Icma.az
close
up
RU
Hədiyyələr qanuni işlərə qanunsuz donu geyindirər

Hədiyyələr qanuni işlərə qanunsuz donu geyindirər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bazar iqtisadiyyatına keçid korrupsiyanın təzahür formalarından biri kimi vəzifəli şəxsin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə hallarının artması ilə müşahidə olunur. İqtisadi həyatda xüsusi mülkiyyətə yer ayrılması, varlılar təbəqəsinin üzə çıxması və onların dövlət məmurlarına qarşı münasibətdə müqayisə olunmayan dərəcədə yüksək maddi təminatı, kadrların seçilməsində, yerləşdirilməsində və təyin olunmasında dövlət nəzarətinin lazımi səviyyədə olmaması, hüquq mədəniyyətinin və hüquqi şüurun yüksəldilməsi sahəsində təbliğat işlərinin aparılmaması korrupsiyanı doğuran amillərdəndir.

Korrupsiya, şəxsi mənafeyi əsas tutaraq varlanmaq məqsədilə vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə xarakterizə olunan və bir çox hallarda isə az qala onların həyat tərzinə çevrilən, nəticə etibarilə idarəetmə sistemini iflic vəziyyətə salan, ictimai həyatın ən eybəcər formasıdır.

 İqtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatının inkişaf etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar, sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.

Yeni iqtisadi münasibətlərə - bazar iqtisadiyyatına keçid mərhələsində korrupsiya öz miqyası ilə diqqəti cəlb edir. O iqtisadiyyata əhəmiyyətli dərəcədə ziyan vurur, hökumət səviyyəsində qəbul edilmiş qərarların səmərəsini və vətəndaşların dövlət hakimiyyətinə olan etimadını zəiflədir, məhkəmə sistemində qanunsuz qərarların qəbul edilməsinə, ictimai həyatın və dövlət həyatının bütün sahələrində (təhsil, mədəniyyət, Silahlı Qüvvələr, elm, incəsənət, siyasət və s.) özbaşınalığın baş almasına səbəb olur. Bütün bunlar öz növbəsində dövlətin daxili və xarici siyasətinə öz mənfi təsirini göstərməyə bilməz.

 Azərbaycan tərəfinin 2003-cü il 30 dekabr tarixdə imzalamış olduğu “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” 1999-cu il yanvarın 27-də Strasburq şəhərində qəbul olunmuş Konvensiyada qeyd edilir ki, korrupsiya qanunun aliliyinə, demokratiya və insan hüquqlarına təhlükə yaradır, səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, rəqabət üçün şəraiti təhrif edir, iqtisadi inkişafı çətinləşdirir, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır.

Korrupsiyaya dair Beynəlxalq Regionlararası Seminarda (Havana, 1990) korrupsiya dedikdə, şəxsi və ya qrup mənafeləri üçün vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə dövlət qulluqçusu tərəfindən tutduğu vəzifə və rəsmi vəzifə ilə əlaqədar qeyri-qanuni imtiyazlar əldə edilməsi müəyyən edilmişdir.

Korrupsiya (latınca - corruptio) satın alınmaq, ictimai və siyasi xadimlərin, dövlət məmurlarının və vəzifəli şəxslərin satın alınması və satılması deməkdir.

 Korrupsiya elə bir xəstəlikdir ki, həm varlı, həm də kasıb ölkələrə məxsusdur və dövlətdə bir siyasi, yaxud iqtisadi formasiyadan digərinə keçid zamanı daha geniş və sərt şəkildə özünü büruzə verməyə vərdişlidir.

Çin Xalq Respublikasının qanunvericiliyi fırıldaqçılığın müəyyən formalarını korrupsiya kimi tanıyaraq korrupsiya davranışını daha geniş şərh edir. Xüsusilə, Çin Xalq Respublikasının 1997-ci il tarixli Cinayət Qanununun 382-ci maddəsində göstərilir ki, korrupsiya dələduzluq yolu ilə dövlət məmuru tərəfindən öz xidməti imtiyazlarından istifadə edərək ictimai və ya dövlət əmlakının qanunsuz mənimsənilməsi, oğurlanması və ya bu cür əmlakın digər qanunsuz yolla ələ keçirilməsidir. 

Tanınmış şəxslər də vaxtilə korrupsiyanın mahiyyətinin zərərli əhəmiyyətindən danışıblar. Məsələn, amerikalı iqtisadçı, professor, “korrupsiya düsturu”nun yaradıcısı Robert Klitqaard bu fenomenə belə tərif verib: “Korrupsiya – tamahkarlıq, üstəgəl imkanlar, minus nəzarətdir”.

Korrupsiya və rüşvətxorluqla mübarizə məsələləri Nizami irsinin mühüm elementlərindən birini təşkil edir. “Yeddi gözəl” əsərində xalqın başına gələn müsibətlərin, qanunsuz həbslərin, ədalətsizliklərin səbəbi kimi korrupsiyanı, açıq-aşkar alınan rüşvəti xüsusilə qabardır. Sonda isə bütün bu qanunsuz əməlləri törədən vəzir ən ağır cəzaya – edam cəzasına məhkum edilir.

Mir Cəlal Paşayev hüquqşünas olmamasına baxmayaraq, əsərlərində yazıçı duyumu ilə rüşvətxorluğun mahiyyətini açmağa cəhd etmişdir. Məsələn, “Ay İsmayıl, başa sal” hekayəsində müəllif yazır: “Deyirlər, rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər, rüşvət.

Bir də var ki, mənim nazir rəisi - filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi adamlar güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni, nə?”.

Mir Cəlal müəllim sadə dillə oxucusuna rüşvətin mahiyyətini açmağa çalışır, tam məsuliyyətimlə deyə bilərəm ki, bir çox “hüquqşünaslardan” fərqli olaraq, bu çirkin əmələ bir növ sadə, anlaşılan dildə şərh verir.

 Müasir beynəlxalq normativ sənədlər korrupsiyanın müxtəlif təriflərini vermişdir. BMT-nin korrupsiya ilə bağlı sənədlərində o, şəxsi maraqlar üçün dövlət hakimiyyətindən sui-istifadə kimi başa düşülür, yəni korrupsiya rüşvətxorluqdan kənara çıxır. Bu anlayış rüşvətxorluğu da, şəxsi əlaqələr zəminində himayəni də və şəxsi istifadə üçün ictimai vəsaitlərin qeyri-qanuni mənimsənilməsini də özündə ehtiva edir.

 Avropa Şurasının korrupsiya ilə bağlı sahələrarası qrupu korrupsiyanın daha geniş anlayışını vermişdir. Korrupsiya özü-özlüyündə dövlət və ya xüsusi sektorda müəyyən öhdəliklərin yerinə yetirilməsi həvalə olunmuş vəzifəli şəxslərin rüşvətxorluğu və ya başqa qaydada vəzifəli şəxslərin ələ alınmasını nəzərdə tutur. Bu halda korrupsiya hüquqpozmalarının subyektləri yalnız vəzifəli şəxs olmaya da bilər.

Korrupsiyanın təriflərinin sayını artırmaq və başqa cür də təriflərini vermək olar. Lakin bununla korrupsiyanın mahiyyəti dəyişmir. Bir sıra Konvensiyaların, xarici dövlətlərin qanunvericiliyinin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının qanunvericiliyi korrupsiyanın anlayışını daha tam və dolğun ifadə etmişdir.

Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının işlənib hazırlanmasında işçi qrupunun fəal üzvlərindən biri kimi tam məsuliyyətlə qeyd edə bilərəm ki, Konvensiyanın layihəsinin ilkin variantı müzakirəyə qeyri-müəyyən redaksiyada təklif edilmişdir. Bir çox ölkələrin hüquqşünasları, alimləri, qanunverici orqanların məsul əməkdaşları, ekspertləri korrupsiya anlayışının verilməsində vahid fikrə gələ bilməmişlər və bu səbəbdən də Konvensiyada korrupsiyanın anlayışını vermək mümkün olmamışdır.

Azərbaycan nümayəndə heyətinin təkidli tələbinə əsasən Korrupsiyanın anlayışı qüvvədə olan redaksiyada qəbul edilmişdir. Təklifimiz əksər ölkələrin nümayəndələri tərəfindən dəstəklənmişdir (işçi variantın nüsxələri tərəfimdən saxlanılır).

Eyni zamanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun əsas müəlliflərindən biri kimi tam məsuliyyətlə vurğulamaq istərdim ki, bizim qanun Azərbaycana ezam edilmiş Avropa Şurasının ekspertləri tərəfindən yüksək dəyərləındirilmiş və Azərbaycan Parlamenti tərəfindən çox mükəmməl bir Qanun ortaya qoyulmuşdur.

Verilən anlayışların biri digərindən fərqli olmasına baxmayaraq korrupsiyanın anlayışında verilən hərəkətlərin törədilməsi məsuliyyət yaradan əməllər hesab edilir.

Azərbaycan cəmiyyətində də korrupsiya deyiləndə ilk növbədə bu ifadə rüşvət almaq, rüşvət vermək anlamına gəlir. Əslində bu belə deyildir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 1.1.1-ci maddəsində korrupsiyanın nədən ibarət olmasının açıqlanması verilmişdir. Korrupsiya dedikdə, vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi başa düşülür.

Korrupsiya ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində korrupsiya cinayətlərinə böyük fəsil ayrılmışdır. Bu fəsildə “Vəzifə səlahiyyətlərindən sui-istifadə (Maddə 308), Vəzifə səlahiyyətlərini aşma (Maddə 309), Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (Maddə 310), Rüşvət alma (passiv rüşvətxorluq) (Maddə 311), Rüşvət vermə (aktiv rüşvətxorluq) (Maddə 312), Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) (Maddə 312-1), Vəzifə saxtakarlığı (Maddə 313), Səhlənkarlıq (Maddə 314), Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə (Maddə 314-1), Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə (Maddə 314-2), Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmamasına (Maddə 314-3) dair maddələr öz əksini tapmış və bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Tarixən Azərbaycanda vəziyyətin nə cür olduğunu bilmək üçün keçmişimizə kiçik bir ekskurs etmək bəlkə də yerinə düşərdi. 1846-cı ildə “Kavkazskiy kalendar” Azərbaycan barədə verdiyi məlumatlardan birində yazırdı: “Yerli sakinlərdən heç kəs, hətta gecələr belə evlərinin qapılarını bağlamır, bu barədə düşünmürlər də, qarovul söhbəti, alıb-vermək və oğurluq söhbəti burada yoxdur”. 

Aradan 60 il keçəndən sonra 1906-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər nazirinin müavini, eyni zamanda hərbi işlər üzrə müvəkkil, Rusiya Federasiyası 1-ci Dövlət Dumasının deputatı İsmayıl xan Ziyadxanov Dumanın tribunasından demişdi: “Bizdəki idarə sistemi tənqid xaricindədir. O qədər ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahilləri olaraq düşünülərsə, bu dənizlə sizə gərəkli olmayan nə qədər boş və səfil varsa, hamısını bizim Qafqaz sahillərinə fırıldadıb atırsınız. Və bunlar da əslən əxlaqsız olan bir idarənin məmur kadrlarını tamamlamağa yaramış olurlar”.

Yuxarıda qeyd edilənlər Azərbaycanın heç də korrupsiya meylli dövlət olmaması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, bu virus bizə kənardan idxal edilmişdir. Virus isə elə bir bəladır ki, onun fəsadları istər-istəməz özünü biruzə verir.

Vaxtı ilə Seyid Əzim Şamaxının təzə bəyləri ilə bağlı bir həcv yazmışdı. Bu bəylər nəsilbənəsil bəy titulunu daşıyanlardan deyildi. O zaman Rusiyada çar hökuməti xüsusi bir “qayda” qoymuşdu. Bir az varlanmış adamlar gedirdilər rüşvət verirdilər, bəy titulu alıb gəlirdilər

“Həyat”dakı kəskin yazılarında Həsən bəy Zərdabi dövlət qulluqçularının rüşvət almasına, pul gücünə onların haqqının tapdanmasına, ədalətli deyil, ədalətsizliyi müdafiə etmələrinə etiraz edir, xalqı bu eybəcər üsullara qarşı müqavimətə səsləyirdi. “Kənd mirzələrindən xilas olmalıyıq” məqaləsində müəllif əyalətlərdə özbaşınalıqdan, qanunsuz əməllərdən yazırdı: “Bizim kənd əhli heç ağ gün görməyib. Onu həmişə söyüb-döyüblər, ondan rüşvət alıblar. Belə pərvəriş tapan adamı heç inandırmaq olmaz ki, dünyada təmiz adam ola”. Rüşvət verməyə onlar adət edirlər və rüşvət alanı da çox yaxşı adam hesab edirlər. Məqalənin çapından bir əsrdən çox keçməsinə baxmayaraq sanki bu sitat müasir Azərbaycan jurnalistikasının hansısa bir nümunəsindən götürülüb və bu problem indi cəmiyyəti ən çox düşündürən məsələdir.

Eldar Əsgərov (Şəkibəyov),

hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri