Icma.az
close
up
RU
İki dünya arasında Cənnət axtarışı

İki dünya arasında Cənnət axtarışı

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vüqar Abbasov: “Bəzilərində elə təəssürat var ki, burada pul ağacda bitir, hər kəs kef-damağ içindədir, əxlaqsızlıq baş alıb gedir...”

Şərq və Qərb. Bu iki sivilizasiya arasındakı fərqlər, həyat tərzləri, müsbət və mənfi cəhətləri, insana və cəmiyyətə yanaşma formaları daim müzakirə və mübahisə predmetidir. Şərq insanı üçün Qərb daha çox gələcəyi simvolizə edir, Qərb insanı üçünsə Şərq bir növ keçmişə - nağıllar aləminə səyahətdir.

Mövzunu Niderlandda yaşayan tanınmış azərbaycanlı jurnalist, diaspor fəalı, ictimai xadim, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı, Avropa Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovla müzakirə etdik. Həmkarımız və həmyerlimiz AYNA.Az-a müsahibəsində maraqlı məqamlara toxunub.

- Avropada həyat nə qədər asan, nə qədər çətindir?

- Avropa böyükdür, bildiyiniz kimi. Hər yerdə də həyat tərzi eyni deyil. Məsələn, bir çox Şərqi Avropa ölkələrindən, misal olaraq, Polşa, Rumıniya kimi ölkələrdən Qərbi Avropaya, həmçinin də Niderlanda axın olur - işləmək, maddi qazanc, yaxşı həyat tərzi üçün. Əgər sualınızı bir qədər konkretləşdirib, yaşadığım ölkəyə ünvanlasaq, deyə bilərəm ki, Niderlandın ən çox rahatlıq verən cəhətlərindən biri burada qanunların aliliyi, işləkliyidir. İnsan qanuni haqının pozulacağı halda onu bərpa edə biləcəyinə əmin olanda, rahat olur - mənim üçün belədir, hər halda.

Övladlarınla bağlı rahatlığın var. O mənada ki, istər ali təhsilli olsun, istər orta, istərsə də sənət öyrənmiş olsun, övladının işlə təmin olunması ilə bağlı qayğın yoxdur. Bilirsən ki, iş elanları müəyyən saytlarda, idarə və müəssisələrin öz saytlarında olur. İşə müraciət edib, lazım olan mərhələləri keçə bilsən, işlə təmin olunursan. “Lazım olan mərhələlər” isə bəzi Şərq ölkələrindəki anlayış kimi deyil, Qərb anlayışı kimi anlaşılmalıdır. Bir qədər də açıq desəm, “day-day”, rüşvət və s. ağlımıza gəlməli deyil. Amma qeyd edim ki, burada da şəxsi əlaqələr müəyyən məqamlarda rol oynaya bilir. Bu kimi misalları çox gətirmək olar, lakin o zaman tək bu sualınızın cavabı bir qəzet səhifəsi qədər alına bilər (gülümsəyir – T.T.).

Çətinliklərə gəlincə, əlbəttə ki, var. Xüsusən, birinci nəsil üçün çətinliklərin çox olduğunu düşünürəm; dil, yeni mühit, fərqli adətlər, fərqli iqlim və s. Məsələn, burada çayxanalar yoxdur ki, ürəyin istəyəndə kiməsə zəng edib çay içməyə dəvət edəsən (gülümsəyir – T.T.). Zarafat öz yerində, burada kiminləsə qəhvə içmək üçün belə, ən azı bir neçə gün, bəzən bir neçə həftə öncədən zəng etməli, görüş almalısan. Burada insanların həyatı da, deyə bilərəm ki, proqramlaşıb. Bu da bəzi insanlara çətinlik yarada bilir.

- Günümüzdə axın Şərqdən Qərbə doğrudur. Niyə?

 -Bu sualınızın cavabına Şəhriyarın bir beyti ilə cavab verməyə başlayım:

Bizdən irəlidədir avropalılar,

İşi iş bilənə tapşırır onlar.

Cavabımı İsmayıl bəy Qaspralının “Firəngistan məktubları” kitabından bir seçmə ilə davam etdirmək istəyirəm:

“Türküstanda deyirlər ki, “firənglər (avropalılar – V.A.) şeytandır”. Yox, şeytan deyillər, sadəcə kamil və mahir insanlardır”.

Bəzən bunu anlamaq çətin olar, amma yenə də həmin kitabda İsmayıl bəy “Firənglər birdən-birə anlaşılmazlar” – yazır. Burada insan özünü fərqli hesab edir, xüsusən insanların bir-birinə münasibətinə görə, vəzifəsindən, tutduğu mövqeyindən aslı olmayaraq. Məsələn, şəxsən mən özüm burada hanısa dövlət idarəsinə, siyasi partiyaya və s. məktub göndərirəm, demək olar ki, həmişə cavab alıram. Amma buradan Azərbaycana bir neçə dövlət təşkilatlarına məktub göndərmişəm, onların isə çox azından cavab almışam. Demək istəyirəm ki, burada adamı, vətəndaşı ciddiyə alırlar və bu da adama xoş təsir bağışlayır. Qısa desək, insan haqları çox önəmlidir burada. Yəni insan özünün ciddiyə alındığını biləndə özünü insan kimi hiss edir.

Siz təsəvvür edin, bayaq qeyd etdim ki, məsələn, Polşadan insanlar Niderlanda işləməyə gəlirlər. O da deməyə əsas verir ki, öz yerlərindəki iş şəraiti, yaxud qazanc və s. onları qane etmir. Bizim soydaşlarımız isə sevinərək Polşaya işləməyə gedirlər. Təbii ki, bəzi ölkələrdən də Azərbaycana işləməyə gələnlər olur, oradakı şərait işləməyə gələnləri qane edir. Bu da çox söz deyir.

- Qərbdə: Avropa və Amerika qitələrində yaşayan həmyerlilərimizin xoşbəxt həyat haqqında paylaşımları, danışıqları, müsahibələri var. Amma ara-sıra gileyləri də duyulur. Məsələn, dişlərini müalicə etdirmək üçün Kanadadan durub Azərbaycana gələnlər olur...

- Əlbəttə ki, ideal cəmiyyət yoxdur. Hər halda mən belə düşünürəm. Hər yerin çatışan və çatışmayan cəhətləri var. Bayaq qeyd etdiyim kimi, Qərbdə həyat fərqlidir. İnsanların fikirləri, səsləri, düşüncələri nəzərə alınır. Onda özünü rahat hiss edirsən. Gəzməli, görməli yerləri də çoxdur. Avropanın bir yerindən başqa yerinə getmək elə də böyük çətinlik yaratmır. Qeyd etdiyiniz məqama gəlincə, özümlə əlaqədar bəzi nüansları sizinlə bölüşüm.

Yaşadığım yerdən Belçikanın Antverpen şəhərinə 75 km məsafədir. Mən ordan şəkil paylaşanda bəzən mənə özəldən “kefdəsən” və s. kimi yazanlar olur. Mən də deyirəm ki, bizim bu kimi yerlərə getməyimiz böyük bir şey deyil, bizim üçün bu məsafə Bakıdan Azərbaycanın ən yaxın rayonuna olan məsafədən də qısadır. İnsanlar bəzən xoşbəxt görsənməyə çalışırlar, mən bunu alqışlayıram - yaxşı məqsədlə edilirsə, yəni pozitiv enerji vermək və s. kimi məqsədlərlə edilirsə.

Gileyə gəlincə, giley etməli də yetərincə səbəblər var. Məsələn, diş həkimləri. Burada qiymətlər çox bahadır. Mən lətifələrlə, məsəllərlə danışmağı sevirəm. Odur ki, oxucularla bir lətifə bölüşüm. Biri həkimə gəlir, həkim də yaxın tanışı imiş. Məqsədi o olur ki, münasibəti yaxşıdır, ona pulsuz bir neçə diş (implant) düzəltsin. Görür ki, diş həkiminin qapısında bir löhvə asılıb və orada belə yazılıb: “Diş insana iki dəfə pulsuz verilir, üçüncüdə pul ödəməlisən”. Üzünü fırladıb ordan gedir. Diş həkimi üçün Azərbaycana gəlmək burada diş həkiminə getməkdən maddi baxımdan daha sərfəlidir (gülümsəyir – T.T.).

- Ümumən maraqlıdır: Şərqi Qərb üçün və əksinə cəlbedici edən nədir?

 -Şərqdə öyrəniləsi çox şey var. Əbəs yerə “Qoca Şərq” deyilmir. Şərqin də Qərbin də özlərinə məxsus mədəniyyətləri var. Şərq həm də zəngin olub, zəngindir. Amma Şərqdə bunu lazımi qədər dəyərləndirə bilmədilər və məncə, bu gün də bilmirlər. Məsələn, adi ədviyyatı Qərbə əvvəllər də Şərqdən gətiriblər, bir çox halda indi də Şərqdən gətirirlər. Niderlandda nəyinsə qiymətinin baha olduğunu demək istəyəndə “İstiot kimi bahadır” (Peperduur) deyirlər. Bu da ondan qaynaqlanır ki, bir vaxtlar bura Şərqdən gətrilən istiotun qramı çox baha olub. Buna bənzər deyim Fransada da var (Cher comme poivre). Yəni Şərq Qərbi hər zaman öz zənginliyi və özünəməxsus mədəniyyəti ilə cəlb edib. Qərb isə şərqliləri daha çox insana verilən dəyərlə, yaşayış tərzi ilə cəlb edib.

Aleksandr Düma “Qafqaza səyahət” əsrində yazır: “Yoxuşda və enişdə atlar bir balaca büdrəsəydi, o dünyalıq olardıq. Nə yaxşı ki, atlar büdrəmir! Yoxsa, onsuz da insan həyatı az qiymətləndirilən bu yerlərdə - Şərqdə adam bir göz qırpımında məhv olardı”.

Yəni Qərbdə Şərqə həm də belə baxıblar. Elə həmin əsərdə Düma yazır: “Bəli, Şərq belədir. Ətirli yeməklər, daş-qaş, silahlar, çirkab, toz-torpaq – hamısı bir-birinin yanında”.

Qərbdə isə belə deyil. Əvvala, mənim fikrimcə, yeməklərinin ətri, dadı Şərqdəki kimi deyil. İnsanlar daş-qaşa o qədər bağlı deyillər. Toz-torpaq yoxdur. Bunlar hamısı isə Qərbdə qətiyyən bir yerdə ola bilməz.

Şərqlə Qərb arasında böyük fərqlər var. Türkiyəli diplomat Yaqub Qədri Qaraosmanoğlu özünün “Zorən diplomat” əsrində bunu çox gözəl ifadə edib. Qeyd edim ki, o, bir çox Qərb dövlətində, həmçinin də Niderlandda diplomat kimi fəaliyyət göstərib. Həmçinin İranda da diplomatik fəliyyəti olub. Sözünü etdiyim kitabında yazır: “Tehranda iki il qalana qədər mən heç bir zaman Şərqlə Qərb arasında bu qədər dərin uçurum olduğunu bilməmişdim. Hər dəfə bu uçurumun bir tərəfindən o biri tərəfinə baxanda Şərq və Asiya xalqlarının Qərb mədəniyyətinə qovuşmaq üçün sərf etdiyi səylərin nə qədər əbəs olduğunu söyləmək istəyirəm”.

Bundan sonra isə əlavə bir sözə ehtiyac görümürəm. Bir onu qeyd edim ki, avropalılar özləri kimidirlər və özlərini heç vaxt kiməsə bənzətməyə çalışmazlar. Bəlkə də, Avropanı Avropa edən həm də dəyərlərinə bağlılığıdır. Təbii ki, elmə, təhsilə verdikləri dəyər Avropanın bugünkü Avropa olmasında önəmli rol oynayıb.

- Avropa haqqında nəyi bilirik və nəyi bilmirik? Və sual verən tərəf olsaydınız, nələri soruşardınız və necə cavab verərdiniz?

- Maraqlı və geniş cavab tələb edən sualdır. Avropalılar haqqında çox şeyi bilmirik. Bəzilərimizdə elə təəssürat var ki, avropalıların hamısı mədənidir. Bu isə belə deyil, burada da, hər yerdə olduğu kimi, hər cür insan var. Bəzilərimizdə elə təəssürat var ki, insanlar burada hər gün restoranlarda, kafelərdə qəhvə, pivə içirlər, kef-damağ içindədirlər - belə deyil. Bəzilərimizdə belə düşüncə var ki, burada pul ağacda bitir - belə də deyil. Bəzilərimizdə belə düşüncə var ki, Avropada əxlaqsızlıq baş alıb gedir - belə deyil, əxlaq anlayışlarımız fərqlidir. Çox misal gətirə bilərəm, lakin bu qədər kiayətdir.

Özümə nə sual verərdim? Özümə suallarım çox olardı, onların içərisində həmçinin sizin mənə ünvanladığınız suallar da mütləq özünə yer tapardı. Hamısını özümə ünvanlamaq imkanım olmadığı üçün birini ünvanlayıb cavabımı da verim. Sual edərdim ki, sənə (yəni mənə) yaşadığın ölkədə - Niderlandda ən çətin gələn nədir? Cavabım isə belə olardı: adımı tələffüz etmək. Kiminləsə tanış olanda adımı tələffüz etməkdə, onlara çatdırmaqda çətinlik çəkirəm. Adımın son hərfini tələffüz etmək mənim üçün çətindir. Bu da mənə adımı deməkdə çətinlik yaradır. Bir neçə dəfə adımı təkrar etməyə məcbur oluram. Çox vaxt sənəd göstərirəm ki, oradan adımı oxusunlar. Adımı biləndən sonra isə mənim adımı məndən daha yaxşı tələffüz edirlər (gülümsəyir – T.T.).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri