İcra başçısının müavini: Saxlanılmağımla bağlı məlumatlar doğru deyil, mənim o işlərlə nə əlaqəm var?!
Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Əfsar Mirzəliyev barəsində yayılan məlumatlara münasibət bildirib.
Ə.Mirzəliyev Pravda.az-a açıqlamasında deyib ki, bəzi media orqanlarında saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Mənim o işlərlə nə əlaqəm var?! Yazılanlar tamamilə yanlışdır. İşimin başındayam", - o qeyd edib.
Qeyd: "Bakupost.az" saytının yaydığı məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat keçiriblər. Əməliyyat zamanı 4 kiloqram qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb. Qeyd olunub ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır. Bəzi saytlarda isə iddia olunub ki, saxlanılan şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyevdir.