hər şeyi dərk edirsən, amma özünü aldatmaq istəyirsən, inanırsan ki, gələcək. Amma həqiqət tam başqa şəkildə gəldi”.

Gözləri uzaqlara dalan ana deyir ki, oğlunun xidmət illərində çox əziyyətlər çəkiblər, gözləri yaşlı, dilləri dualı olub: “Həmin günlərdə qara geyinmiş qadınlar hansı qapıya toplaşsa, demək o evdə yas var idi. Zaman gəldi, bizim də qapımıza toplaşdılar. Amma mən heç düşünmədim ki, oğlum şəhiddir. Elə bildim yaralanıb, camaat da xəbər bilməyə gəlib. Sən demə... Sən demə, balam artıq yoxdur”.

Vüsalın şəhid olduğu günü atası belə xatırlayır: “Həmin gün Vüsalla telefonda danışmışdıq. Qohumumuz zəng edib dedi ki, “Vüsalla danışmısan? Yenidən danış”. Zəng etdim, cavab gəlmədi. Onda anladım… Artıq bildim ki, Vüsal həyatda yoxdur.

Elə bir dərddir ki, danışmaq çox çətindir, elə bir yaradır ki… Övlad itirmək valideyn üçün ən ağır dərddir. Onu yalnız övladını itirən valideynlər bilir. Çünki o yara həmişə qanayır, heç vaxt sağalmır.

Düzdür, bir tərəfdən qürurvericidir ki, Vətən yolunda, dövlətin və torpaqlarımızın azad olunması uğrunda şəhid oldu. Torpaqlar geri qayıtdı, amma özləri qayıtmadı. İndi aramızda yoxdur. Çalışırıq dözək”.

Sevil ana övladını yuxularında belə görməməyindən gileylənir: “Yuxuma bircə dəfə gəlib, ondan sonra heç gəlmir. Qəbrinin üstünə gedirəm, ağlayıram, yalvarıram, deyirəm “ay Vüsal, heç olmasa, yuxuma gəl”. Sonra da düşünürəm ki, uşaqlıqdan bəri məni heç vaxt incitməyib. İndi də yəqin yuxuma gəlmir ki, ürəyim partlayar. Amma görmək istəyirəm onu...”

İllər Vüsalı unutdurmur, ailəsi hər gün onun üçün daha çox darıxır və xatirələri ilə ovunur. Vüsal onlara bir ömür xatırlanacaq anlar qoyub.

Artıq iki ilə yaxındır ki, Lalə iki balası ilə Bakıda yaşayır: “O, xidmətdə olarkən Qusarda yaşayırdıq. Keçən il ora getdim. Onunla gəzdiyimiz, yaşadığımız yerlərə yenidən getmək olduqca çətin idi.

Vüsal Şahinə bağlı idi. Evdə Şahinə kiçik bir köşə ayırmışdı, orada hər axşam məşq edirdilər. Uşaqların gələcəyi ilə bağlı planları da var idi. Vaxt tapdıqca özü də məşğul olurdu. İndi özüm uşaqların dərsləri ilə məşğul oluram, hazırlıqlarını izləyirəm, idmanlarına nəzarət edirəm. Bunun üçün mən hətta işimdən də ayrıldım. Çünki işlədiyim müddətdə uşaqların təhsili ilə kifayət qədər məşğul ola bilmirdim.

Əlbəttə ki, mən atasının arzusunu yerinə yetirəcəyəm. Şahin özü də söz verib, həm atasının arzusunu yerinə yetirəcək, həm də onun davamçısı olacaq. Bu bizim üçün çox qürurvericidir”.

Vüsal Rüstəmov elə doğulduğu torpaqlarda, Xaçmaz rayonunda dəfn olunub. Atasının sözlərinə görə, vaxtilə həmin yerdə özünün dəfn olunacağını düşünüb və bu barədə oğlu ilə söhbəti də olub. Oğluna “mən dəfn olunduqdan sonra hər gün ziyarətimə gələrsən” vəsiyyətini də edib. 

İndi isə o hər gün oğlunun ziyarətinə gedir.

Lamiyə Məmmədova 

Foto-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə 






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see211

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see194

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see183

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see151

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see143

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see136

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see135

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see132

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see130

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see130

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see129

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see128

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see127

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see127

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see127

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see126

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see125

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see122

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see122

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri