İCBARİ SIĞORTADAN İMTİNA: ÖLÜMƏ TƏRK ETMƏK! Azərbaycan regionda ilk ölkə oldu...
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, 2026-cı ilin dövlət büdcəsində Azərbaycanda İcbari Tibbi Sığortaya (İTS) dövlət büdcəsindən ayrılan vəsaitin 900 milyon manat olacağı nəzərə tutulur. Bu göstərici 2025-in təsdiq olunmuş büdcəsi ilə müqayisədə 516 milyon 405 min manat, yəni təxminən 36,5 % azalma deməkdir.
Eyni zamanda, İTS-nin 2026 üçün proqnozlaşdırılan xərcləri 2 milyard 621,5 milyon manatdır; bu da 2025-ci illə müqayisədə 10,9% azalmadır.
Müvafiq qanunda edilən dəyişikliyə görə, 2026-cı ildən etibarən, işləməyənlər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də İcbari Tibbi Sığortadan istifadə üçün sığorta haqqı ödəməli olacaqlar. Yəni indiyədək dövlət büdcəsi hesabına pulsuz olan bu kateqoriya bundan sonra ödənişli olacaq. Onların ödənişi aylıq 16, bir il üçün isə 192 manat nəzərdə tutulur.
Qanuna görə, əgər şəxs ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslı həkimə getsə, tibbi xidmətlər üçün “əlavə ödəniş” tələb oluna bilər.
Eyni zamanda, planlaşdırılır ki, 2026-cı ildə Xidmətlər Zərfi genişləndirilsin. Belə ki, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatologiya və laborator xidmətlər kimi sahələrə yeni, həmçinin artıq mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur. Bundan əlavə, ambulator müalicə zamanı istifadə olunan bəzi dərmanlar, məsələn, hipertoniya dərmanları sığorta təminatına daxil ediləcək. Bu, icbari sığortanın əhatə dairəsinin genişlənməsi kimi qiymətləndirilir.
Əhalinin 40 faizi bu imkandan məhrum olacaq...
Beləliklə, dövlət büdcəsindən sığortaya ayrılan vəsaitin kəskin azalması İTS-nin xidmətlərinin keyfiyyətinə və ya əlçatanlığına ciddi təsir göstərə bilər, əgər digər maliyyə mənbələri bu boşluğu doldurmasa. Boşluğu doldurmaq üçün isə yüz minlərlə vətəndaşın ildə 192 manat ödəməsi lazımdır...
Şübhəsiz ki, işsizlər və işləməyənlər üçün sığortanın ödənişli olması gəlirləri az olanlar üçün ciddi yükə çevriləcək.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumətin universal tibbi sığorta modelindən imtinası ən azı 4 milyon nəfərin icbari tibbi sığortadan kənarda qalmasına səbəb olacaq.
Belə ki, bu qərardan əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə ilə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan, adına pay torpağı olan, lakin bələdiyyədə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan 15–65 yaşlı əmək qabiliyyətli şəxslər zərər görəcək. R.Ağayevin sözlərinə görə, bu kateqoriyaya təxminən 3 milyon nəfər daxildir.
Bundan başqa müxtəlif səbəblərlə işçi qüvvəsinə daxil olmayan, lakin sağlam və əmək qabiliyyətli insanlar, yəni, ev işləri ilə məşğul olan, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapacağına ümidini itirib rəsmi şəkildə iş axtarmayan və işsiz kimi qeydiyyatdan keçməyən şəxslər üçün də icbari tibbi sığorta əlçatmaz ola bilər. Bu qrupun sayı da təxminən 1 milyon nəfərdir.
İqtisadçı vurğulayıb ki, nəticədə ölkə əhalisinin təxminən 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum olub. Hansı ki, bu kateqoriyaya daxil olan vətəndaşların, pis-yaxşı, pulsuz tibbi yardım almaq imkanı olub.
Tibbi sığortanın xərcini qarşıladığı xəstəliklər
Səhiyyə Nazirliyinin məlumatına görə, əhali arasında xroniki xəstəliklər, respirator infeksiyalar və uşaqların yoluxucu xəstəlikləri daha geniş yayılıb. Ürək-damar xəstəlikləri arasında hipertoniya, kardiomiopatiya və ürək çatışmazlığı əhali üçün ən çox müraciət olunan problemlərdən biridir. Qeyd olunur ki, xroniki xəstəliklərin artmasının əsas səbəbi stress, qeyri-sağlam qidalanma və genetik faktorlarla bağlıdır.
Endokrin xəstəliklər üzrə şəkərli diabet, tiroid problemləri və metabolik sindrom ən çox müşahidə olunur. Nazirliyin məlumatında bildirilir ki, qidalanma vərdişlərinin pozulması və aktiv həyat tərzinin azlığı bu xəstəliklərin geniş yayılmasına səbəb olur.
İTS paketinə daxil olan qastroenteroloji xəstəliklər də İTS çərçivəsində geniş yayılıb. Səhiyyə Nazirliyi qeyd edib ki, qastrit, mədə xorası və qaraciyər xəstəlikləri, xüsusən hepatit və yağlı qaraciyər sindromu, müalicə üçün ən çox müraciət edilən hallardır. Bu xəstəliklərin yayılmasında qidalanma, spirtli içkilərin qəbulu və infeksiyalar rol oynayır.
Respirator xəstəliklər, o cümlədən astma, xroniki bronxit və pnevmoniya da İTS çərçivəsində müayinə və müalicə edilir. Havanın çirkliliyi və siqaret çəkmə, həmçinin mövsümi viruslar bu xəstəliklərin artmasına təsir göstərir.
Uşaqlar arasında isə ən çox rastlanan xəstəliklər kimi ümumi respirator infeksiyalar, angina və qastroenterit qeyd edilib. Nazirlik bildirib ki, immunitet sistemi tam formalaşmamış uşaqlarda bu xəstəliklər daha tez-tez müşahidə olunur.
Qadın sağlamlığı ilə bağlı xəstəliklər arasında reproduktiv orqanların iltihabi xəstəlikləri, endometrioz və menstrual pozuntular, habelə hamiləlik və doğuşla bağlı komplikasiyalar İTS çərçivəsində müalicə olunan hallar sırasındadır.
Səhiyyə Nazirliyinin nümayəndəsi həmçinin əlavə edib ki, travmalar, sümüklərin sınıqları, əzələ və bağ zədələri, planlı və təcili cərrahiyyə müdaxilələri də İTS çərçivəsində ən çox müalicə olunan hallardır.
Beləliklə, 2026-cı ildə İTS büdcəsinin azalması səbəbindən bəzi xəstəliklər üzrə tibbi xidmətlərdə ödənişlərin artması və ya xidmətin məhdudlaşması mümkündür. Nazirlik vətəndaşları öz sağlamlıqlarına daha diqqətlə yanaşmağa çağırır. Yəni artıq icbari tibbi sığortaya ümid etməyə dəyməz, taleyiniz öz əlinizdədir!...
Bəs həyatda qalması tibbi müdaxilədən asılı olan imkansız xəstələr nə edəcəklər? Xüsusən, ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlar tibbi sığortadan yararlanmaqla bahalı əməliyyatlar üçün müraciət edirdilər. Məsələn, açıq ürək əməliyyatı kimi 6-11 min manata, damarlara stendlərin yerləşdirilməsi kimi 2-3 min manata başa gələn tibbi müdaxilələr sığorta tərəfindən qarşılanırdı. Belə çıxır, bundan sonra ildə 192 manat ödəyə bilməyən şəxslər ölümə tərk edilir. Nazirliyin təbirinicə desək, sağlamlığına biganə yanaşır...
Musa Quliyevlə virtual dialoq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də səhiyyə rəsmiləri kimi düşünür. “Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik”, - o yerli mediaya açıqlamasında deyib.
Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: “Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi”.
Burada Musa müəllimə sual vermək olar ki, hökumət büdcə gəlirləri bir az məhdudlaşan kimi niyə vətəndaşların sağlamlığlı ilə bağlı strateji layihəni yarımçıq dayandırır? Niyə sosial xərclərdən dərhal kəsir, ölkədə korrupsiya yeminə çevrilən milyardlarla büdcə xərcləmələrindən kəsmək doğru yanaşma olmazdımı? Ümumiyyətlə, Musa müəllim Milli Məclisin sosial siyasət üzrə komitəsinin sədri olmaqla niyə hökumətə bu sualları verməyib, əksinə, antihumanist, vətəndaşların həyatına birbaşa təsir edən dəyişikliyə haqq qazandırır? O, bəyəm bilmir ki, Azərbaycanda aşağı gəlirli vətəndaşların sosial vəziyyəti hədsiz dərəcədə ağırdır? Yaxud, Musa müəllim hökumətədən niyə soruşmur ki, bu necə sosial siyasətdir, 2-3 il sonra ölkənin maliyyə durumu ilə bağlı planlama, proqnozlaşdırma yoxdur. “Pul yoxdur” deyib yoxsul vətəndaşa verilən dəstəyi onun əlindən necə almaq olar? Hansı ki, vətəndaş bundan varlanmır, kef-damaq içində yaşamır, sadəcə həyatını qorumağa çalışır, ömrünü qismən uzadır. Musa Quliyev bilmir ki, Azərbaycan ürək-damar xəstəliklərinə görə dünyada birinci yerdədir? Hər icbari tibbi sığorta hesabına ürək damarlarına stend qoyduran, açıq əməliyyat etdirən nə qədər insanın həyatı ucuz ölümdən xilas olur. Bundan sonra necə olacaq? Bəs dövlətin vətəndaş qarşısında öhdəlikləri yoxdurmu? Dövlətin xərclədiyi vəsait neftdən-xalqın sərvətlərindən əldə olunur. Bu insafsızlıq, acımasızlıq haradan qaynaqlanır?
Musa Quliyev bildirir ki, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər: “Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”.
Musa müəllim burada qəsdən işləyən və işləməyən vətəndaşları üz-üzə qoymağa çalışır. Probblemi hökumətin məsuliyyət dairəsindən kənara çıxarır. Əslində problemin mahiyyəti ondan ibarətdir ki, Azərbayanda rəsmən göstərilməyən milyonlarla işsiz adam var. İqtisadçı Rövşən Ağayev onların dairəsini göstərərək icbari tibbi sığortadan kənarda qalacaqlarını vurğulayır. Bu, nə az-nə çox, 4 milyon nəfərə yaxın vətəndaş deməkdir. Belə çıxır, deputat onların işsiz olmasına inanmır.
Xarici tərübə: komitə sədri haqlıdırmı?
Musa Quliyev həmçinin arqumentlərini gücləndirmək üçün dünya təcrübəsinə istinad edir: “Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər”.
Uzağa getməyək, Azərbaycanın qonşularında icbari tibbi sığorta qaydalarına baxaq, görək, komitə sədri haqlıdırmı?
Cənubi Qafqaz və Türkiyədə icbari tibbi sığorta sistemləri əhatə dairəsi, maliyyə mexanizmləri və dövlətin rolu baxımından fərqli modellər əsasında qurulub. Hər üç ölkənin təcrübəsi göstərir ki, sosial təminat və səhiyyə maliyyələşməsi müxtəlif sosial qruplara uyğunlaşdırılmış mexanizmlərlə həyata keçirilir.
Türkiyədə icbari tibbi sığorta Sosial Güvənlik Qurumunun (SGK) idarəçiliyindədir və dünyanın ən geniş əhatəli sosial tibbi sığorta sistemlərindən biri hesab olunur. SGK-nın icbari tibbi sığortası aşağıdakı qrupları avtomatik olaraq əhatə edir:
Rəsmi əmək müqaviləsi ilə çalışanlar, dövlət qulluqçuları, (işsiz qalan şəxslər dövlət tərəfindən qarşılanır);
Sahibkarlar və fərdi fəaliyyət göstərənlər;
Tələbələr (GSS – ümumi sağlamlıq sığortası ilə).
Aylıq gəliri olmayan və ya çox aşağı gəlirli şəxslər – dövlət tam maliyyələşdirir. Bura pensiyaçılar, əlilliyi olan şəxslər, sığorta statusundan asılı olmayaraq 14 yaşa qədər uşaqlar daxildir.
Türkiyə modelinin əsas üstünlüyü odur ki, praktik olaraq ölkə əhalisinin 99%-ə qədəri avtomatik olaraq sığorta sistemindədir. Tibbi xidmətlərin əsas hissəsi dövlət tərəfindən qarşılanır, yalnız kiçik məbləğdə “farmaqo-katılım payı” ödənilir.
Beləliklə, Türkiyə modelində bütün vətəndaşlar və rezidentlər əhatə olunub, dövlət aşağı gəlirliləri tam maliyyələşdirir.
Müqayisə edək:
Azərbaycanda, məlum olduğu kimi, 2026-cı ildən işsizlər və işləməyənlər öz hesabına sığortalanacaq. Türkiyədə xidmətlərin əksəriyyəti pulsuzdur, Azərbaycanda isə büdcə azaldığından aztəminatlı vətəndaşlar pul ödməyə vadar edilir.
Ermənistana gəlincə, bu ölkədə icbari tibbi sığorta 2023–2024-cü illərdən etibarən mərhələli şəkildə tətbiq edilir. Sistem tam olaraq 2025–2026-cı illərdə oturuşmuş model kimi planlaşdırılır.
Hazır və nəzərdə tutulan model bu qrupları əhatə edir:
Ölkə vətəndaşlarının hamısına universal icbari tibbi sığorta prinsipi tətbiq olunur. Aşağı gəlirli ailələr üçün dövlət pul ödəyir. Bura uşaqlar və məktəblilər, tələbələr, hamilə qadınlar, əlilliyi olan şəxslər, veteranlar və xüsusi sosial statuslu qruplar, dövlət qurumlarında çalışanlar daxildir.
Özəl sektorda işləyənlər və fərdi sahibkarlar – özləri ödəyir
Ermənistan modeli maliyyələşməni əsasən iki mənbədən təmin edir: İşçi və işəgötürən ödənişləri, dövlət büdcəsi hesabına subsidiya və dəstək.
Azərbaycanla müqayisə aparsaq, Ermənistan 2026-cı ildən universal sistem tətbiq edəcək, lakin mərhələli şəkildə uşaqlar, yaşlılar, əlillər, sosial həssas qruplar ilkin mərhələdə əhatə olunur. Azərbaycanda isə İTS artıq universal olsa da, büdcənin azalması bəzi kateqoriyaların ödənişli olmasına səbəb olacaq.
Hər iki sistemdə xidmətlər zərfi genişlənir, amma Ermənistan mərhələli və prioritetli yanaşma tətbiq edir.
Qonşu Gürcüstan isə postsovet məkanında ən maraqlı səhiyyə maliyyələşdirmə modellərindən birinə sahibdir. Burada icbari tibbi sığorta klassik şəkildə tətbiq edilmir. Əvəzində “Universal Healthcare Programme” adlanan dövlət proqramı mövcuddur.
Praktik olaraq Gürcüstan vətəndaşlarının 95%-i bu proqramla təmin olunur. Həmçinin: Aşağı gəlirli şəxslər - təqaüdçülər, uşaqlar, hamilə qadınlar, əlillər, sosial həssas qruplar dövlət tərəfindən maliyyələşdirilir. Qalan bütün vətəndaşlar üçün qismən maliyyələşmə (xidmətin növünə görə) tətbiq edilir. Yalnız yüksək gəlirlilər üçün dövlət dəstəyi məhduddur, onlar özəl sığorta seçə bilirlər.
Gürcüstan modelinin fərqi ondadır ki, əməkdaş və işəgötürən tərəfindən xüsusi “icbari sığorta” ödənişi yoxdur – əsas maliyyəni dövlət büdcəsi təmin edir.
Gürcüstanda bütün vətəndaşlar əsas paketdən faydalana bilir. Azərbaycanda isə büdcə azaldığından bəzi xidmətlər üzrə çıxış məhdudlaşdırılır.
Beləliklə, üç ölkənin tibbi sığorta modelləri arasında mühüm fərqlər olsa da, Türkiyədə əhali tam icbari və geniş universal sığorta ilə əhatə olunur, Ermənistanda yeni və mərhələli universal icbari sığorta modeli tətbiq edilir, Gürcüstanda isə dövlət büdcəsi hesabına universal tibbi təminat həyata keçirilir.
Bu sistemlər əhalinin sosial müdafiəsini gücləndirmək və səhiyyəyə çıxışı bərabərləşdirmək məqsədi daşıyır. Hazırda Azərbaycanın icbari tibbi sığorta modeli bu üç ölkə arasında ən yaxın şəkildə Türkiyə modelinə bənzəyir, lakin gələn il Azərbaycan İTS sistemi regional modellərlə müqayisədə daha çox maliyyə yükünü vətəndaşların üzərinə keçirəcək. Təəssüf doğurdan haldır ki, qonşuları ilə müqayisədə Azərbayan zəngin neft-qaz ölkəsi olmasına baxmayaraq, tibbi sığortanın maliyyə yükünü özü çəkmək istəmir.
Musa Quliyevin bu paradoksa izahatı, arqumenti varsa, səsləndirsə yaxşı olar...
Rasim Əliyev
“AzPolitika.info”
Baxış sayı:50
Bu xəbər 05 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















