Heydər Əliyevi mən Qayıdışından sonra kəşf etdim
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.
Mart ayından başlayaraq şənbə saylarında həmin söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Fərhad, biz "Heydər Əliyev və incəsənət" mövzusunda danışacağıq, çünki sizin bu böyük siyasətçinin yaradıcı ziyalılarla qarşılıqlı münasibətlərini uzun müddət müşahidə etmək imkanınız olub. Gəlin lap əvvəldən başlayaq...
Fərhad Xəlilov - Yaxşı, əvvəldən başlayaq. Mən daim sovet hakimiyyətinin, belə deyək, qaymaqları içərisində olsam da, hələ gəncliyimdən həmin sistemə, daha doğrusu, ideologiya ilə bağlı məsələlərə daim tənqidi yanaşırdım. Məsələn, Moskvada oxuyarkən öz azad təbiətimə görə müəllimlərdən daha çox rəhbərliklə problemlər yaşayırdım, çünki onlar mənim incəsənətlə bağlı bütün söhbətlərimdən xəbərdar idilər.
E.A. - Bu necə ola bilər? Axı atanız partiya xadimi və dövlət adamı idi...
F.X. - O, partiya xadimi deyildi. Atam otuz yaşlarında artıq iki hərbi zavodun direktoru idi və beş ordeninin birincisini artıq qazanmışdı. Bəli, o, partiya üzvü idi, amma atam hər şeydən əvvəl mühəndis idi. Elə ön cəbhəyə də sıravi minaaxtaran kimi yazılmışdı. Bağırov bundan xəbər tutanda atam artıq bəlli bir hərbi hissədə qeydiyyata düşmüşdü. Və Bağırov bu təyinatı ləğv etmək üçün Stalinə şəxsən zəng etməli oldu: "Mənim bir işçim var, iki hərbi zavodun direktorudur, o düşünür ki, cəbhədə buradakından daha lazımlı ola bilər". Bir sözlə, onu geri qaytardılar. Sonralar, Heydər Əliyevin vaxtında atam Ali Sovetdə işləyirdi, bu, sırf partiya işi yox, daha çox sovet işi sayılırdı. Heydər Əliyev ona çox hörmətlə yanaşırdı, atam, demək olar, yeganə adam idi ki, Heydər Əliyev ona adı və ata adı ilə müraciət edirdi. Öz növbəsində, atam onun barədə görkəmli dövlət xadimi kimi danışırdı. Heydər Əliyev Moskvaya işləməyə gedəndən sonra atam mənə Mərkəzi Komitənin büro iclaslarında iştirak etməyin onun üçün nə qədər çətin olduğunu söyləyirdi, çünki bu müzakirələri həm miqyas, həm də dərinlik baxımından Heydər Əliyevin keçirdiyi toplantılarla müqayisə etmək olmazdı. Mən hiss edirdim ki, atam mövcud "şəraitdə" orada çox qala bilməz. Və o, ahıl yaşında təqaüdə çıxdı - o zaman artıq 79 yaşı vardı, amma özünü hələ də gümrah hiss edirdi.
İdeologiyaya gəlincə, ona münasibətimi mənim həyatımın amalı saydığım iş müəyyən edirdi. Sovetlər ölkəsində sosializm realizmindən fərqli hər şey, yumşaq desək, təqdir edilmirdi, respublika və ümumittifaq miqyasında keçirilən böyük sərgilərdə iştirak üçün bu sərgilərə uyğun əsərləri seçmək lazım gəlirdi, seçim zamanı isə, xüsusən də tematik mövzularla bağlı istər-istəməz uyğunsuzluq ortaya çıxırdı.
Yetmişinci illərin lap əvvəllərində Bakıda rəssamların genişmiqyaslı respublika sərgisi keçirilirdi. Açılışdan əvvəl ekspozisiyanı təsdiqləmək üçün başda birinci katib olmaqla Mərkəzi Komitəsinin bütün Büro heyəti sərgiyə baş çəkdi. Zallardan birində mənim "Çağırış" adlı üçmetrlik rəsm əsərim asılmışdı. Tahir Salahov Rəssamlar İttifaqına yenicə sədr seçilmişdi, Büro üzvlərini o müşayiət edirdi. Və budur, Azərbaycan DTK-sının rəhbəri Vitali Krasilnikov qəfil soruşdu: "Bu, nəyə çağırışdı belə?" Tahir ona nəsə izah etməyə, vəziyyətdən necəsə çıxmağa çalışdı. Heydər Əliyev mövzunu uzatmağa imkan vermədi, o biri əsərlərə baxmağı təklif etdi. Krasilnikov sakitləşmədi, hamını ikinci dəfə mənim müəllifi olduğum rəsm əsərinin yanına qaytardı. O, axı mənim ideyamı dəqiq tutmuşdu, doğrudan da, əsərdə azadlığa çağırış vardı. Demək istəyirəm ki, o zaman Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı və mübahisənin böyüməsinə imkan vermədi. Mənim çəkdiyim rəsm əsəri sərgidə qaldı və bağlanış gününədək orada rahatlıqla nümayiş olundu, hətta deyərdim ki, cəmiyyətdə, xüsusən də, incəsənət adamları arasında rezonans doğurdu. Heydər Əliyev olmasaydı, onu proqramdan çıxaracaqdılar, bəlkə də, bunun mənimçün xoşagəlməz nəticəsi də olacaqdı.
Heydər Əliyev incəsənətə formal deyil, səmimi qəlbdən yanaşırdı. Mən onun hakimiyyətə qayıtdığı illəri xatırlayıram. O, bizim rəsm sərgilərini ziyarət edirdi. Mən artıq Rəssamlar İttifaqının rəhbəri idim və bu tədbirlərdə onu müşayiət edirdim. Bax belə respublika miqyaslı böyük sərgilərin birində o, zalları uzun müddət gəzdi. Amma artıq zaman dəyişmişdi, yeni dövr idi, rəssamlar sovet dövründəkindən fərqli rəsmlər çəkirdilər. O isə nəhəng intellektə malik şəxsiyyət kimi anlayırdı ki, dəyişikliyi zaman özü diktə edir, yeni adlar, yeni imzalar ortaya çıxmalıdır. Prinsipcə, Heydər Əliyev özü də artıq yeni insan idi, onun şəxsiyyətinin miqyası Siyasi Büro üzvünün miqyasını aşmışdı. O, həmişə zamanından irəlidə idi.
Bilirsiniz, o zaman mən nəyə heyrətləndim? Heydər Əliyev uzun müddət əsərləri nəzərdən keçirdi, xüsusən yeni, gənc rəssamların işlərinə diqqət etdi və sonda, az qala, özünə bəraət qazandırırmış kimi dedi: "Amma sən anlayırsan da, mən klassikanı sevirəm". Mən cavab verdim: "cənab Prezident, hər kəsin bəyənib-bəyənməmək haqqı var. Hər rəssamın öz tamaşaçısı olur. Sizə bir əsər xoş gələ bilər, bir başqasına digəri". Onun böyüklüyü də bu səmimiyyətində idi.
E.A. - O, incəsənətin müxtəlif növlərini sevir və sizin mühitlə ünsiyyət saxlamağı xoşlayırdı.
F.X. - Məsələn, Heydər Əliyev qurultaylardan sonra - hələ sovet vaxtlarında - rəssamlar aktivini toplayır və onlarla uzun müddət söhbət edir, hansısa problemləri müzakirəyə çıxarırdı. Bir dəfə o, çox haqlı olaraq, mədəniyyətimizin qədim tarixi janrı kimi miniatürlər məsələsini qaldırdı, dedi ki, biz öz ənənələrimizi unutmamalıyıq və sair. Amma bundan sonra onun ətrafında olan və incəsənəti kurasiya edən məmurlar nə üçünsə belə başa düşdülər ki, ətrafda kim varsa, hamısını miniatürlə məşğul olmağa məcbur etmək lazımdır. Əvvəlki dövrlərdə olduğu kimi, necə deyərlər, ifratçılıq başladı. Və Heydər Əliyev bizi növbəti dəfə toplayanda o, bir məmura dedi: "Mən miniatürlərdən danışanda bunu nəzərdə tutmurdum. Siz hər şeyi başdan-başa miniatürə çevirmisiniz". Və onun bu sözləri elə səhərisi gün öz təsirini göstərdi. Heydər Əliyev bizim incəsənəti bu ağılsızlıqdan xilas etdi. Çünki lazımlı-lazımsız hər şey miniatürə çevrilmişdi. O isə növbəti süni kampaniyanın qarşısını aldı.
Əlbəttə, Heydər Əliyev böyük, çox böyük və eyni zamanda çox həssas adam idi, heç nəyə biganə qalmırdı. Bizim aləmdə baş verənlərə etinasız yanaşmırdı.
E.A. - Axı o həm də rəssamlarla dostluq edirdi. Onun Tahir Salahovla ömür boyu davam edən dostluqlarını xatırlayaq.
F.X. - Heydər Əliyevin rəssamlarla dostluq etməsi bir yana, ən əsası bu idi ki, o, doğrudan da, mədəniyyət xadimlərinə - təkcə rəssamlara yox, həm də yazıçılara, musiqiçilərə ciddi yardım göstərir, onları müdafiə edir, ədalətsiz hücumlardan qoruyurdu. Bu mənada rəssamlar elə sovet dövründə də nisbətən daha müstəqil idilər, belə ki, onların yaradıcılıq azadlığı - fakt kimi - onların çəkdikləri əsərlərdə mövcud idi, üzə çıxarılmasa belə, bu əsərlər həmin rəssamların emalatxanalarında "yaşayırdı". Heydər Əliyev rəssamları heç vaxt unutmurdu. Hətta Moskvaya getməzdən əvvəl o, öz sərəncamı ilə Əhmədlidə tikilmiş yataqxananı yaradıcılıq emalatxanaları üçün ayırdı. Eyni zamanda evə çox ehtiyacı olan bir qrup rəssama mənzil verdi.
Təəssüf ki, o, müstəqillik dövründə respublikaya qayıdandan sonra vəziyyət maddi baxımdan çətin idi, büdcədə vəsait çatışmırdı. Xatırlayıram ki, biz Səttar Bəhlulzadənin yubileyini keçirirdik, amma Avropada bu rəssamın adınalayiq albom çıxarmaq imkanı yox idi və bu mənada Heydər Əliyevin dahiliyi növbəti dəfə özünü göstərdi. O Moskva səfərindən yenicə qayıtmışdı və hava limanından birbaşa sərgiyə gəldi. Mən onu yola salanda yubiley axşamında nitq söyləməsini xahiş etdim: "Siz çıxış etməsəniz, tədbir alınmayacaq". O dedi ki, bir azdan xəbər edəcək. Düz yarım saat sonra mənə zəng edib dedilər ki, Prezident Respublika Sarayına gələcək və çıxış edəcək. O, parlaq bir nitq söylədi və məhz bu çıxışdan sonra Səttar Bəhlulzadənin adı layiqli şəkildə anılmağa başladı. Hamı Səttardan danışırdı, onun əsərlərini axtarır və tapıb alırdılar. Sonra isə Heydər Əliyev ümumiyyətlə onu özünün ən sevimli rəssamı elan etdi və beləcə, əməlli-başlı canlanma başladı.
Yubiley gecəsindən sonra, ertəsi günü Mustafayev adına Muzeydə akademik sessiya keçirilirdi. Mən bəzi nitqləri dinlədim və dözməyib söz aldım. Dedim: "Siz dünən Prezidentin çıxışını eşitmədiniz? Ümumiyyətlə, siz nədən danışırsınız?" Onlar rəssamın yaradıcılığından başqa bütün məsələlərə toxunurdular. Prezidentin nitqi elmi dərəcələri olan bu "mütəxəssislərin" çıxışlarından daha peşəkar və daha məzmunlu idi. Hərçənd onun heç hazırlaşmağa da vaxtı olmamışdı. Daim ağlasığmaz siyasi ritmdə, daim seytnotda ola-ola yubiley gecəsinə gəlib rəssam barədə ekspromt danışa bilmək üçün nə qədər zəngin mənəvi aləmə malik olmalıydın!
Heydər Əliyevə bir vaxtlar Səttarı pisləyirdilər. Səttar Dövlət Mükafatından imtina etmişdi, çünki o, Mərkəzi Komitənin birinci katibi ilə görüşməyə çalışırdı, məmurlar isə bu barədə Heydər Əliyevə məruzə etmirdilər. Onlar söhbət zamanı Səttarın çılğın xarakterinin özünü göstərəcəyindən çəkinirdilər, üstəlik, o, bəzi məmurlarla yola getmirdi və onlardan şikayət edə bilərdi. Səttar coşqun, əsəbi adam idi, dedi ki, bu halda mən Dövlət Mükafatından imtina edirəm və ümumiyyətlə yaşamaq üçün Gürcüstana köçürəm. Arzuolunmaz siyasi qalmaqal baş verə bilərdi. O zaman mən atama müraciət etdim ki, Səttarın xahişini Heydər Əliyevə çatdırsın. O, rəssamı qəbul etdi və onlar iki saat söhbətləşdilər. Söhbət maraqlı keçdi. Heç kimi müzakirə etmədilər, sənətdən və həyatdan danışdılar. Heydər Əliyevlə görüşdən sonra Səttar rahatlaşmış, sakitləşmişdi.
E.A. - Amma sovet dövründə bizim sənət mühitində nonkonformistlər də vardı. Rasim Babayev, Mircavad, Qorxmaz Əfəndiyev və b. Onlar üçün sovet senzurasına və bürokratik əngəllərə qarşı müqavimət göstərmək asan deyildi.
F.X. - Yox, nə üçün, Rasimin əsərləri sərgiyə çıxarılırdı. Mircavadın əsərləri də sonradan ekspozisiyalara düşə bildi. Amma ürəyin istəyən hər şeyi sərgidə nümayiş etdirə bilməzdin. Əlbəttə, biz nümayiş etdirə biləcəyimiz əsərləri seçirdik. Amma bəzən ən yaxşı rəsmlər emalatxanalarda, anbarlarda qalmalı olurdu. Məsələn, mən Novruz bayramının qadağan olunduğu vaxtlarda "Novruz" əsərini çəkmişdim və bu əsər necəsə Mərkəzi Komitənin Bürosundan keçmişdi. Onu sərgiyə çıxarmışdılar. Hamı təəccüblənirdi ki, mən qadağaları necə dəf etmişəm.

E.A. - Bəlkə, atanıza hörmət əlaməti olaraq rəsm əsərinə toxunmayıblar?
F.X. - Yox, elə deyil. Bu, ideologiyadır, burada heç bir qohumluq əlaqəsi rol oynamır. Mənim çəkdiyim rəsmlər bəzi yüksək çinli məmurların əli ilə xaricə göndərilən əsərlərin siyahısından çıxarılırdı və buna heç kim mane ola bilməzdi. Bəzən də illüstrasiyalı kataloqdan mənim əsərlərim olan səhifələri cırır, haqqımda "donos" yazırdılar və sair.
Sadəcə, Novruzla bağlı toy-büsatlı, bayram ovqatlı əsərlərin fonunda mənim çəkdiyim əsər - Abşeron qadınının fiqurunu əks etdirən tablo fondakı rənglər və kompozisiya ilə birgə ümumən daha sərt, dramatik təsir bağışlayırdı. Və yalnız uşağın əllərindəki balaca səməni bu bayramı miras alan nəsillərin varlığından danışırdı.
Yəqin ki, əsər kiminsə xoşuna gəlmişdi. Düşünürəm ki, "bu kimsə" məhz respublikanın Birinci Adamı idi. Həlledici sözü o deyirdi axı.
E.A. - Mircavada və digər nonkonformistlərə qayıdaq. İndi yazırlar ki, onlar ağır şəraitdə yaşayıb-yaradırdılar, əsərlərini çəkməyə yer tapmırdılar, mənzilləri, emalatxanaları yox idi. Bu, doğrudur?
F.X. - Bilirsən, insanlar çox zaman bilmədikləri şeylərdən danışırlar. Məsələn, kimsə Səttarın aclıq çəkdiyini deyəndə mən onun sözünü kəsirəm. Səttar heç vaxt ac qalmayıb, onun həmişə rəfdə pulu olurdu, biz hətta pulun yerini də bilirdik. Heç xalq da onu ac qalmağa qoymazdı. Elə həmin Mircavad da sifarişlər alırdı, düzdür, Fonddan sifariş nadir hallarda olurdu, o, hərdən tərtibat işləri görürdü. Biz bu işi "xaltura" adlandırırdıq. Doğrudur, o, yalnız pul qazanmaqla məşğul olan bəzi rəssamlar kimi yağ-bal içində, geninə-boluna yaşamırdı. Mircavad sənətlə məşğul idi, buna görə də bəzən ailəsini təmin etməkdə çətinlik çəkirdi. Bəli, onun ağır günləri olurdu. Axı o, Rəssamlar İttifaqına üzv olmaq istəmir, qəsdən ərizə yazmırdı. Biz quruma üzv olması üçün onu dəfələrlə dilə tutmuşduq ki, heç olmasa, sərgisini keçirmək, sifariş almaq üçün hansısa imkanları olsun. Axırda o, İttifaqa üzv oldu, gec oldu, amma oldu. Ona Bakıda sərgi də keçirdik. Asan deyildi, amma rəssamlıq bölməsinin sədri kimi mən rəhbəri inandıra bildim və biz bu sərgini keçirdik. Sonra, mən artıq sədr olanda isə, fəaliyyətimin ilk ilindəcə onu Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi adına təqdim etdim, Moskvada Mircavadın sərgisini təşkil etdim. Moskva sərgisindən sonra onun yaradıcılığına münasibət müsbətə doğru çox dəyişdi, əsərlərini alırdılar. Mircavadın taleyindəki dəyişiklik yenidənqurma dövrü ilə üst-üstə düşdü. Həmin vaxt onun əsərlərinin əksəriyyəti xaricə aparıldı. Bir məqamı da qeyd etməyə bilmərəm ki, bəzi yazılmamış qaydalara rəğmən, Cavad Mircavadovun xatirəsi Heydər Əliyevin sərəncamı ilə əbədiləşdirildi.
Ümumiyyətlə, bilirsiniz, bizdə elə bir dissident olmayıb. Sizin dediyiniz kimi, nonkonformistlər olub, onlar heç vaxt partiya və hökumətin sifarişi ilə əsər yaratmayıblar.
E.A. - Axı bu, elə mənəvi dissidentlikdir.
F.X. - Bəlkə də, elədir. Amma bu, başqa söhbətin mövzusudur. Bizim ("bizim" deyirəm, çünki buna tam haqqım çatır. Həyatımın böyük hissəsi Mircavadla, Kamalla birgə Buzovnada keçib) əsas məqsədimiz sənət idi. Vəssalam. Moskvada mən nəhəng yaradıcı həyat, belə deyək, "zirzəmi həyatı" yaşamışam. Orada oxuyurdum, işləyirdim, dostluq edirdim. Bütün ili, ən azı, ilin yarısını Moskvada olurdum, orada 11 fərdi sərgim keçirilmişdi. Haqqımda yazılanların hamısı Moskvada nəşr olunub.
1973-cü ildə Boris Polevoyun rəhbərlik etdiyi "Yunost" jurnalının redaksiyasında mənim ilk sərgim oldu. Moskvada Polevoyun dəstəklədiyi bütün nonkonformistlər bu redaksiyadan keçirdilər. O, rəsmi sovet hakimiyyətinin qəbul etmədiyi bütün "solçuları" himayəyə alırdı. Orada münsiflər heyəti çox ciddi idi və "Yunost"da sərgisinin baş tutması müəllif üçün çox prestijli sayılırdı.
1976-cı ildə Moskvada mənim "İspan" sərgimin açılışı oldu. Yeri gəlmişkən, sərgi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə keçirilirdi və bu barədə "Pravda" qəzetində də yazdılar. Məsələ burasında idi ki, ispan-sovet münasibətlərində 40 illik fasilədən sonra bizdə ilk ticarət attaşeliyi yaradıldı və Moskvaya İspaniyadan böyük nümayəndə heyəti gəldi, onlar mənim sərgimin açılışında da iştirak etdilər. Mənsə 1974-cü ildə İspaniyada olmuşdum, ispan motivləri üzərində işləyirdim. Dostluq Evinə də Mərkəzi Komitədən belə bir sərgi təşkil etməklə bağlı tapşırıq verilmişdi. Başqa sözlə desək, mənim sərgim zaman baxımından da yerinə düşmüşdü. Amma bizi siyasət yox, sənət maraqlandırırdı. Hərçənd Avropa, Qərb nonkonformizmin bəzi təmsilçilərini öz məqsədləri üçün istifadə etməyə can atırdı. Mən bütün bunları görürdüm, Moskvanın bütün "qapalı" zirzəmilərindən keçmişdim. Dostluq etdiyimiz İlya Kabakovdan tutmuş Ernst Neizvestnıya qədər dövrün bütün görkəmli rəssamları ilə ünsiyyət saxlamışdım. Özü də bizim qrupumuz təkcə rəssamlardan ibarət deyildi, orada SSRİ-dən kənarda da adları məşhur olan şairlər, yazıçılar, bəstəkarlar, musiqiçilər vardı.
E.A. - Amma gəlin mövzumuza - "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusuna dönək. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siz onunla daha sıx və ardıcıl əlaqə saxladınız. Siz onu yeni bir rakursdan gördünüzmü? O dəyişmişdimi?
F.X. - Əlbəttə. O, artıq tam mənada azad, ixtiyar sahibi idi. Bir zaman onunla orada - elə burada da - işləmiş rəhbərlərin çoxu indi arxada - köhnə zamanda qalmışdı, amma o, irəlidə, gələcəkdə idi.Tutalım, elə hadisələr olurdu ki... O, məni cavanlığımdan tanıyırdı axı, bilirdi ki, çox azad təbiətli adamam. Amma yenə də məni bütün rəsmi tədbirlərə dəvət edir, xarici səfərlərə özü ilə aparırdı. Xatırlayıram ki, bir dəfə çox tələsirdim və az qala Rostropoviçlə görüşə gecikəcəkdim. Orada bizim yaradıcı xadimlərimizin kiçik bir qrupu toplaşmışdı. Mən qalstuksuz gəlmişdim, köynəyimin yaxası açıq idi. Prezident Aparatı işlər idarəsi müdirinin məni görəndə az qala ürəyi gedəcəkdi. Görüşün gedişində Heydər Əliyev mənə yaxınlaşdı və ərklə soruşdu: "Hə, necəsən? İşlərin necədir?" Bir az əvvəl o, çox gözəl çıxış etmişdi, mən də bu məqama toxundum. Biz söhbət etdik, bundan sonra baxdım ki, işlər idarəsi müdirinin ürəyi yerinə gəldi...
Əlbəttə, bu, artıq tamam başqa İnsan idi, Heydər Əliyev yeni dövrdə özünü üstün şəxsiyyət kimi tam açıb göstərə bildi. Onun hətta üz ifadəsi də, yaşına baxmayaraq, yaxşılığa doğru xeyli dəyişmişdi. Çünki artıq istədiyi kimi azad, müstəqil idi. Bir dəfə biz Heydər Əliyevin dəvəti ilə Müslüm Maqomayevin doğum dününə yığışmışdıq. Heydər Əliyev dedi: "Vəssalam. Heç bir sağlıq olmayacaq (öz ünvanına sağlıqları nəzərdə tuturdu). Sadəcə səmimi söhbət eləyək". Və biz gözəl bir axşam keçirdik. Sona yaxın mən dedim: "Bu ərazinin köhnə sakini kimi (Zuğulbadakı şəhərkənarı iqamətgah nəzərdə tutulur - E.A.) olar bir söz deyim?" O, təbəssümlə cavab verdi: "Yaxşı, sən de". Mən də danışmağa başladım: "Əgər siz yazıçı olsaydınız, dahi yazıçı olardınız... Əgər xanəndə olsaydınız, vokal göstəricilərinizə görə hamıdan seçilərdiniz... Rəssam olmaq istəsəydiniz, sizdə bu da rahat alınardı... Amma nə yaxşı ki, siz siyasətçi olmusunuz, çünki pis-yaxşı, xanəndələrimiz var, elə rəssamlarımız, bəstəkarlarımız da, siyasətçilərimiz isə yoxdur. Cənab Prezident, amma bizim sizdən çox böyük bir xahişimiz var... - burada Heydər Əliyev bir qədər gərginləşdi, çünki söhbətin yönünün bu cür dəyişəcəyimi gözləmirdi - və mən qısa nitqimi belə bitirdim. - Siz özünüzü qoruyun, çünki Sizin sağlamlığınız ölkəmizin uğurlarının təminatçısıdır". Mən bu sözləri səmimi qəlbdən söylədim, Heydər Əliyev isə bunu hamıdan yaxşı duyurdu və onun üzündə mehriban bir təbəssüm yarandı.
Heydər Əliyev böyük siyasətçi idi və Azərbaycanın gələcəkdə öz torpaqlarını geri qaytarması və həm döyüş meydanında, həm də danışıqlar masasası arxasında öz şərtlərini diktə etməsi üçün əlindən gələni əsirgəmədi. İlham Əliyevin böyük lider olacağını, ölkəni işğaldan azad edəcəyini və dünyamiqyaslı siyasi xadimə çevriləcəyini heç kəs ağlına gətirmədiyi bir vaxtda belə, onun öz oğlu İlhama inanması çox vacib məqam idi. Heydər Əliyev bunları oğlunda görürdü və İlham Əliyevdə bunun üçün zəruri olan bütün keyfiyyətləri inkişaf etdirmək üçün əlindən gələni edirdi. Hərçənd böyük Heydər Əliyevin və unikal qadın olan Zərifə Əliyevanın genetikası dünyaya layiqli ardıcılı - parlaq şəxsiyyət olan İlham Əliyevi bəxş etməyə bilməzdi. Heydər Əliyevin oğluna inamı təkcə ata məhəbbətinə deyil, həm də onun öz təcrübəsinə əsaslanırdı, o gözəl başa düşürdü ki, yanlış seçim təkcə ölkə üçün deyil, tarixdə Heydər Əliyevin şəxsiyyəti üçün də taleyüklü fəsadlara səbəb ola bilər. Heydər Əliyev qəti əmin idi ki, İlham Əliyev atasının siyasi xəttini məharətlə davam etdirə və ölkəni böyük nailiyyətlərə doğru apara biləcək, Azərbaycan üçün azadlıq simvoluna çevriləcək. Belə təntənəli cümlələr üçün üzr istəyirəm, amma bu, həqiqətdir.
E.A. -Fərhad, bəlkə, Heydər Əliyevlə şəxsi ünsiyyətinizdən hansısa epizodları xatırlayasınız? Siz 90-cı illərin əvvəllərində onu Naxçıvanda görmüşdünüz?
F.X. -Naxçıvanda, Muxtar Respublika ilə Türkiyə arasında körpü açılırdı. Heydər Əliyev açılış mərasiminə Rüstəm İbrahimbəyovu, Anarı və məni dəvət etmişdi. Biz təyyarə ilə ora uçduq və onun kabinetinə getdik. O zaman mən Heydər Əliyevin Bakıya yorğun, arıqlamış halda qayıtdığını xatırladım, onu yaşamağa qoymurdular. İndi bunu deyə bilərəm, nə yaxşı ki, ona Bakıda qalmağa imkan vermədilər. Çünki elə gərgin şərait onun səhhətini pisləşdirə bilərdi, Naxçıvan isə həmin dövrdə bundan xilas olmaq üçün ən yaxşı yol oldu. Mən onu kabinetində, masa arxasında görəndə "metamorfoz" sözünün mənasını daha yaxşı anladım. Bizim qarşımızda 70-ci illərin Heydər Əliyevi idi. O, öz sağlamlığını tamamilə bərpa edə bilmişdi.
Körpünün açılışından sonra hamı - Süleyman Dəmirəl, Tansu Çillər, Bakıdan və Türkiyədən olan nümayəndə heyətləri səbrlə Heydər Əliyevin gəlişini gözləyirdilər. Sonradan "kiçik sirri" öyrəndik ki, Heydər Əliyev... həmin vaxt duş qəbul edirmiş. Heydər Əliyevin bütün qeyri-adi xarizması və cazibəsi də elə bunda idi. Mən ümumiyyətlə hesab edirəm ki, dövlət xadimi kimi Heydər Əliyev öz siyasi transformasiyasının bütün mərhələlərini yaşayıb. Və yaxşı ki, müstəqil Azərbaycanı görmək, ona rəhbərlik etmək Heydər Əliyevə qismət oldu. Bax bu zaman o, öz potensialını bütünlükdə açıb göstərə bildi və dünya şöhrətli liderə çevrildi.
Xatırlayıram ki, bir vaxt Moskvada dostlarımla görüşürdüm, Heydər Əliyev artıq orada işləyirdi. Görüşdüyüm dostlarımın arasında SSRİ-nin məşhur onkoloqlarından biri Yevgeni Matyagin və başqa üç-dörd həkim də vardı. Heydər Əliyev məhz o gün həkimlərlə görüş keçirirdi və həmin bu Jenya - məmurluqdan uzaq, tamamilə azad olan bu adam dedi: "Sizin keçmiş rəhbəriniz bütün bunları haradan bilir?" O, Heydər Əliyevin danışdığı mövzunun bütün detallarından və incəliklərindən xəbərdar olmasına açıq-aşkar və səmimi şəkildə heyran qalmışdı.
Heydər Əliyev Moskvada təkcə ziyalıların deyil, sadə adamların arasında da böyük populyarlıq qazanmışdı. Təyyarə ilə paytaxta uçursan, taksiyəyə oturursan, sürücü bilir ki, Azzərbaycandansan və dərhal söhbəti onun üzərinə yönəldir: "Bax Sizin rəhbər, nəhayət, buranı da qaydaya salacaq". Hamı belə deyirdi... Allaha şükürlər olsun ki, o, Azərbaycana qayıtdı.
E.A. - Sonda mən bütün müsahiblərimdən Heydər Əliyevi gözlənilməz rakursdan səciyyələndirəcək bir epizod danışmalarını istəyirəm. Siz belə bir hadisə xatırlayırsınız?
F.X. - Bir dəfə mən çox məşhur bir moskvalı fotoqrafı Heydər Əliyevin yanına gətirdim və fotoqraf onun şəkillərini çəkdi. Həmin adam Prezidentlə hədsiz sərbəst davranırdı. Hətta mən ona irad da tutmalı oldum. Heydər Əliyev isə məni saxladı: "İşin yoxdur". Və əlavə etdi: "Qonşu otaqda, stolun üstündə yaxşı konyak var, sonra ver ona, içsin". Yəni Prezident yaradıcı adamların şıltaqlıqlarını anlayırdı və özü də onlarla daha sərbəst davranırdı. Bu hadisə şəhər iqamətgahında baş vermişdi.
Heydər Əliyev həm polad kimi möhkəm, həm də həyatsevər idi, o, özündə ən müxtəlif keyfiyyətləri birləşdirirdi. Həmin axşam Müslümün ad günündə musiqi səslənirdi, Qasımova bacıları oxuyurdular. Və Heydər Əliyev qəfildən mənə dedi: "Muğamatın vaxtı çatıb, dur get, oxu". Mən oxudum və Heydər Əliyev Polad Bülbüloğluna dedi: "Görürsən, bu, sənin operan üçün hazır solistdir". Həmin vaxt isə solist adını Toğrul Nərimanbəyov qazanmağa çalışırdı. Mən də Heydər Əliyevə eyni şəkildə cavab verdim: "Cənab Prezident, mən teatra keçmək istəmirəm, amma siz desəniz, əlbəttə, ora da gedərəm". Toğrul üçün opera solisti statusu Parisdə yaşamaq və özünü təsdiq etmək üçün lazım idi. Axırda ona bizim operanın solisti adını verdilər, Heydər Əliyev şəxsən bu məsələnin qayğısına qaldı. Mən bu söhbətlərin içində idim...
Bilirsən, onu gəncik illərimdən tanıyıram - iqamətgahda da, televiziya ekranında da, qeyri-rəsmi şəraitdə də görmüşəm, amma o zaman mən fikrən də, ruhən də rəsmiyyətdən uzaq idim. Mən dağların, dənizlərin, küləyin, yağışın arasında dolaşırdım... Bu səbəbdən də, siyasi məqamlara nüfuz edə və Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü obyektiv qiymətləndirə bilmirdim. Hətta atam bir dəfə məndən "sən partiyaya üzv olmağa hazırlaşırsan?" soruşanda da ona belə cavab vermişdim: "Mənim sizin alver təfəkkürlü partiya üzvləri ilə mübarizə aparmağa vaxtım yoxdur, mənim bütün zamanım incəsənətə məxsusdur". Atam sistemə, doğrudan da, inanırdı, bütün həyatı ilə ona bağlıydı, amma mənim o quruluşa münasibətim Heydər Əliyevin şəxsiyyətinin mahiyyətini sonadək başa düşməyimə mane olurdu. Bu səbəbdən də, Heydər Əliyevi mən Qayıdışından sonra kəşf etdim, yalnız bu zaman onun şəxsiyyətinin bütün dərinliyini və bənzərsizliyini anlaya bildim. Bu, özünün bütün təzahürlərində tamamilə təkrarolunmaz və unikal şəxsiyyət idi. Ən əsası, mən sənətindən və fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəsin ruhunun və fikrinin istənilən şəkildə ifadəsinə həssaslıqla yanaşan böyük bir insanı gördüm.
E.A. - Əziz Fərhad, Heydər Əliyev barədə çox səmimi və xoş xatirələriniz üçün çox sağ olun.
Tərcümə Rəbiqə Nazmqızınındır


