“Hürriyyət”in bağlanılmasına kim göstəriş verib? MEDİA HİKMƏT HACIYEVİ HƏDƏFƏ GƏTİRİR, AMMA...
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin ilk yarısında “Hürriyyət” qəzetini və Hurriyyet.az saytını maliyyələşdirməkdən imtina etdi. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, bunun səbəbləri bizə bəllidir. Üstəlik, MEDİA-nın bu addımı sifariş əsasında atdığı da şübhəsizdir. Ən azı ona görə ki, “Hürriyyət”i dövlət dəstəyi verilən media subyektlərinin siyahısından kənarda saxlamaq üçün heç bir əsas yoxdur. Biz MEDİA ilə rəsmi əməkdaşlığımız müddətində üzərimizə düşən hər bir öhdəliyi yüksək səviyyədə yerinə yetirmişik. Belə desək, agentlikdən maddi dəstək alan bəzi qəzet və saytlardan fərqli olaraq, “xaltura” ilə məşğul olmamış, aldığımız hər manatın qarşılığını artıqlaması ilə qaytarmağa çalışmışıq və buna da nail olmuşuq.
Buna rəğmən, MEDİA dekabr ayı üzrə “Hürriyyət”ə ödəməli olduğu vəsaiti – 8 min manatı hesabımıza köçürməkdən hələ də imtina edir. Hətta bunun səbəbini də açıqlamır. Necə deyərlər, “Ağa Nəzərəm, belə gəzərəm” prinsipi ilə borcunu ödəməmək üçün həftələrdir dirəniş göstərir.
Bəs, MEDİA-nın “Hürriyyət”ə qarşı bu cür əndazəsiz davranışının nə üçün sifarişli olduğu qənaətindəyik?
Məlumat üçün bildirək ki, dekabrın ikinci yarısında əməkdaşımız digər qəzet və saytlardan fərqli olaraq “Hürriyyət”ə ödəniş olunmamasının səbəbini aydınlaşdırmaq üçün qurumun rəhbər şəxslərindən biri ilə görüşüb. Etik səbəblərdən agentliyin adını qeyd etməyi lazım bilmədiyimiz rəsmisi bunun MEDİA-nın qərarı olmadığını deyib. O, etiraf edib ki, “Hürriyyət”in maliyyəsini dayandırmaq sifarişi birbaşa Prezident Administrasiyasından gəlib.
Təbii ki, yuxarıda da qeyd etdiyimiz kimi, biz “Hürriyyət”in MEDİA-nın dəstək verdiyi qəzet və saytların siyahısından çıxarılmasının, o cümlədən Hurriyyet.az saytının bloklanmasının sifarişli olduğuna zərrə qədər də şübhə etmirik. Və birinci faktla bağlı MEDİA “barmağını” Prezident Administrasiyasına uzadırsa, ilk baxışdan fikirlər istər-istəməz bir nəfərin üzərində cəmləşir - Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin! Çünki, faktiki olaraq ölkə mediasına nəzarət məhz onun kurasiyasına verilib və belə demək olarsa, bu sahəyə cavabdehliyi də məhz H.Hacıyev daşıyır.
Bəs, “Hürriyyət”in dövlət dəstəyindən məhrum barıxılması, üstəlik bayram ərəfəsində kollektiv üzvlərinin halal maaşının verilməməsi həqiqətənmi Hikmət Hacıyevin göstərişi əsasında baş tutub?
Əminliklə deyirik ki, biz “Hürriyyət” olaraq bu iddialara inanmırıq. Ən azı ona görə ki, harın məmur ailəsindən çıxmayan, sadə həyat tərzi ilə vətəndaşlarımızın sevgisini qazanan Hikmət Hacıyev MEDİA rəhbərliyində təmsil olunan əksər şəxslərdən fərqli olaraq, jurnalikstikamızın və ölkədəki jurnalistlərin vəziyyəti haqda kifayət qədər məlumatlıdır. Biz heç vaxt inana bilmərik ki, H.Hacıyev baş redaktorun həbsinə görə bütün kollektivi cəzalandırmağı qarşısına məqsəd qoyub.
O halda, “Hürriyyət”in dövlət dəstəyindən məhrum edilməsinə hansı məmur göstəriş verib? Yoxsa, MEDİA məqsədli şəkildə Hikmət Hacıyevi hədəfə gətirir? Bu və digər suallara tezliklə cavab tapmağa çalışacağıq. Bizi izləyin.
“Hürriyyət”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















