Həyatın bütün sahələrində birlikdə olacağıq və inkişaf edəcəyik RƏY
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
“Laçın Hava Limanının açılışı və üç dövlət başçısının Laçında keçirilən Zirvə görüşü, orada müzakirə olunan məsələlər, bütün dünyaya verilən sülh mesajı, Türk Dünyasının birlik, dostluq mesajı qürürvericidir. Hər üç dövlət başçısı bəyan etdi ki, bu birliyi yaratmaqda heç kimə qarşı pis fikirdə deyilik və bu birlik heç bir dövlətə qarşı yönəlməyib. Zirvə görüşündə də bəyan edildi ki, indiyə qədər “iki dövlət, bir millət” deyirdik, indi isə “üç dövlət, bir millət” deyirik. Biz bu birlikdə sülhün, inkişafın, tərəqqinin tərəfdarı kimi mövqeyimizi bildirdik. Laçındakı Zirvə görüşü cənab Prezidentimizin şəxsi nüfuzundan, gücündən, ortaya qoyduğu və uzun illərdir, sərgilədiyi xarici siyasətin müdrikliyindən, doğruluğundan xəbər verdi. Həmişə sözdə deyirdik ki, Türk Dövlətləri Birliyi, İslam-müsəlman birliyi yaranır və güclənəcək. Artıq fəxrlə deyə bilərik. Həmişə Turandan danışırdıq. İndi əsl həqiqi Turanın görüntüləri var. Bu, Ermənistan kimi dövlətə, onun havadarlarına mesajdır ki, biz tək deyilik, çox güclü birliyimiz var. Kim bizə qarşı pis fikrə düşsə, bu birlik bir yerdə gücünü göstərəcək. Ən yaxşısı budur ki, bizimlə işiniz olmasın”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
“Sülh şəraitində davranmaq, qonşuluq etmək daha məqsədəuyğundur. Rəcəb Tayyib Ərdoğanın Zirvədəki mesajları, hətta qonşu İran dövlətinə “İrandan Zəngəzur məsələsində dəstək gözləyirik” deyə səslənməsi, Azərbaycanla digər məsələlərdə iş birlikləri, iqtisadi, hərbi, siyasi, elmi, mədəni və s. bütün sahələrdə əməkdaşlığımız uzun illərdir, gözlədiyimiz məsələlərdir və artıq cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçir. Alqışlayıram. Azərbaycan vətəndaşı kimi çox sevinirəm. Arzu edirəm ki, bu birliyə gündən-günə qoşulan dövlətlərin sayı artsın. Türk-İslam-müsəlman birliyi kimi istənilən məsələdə gücümüzü göstərə, səsimizi qaldıra bilək. Güc birlikdədir. Bu, tarixən həmişə sübut olunub. Bu gün də gündəmdədir. Sabah da belə olacaq. 1990-cı illərdə torpaqlarımız işğal olunanda, bizə qarşı soyqırımılar törədiləndə biz tək idik, kömək verənimiz yox idi. Meydanda tək qalmışdıq - Ermənistan və onu dəstəkləyən qüvvələrin qarşısında. Ancaq bu gün tamamilə əksidir. Bu gün birliyik və gücük! Hindistan və Pakistan arasındakı gərginlikdə də bunu göstərdik. 44 günlük müharibəmizdə də sübut etdik. Allahın izni ilə bundan sonra da heç kimə qarşı müharibə fikrində olmadan sülh şəraitində yaşayıb, dinc quruculuqla məşğul olanda iqtisadi, siyasi — həyatın bütün sahələrində birlikdə olacağıq və inkişaf edəcəyik” - o bildirib.
Aytəkin Qardaşova


