Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

İçimdəki Hindistan labirintləri

İçimdəki Hindistan labirintləri

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dehlinin isti nəfəsi üzümə toxunanda anladım ki, bu şəhər mənə çox şeyi danışacaq. Təyyarə yolçuluğunun yorğunluğunu çiyinlərimizdən ata-ata şəhərə daxil olduq. Küçələrdən keçdikcə elə hiss edirdim, qədim bir kitabın köhnəlib saralmış, tozlu səhifələri arasından addımlayıram.

Buraya gəlməyimizin əsas səbəbi Hindistanın Guvahati şəhərində təşkil olunan “Sufizm və dinlərarası dialoqun sülh və sosial harmoniya yaratmaqda rolu” adlı beynəlxalq elmi konfrans olsa da, ümumiyyətlə, bu ölkəni gəzmək, tarixi məkanlarını görmək, adət-ənənələri ilə də tanış olmağı planlaşdırmışdıq rəfiqəmlə.

Bir günlük qalmaq üçün tapdığımız kiçik otel bizə o an sığınacaqdan çox nəfəsdərmə otağı kimi gəldi. Çamadanları otağa atıb şəhərə çıxdıq.

Köhnə Dehlinin içindən keçdikcə burnuma dolan ədviyyat qoxusu məni illər əvvəlki, adını unutduğum, lakin ruhumdan silinməmiş bir hadisəyə aparırdı. Sanki vaxt özü üyüdülüb ədviyyata qarışdırılmışdı. Uşaqkən yaşadığım hansısa kədərli hadisə kölgə kimi bir anlıq gözümün önündən keçdi. Təsvirini tapa bilməsəm də, qoxu mənə pıçıldayırdı: “Ehtiyatlı ol. Bəzən ən köhnə izlər ən gözlənilməz yerlərdə qarşına çıxır”.

Bu səsi beynimin yorğunluğu, səfərin həyəcanı, ya da təsadüfi assosiasiya sayıb keçmək istədim. Sonra Yeni Dehli ilə Köhnə Dehli arasında cızılmış hüduda çatdıq. İnsan bu körpünün altından keçəndə qəribə bir şey olur. Sanki sehrli çubuq dəyir və bir an içində dünya tərsinə çevrilir. Köhnə Dehlinin izdihamlı, səs-küylü, kəskin ədviyyat qoxulu, hər addımda bir sərgərdan dilənçi ilə qarşılaşdığın labirinti bir anda arxada qalır. Addımını bir qədər irəli atırsan və hər şey dəyişir.

Yeni Dehlidə binalar daha hündür, küçələri daha təmiz və səliqəli idi. Elə onu düşünürdüm ki, yəqin, burada yaşayan insanlar da daha xoşbəxtdir. Budur, bu da toy. Qız evi və oğlan evi - iki ayrı qrup insan küçənin hər tərəfindən ritmə uyğun rəqs edərək gəlirdi. Əlbisələrinin parıltısı küçə lampalarının işığında bərq vurur, qadınların zinət əşyalarının göz qamaşdıran işıltısı rəngli toz kimi yayılırdı. Hər tərəfdə gülüş, alqış, musiqi və insan səsinin yaratdığı canlı xoş bir xaos vardı. Bu mehriban insanların dəvəti ilə biz də onlarla bir xeyli oynadıq. Qadınlar sarilərini yellədikcə qırmızı, narıncı və qızılı rənglərlə göz oxşayırdı. Elə bil qısa, əyləncəli Hindistan filmi içində rol almışdıq. Amma ən qəribəsi, sanki bu səs, bu rəng, bu coşğu içində görünməyən bir kölgə dolaşırdı.

Səhəri gün başqa bir şəhərə - Guvahatiyə uçmalı idik. Elmi konfrans, təqdimat, çıxış bizi gözləyirdi. Uçuş axşama planlandığı üçün hələ vaxt vardı. Ona görə ertədən - günün ilk işığı ilə oteldən çıxıb Qütb Minara getməyə qərar verdik.

Həftəiçi olmasına baxmayaraq, oraya çatanda yenə izdihamla qarşılaşdıq. Qütb Minar qədim məscid qalıqları, daş sütunlar, naxışlı qapılarla əhatə olunmuş, göyə doğru uzanan bir dua kimi idi. Yetmiş iki metrlik boyu ilə buludların arasından keçib Tanrının qulağına bir sirr pıçıldayırdı. Onun qırmızı qumdaşından yonulmuş səthi günəş şüasında parıldayır, yumşaq külək naxışların arasından keçdikcə minarənin özü nəfəs alırdı. Hər mərtəbənin bəzəyi fərqli idi. Birində Qurandan ayələr, birində çiçək naxışları, o birində isə dövrün memarlıq dilinin qüruru vardı. Minarəyə yaxınlaşdıqca insan hiss edir ki, bu tikili əsrlər boyu yığılan enerjinin, inancın, iddianın simvoludur.

Bir az kənarda isə Quvvat-ul-İslam məscidinin qalıqları vardı. Qırıq sütunlar elə bir görüntü yaradırdı ki, kimsə çox böyük bir səhnəni yarıda saxlamış, aktyorlar isə həmin anda daş olub donmuşdular. Hər addım başqa bir dövrə aparır, daşlara toxunduqca tarix bir anda insanın əlinə dəyib keçirdi.

Oradan ayrılıb bir neçə alış-veriş mərkəzini dolaşdıqdan sonra hava limanına tərəf yola düşdük. Günəş şəhərin qırmızı tozunu qızılı rəngə boyayırdı. İçimdə isə qəribə, boz bir duyğu yenidən üzə çıxmış, sakitcə pıçıldayırdı: “Ehtiyatlı ol”.

Səbəb yox idi, lakin gözlərimə izaholunmaz qayğılı ifadə çökdüyünün fərqindəydim. Kimsə israrla hansısa bir xatirəni oyatmaq istəyirdi.

Gün ərzində bizi gedəcəyimiz yerlərə aparan taksi sürücüsü mədəni bir oğlan idi. Onunla danışdıqca, qəribə bir hiss keçirirdim. Uşaq ikən (yenə də uşaqlığım!) tanıdığım, nə isə haqsızlıq etdiyim kimisə xatırladırdı. Amma kim? Nə hadisə? Xatirələr beynimin içində duman kimi dolaşır, heç bir tablo kəskinləşmirdi.

Oğlan kənardakılardan eşidib hind dilində qulağımızın aldığı kimi - yanlış tələffüz etdiyimiz sözlərə ürəkdən gülür, sonra onların mənasını ingiliscə izah edirdi. Biz yolda həm gülür, həm danışır, həm də hər şeyin o yüngül, səmimi axarından həzz alırdıq. Dehliyə üç gün sonra qayıdacağımızı deyəndə, bizə öz əlaqə nömrəsini verdi: “Gələndə zəng edin. Siz burada yad qonaqsınız, mütləq köməyim dəyər”.

...Günəş üfüqə yaxınlaşdıqca, Dehli küçələri qırmızı, narıncı çalarlı nağılvari bir rəng alırdı. Sonra qəfil bitdi və hava limanının qarşısı peyda oldu. Mən taksidən düşmək üçün ödənişi etdim. Sürücü son dəfə soruşdu: “Geri qayıdanda mənə yenidən zəng edəcəksiniz?”

Təbəssümlə başımı tərpətdim: “Əlbəttə. Sən çox mehriban insansan”.

Oğlanın son baxışı gözlərimin önündə tablo kimi donub qaldı.

Çamadan və çantamı götürüb düşdüm. Taksi uzaqlaşmağa başladı. Bir-iki addım atdım və qəfil içimə ildırım kimi bir fikir düşdü. Beş saniyə sonra anladım ki, telefonum taksidə qalıb. Sürücünün getdiyi yol sonsuzluğa uzanırdı. Hindistanlılar mənim təlaşlı halımı görüb yaxınlaşır, biri ingiliscə, başqa biri öz dilində nəsə danışır, “nömrəsi?”, “zəng edək?” deyə soruşurdular. Mən isə aciz bir cümləni təkrar edirdim: “Nömrəsini bilmirəm. Telefonumda idi. Telefon isə… taksidə qaldı”.

Hava limanının nəhəng binası qarşımda dayanmışdı. Bizim Guvahatiyə uçuşumuz yaxınlaşırdı. Bir tərəfdə yetişməli olduğum şəhər, o biri yanda isə geri dönməyən bir taksi, itirdiyim yeni telefonum və içimdəki o qaranlıq hissin haqlı çıxması.

Guvahatiyə çatanda konfrans iştirakçılarını qarşılayıb qalacağımız otelə apardılar. Burada həyat daha yavaş axırdı. Brahmaputra çayının durğun axan suları, qaranlıqdan süzülən sarı işıqlar, dar küçələrinin bir nöqtəyə yığılan sakitliyi var idi. Dehlinin gurultusundan sonra buranın sakitliyi insanı öz içi ilə üz-üzə qoyan bir hüzün daşıyırdı. Guvahatidə səbəbi bilinməyən doğmalıq vardı.

Telefonumu itirməyimin yaratdığı narahatlıq hələ keçməmişdi. İçimdə dolaşan tək fikir isə bu idi: yaşadığım uğursuz hadisənin səfərimə kölgə salmaması üçün mütləq müəllimimlə danışmalıyam. Bilirdim ki, mən nə qədər özümü sıxsam da, onun bir cümləsi ilə yüngülləşəcəyəm. İçimdəki qaranlıq otağın işığını yandıran tək insan odur. Çatan kimi köhnə telefonumda heç kimin bilmədiyi başqa bir nömrədən ona yazıb hər şeyi danışdım. Məhz onun: “Bunun heç bir önəmi yoxdur” deməyinə ehtiyacım vardı. Cavab mesajı gələn an bütün gərginlik, narahatlıq bir anda çəkilib getdi. Üzüm anidən işıqlandı, ürəyim öz yerinə qayıtdı. Artıq itən telefon, şəkillər, sənədlər mənə əhəmiyyətsiz görünürdü. Əslində, bu səyahətin ən çətin anı mənə təslim olmamağı öyrətmişdi.

Konfrans isə düşündüyümdən daha maraqlı keçdi. Üç gün ərzində dinlədiyimiz çıxışlar başqa qapılar açdı, fərqli dünyaların nəfəsini duymağa imkan verdi. Bizim məruzələrimiz də rəğbət və maraqla qarşılandı. Guvahati Dövlət Universiteti geniş bir ərazini əhatə edirdi. Tələbələr bizimlə çox xoş davranır, hər şeyin ürəyimizcə olması üçün əllərindən gələni edirdilər. Eyni zamanda konfransa başqa ölkələrdən gələn qonaqları gəzdirməklə məşğul olan tələbələr bizi Guvahatinin müxtəlif maraqlı yerlərinə aparır, oradakı günlərimizin xoş keçməsi üçün çalışırdılar. Çox istiqanlı, xoş insanlar idilər. Bircə boşqabdakı xörəyi əlləri ilə yeməkləri, sonda boşqabı barmaqları ilə sıyırmaqları da olmasaydı.... Hələ də yadıma düşəndə gülürəm.

Gəlməmişdən bir gün öncə hindu məbədinə getdik. Doğrusu, rəfiqəmlə eyni xarakterdə olmaq mənim üçün çox xoş idi. Çünki bələdçinin: “Buraya girdiyiniz andan hazırda mənsub olduğunuz dini dəyişmiş olacaqsınız” cümləsi bizə çox saf və komik təsir bağışladı.

Hindu məbədi… Başqa aləmə keçmişdik. Yanar şamların titrək işığında hər şey insanı vahimə içində saxlayırdı. Təbii ki, rəfiqəmlə fikir ayrılığı yaşadığımız məqamlar da olurdu. Məsələn, ona Hindistanlıların müxtəlif cansız varlıqlara sitayişi boş görünsə də, mən insanın sitayiş etdiyi obyekti deyil, ona olan inamı əsas tuturdum. Divarlardakı rəngli heykəllər, çoxqollu tanrılar, hər yerdən gələn qəribə dua səsləri, insanların gözündəki inanılmaz bağlılıq Tanrı adlandırıb hər birimiz ayrı cür dərk etdiyimiz o varlığa sığınmağın nə qədər vacib olduğunu xatırladırdı.

...Yolumuz yenidən Dehliyə idi. Reysimiz səhərə planlaşdırıldığına baxmayaraq uçuş axşama qalmışdı. Əlimizdə çamadanlar, yorğunluqla başqa bir yerə getməyin çətin olacağını düşünüb bütün günü hava limanında imtahana hazırlaşmaqla keçirdim. Axşam Dehliyə qayıtdıq. Otelə yerləşən kimi yuxu məni öz qoynuna aldı. Növbəti üç günün sərgüzəştləri bizi gözləyirdi.

Səhər günəş hələ tozun içindən tam çıxmamış ilk işimiz Hindistan qapısına getmək oldu. Şəhərin sarı nəfəsi içimə dolurdu. Məşhur sarı-yaşıl “tuk-tuk”la küçələrin labirintindən keçərək oraya çatdıq.

Hindistan qapısı uzaqdan görünəndə zaman bir anlıq ayaq saxladı. İsti külək arxadan itələsə də, abidənin qarşısında dayananda insan bilmədən nəfəsini içinə çəkir. Müharibədə həlak olan yetmiş mindən çox hind əsgərinin xatirəsinə ucaldılan bu qapı daşdan yox, insan nəfəsindən, unudulmuş hekayələrdən yoğrulmuşdu. Orada dayananda keçmişdən minlərlə əsgərin ayaq səslərini eşitdim.

Humayun türbəsinə çatanda isə günəş elə qəribə bir bucaqdan düşürdü ki, qırmızı qumdaşı divarlarının üstü yandırılmış qızıl yarpaqlarla örtülmüşdü. Hər addımımda o mənə yaxınlaşmırdı, mən onun əsrlərdən gələn nəfəsinə doğru çəkilirdim.

Türbənin ətrafındakı geniş bağlar ilk baxışda sadə görünürdü. Lakin gəzə-gəzə anlayırdım, bu bağlar təsadüfi deyil, tamamilə cənnət təsəvvürünə uyğun salınıb. Sufi fəlsəfəsi ilə yoğrulmuş çaharbağ sistemidir: dörd tərəfə bölünmüş, su kanallarıyla birləşmiş bir cənnət modeli.

Ayağımın altındakı hər daş hansısa sirləri pıçıldayırdı.

Bu türbə, əslində, Tac Mahalın sınaq layihəsi idi. Sonralar Şah Cahan Tac Mahalı tikdirəndə məhz Humayun türbəsinin memarlığından ilham almışdı. Hündür tağlar, simmetrik plan, ağ mərmərin qırmızı qumdaşı ilə dialoqu burada başlanmışdı. İki möhtəşəm tikili arasında gizli bir qohumluq vardı. Humayun türbəsi özündən sonra gələcək Tac Mahalın taleyini əvvəlcədən bilirmiş...

Türbənin yan tağlarında bəzilərinin dizaynı qəsdən natamamdır. Bu, İslam memarlığında “kamillik yalnız Allaha məxsusdur” düşüncəsi ilə edilən bir ənənədir. Humayun türbəsində də memarlar bir neçə tağı, bir neçə işləməni azca fərqli qoyublar ki, insan əsəri mükəmməl görünməsin. Bəlkə də, biz də natamamlıqlarımızla gözəllik yaratdığımızın fərqinə varmırıq.

Əmir Xosrov Dəhləvi… Türk mənşəli böyük şair, sufi, musiqiçi, XIII əsrin Hindistanını nəfəsi ilə dolduran bülbül. Əmir Xosrov həm türk, həm hind mədəniyyətlərini özündə birləşdirən nadir yaradıcı idi. Atası türk, anası hindli idi. Buna görə də çox vaxt “Hind-əl-Türk” adlandırırdılar. O, iki dünyanın dili, musiqisi, ruhu arasında canlı bir körpü idi. Onun məzarına çatanda ilk gördüyümüz insan izdihamı oldu. Kimsə dua edir, kimsə sakitcə ağlayır, başqası isə içindəki min arzudan yalnız birini dilinə gətirə bilirdi. Ziyarətgahın qapısından içəri keçəndə gözümə minlərlə ip ilişdi. Adamlar əlləri ilə türbənin toruna ip bağlayır, ürəklərindəki ən dərin arzunu pıçıldayırdılar. Mən də insanın öz qismətinə toxunduğu bu ipi bağlayarkən, yenə də inanclarımızın bizi idarə edən gizli qüvvələr olduğunu düşündüm. Hərçənd rəfiqəm buna da etiraz edərək diləklərimizi Tanrıya söyləməli olduğumuzu desə də, mən enerjinin kainatı, dolayısı ilə insan bəxtini idarə edən qüvvə olduğunu düşünürdüm.

Ayaqqabılarımızı yaxınlıqdakı bazarda çıxarıb içəri girmişdik. Amma çıxanda oranı tapa bilmədik. İnsan izdihamında ayaqyalın o bazara tərəf qaçmağımız – indi bunu düşünəndə gülməyim gəlir - qaynar daşlara toxunan ayaqlarım, arxadan gələn qarmaqarışıq səslər, bazarın kənarında satıcıların bizi çaşqın-çaşqın izləməsi… Nəhayət, ayaqqabılarımızı tapıb taksiyə doğru qaçdıq.

Axşam isə günün səs-küyü birdən susdu. Çünki yolumuz Cəvahirləl Nehru Universitetinə düşdü. Bura Hindistanda həm təhsil ocağı, həm də düşüncə mərkəzi kimi qəbul olunur. Kampus həyətində tələbələrin səsli müzakirələri, gecənin qaranlığında belə işıq saçan kitabxanalar, hər küncdə açıq debatlar mənə elmə aşiq insanların enerjisini hiss etdirirdi. Baxmayaraq ki, biz oraya çatanda axşam düşmüşdü, ancaq hələ də oxu zalları dolu idi. Universitetin tələbələri kampusda ətrafında müzakirə apardıqları intellektual debat mədəniyyəti ilə tanınırlar. Hindistanda “fikirlər burada bişir” deyirlər.

Səhər tezdən Aqra yoluna çıxanda Dehli artıq arxada qalırdı, amma onun səs-küyü, izdihamı, ritmi hələ də qulaqlarımızda çalınırdı. Yol gedə-gedə düşünürdüm: nə üçün dünyanın ən möhtəşəm gözəlliklərindən biri məhz bu qədər tozlu, boğanaq, yorğun bir şəhərdə yerləşməliydi? Sanki taleyin öz oyunu idi, gözəlliyə çatmaq üçün mütləq bir az əziyyət çəkməlisən. Küçələrdə qarışıq, yorucu səslər, qızmar günəşin altında qaçışan insanlar, yolun ortasında özünə ev seçmiş məxmər gözlü inəklər… Bütün bunların içində nəsə vahiməli bir gözəllik vardı.

Tac Mahalın ağ mərmər silueti uzaqdan görünəndə toz birdən havada çözülür kimi oldu. Bütün şəhər susub onu göstərmək üçün yol açmışdı. Giriş qapısından içəri daxil olarkən gördüyüm mənzərə məni bir anda susdurdu. Tac Mahal şəkillərdəki kimi deyildi. O, canlı idi, nəbzi vardı, nəfəs alırdı. Mərmər divarları gün ərzində dörd fərqli rəngə çalır. Səhərlər gümüşü, günorta ağ-şəffaf, gün batanda çəhrayı, gecə isə mavi. Bəlkə də, sevgi elə budur. Gün boyu dəyişir, ancaq mahiyyətini itirmir.

Ona yaxınlaşanda mərmərin üstündəki naxışlar diqqətimizi çəkdi. Çiçəklər, ayələr, simmetrik rəsmlər. Bu rəsmlər adi qiymətli daşların tozundan hazırlanmış pastayla işlənib. Ona görə hər detal əbədi təravətdə qalır. Şah Cahan heç bir rəngin solmasını istəməmişdi, sevgisinin solmasını istəmədiyi kimi…

İçəridə yüksək qübbədən səs əks-səda ilə geri qayıdırdı. Bir addım atanda ayaq səslərim elə boşluğa düşürdü ki, o boşluqda min illərin ahı yaşayırdı. Şah Cahanın Mehriban Mumtazı üçün qurduğu bu ağ məbədin sükutunda qəribə bir həzinlik var idi. O sükut mənə elə toxundu ki, içimdə nə illər əvvəlki xatirələr, nə də bu səfərin yorğunluğu qaldı. Sadəcə, bir cümlə canıma hopmuşdu: Sevgi incəsənətə çevriləndə əbədiləşir.

Daha sonra getdiyimiz Aqra Fortun qırmızı qumdaşı divarları qarşıma çıxanda başqa bir Hindistana keçdim. Divarları o qədər hündür idi ki, göyə söz deməyə cəsarət edirdilər. İçəridə dolaşdıqca hər küncdə şahlıq, xəyanət, iztirab hiss olunurdu. Şah Cahan Tac Mahalı tikdirdikdən sonra ömrünün son illərini elə bu Fortun eyvanlarından birində keçirmişdi. Oğlu onu bir növ ev dustağı etmiş, Şah Cahan isə günlərlə o eyvanda oturub Tac Mahala - sevdiyi qadının məzarına baxaraq ömrünü başa vurmuşdu. Bir anlıq elə hiss etdim ki, buradan çıxmaq mümkün deyil, tarix adamı udur.

Gecə yola çıxanda şəhərin işıqları uzaqlaşdıqca içimdə qəribə bir sakitlik yarandı. Yolumuz Matura məbədinə - Hindistanın bu qədim, sirli dini mərkəzinə idi. Məbədə çatanda gecə hər şeyi daha da sirli etmişdi. Hətta yolumuzu belə. Bir ara geri qayıdarkən məbədə əşya keçirməyə icazə vermədikləri üçün telefon və passportlarımızı qoyduğumuz çantalarımız olan taksini itirdiyimizi düşündük. Hər dəfə belə situasiyalarda qalanda Anarın “Qatardan qalan adam” hekayəsini xatırlamaq istəmirəm. “Taksidən qalan xanımlar”. Nə isə.

Taksimizi tapdıq. Aqradan Delhiyə qayıdarkən sürücü yenə mənə bir balaca qorxu yaşatmasaydı kaş ki. Rəfiqəm yatmışdı, mən isə, pəncərədən yolları izləyirdim. Qaranlıq küçələrin birində sürücü mənə: “Pəncərədən baxmayın, içkili adamlarla dolu olan bir maşın bizi izləyir” dediyi an yaranan qorxumu sözlə ifadə edə bilməyəcəyim üçün heç nə yazmıram daha o barədə. Yaxşı ki sağ-salamat qaldığımız otelə çata bildik.

Səhəri gün isə günortaya kimi rəfiqəmlə Hindistanın müxtəlif kasıb bazarlarını gəzdik. Tozlu hava, çirkli, zibilli küçələr, hər addımbaşı ayaqyalın dilənən uşaqlarla müşaiyət olunan küçələri gəzdikdən sonra nəhayət ki, Bakıya qayıtmaq vaxtı gəldi. Təyyarədə gözlərimi yumanda bütün bu yerlər mənimlə birlikdə bir xatirə, heç unudulmayacaq əhvalat kimi başqa ölkəyə doğru yol almışdı. Bakı üçün nə qədər darıxdığımı isə buraya yaza biləcəyim heç bir kəlmə anlada bilməzdi…

İlahə Səfərzadə, yazıçı-publisist,

Bakı Dövlət Universitetinin doktorantı

(Xüsusi olaraq “bizimyol.info saytı üçün)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri