Icma.az
close
up
RU
İflas prosesinə hüquqi baxış

İflas prosesinə hüquqi baxış

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir sahibkar biznesini qurarkən uğur qazanacağına inanır. Lakin bazardakı sərt rəqabət və maliyyə çətinlikləri bəzən ən sabit şirkətləri belə çətin vəziyyətə sala bilir. Maliyyə öhdəliklərini yerinə yetirə bilməyən, kreditorların təzyiqi ilə üzləşən və fəaliyyətini davam etdirmək iqtidarında olmayan müəssisələr üçün iflas artıq qaçılmaz sonluğa çevrilir.

Amma iflas yalnız son deyil, bəzən yeni başlanğıc üçün də hüquqi çərçivə rolunu oynanır. Məqalənin birinci hissəsində qeyd etdiyimiz kimi mövcud qanunvericilikdə şəxsin müflisləşməsinə borclunun öhdəliklərini ödəmə qabiliyyətinin olmaması kimi izah edilir. Bu halda borclu iflas prosesinə məruz qalır.

İflas prosesinə başlanmasının hüquqi yolları

Mövcud qanunvericiliyə əsasən, iflas prosesinə iki hüquqi yolla başlanıla bilər: məhkəmə vasitəsilə və borclu müəssisənin təşəbbüsü ilə.

1. Məhkəmə vasitəsilə iflas prosesinə başlanılması

İflas prosesinə məhkəmə qaydasında başlanılması üçün əsas kreditorların və ya borclunun kommersiya məhkəməsinə təqdim etdiyi ərizədir. Ərizənin məhkəməyə təqdim edildiyi tarix iflas prosesinə məhkəmə vasitəsilə başlanmanın hüquqi məqamı sayılır. İflas haqqında iş məhkəmə tərəfindən qəbul edildikdən sonra, qərar çıxarılana qədər borclu kreditorlarla hesablaşmaq niyyəti ilə məhkəməyə vəsatət təqdim edə bilər. Kommersiya Məhkəməsi işi daxil olduğu gündən etibarən bir ay müddətində araşdırır və müvafiq qətnamə qəbul edir. Əgər qətnamədən maraqlı şəxslər şikayət verərsə, apellyasiya və kassasiya instansiya məhkəmələri də işi bir ay müddətində nəzərdən keçirir.

Məhkəmə iclası keçirildikdən sonra iflas işi üzrə aşağıdakı qərarlardan biri qəbul edilir:

borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi; müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması; borclunun müflis elan edilməsindən imtina edilməsi.

Müflis elan olunma barədə qətnamə qüvvəyə mindikdən sonra təyin olunan əmlak inzibatçısı kreditorların ilkin yığıncağını ən geci 15 gün ərzində çağırmalıdır.

2. Borclu müəssisə tərəfindən iflas prosesinə başlanılması

İflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanıla bilər. Bu halda təşəbbüs yalnız borclu müəssisənin (və əgər müəssisə dövlət müəssisəsidirsə, İqtisadiyyat Nazirliyinin) qərarı əsasında həyata keçirilə bilər. Qərarın qəbul olunduğu tarix iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının hüquqi məqamı hesab edilir. Həmin qərarla eyni zamanda əmlak inzibatçısı da təyin edilir. Bu halda, kreditorların yığıncağı iflas prosesinə başlamaq barədə qərarın qəbul olunduğu gündən ən geci 21 gün ərzində keçirilməlidir.

İflas prosesinə başlanılmasının hüquqi nəticələri

İflas prosesinə başlanılması hüquqi baxımdan mühüm nəticələr doğurur və bu nəticələr borclunun təsərrüfat fəaliyyətinə, əmlakına, idarəetmə orqanlarının səlahiyyətlərinə və kreditorlarla münasibətlərinə birbaşa təsir göstərir. Qanunvericiliyə əsasən, iflas prosesinə başlanması məqamından etibarən borclunun mülki hüquq münasibətlərində sərbəst fəaliyyəti məhdudlaşdırılır.

İflas prosesinə başlanıldığı andan borclu artıq öz təsərrüfat fəaliyyətini əvvəlki qaydada davam etdirə, öhdəliklərini sərbəst şəkildə icra edə və ya əmlakının hər hansı hissəsi üzərində sərəncam verə bilməz. Borclunun bu cür əməliyyatları yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının yazılı icazəsi ilə həyata keçirilə bilər. Bu mexanizm iflas prosesində borclunun əmlakının ədalətli idarə olunmasını və kreditorların maraqlarının qorunmasını təmin etməyə yönəlib.

Borclunun müflis elan olunması məqamından etibarən aşağıdakı hüquqi nəticələr yaranır:

borcluya qarşı aparılan bütün məhkəmə araşdırmaları, eləcə də borcludan alınmalı məbləğlərin tutulmasına dair digər hüquqi hərəkətlər dayandırılır; borcluya qarşı irəli sürülən tələblər yalnız iflas prosesi çərçivəsində, yəni qanunda nəzərdə tutulan qaydada həyata keçirilə bilər; qanunvericiliyə zidd olmayan hallarda borclunun əmlakına dair əvvəl qəbul edilmiş məhkəmə qərarlarının icrası dayandırılır; əmlak inzibatçısına verilən səlahiyyətlər istisna olmaqla, borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; borclu müəssisə bundan sonra öz əmlakı üzərində hər hansı sərəncam vermək və ya əməliyyat aparmaq səlahiyyətinə malik olmur.

Əmlak inzibatçısının rolu və təyin olunma şərtləri

İflas prosesinin gedişində əsas fiqurlardan biri əmlak inzibatçısıdır. O, borclunun əmlakını idarə edir, kreditorlarla hesablaşma mexanizmini təmin edir və məhkəməyə hesabat verir. Əmlak inzibatçısı həm fiziki, həm də hüquqi şəxs ola bilər və bu vəzifəyə həm rezident, həm də qeyri-rezident şəxslər təyin edilə bilərlər. Nəzərə çarpan daha bir qeyd budur ki, əgər borclu dövlət müəssisəsidirsə, inzibatçının məhkəmə tərəfindən təyin olunması zamanı İqtisadiyyat Nazirliyinin rəyi mütləq nəzərə alınmalıdır. Bu, dövlət müəssisələrinin xüsusi statusu və strateji əhəmiyyətindən irəli gəlir.

Əmlak inzibatçısı təyin edilmək istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:

hüquq, iqtisadiyyat, mühasibat uçotu və ya təsərrüfat idarəçiliyi sahəsində ali təhsil almalı və ya bu sahələrdə əməli təcrübəyə malik olmalı; törətdiyi cinayət nəticəsində müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməmiş olmalı; barəsində iflas prosesi başlanmamış olmalıdır.

Bu şərtlər əmlak inzibatçısının peşəkar, qərəzsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədi daşıyır. Təyinatdan əvvəl əmlak inzibatçısı maraqların toqquşmasının qarşısını almaq üçün onu təyin edən orqan qarşısında yazılı şəkildə bəyan etməlidir ki, bu vəzifəni icra etməkdə şəxsi marağı yoxdur.

Beləliklə, əmlak inzibatçısının fəaliyyəti iflas prosesinin obyektivliyini və şəffaflığını təmin edən əsas hüquqi mexanizmdir. Onun düzgün seçilməsi və müstəqil fəaliyyəti borclunun əmlakının səmərəli idarə olunmasına, kreditorların maraqlarının qorunmasına və prosesin qanun çərçivəsində aparılmasına xidmət edir.

Nəticə etibarilə iflas prosesi biznes dünyasında yalnız iqtisadi uğursuzluğun göstəricisi deyil, həm də hüquqi baxımdan ədalətli yenidən bölüşdürmə və idarəetmə mexanizmidir. Qanunvericiliyin müəyyən etdiyi prosedurlar borclu və kreditorlar maraqlarının balanslaşdırılmasına və iqtisadi sabitliyin qorumasına xidmət edir. Əmlak inzibatçısının təyin edilməsi, məhkəmə nəzarəti və kreditor yığıncaqları kimi mexanizmlər bu prosesin şəffaf və obyektiv şəkildə aparılmasına imkan yaradır.

Bununla belə, iflas vəziyyətinə düşmək heç də şirkətlərin fəaliyyətinin qəfil sonu demək deyil. Əksinə, bu, bəzən yeni bir başlanğıc üçün hüquqi çərçivə yaradır. Lakin belə halların yaranmasının qarşısını almaq üçün mübahisələrin erkən mərhələdə həlli xüsusilə vacibdir. Bu baxımdan mediasiya institutu mühüm rol oynayır. Tərəflər arasında yaranan borc və öhdəliklərlə bağlı fikir ayrılıqları vaxtında mediasiya yolu ilə həll olunduqda, uzunmüddətli məhkəmə çəkişmələri, maliyyə itkiləri və müflisləşmə kimi risklər əhəmiyyətli dərəcədə azalır.

Eyni zamanda, məhkəmə sistemində kommersiya mübahisələrinin səmərəli və operativ həlli mexanizmlərinin inkişaf etdirilməsi də iflas hallarının sayının azalmasına və biznes mühitində etimadın artmasına xidmət edir. Məhz bu iki institut - mediasiya və məhkəmə mexanizmləri bir-birini tamamlayaraq hüquqi sabitliyin və ədalətli iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır.

Qasım Şaliyev - Vəkil

Əsməgül Kamilova - Hüquqşünas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see422

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see404

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see377

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see361

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see279

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see278

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see270

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see249

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see220

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see210

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see209

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see208

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see208

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see193

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see185

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see184

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see183

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see179

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see172

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri