Hər ocaq tonqal deyil...
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Novruz alovları saflıq, sağlamlıq saçır
Bir payız günü çay süfrəsi arxasında texnika elmləri doktoru, Beynəlxalq Mühəndistlik Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar mühəndis, mərhum professor Telman Nizamovla ozonator aparatlarının tətbiq sahələrindən danışırdıq. Xəzri küləyi söhbətimizin səmtini dəyişib tonqalların başına çəkdi:
– Hər ağacın odunundan tonqal qalamaq olmaz. Ona görə ki, odunun yanması zamanı kimyəvi reaksiya gedir. Bütün odunların tərkibində çoxlu üzvi və qeyri-üzvi maddələr var. Həmin maddələr yanarkən ətrafa istiliklə bərabər müxtəlif tərkibli tüstülər də yayır. Elə odun var tüstüsü gözümüzü acışdırır, közü kababa acılıq gətirir. İynəyarpaqlı ağacların, məsələn, şamın oduncağında cüzi miqdarda xlorun olması onun közünün keyfiyyətini aşağı salır. Yaxşı olar ki, tonqal meyvə ağaclarının oduncağından qalansın.
Əksər ağaclarda olan maddələrdəki oksigen, hidrogen və karbon qazlarının faizi eynidir. Odun, əsasən, sellüloza və karbonla zəngin olan oduncaq maddəsindən ibarətdir. Onda olan yağlar, aşılayıcı turşular və qətran ağaclara xüsusi qoxu verir.
Telman müəllim maşın təkərindən, mebel qırıqlarından, mənşəyi bilinməyən əşyalardan, sintetik materiallardan tonqal qalanmasının qəti əleyhinə idi. O, hətta xaricdən gətirilmiş ağac materiallardan, taxta-şalbandan tonqal qalanmasını da düzgün hesab etmirdi. Bunun səbəbini isə belə anladırdı: “Baxmayaraq ki, ağacların oduncağında oksigenin, karbon və hidrogenin faizi təqribən eynidir, bununla belə mühitindən, torpağından, havasından, suyundan asılı olaraq ağaclarda yağların, karbohidratların, ümumiyyətlə, üzvi və qeyri-üzvi maddələrin, hətta orqanizm üçün zərərli qurğuşun, kadmium, civə, sink, molibden, mis, kobalt, vanadium, qalay kimi ağır metalların faizi yuxarı ola bilər. Orqanizm üçün kadmium, civə, qurğuşun, nikel, xrom və arsen xüsusilə təhlükəlidir.
Çərşənbələrdə tonqal qalamaq zəruri bir ayinə çevrilib. Bu ayini zir - zibil yandırmaqla korlamaq olmaz. Tonqal şəfa mənbəyinə çevrilməlidir. Onun odunda qızınmaq, tüstüsündən və qoxusundan faydalanmaq lazımdır.
Tonqal qalamağa bir müddət əvvəldən hazırlaşmaq lazımdır. Özü də tonqal bu işdə səriştəsi olan adamlar tərəfindən yandırılmalıdır – dedi.
Telman müəllim sözünə davam etdi:
– Elimizə – obamıza Novruz çal-çağırla, musiqi sədaları altında qədəm qoyur. Bu çal-çağıra, büsata pırıl-pırıl yanan tonqalların çartıltısı da qarışır...
Əgər siz nə vaxtsa yoqa ilə maraqlanmısınızsa, yeddi əsas çakra və onların insanın bədənindəki enerji axınında rolu barədə eşitmiş olarsınız. Tonqallar həmin çakralara sözsüz ki, təsirsiz ötüşmür.
Çıldağçı əlindəki odlu pambıqla bədənimizin müxtəlif nöqtələrinə “dağ” basır. Bundan sonra əhvalımızın yaxşılaşdığını, enerjimizin artdığını hiss edirik. Çıldağ qan dövranını da sürətləndirir.
Qədim zamanlarda yeni anadan olmuş uşağı tonqalın başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına qoyarmışlar. Yəqin ki, “Çevir ocağa, al qucağa” atalar sözü də o dövrlərdə yaranmışdır. Qırğızıstanda son dövrlərə qədər hamilə qadının ətrafında tonqallar qalayarmışlar ki, şər qüvvələri uzaqlaşdırsınlar, ana və körpəsini dərd- bəladan qorusunlar.
Belə bir məsəl var: “Tonqala yaş odun atılmaz, ürəyində təpər olan igid basılmaz”.
Tonqal yananda qalxan alov – kimyəvi reaksiyanın nəticəsidir. Bu reaksiya son dərəcə sürətlə gedir və işıq və istiliyin ayrılması ilə müşahidə olunur.
Tonqalda yanan ağacın tərkibindəki maddələrin atomları alovda normal enerji səviyyəsinə qayıtdıqda ayrılan enerjinin spektri müxtəlif olur. Hər element atomunun özünəməxsus rəngi var.Yəni hər bir maddənin özünəməxsus buraxma spektri mövcuddur. Məsələn, əgər natrium və onun birləşmələrini alova tutsaq, onda 590 nm dalğa uzunluğuna malik işıq şüası buraxılır və alov sarı rəngə boyanır. Tonqaldakı alov odunun tərkibindəki element atomlarının spektrlərinin cəmidir.
Tonqallar ta qədimdən sağ qalmaq, soyuqdan, şaxtadan qorunmaq üçün qalanıb.
Tonqalın ətrafında dayanıb ona tamaşa edən adam ruhən rahatlıq tapır. Sözsüz ki, alov, tonqal insanın bədənində müsbət fizioloji proseslərin baş verməsinə və aktivləşməsinə səbəb olur.
Fransız yazıçısı Jorj Sand vulkan püskürməsini müşahidə edərək beyninin fəaliyyətini aktivləşdirərmiş.
Tonqalın özünün də elektromaqnit sahəsi vardır. Eyni zamanda, tonqaldakı spektrlər müxtəlif dalğa uzunluğuna malikdir.
İnsanların, canlıların hüceyrələri bir-birindən fərqlənir. Hər bir hüceyrə mürəkkəb bir quruluşa və funksiyaya malikdir. Həmin hüceyrələrin fəaliyyəti üçün enerji lazımdır.
İnsan bədənində 1700-2000-dək həssas nöqtə vardır. Onlar daxili orqanların xaricə çıxışıdır. Həmin nöqtələrin köməyi ilə daxili orqanlarla əlaqə yaratmaq, onların vəziyyətini müəyyənləşdirmək və onlara müdaxilə etmək mümkündür.
Soyuq havada çöldən gələn insan isti otağa daxil olanda rahatlıq tapır və xoşhal olur. Özü də sobaların istiliyi biri-birindən fərqlənir. Bir var elektrik və ya daş kömür sobası, bir də var odun sobası... Onların verdiyi istiliyin keyfiyyəti başqa-başqadır. Odun peçinin istiliyi adama daha xoş gəlir. Odunun çırtıltısı, alovun səsi adama bir ayrı ləzzət eləyir.
Tonqal üstündən hoppananda da bədənə enerji daxil olur. Bu elektromaqnit induksiya hadisəsini xatırladır. İnsanın bədəni həm enerjini qəbul edir, həm də şüalandırır. Həmin enerji 100 vatlıq lampanı da yandıra bilər. Tonqalın üstündən hoppananda spektrlər bədəni əhatə edir. İnsanlar bəzən tonqalın ətrafında dövrə vururlar. Bəzən tonqalın üstündən hoppanır, digərləri tonqala tamaşa etməkdən doymurlar. Bütün bunlar tonqalın şüalarının insanın bədənindəki fizioloji proseslərə müsbət təsir göstərdiyindəndir.
Novruzda, mart ayında insanların ocağa, alova, tonqala daha çox ehtiyacı olur. Çünki insanlar soyuqdan, qışdan çıxırlar. Qışda itirilən enerjini tonqal ətrafında bərpa edə bilirsən. İnsan orqanizmini stimullaşdıran bu hərəkət müəyyən qədər iynəbatırmaya da bənzəyir.
Ekstrasenslər əlləri ilə insanlara enerji verə bilirlər. Bu enerji bioenerjidir. Prinsipcə bu zaman da həmin proses baş verir.
Moskvada bir dostumun vasitəçiliyi ilə əslən polşalı olan məşhur bir professorun yanına getmişdik. O, şəhər kənarındakı ikimərtəbəli evində bizi qəbul etdi. Onun zəngin laboratoriyası vardı... Laboratoriyada çoxlu elektrik, maqnit aparatları düzülmüşdü.
Biz içəri girəndə o, “krosna” antenasına bənzər bir kreslonun üstündə əyləşmişdi. Antena naqil vasitəsilə bir aparata birləşdirilmişdi. Mən həmin aparatı diqqətlə nəzərdən keçirdim. Aparat səs tezlikli elektrik siqnalları generatoruna bənzəyirdi. Sonra öyrəndim ki, o, bu qurğu ilə enerjisini itirmiş insanları müalicə edir, gümrahlaşdırır.
Həmin professor 1982-ci ildə Brejnevi müalicə edən ekstrasens Cuna Davidaşvilinin enerjisini seansdan sonra bərpa edirmiş. O deyirdi ki, Cuna Brejnevi müalicə etdikdən sonra halsız olurdu. Onu qolundan tutub qaldırırmışlar. Ona görə ki, hər seansda çoxlu enerji itirirmiş.
Hüceyrələr neçə-neçə tezlik şüalandırır və onları qəbul edir. Amma bunun üçün gərək ona enerji verilsin.Tonqal bir çox şüaların cəmidir. Oradakı dalğaların tezliyi meqahers də ola bilər, hers də ola bilər.
Mənim metaləritmə zavodunda bir dostum işləyir. Deyir ki, metalın əridiyi sobalara yaxın durmaq mümkün deyil. Yayın istisində burada işləmək xüsusilə çətindir. Amma fəhlələrin nə vaxtsa xəstələndiyini eşitməmişəm. Ola bilər ki, kiminsə əli əzilsin və ya ayağı yansın. Amma heç vaxt xəstələnmirlər. Mən ona tonqalın xeyirindən danışanda o da mənə bunları söylədi və bildirdi ki, metaləridənlər uzun ömürlü olurlar.
Başqa bir dostum isə Gün vannası haqqında maraqlı bir əhvalat danışıb. Deyirdi ki, ev tikdirərkən ustalara kömək edirmiş. Yola tökülən bir maşın mişar daşını həyətə təkbaşına daşıyır. Bir saat işləyəndən sonra bərk yorulur və yarımçılpaq vəziyyətdə günün altına uzanır. On beş – iyirmi dəqiqədən sonra elə bil heç işləməyib. Gücü bərpa olunub...
İnsan bədəni akkumulyator kimidir. Amma o enerjini təkcə Günəşdən almır. O, enerjini təbiətdən, hətta insanlardan, o cümlədən yanan tonqaldan belə ala bilir...
Mərhum professor Telman Nizamov təbiətlə təmasda olmağı, onunla üz-üzə dayanmağı çox sevərdi. Xəzərin sahilində saatlarla gəzib-dolaşmaqdan, sinə dolusu nəfəs almaqdan doymazdı. Bir də tonqal qalayıb ətrafında oturmağı çox xoşlayardı. Tonqalın səsinə qulaq asıb, enib qalxan alov dillərinə baxmaqdan yorulmazdı. Kim bilir, bəlkə də elə tonqal səsiydi ona elmin gizlin qalan sirlərindən xəbər gətirən.
Nəinki elmlərin, hətta ictimai-siyasi hadisələrin arasında əlaqə axtaran alim tez-tez Bəxtiyar Vahabzadənin məşhur
Şam əgər yanmırsa yaşamır demək,
Onun yaşamağı yanmağındadır.
misrasını təkrar-təkrar söyləyərdi. Bu misralar onun həyatının mənasına çevrilmişdi. Yanma yoxdursa, enerji də yoxdur, enerji yoxdusa, həyat da yoxdur– deyərdi. Görkəmli alim elə özü də elmin qaranlıq, dolanbac yollarında şam kimi yana-yana ömrünü şərəflə başa vurdu.
Söhbəti qələmə aldı:
Arif ƏRŞADOĞLU,
yazıçı-jurnalist

