“Heç nə paylaşmasan da, millətimizin oğlanları “tanış olaq” yazırlar” Videomüsahibə
“Azərbaycanda futbol yoxdur” ifadəsi nə qədər deyilsə də, bölgələrdən tutmuş paytaxtın küçələrinə qədər uşaqların, hətta bəzən böyüklərin onlara qoşularaq top qovduğunu görə bilərik. Amma çox vaxt futbolçu olmaq istəyənlərə müəllim, həkim kimi daha ənənəvi peşələr təklif edilir. Özü futbolçu ola bilməyən valideynlər isə övladları vasitəsilə bu arzunu reallaşdırmaq istəyirlər, oğul-qızlarını bu idman sahəsinə yönəldirlər.
Elə “Qafqazinfo”ya müsahibə verən Yüksək Qızlar Liqasında mübarizə aparan “Sumqayıt” klubunun və Azərbaycan milli komandasının üzvü Fidan Abışova bu mövzulardan danışıb.
18 yaşlı xanım oyunçu deyir ki, futbol onun uşaqlıq arzusu olmasa da, hazırda həyatının əsas yerindədir: “Futbola gəlməyim maraqlı olub. 2012-ci ildə qardaşım futbola gedirdi, mən də onun yanında topla oynayırdım. Müəllim valideynimə dedi ki, sizin oğlunuzdan çox, qızınızda potensial görürəm. Gəlin qızınızı komandaya götürək. Elə o zaman qadın futbolu təzə yaranmışdı, anam da razılaşdı, 3 gün sonra başladım. Həmin gün 6 yaşım oldu və ad günümü stadionda qeyd etmişdim. Uşaqlıqda çox marağım olmayıb, futbol mənim üçün ikinci idi, amma indi həyatımın əsas yerindədir”.
Ailəsinin onun futbol oynamasını problem etmədiyini deyən futbolçu sözlərinə bu cür davam edir: “Ailəmlə bağlı hər hansı bir problem olmadı. Çünki qadın futbolunda qızlardan ödəniş tələb olunmur. Elə olur ki, maddiyyatı aşağı olan insanlara buts, forma və lazımlı geyimləri özləri verirlər. Düzdür, ailəm birinci icazə vermədi. 1-2 il sonra xaricə getdik, milli komanda ilə uğur qazandıqca onların mövqeyi də dəyişdi. Dedilər ki, get, dayanma”.
F.Abışova bildirib ki, məhəllədə futbolu daha çox oğlanlarla oynaması onun vərdişlərini dəyişib. Bu, bir müddət sonra anasını narahat edib: “Uşaqlığım ancaq məhəllədə futbol oynamaqla keçib. Mən aşağı düşəndə “futbolçu gəlir” deyirdilər. Ancaq oğlanlarla oynayırdım, qızlarla heç oynamamışam.
O stadionlar daşdan olurdu və biz elə durumda oynayırdıq. Butulkalarla özümüzə qapı düzəldərdik. Anam çağırırdı ki, gəl evə, daha bəsdir, ancaq getmirdim. Uşaq vaxtı oğlan kimi olmuşam. Deyirdilər ki, sanki oğlandır.
Evin tək qızı olduğum üçün anam bundan narahat oldu. Vəziyyəti dəyişmək üçün məni modelliyə göndərdi. Bundan sonra ora bir az uyğunlaşdım və futbolla tarazlaşdırmağa çalışdım. Elə fikrim budur ki, xanımlar hər cür işi bacarır. Mən futbolda tamam başqa oluram. Deməzsiniz ki, bu xanımdır. Amma kənarda tam başqayam. Üzümə də deyirlər ki, “siz necə futbolçusunuz ki, belə bəzənirsiniz, baxımlısınız?”
Modellikdən mənə qalan bunlar oldu. Bəlkə də o təcrübəm olmasaydı, indi belə olmazdım. Amma indi fikrim tamam dəyişib. Xanım dediyin elə xanım kimi də olmalıdır. Makiyajı da sevirəm. Amma yenə də, hündürdaban ayaqqabı yox, ket mənim üçün üstünlük təşkil edir (gülür).
Qəhrəmanımız özünü tamam fərqli sahələrdə də sınayıb: “Əlavə olaraq aktyorluqla da məşğul olmuşam. Daha sonra kinolara dəvət aldım. “Qızqaçırtma”, “Elina”nın baş rolunda, “Əfsanə geri qayıtdı” və bəzi reklamlarda çəkilmişəm. Bu gün də deyirlər ki, gəl yenidən kinolara çəkil, modellik et. Amma bunların heç biri məni cəlb etmədi. Mənim marağım futboladır. Özümü burada yaxşı hiss edirəm”.
F.Abışova badmintonla da məşğul olub, bizə həmin idman növündən necə uzaqlaşmasından danışıb: “Badmintonla 4 il məşğul olmuşam. Milli komandanın üzvü olaraq seçilən oyunçulardan idim. Məktəbdə oxuduğum zamanlarda oranın meydançasında badmintona gedirdim, sonra keçirdim futbol məşqinə. Artıq futbol oynayanda yorulurdum. Buna görə də futbol məşqçim əsəbiləşdi ki, badmintondan çıx, hətta gedib badminton məşqçimə dedi ki, bu uşağı oradan çıxarın. Ondan sonra məni badmintondan kənarlaşdırdılar. Elə o gündən sonra futbolda qaldım”.
Müsahibimlə futbolla yanaşı, sosial şəbəkələrdə aktiv olmasından da söz açdıq: “Bəli, sosial şəbəkələrdə aktivəm. Paylaşımlara rəylər də gəlir, mesajlar da. Məncə, heç nə paylaşmasan belə, millətimizin oğlanları hamısı elədir ki, “tanış olaq” kimi mesajlar göndərirlər.
Bunlar normaldır. Uğurlu nəsə paylaşanda dəstək olanlar çox olur. Həm də futbolçu olmağım izləyicilərə maraqlı gəlir. Bildiyimiz kimi, bizdə qadın futbolçu çox azdır. Bunu bilənlər də az olduğu üçün görəndə təəccüblənirlər. Tanış olmaq istəyənlər olur, ancaq şəxsi həyatımda kimsə yoxdur, hələ karyerama üstünlük verirəm”.
F.Abışova qeyd edir ki, “TikTok” platformasında cəmi iki gün canlı açsa da, bu, ona xoş gəlməyib: “Sosial şəbəkələrdən qazanc əldə etməmişəm. Canlıya girdim, gördüm hədiyyələr gəlir. Ancaq mən bunu çox sevmədim. Bir-iki dəfə açdım, ondan sonra elə bağladım. Hər zaman əziyyətimlə pul qazanmağı seçmişəm. Ailədən də dəstək hər zaman olur. Amma mən uşaqlıqdan özüm qazanmağı bacaran biri olmuşam. Modellikdən olsun, aktyorluqdan olsun, futboldan və s”.
Abışova ötən il Azərbaycan qadın futbol yığmasının C divizionundan B divizonuna vəsiqə qazanmasını tarixi uğur kimi qiymətləndirib: “Tarixi nəticədir, çünki Azərbaycan futbolu çox inkişaf etməyib. Bu da insanlara görə belədir. “Futbol yoxdur” deyə-deyə bu sahəyə olan marağı da öldürürlər. Məncə, çox uğurlu bir nəticədir. İnanıram ki, biz də həmin nailiyyətləri əldə edərik. Millimiz Portuqaliya kimi komanda ilə də çox yaxşı çıxış etmişdi. Biz hesabı daha çox gözləyirdik, amma qızlarımız çox yaxşı saxladı”.
Fidan peşəkar bir futbolçu üçün lazımi cəhətləri sadalayıb: “Qadın futbolu bir az fərqlidir. Belə deyim, qadın qadının düşmənidir. Nə qədər ki, futbolçusan heç kəslə ünsiyyətdə olmamalısan. Ünsiyyət ancaq oyunun içində olmalıdır. Məncə, bir futbolçuda ilk xarakter olmalıdır. İşinə istiqamətlənmək vacibdir. Ancaq fikrin futbolda olmalıdır, xarakter və disiplin önəmlidir”.
18 yaşlı oyunçu qadın futbolunda böyük hesabların qeydə alınmasından da söz açıb: “Mənə şəxsən normal gəlir. Tutaq ki, 6 komanda var, burada ən yaxşısı 2 komandadır. Onlar mübarizə aparır, eyni oyun nəticələri əldə edir və finalda qarşılaşırlar. Orada top fərqi hesablanır, üstünlük yaradır. Bu səbəbdən daha çox top vurmaq lehimizə işləyir”.
O, həmçinin, Azərbaycan Premyer Liqasında ən bəyəndiyi futbolçuların da adını çəkib: “Bizim liqada oynayan ən bəyəndiyim “Qarabağ”ın oyunçusu (“Flamenqo”ya transfer olundu - red.) Olavio Juninyodur. O futbolçunu izləyəndə zövq alıram, oyununa doya bilmirəm. Ən bəyəndiyim cəhəti sürətidir. Topu ayağına alır, artıq bilirəm ki, 80-90% qoldur. Azərbaycanlı isə Toral Bayramovdur. Ailəsini də çox bəyənirəm, sosial şəbəkələrdən izləyirəm. Öz davranışları, səmimiyyəti, oyunu ilə ən sevdiyim futbolçulardandır”.
F.Abışova qeyd edib ki, kişilərlə futbol oynamaq onlara yad məsələ deyil: “Məncə, qadınlar kişilərlə futbol oynasa, mübarizə apara bilərlər. Qadınlar əzm nümayiş etdirirlər. Hesaba fikir vermirik, əsas oyundur. Düşünürəm ki, belə bir halda ortaya yaxşı mübarizə qoya bilərik. Bir nəfər bunu dedikdən sonra digər hər kəs razılaşır ki, “hə, kişi futbolu yoxdursa, qadın futbolu necə olsun?”
Hamı o xorun ardınca gedir. Bunu inkişaf etdirmək xalqımızın əlindədir, bizə güvənmirlər, inanmırlar. Futbol elə bir şeydir ki, hər zaman udmaq olmur. 5 oyundan 4-nü uduzub, 1-ni də udmaq olar. 4-nü udub, 1-ni uduzmaq da… Yəni bu, bir oyundur. Hər dəfə uduzan kimi futbolçuların üstünə düşmək də olmaz. Azərbaycanda qadın futbolu digər ölkələrə nisbətən təzə yaranıb. İnkişafı üçün vaxt lazımdır”.
Xanım futbolçu gələcəkdə ailə quracaq şəxsin də kolleqası olmasını istəyir: “Bir futbolçunun həmkarı ilə ailə qurmağı yaxşıdır. Çünki eyni peşə sahibi olanda maraqlarınız da bir olur. Tutaq ki, mən başqa bir peşə sahibi ilə evli olarkən, idmana, futbola getsəm, deyəcək ki, bu nə edir? Məsələn, mənim ailəm deyir ki, 22 nəfər bir topun arxasınca qaçır. Əslində bu, normaldır. Çünki onların bilmədiyi bir sahədir. Ona görə də futbolçu olsa, daha yaxşı olar”.
O, dünya ulduzu Messinin Bakıya gəlməsinin futbol azarkeşlərinə təsirindən danışıb: “Mən uşaqlıqdan Messinin heyranıyam. Ön sıralardan bilet almışam ki, gedib onu görüm. Onu uzaqdan da olsa, görməliydim. Həmin an “Sumqayıt”dan dedilər ki, iki xanım futbolçu Messi ilə görüşə çıxacaq. Bu an mənim də adım çəkildi. O qədər gözəl hisslər idi ki...
Bunu izah etmək mümkün deyil. Çox sevindim, onu yaxından gördüm və mənə top hədiyyə etdi. Sonradan gördüm ki, həmin top imzalıdır, bambaşqa bir hiss idi.
Onun gəlişi bütün oyunçulara, futbolsevərlərə motivasiya oldu. Bildirildi ki, Azərbaycanda da futbol var və inkişaf edə bilər. Lionel Messi, Luiz Suarez, Xordi Alba, Serxio Buskets kimi böyük futbolçuların bura gəlməsi çox gözəldir. Biz bunu anladıq ki, ölkəmizdə də nəsə ola bilər, bunun üçün çalışılır. Deyirlər ki, Kriştianu Ronaldo da gələcək. (gülür)
Bəyəndiyim qadın futbolçu Alişa Lehmandır, lakin o, Bakıya gələndə biz milli ilə xaricdəydik. İsveçrəli ulduzu görə bilmədiyimə çox məyus olmuşdum”.
Gənc oyunçu indiyədək karyerasında başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb: “Sloveniyada idik, məğlub olmuşduq, hamı məyus idi. Hotelə gedirdik, məşqçimiz dedi ki, girin buzun içinə. Böyük qablardakı buzu görüb heyrətləndim ki, biz bunu necə edək? Hava da çox soyuqdur. Bilmədim o situasiyada nə edim. Amma bir yandan da sevindim ki, məşqçimiz bizə bu cür motivasiya verir. Məğlub olsaq da, əsəbiləşmirlər, bu da normaldır, çünki onlar da məyus olurdular. Düzdür, elə olub ki, futboldan uzaqlaşmaq istəmişəm. Bir müddət mənə artıq yük kimi gəlmişdi. Ancaq 1-2 ay keçdi, gördüm ki, alınmır. Futbol bağımlılıqdır. 12 ildə bu yerlərə gəlmək üçün çox əziyyət çəkmişəm. Qonşular həmişə mənə deyir ki, “sən uşaqlıq yaşamamısan, həyatını futbola vermisən”.
Haqlıdırlar, səhərdən axşama kimi məşqlərdə olmuşam. Evə gəlirdim, yenə futbolu fikirləşirdim. Niyə bu gün pis oynadım, necə edim ki, yaxşı oyun göstərim? Beynimə çox salırdım. Və ayrı qala bilmədim, elə bütün hər şeyin tükəndiyi halda da “Sumqayıt”dan təklif gəldi”.
F.Abışova son olaraq futbolun onun üçün nə ifadə etdiyini vurğulayıb: “Uşaqların gələcəyi onların istədiyi peşədədir. Mən də anam qoymasa da, məşqlərə gizlicə qaçıb gedirdim. 10 yaşlı uşaq üçün evdən gizli harasa getmək özü böyük yükdür. Bu yükün altına girmək çətin idi. Futbolda isə həm ailə qazanır, həm dost, ikinci ev kimi olur. Mən bu stadiona gələndə, bu otlara ayağımı basanda bütün dərdlərimdən azad oluram. Elə bilirəm ki, cənnətdəyəm, stadiondan çıxanda isə sanki cəhənnəmdə. Meydança mənim üçün evdir.
“TikTok”da bir video paylaşmışdım, trend olmuşdu:
- Ev haradır?
- Ev stadiondur.
Mənim üçün də stadion evimdir...”
Fidan Etibar
Fotolar-Video: Pərvin Zeynal