Icma.az
close
up
RU
Heydər Əliyev: “Mən siyasəti seçmədim, tale məni siyasətə gətirdi”

Heydər Əliyev: “Mən siyasəti seçmədim, tale məni siyasətə gətirdi”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə “Azerbaijan İnternational” jurnalına müsahibəsi

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 1994-cü ildə ümummilli lider Heydər Əliyevdən aldığı müsahibə elə həmin ildə jurnalda ingilis dilində oxuculara təqdim edilmişdir. Müsahibənin aktuallığını nəzərə alaraq ingiliscədən Azərbaycan dilinə tərcüməsini ilk dəfə qəzetimizdə dərc edirik.

Betti Bleyer: – Cənab Əliyev, mümkünsə, sizin şəxsi həyatınızın bəzi tərəfləri ilə maraqlanmaq istəyirəm. Mən dövlətlə heç bir əlaqəsi olmayan, siyasi və iqtisadi məsələlərdən bəhs etməyən bir neçə sual vermək istərdim.

Heydər Əliyev: – Əlbəttə, buyurun!

– İş fəaliyyətinizin çox hissəsini Rusiyada keçiribsiniz, əksəriyyət – hamı sizin rus dilində son dərəcə yaxşı danışdığınızı düşünür. Bununla yanaşı, azərbaycanlıların əksəriyyəti sizin Azərbaycan dilində danışıq qabiliyyətinizlə onları necə heyrətləndirdiyinizi mənə deyiblər. Dilləri belə daha tez və mükəmməl öyrənmək təcrübələriniz hardandır?

– Azərbaycan dili mənim doğma dilimdir. Naxçıvanda orta məktəb illərində rus dilini öyrəndim. O zaman rus dilini cəmi bir neçə nəfər bilirdi. On altı yaşımda Bakıya gəldim və memar olmaq istədim. Lakin universitetə gedəndə mənə dedilər ki, bütün mühazirələr rus dilində olacaq. Sonralar Moskvada və Sankt-Peterburqda təhsil aldım. Həyatımın qalan hissəsi rus dili ilə əlaqəli olmuşdur. Mənim həyat yoldaşım da rusca təhsil almışdı və biz evdə birlikdə rus dilində danışırdıq.

– Bəs, Azərbaycan dili haqqında nə deyə bilərsiniz?

– Xoşbəxtlikdən gəncliyimdə Azərbaycan ədəbi dilini öyrəndim. Azərbaycanca danışan kimsənin olmadığı Moskvada on il yaşamağıma baxmayaraq, Azərbaycan dilini heç vaxt unutmamışam. Azərbaycan dilini heç vaxt unutmadım. Burada – Azərbaycana 14 il rəhbərlik etdim, məhz buna görə də bəzən rusca fikirləşirəm və Azərbaycanca danışıram. Başqa vaxtlarda bu əksinə olur, mən Azərbaycanca fikirləşirəm, lakin rus dilində danışıram.

– 1993-cü il oktyabrın 2-də Prezident seçkisi qabağı nitqinizi beynəlxalq müşahidəçilərə siz özünüz Azərbaycan və rus dilində tərcümə etdiniz. Hər ikisinin, Azərbaycan və rus dilinin ingiliscə tərcüməsi ideyaların ardıcıllığı və şərhi də daxil olmaqla bir-birinə son dərəcə çox yaxın idi.

– Çıxışımın əvvəlində başa düşdüm ki, rus tərcüməçisi yaxşı tərcümə etmir, beləliklə, mən özüm tərcümə etməyə qərar verdim. Siz gördünüz ki, mən iki saat – bir saat Azərbaycan və bir saat rus dilində fasilə vermədən danışdım. Mən heç bir qeyddən istifadə etmədim və fikirlərimin ardıcıllığını itirmədim. Bu, mənim üçün o qədər qeyri-adi deyildir. Oğlum mənə dedi ki, çox az adam bunu edə bilər. Bu, onun fikridir.

Siz haqlısınız, kifayət qədər çox azərbaycanlı Azərbaycan dilində yaxşı danışmır. Çoxları ədəbi dildən necə istifadə etməyi bilmir, onlar çox sadə – pis tələffüzlə və düzgün olmayan ifadəylə danışırlar.

Mən Moskvada yaşayanda ruslar deyərdi: “Heydər Əliyev rus dilini ruslardan daha yaxşı danışır!” Mən Kremldə və televiziyada nitq söyləyirdim. Hər yerdə insanlar çıxışlarımı televiziyadan izləyirdi. Hətta 1983-cü ildə “Taym maqazin” (“Time Magazine”) şəklimi də dərc etməklə mənim haqqımda bir məqalə vermişdi. Məqalədə yazılmışdı: “Heydər Əliyev müsəlmandır, ancaq o, Rusiyada rusların çoxundan rus dilində daha yaxşı danışır”.

– Mən bilirəm ki, Azərbaycan dilinin burada, Azərbaycanda ana dili kimi yaşadılmasında sizin, həqiqətən, xidmətiniz olub.

– Bəli, 1978-ci ildə Azərbaycan yeni Konstitusiya qəbul etdi. Konstitusiyada Azərbaycan dili haqqında mühüm bir maddə vardı – Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir. Mən bu maddənin yazıldığı Konstitusiyanın qəbul edilməsinə cavabdeh idim. Başqa respublikalarda bu kimi hal mövcud deyildi. Məsələn, Ukraynanı götürün, o vaxt belə bir maddəni yazmaq asan deyildi, ancaq mən buna nail oldum.

– Naxçıvanda böyümüsünüz. Mən bilmək istəyirəm ki, Naxçıvan sizin inkişafınıza hansı töhfələr verib və sizin bir şəxsiyyət kimi formalaşmağınıza necə təsir göstərib?

– Naxçıvanın mənim həyatıma böyük təsiri olmuşdur. Mən bütün gəncliyimi orada keçirdim. Orta məktəbi orada bitirdim. Mənim çox yaxşı müəllimlərim var idi. Ciddi müəllimlər idilər. Naxçıvanda çox yaxşı təhsil aldım. Mən orada teatra çox gedərdim – Naxçıvanda əla teatr vardı. Naxçıvan qədim sivilizasiyaya, çoxlu tarixi hadisələrə və tarixi ənənəyə malikdir. Bu mühitdə tərbiyə olundum və məni zənginləşdirən də, həmin mühit oldu. Digər tərəfdən, mən orada çox çətin həyat yaşadım. Atam dəmir yolu işçisi idi. Bizim ailəmiz böyük idi. Biz beş qardaş və üç bacı idik, atamın qazancı az idi. Biz çətinlik içərisində böyüdük. Ancaq mən çox yaxşı təhsil aldım. Mən həyatımdan məmnun və xoşbəxt idim. Atam 1942-ci ildə vəfat etdi. Anam çox ağıllı qadın idi, mən deyərdim ki, o, Tanrı tərəfindən verilmiş bir müdrikliyə malik idi və hamımızın çox yaxşı təhsil alması üçün gərgin işlədi. Biz hamımız alim və professor olduq. Bir qardaşım rəssam idi. Və ondan sonra mənəm. Professor olmayan təkcə mənəm.

Naxçıvan mənim həyatımda böyük rol oynadı. Moskvada yaşamaq mənim üçün mümkün olmadığı dövrdə, 1990-cı ildə ikinci dəfə Naxçıvana qayıtdım. Əvvəl Bakıya gəlmişdim, ancaq Bakıda yaşamağıma icazə vermədilər. Beləliklə, mən Naxçıvana qayıtdım və orada hamı məni doğma oğul kimi bağrına basdı.

– Sizdən həyat yoldaşınız haqqında soruşmaq istəyirəm. O, necə insan idi və sizin həyatınıza necə təsir etdi?

– Mən onu hədsiz dərəcədə çox sevirdim. O, ixtisasca göz həkimi, çox gözəl insan idi. O, yaxşı ailədə böyümüş çox ağıllı qadın idi. Onun atası da professor idi. O, gözəl xarakterə malik, ağıllı və mədəni idi. 1985-ci ildə Moskvada vəfat etdi. Bu, mənə böyük bir zərbə idi və çox dərindən təsirləndim. Onu itirmək mənim üçün böyük faciə idi.

– Siz əksəriyyət üçün necə xatırlanmaq istəyərdiniz?

– Mən hər iki sahəyə – mədəniyyətə və iqtisadiyyata verdiyim töhfələrin xatırlanmağını istəyərdim, nəyin xatırlanmasını xüsusi deyə bilmərəm. Mən burada – Bakıdakı müasir binaların çoxunu tikmək üçün icazə almağa cavabdeh idim. Məsələn, bu Prezident Aparatının binası və Parlament binası. Həmçinin o mehmanxanalar – Azərbaycan və Abşeron mehmanxanaları. Bakının fabriklərinin çoxu mənim hakimiyyətdə olduğum dövrdə tikildi.

– Beləliklə, siz, nəhayət, memar olmağı həqiqətən bacardınız!

– Bəli, memar kimi deyil, ancaq Respublikanın rəhbəri kimi.

– Əgər siz siyasətlə məşğul olmasaydınız, hansı peşəni seçərdiniz?

– Həqiqətən, mən memar olmağı planlaşdırırdım. Memar olmağı çox sevirdim. Mən özüm siyasəti seçmədim. Tale məni siyasətə gətirdi. Həyatda təkcə bir şeyi seçdim. Mən on altı yaşımda memar olmaq istədim. Baş vermiş qalan bütün hadisələrin hamısını tale müəyyən etdi. Mən heç vaxt işlədiyim vəzifələrin heç birini özüm seçmədim. Məsələn, Dövlət Təhlükəsizlik Komitəsində işlədim. General oldum. Mən bunu özüm seçmədim. Tale ora məni apardı. 1969-cu ildə mən Azərbaycanın rəhbəri olmağı düşünmürdüm, ancaq onlar məndən bunu xahiş etdi. O zaman mən hərbi general idim və sonra respublikanın rəhbəri oldum. Sonra məni Moskvaya Baş nazirin birinci müavini vəzifəsinə dəvət etdilər və oraya getdim. Sonra orada işləmək mümkün olmadı, mən işimdən imtina etdim. 1987-ci ildə istefaya çıxdım. Amma yenidən xalq məni prezident olmağa dəvət etdi. Mən prezident olmaq istəmirdim. Xalq məndən bunu xahiş etdi.

– Ancaq tarixi baxımdan siz hər iki – Sovet sistemində və indiki müstəqillik dövründə ölkənizin dövlət başçısı məsuliyyətini öz üzərinə götürən dünyada çox nadir insanlardan birisiniz. Prezident nöqteyi-nəzərindən bu sistemlərin arasında hansı əsas fərqləri görürsünüz?

– 70 il ərzində Azərbaycan Marksizm–Leninizm ideologiyasının çox yaxşı təbliğ olunduğu, hökumətin iqtisadiyyat, Kommunist Partiyası qaydaları, vətəndaşlar üzərində fərdi və toplum halda ciddi nəzarəti mərkəzləşdirilmiş qaydada həyata keçirən Kommunist rejiminin idarəçiliyi altında yaşamışdır. Azərbaycanda demokratiyaya və açıq cəmiyyətə doğru bugünkü keçid prosesi isə çox mürəkkəb və unikaldır.

İcazə verin, hökumətin və hakimiyyətin əvvəlki təcrübələrinin bəzilərini bizim indi üzərində işlədiyimiz, nailiyyət əldə etmək üçün cəhd etdiyimiz yeni üsullarla - demokratik cəmiyyət və azad bazar iqtisadiyyatı modeli ilə müqayisə edim. Təcrübə göstərir ki, belə bir dəyişiklik üçün əsas ünsürlər, hökumətə plüralist yanaşma olmalıdır. Demokratik təsisatlar və insan azadlığı gücləndirilməlidir və biz bazar iqtisadiyyatına keçməliyik.

İndiki dövrdə Azərbaycanda 40-dan çox fəal siyasi partiya var. Cürbəcür dövri mətbu orqanlar və 600-dən çox siyasi qəzet nəşr edilir. Özəl sektor və fərdi şəxslər ölkənin sosial-iqtisadi və siyasi gələcəyini formalaşdırmaqda daha böyük rol oynamağa başlayırlar. Mənim fikrimcə, bunların hamısı bizim cəmiyyətimiz üçün sağlam yeni modeli, düzgün yolla qurmağa töhfə verir.

– Bu iki sistemin arasında keçid mərhələsini yaşayan Azərbaycan hansı ən böyük problemlərlə üzləşir?

– Kommunist dövründən sonrakı yenidənqurma çox mürəkkəb prosesdir. Bizim resurslarımızın böyük bir hissəsinin müstəqiliyimizin qorunub saxlanılmasına və erməni təcavüzünə qarşı ərazi bütövlüyümüzün müdafiəsinə həsr olunması vəziyyətimizi daha da mürəkkəbləşdirmişdir. Keçid dövrü – zəruri təkamül prosesidir. Ancaq bizim ölkəmizə üstünlüklər verən çox unikal faktorlarımız var. Hər şeydən əvvəl, bizim coğrafiyamıza baxın. Allah bizim ölkəmizə hədsiz dərəcədə zəngin təbii ehtiyatlar bəxş edib. Bundan başqa, bizim güclü, texnologiyanı mənimsəmiş işçi qüvvəmiz var. Neftdən başqa, həmçinin bizim kənd təsərrüfatı sənayemiz demək olar ki, inkişaf etdirilir.

Tarixi nöqteyi-nəzərdən danışsaq, demokratiya ideyası bizim üçün yeni deyildir. Azərbaycanda demokratiyanın, parlamentarizmin ənənəvi tarixi var. Biz müsəlman dövlətlərinin tarixində ilk dəfə Azərbaycan Demokratik Respublikasını –

Xalq Cumhuriyyətini (1918-1920) yaratmışıq. O zaman ilk parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunub.

Başqa sözlə, bizim siyasi tariximiz idarəetmənin sivil formalarına əsla yad olmamışdır. Bir halda ki, bizim bu modelimiz var, xüsusilə indiki şəraitdə xalqımızın ehtiyaclarına həssas yanaşaraq, siyasi plüralizm ilə müşayiət edilən, tarixən vətəndaş konsepsiyasına əsaslanmış bu dəyərləri bərpa etməyi əsas məqsədimiz və vəzifəmiz hesab edirik.

– Hər kəs neft müqavilələrinin imzalanmasını səbirsizliklə gözləyir. Azərbaycan tərəfinin, ölkənin gələcəyinə böyük təsir göstərəcək bu sənədlərin layihəsinin hazırlanmasında qarşılaşdığı çətinliklər hansılardır?

– Neft müqavilələri haqqında bizim mövqeyimiz belədir: biz bütün tərəflərə qarşılıqlı xeyir verən yanaşma tərzini dəstəkləyirik. Bütün tərəflərin maraqlarına zəmanət verəcək birgə yanaşma prinsipinə nail olmaq lazımdır. Bu müqavilələrə hamı üçün qarşılıqlı xeyir verən, düzgünlüyün və əməkdaşlığın əsasında nail olunmalıdır.

Azərbaycan hökuməti dünyanın nəhəng neft korporasiyaları ilə müqavilələrimizin nəticəsində ölkəmizin məqsədlərinə nail olmasını səbirsizliklə gözləyir. Biz ölkəmizin iqtisadi müstəqilliyini gücləndirmək istəyirik. Biz vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək istəyirik. Biz insanlarımıza güclü özünümüdafiə, sərbəstlik və daha yaxşı ali təhsilə nail olmaları üçün şərait yaratmaq istəyirik. Mən Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrinin neft şirkətləri ilə əməkdaşlığımızın siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də digər layihələrin reallaşdırılması və gələcəkdə yaxın əlaqələrimizin inkişafı ilə nəticələnəcəyinə ümid edirəm. Mənim hər iki tərəf üçün bu əməkdaşlığın xeyirli nəticə verəcəyinə böyük ümidlərim var.

– Neft müqavilələrinin imzalanması regional problemlərə necə təsir göstərəcək?

– Mən əminəm ki, bu müqavilələrin nəticəsi bizə iqtisadi müstəqilliyi gətirməklə bərabər, hər iki – həm regional, həm də beynəlxalq aləmdə bir daha siyasi vəziyyəti möhkəmləndirəcək, Azərbaycana kömək edəcək.

Şərq və Qərb arasındakı gərginliklər köhnə sovet sisteminin, “soyuq müharibə”nin sonu, “soyuq müharibə”nin və silahların son bazasının dağılması ilə xeyli zəifləşmişdir. Bu dəyişikliklər bəzi millətlərin yenidən müstəqillik əldə etməsinə gətirib çıxarmışdır. Baxmayaraq ki, bu dəyişikliklər ilə çoxlu köhnə problem və münaqişələr yox olmuşdur, indi dünyada sülh və sivilizasiyanın bərqərar olmasına, xüsusilə təsir baxımından köhnə problemlərdən heç də az əhəmiyyəti olmayan potensial təhlükəli problemlər var.

– Azərbaycanın üzləşdiyi problemlə bağlı dünya ilə hansı məsələni paylaşmaq istəyirsiniz?

– Biz minilliyin astanasındayıq, lakin təəssüf ki, biz hələ də təcavüzkar millətçiliyin, etnik təmizləmənin və dini konfliktlərin qorxunc problemləri ilə məşğul oluruq. Bizim yeni müstəqil respublikamız qonşu ölkənin (təcavüzkar Ermənistan Respublikasını nəzərdə tutur - S.A.) qeyri-insani təcavüzünün qurbanı olmuşdur.

Bu problemlər, həqiqətən, dünya birlikləri tərəfindən müzakirə edilməlidir. Nüfuzlu və güclü ölkələr – ABŞ və başqa sənayeləşdirilmiş Qərb dövlətləri bu münaqişələrin həll edilməsinə və regionda davamlı sülhə və sabitliyə nail olmağa kömək etməkdə gərək aparıcı rol oynasınlar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) çiyinlərində bütün tərəflərin maraqlarını nəzərə alan beynəlxalq hüquq normaları çərçivəsində təsdiq və qəbul etdiyi qərarın praktik həyata keçirilməsi kimi ağır yük var.

– İndi çox gecdir, demək olar ki, gecə saat 2-dir. Sizinlə görüşmək üçün mənə şərait yaratdığınıza və vaxt ayırdığınıza görə minnətdarlıq edirəm. Mən, həqiqətən, bilmirəm ki, siz bu qədər gec, gecə yarısında bu cür gərgin iş qrafiki ilə necə işləyirsiniz?

– Mən həmişə belə işləyirəm. Ötən 50 il ərzində, mən bu cür işləmişəm, təxminən səhər saat 10-11 arasında işə gəlir, bir dəfə axşam saat 7 ərəfəsində nahar fasiləsi götürür və yenidən gecə yarısına, saat 2, yaxud 3-ə qədər işləyirəm. Həqiqətən, bu iş qrafikini necə tənzimlədiyimi də bilmirəm. Görünür, hər halda bu həmişə belə də olmalıdı.

Ancaq mən də sizə Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Azərbaycanın qapısı həmişə üzünüzə açıqdır. Mən ümid edirəm ki, siz burada müşahidə etdiklərinizi, özünüz üçün yazdığınız qeydlərinizi Amerikaya və bütün dünyaya çatdıracaqsınız.

İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
Naxçıvan Dövlət Universiteti Tərcümə Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar ŞOK SİYAHI

06 May 2025 14:17see193

Azər Badamov bütün suallara aydınlıq gətirdi

06 May 2025 16:46see130

Qvadelupa sahillərində inanılmaz mənzərə: balıqlar göyə qalxdı VİDEO

06 May 2025 01:06see127

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb RƏSMİ

06 May 2025 11:13see126

“Rusiyanı ancaq qeyri ənənəvi üsullarla məğlub etmək olar…”

06 May 2025 00:26see125

“BU, İNHİSARÇILIĞA, KORRUPSİYAYA SƏBƏB OLUR...” “Problem kritik həddə çatmayana qədər hökumət tədbir görmür”

06 May 2025 08:39see124

Sassuolo Milan ın rekordunu qırıb

06 May 2025 08:34see122

İsveçdə ərzaq inflyasiyası yavaşlayır

06 May 2025 03:42see122

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see121

ABŞ məhkəməsi Trampın bu tələbini rədd etdi

06 May 2025 18:35see120

Üç hava limanı uçuşlara müvəqqəti bağlanıb

06 May 2025 08:22see119

Nura ilə dostluğumu bitirdim, səmimi deyildi

06 May 2025 14:29see119

Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə təhlükə sayılmadığı üçün İranın narahatlığına ehtiyac yoxdur

06 May 2025 13:59see118

“Səhhəti pisləşib, aparata qoşublar” Vahid Əliyevin həyat yoldaşı

06 May 2025 01:50see118

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb

06 May 2025 18:36see117

Süni intellekti dost bilmək təhlükəlidir?

06 May 2025 01:01see117

“Mançester Yunayted”dən qəribə transfer həmləsi

06 May 2025 16:19see116

ATƏT PA nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi FOTOLAR

06 May 2025 09:47see116

Yüksək idxal valyuta tələbi yaradır

06 May 2025 10:33see116

Fərid Qayıbov yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb

06 May 2025 11:26see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri