Hüquqi dövlət quruculuğunda gənclərin rolu MƏQALƏ
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gənclər hər bir xalqın genefondunu yaşadan, milli-mənəvi dəyərləri qoruyan, tarixi ənənələri gələcək nəsillərə ötürən və dövlətin sabahını formalaşdıran əsas qüvvədir. Məhz buna görə də savadlı, intellektual səviyyəsi yüksək, istedadlı, sağlam düşüncəli, fəal və müasir dünyagörüşə malik gənclərin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan gəncliyi ölkəmizin inkişaf və modernləşmə proseslərində hər zaman fəal iştirak edib. 2 Fevral – Azərbaycan Gəncləri Günü cəmiyyətin enerjili və yaradıcı təbəqəsinə göstərilən diqqət və qayğının bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə təsis etdiyi bu əlamətdar gün gənclərin potensialının üzə çıxarılması, hüquq və imkanlarının genişləndirilməsi, eləcə də onların cəmiyyətə töhfələrinin artırılması məqsədi daşıyır.
Ulu Öndər Heydər Əliyev gənclərin inkişafını daim diqqət mərkəzində saxlamış, onların fiziki sağlamlığına, yüksək mənəviyyata, biliyə və elmə yiyələnməsinə xüsusi önəm vermişdir. O, bu mövqeyini belə ifadə edirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə göstərilən diqqət dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Ümummilli Lider Azərbaycanı gənclər ölkəsi, gəncləri isə dövlətin gələcəyi adlandıraraq onların inkişafı üçün hərtərəfli şəraitin yaradılmasını vacib hesab edirdi.
Bu istiqamətdə həyata keçirilən mühüm addımlardan biri 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Nazirliyin təsis edilməsi gənclərlə bağlı fəaliyyət göstərən qurumların işinin əlaqələndirilməsinə və gənclər siyasətinin sistemli şəkildəicrasına imkan yaratdı.
Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. Həmin ilin fevralın 2-də təşkil olunan I Azərbaycan Gənclərinin Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm vəzifə qoyaraq bildirmişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”
1996-cı il 22 iyun tarixli “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman istedadlı gənclərə göstərilən diqqətin daha da gücləndirilməsinə xidmət etdi. Bu sənədə əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” yaradıldı və ora daxil edilən gənclər üçün xüsusi təqaüdlər təsis olundu.
1999-cu il iyulun 29-da imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərman gənclərin inkişafı üçün geniş imkanlar açdı. Bu sənədə uyğun olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 2002-ci il 9 aprel tarixində Heydər Əliyev tərəfindən imzalanaraq qüvvəyə mindi. Bu qanun gənclər siyasətinin məqsədlərini, əsas prinsiplərini, istiqamətlərini və təşkilati-hüquqi bazasını müəyyən edir.
Azərbaycan gənclərinin Vətənə sədaqət, milli ruh və azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri olmuşdur. O, gənclərin üzərinə düşən tarixi məsuliyyəti vurğulayaraq bildirirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Dövlətin həyata keçirdiyi strateji proqramlara uyğun olaraq, artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-dan çox ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə hər il təqaüd ayrılması nəzərdə tutulmuşdu. Bununla yanaşı, istedadlı gənclərin təhsilə marağını artırmaq və onları stimullaşdırmaq məqsədilə Heydər Əliyev ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərlə şəxsən görüşmüş və onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etmişdir.
Ölkəmizdə həyata keçirilən məqsədyönlü gənclər siyasətinin nəticəsi olaraq, yüksək intellektual səviyyəyə, güclü vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənc nəsil formalaşmışdır. Bu gün gənclər müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, eləcə də ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi çıxış edirlər.
Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daim təkmilləşdirdiyi gənclər siyasəti gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və təşəbbüskar gəncliyin yetişməsinə geniş imkanlar açmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, gənc kadrların irəli çəkilməsi məqsədilə “Yüksəliş” müsabiqəsinin keçirilməsi, Könüllülər hərəkatının genişlənməsi, 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin isə “Könüllülər ili” elan edilməsi ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısının bariz nümunələridir.
Ölkəmizdə təşkil olunan və gənclərin böyük fəallıq göstərdiyi beynəlxalq tədbirlər, musiqi müsabiqələri, Birinci Avropa Oyunları da daxil olmaqla müxtəlif idman yarışları, eləcə də “Texnofest” festivalı xüsusi əhəmiyyət kəsb edir. “Texnofest” festivalı gənclərdə milli texnologiyaların inkişafına marağın artırılması və uğurlu nümunələrin təqdim olunması məqsədi daşıyır. Gənclərimizin bu festivala böyük maraq göstərməsi sevindirici haldır.
Azərbaycan gəncliyi Vətən müharibəsi zamanı öz gücünü, iradəsini və vətən sevgisini şərəflə nümayiş etdirmişdir. Gənclərimizin həm döyüş meydanında, həm də informasiya müharibəsindəgöstərdiyi fəallıq Qələbəmizin mühüm amillərindən olmuşdur. Eyni zamanda, gənclərin elmə, biliyə və müasir texnologiyalara artan marağı gələcəyə inamı daha da möhkəmləndirir.
Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gəncliyində öz gücünə və istedadına inam hissi daha da artmışdır. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşdırılması, onların savadlı və vətənpərvər kadr kimi yetişdirilməsi, gənc ailələrin sosial təminatının gücləndirilməsi istiqamətində apardığı siyasət dövlətin uzaqgörənliyinin təzahürüdür.
Azərbaycanın ərazi bütövlüyünün bərpasında gənclərimizin rəşadəti xüsusi rol oynamışdır. Müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin qəhrəmanlığı sayəsində əldə edilən Şanlı Zəfər xalqımızın tarixində qızıl hərflərlə yazılmışdır.
Gənc idmançılarımızın qazandığı uğurlar və ölkəmizdə keçirilən beynəlxalq yarışlar Azərbaycanı idman ölkəsi kimi dünyada tanıdır. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti olan İlham Əliyev gənclərin idmana cəlb olunmasına xüsusi diqqət yetirir.
Vətənə bağlılıq, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin müqəddəs borcudur. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Dövlətimiz gənclərin inkişafına və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə böyük önəm verir. Gənclərimiz isə bu etimadı doğruldaraq, ölkəmizin davamlı inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı artıq müəyyən edilib.
Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.
2025-ci il ərzində ölkədə gənclər siyasətinin əsas prioritetləri olan milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, gənclərin sosial, intellektual və vətəndaşlıq inkişafının təmin edilməsi istiqamətində genişmiqyaslı və sistemli tədbirlər həyata keçirilmişdir. İl ərzində təşkil olunan düşərgələr, maarifləndirici proqramlar, elmi konfranslar, intellektual oyunlar, yarışlar vəforumlarda on minlərlə gənc iştirak etmiş, onların Ümummilli Lider Heydər Əliyev irsi, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, milli kimlik, təhlükəsizlik, hüquqi biliklər və liderlik bacarıqları üzrə bilik və kompetensiyaları gücləndirilmişdir.
Eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizə, sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin qarşısının alınması, inklüzivliyin və sosial inteqrasiyanın təmin edilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində minlərlə gəncin iştirakı ilə təlimlər və düşərgələr təşkil olunmuşdur. Texnologiya, robotexnika, yaradıcılıq və elmi tədqiqat sahələrində keçirilən müsabiqə və layihələr gənclərin innovativ potensialının üzə çıxarılmasına mühüm töhfə vermişdir.
2025-ci ildə “Gənclər evi” sosial xidmət müəssisələri, tələbə gənclər təşkilatları və könüllülük hərəkatı vasitəsilə gənclərin asudə vaxtının səmərəli təşkili, ictimai fəallığının artırılması və sosial məsuliyyət hissinin gücləndirilməsi təmin edilmişdir. Bununla yanaşı, Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə təmsilçiliyi genişləndirilmiş, müxtəlif regional və qlobal platformalarda fəal iştirakı təmin olunmuşdur.
Ümumilikdə, həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına, cəmiyyətə inteqrasiyasına və müasir çağırışlara uyğun, vətənpərvər və rəqabətqabiliyyətli gəncliyin formalaşmasına xidmət etmişdir.
Azərbaycan gəncləri tarix boyu ölkənin tərəqqisində aparıcı qüvvə kimi çıxış etmiş, bu gün də əldə etdikləri bilik, bacarıq və yüksək vətənpərvərlik hissi ilə Azərbaycanın sabahını inamla qurmaqda öz töhfələrini verməyə davam edirlər. 2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram xarakteri daşımır, eyni zamanda gənclərin cəmiyyətin bütün sahələrindəki fəal iştirakını və mühüm rolunu bir daha ön plana çıxarır. Bu əlamətdar tarix gənclərimizin qazandığı uğurları qeyd etməklə yanaşı, onların potensialının reallaşması və rifahının təmin olunması üçün daha geniş imkanların yaradılmasının vacibliyini xatırladır. Əminəm ki, Azərbaycan gəncləri əzmkarlıq və yaradıcı düşüncə ilə ölkəmizin inkişafına töhfələrini artıracaq, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq müasir dünyada layiqli yer tutacaqlar. Bu şərəfli yolda hər bir gəncimizə uğurlar və davamlı nailiyyətlər arzulayırıq!
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Baxış sayı:76
Bu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















