İlham Əliyev fəhmi və Tramp tramplini
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Amerika dünyanın o başıdır, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında məsafə də çox uzaqdır. O qədər uzaq ki, Bakıda axşam düşəndə Vaşinqtonda səhər başlanır. Ancaq zaman-zaman bu məsafənin dəyişdiyi də çox olub. Yox, nə aralıqdakı kilometrlər azalıb-artıb, nə də bu fərq yay vaxtına keçidlə əlaqədar saatın dəyişməsiylə yaranıb. Müasir dünya elə vəziyyətdədir ki, məsafələrin yalnız köhnədən bəlli ənənəvi ölçülərlə müəyyənləşdirilməsi artıq keçmiş hadisəsidir. Siyasətlər ən uzaqları da bir-birinə çox yovuq edə, ən yaxın qonşuları da bir-birndən çox aralı sala bilir.
2025-ci il avqustun 8-i ABŞ–Azərbaycan Respublikası münasibətlərinin bütün tarixi boyunca Bakı ilə Vaşinqton arasındakı məsafənin ən qısa olduğu bir gün idi. Səbəb günün içərisini dolduran hadisələrdi.
Prezident İlham Əliyev onu müşayiət edən nümayəndə heyəti ilə Ağ Evdə idi və balaca bir otaqda dünya tarixinin əlamətdar anları yaşanırdı. O otağa ona görə “balaca” deyirəm ki, baş verən hadisə bu kiçik məkana sığmaz qədər nəhəng idi və əsla yalnız orada dövlət başçıları ilə təmsil olunan 3 ölkəyə aid deyildi. Dünyanın siyasəti, dünyanın özünün çöhrəsi, Yer kürəsinin siyasi xəritəsi dəyişməkdədir və həmin ağlasığmaz dəyişiklikləri edənlərin ön sırasında biz varıq – Azərbaycan var, onun lideri Prezident İlham Əliyev var!
Addım-addım böyük tarixlər ömrümüzdən keçir. Baş verən bir-birindən əzəmətli, taledəyişici hadisələrin şahidi olmaq başqa bir məsudluqdur. Söz yox, o zəfərlər ki bizim gözümüzün qarşısında cərəyan edir, gələcək nəsillər həmin olmuşları Azərbaycan tarixinin ən parlaq səhifələri kimi qavrayacaq, bütün bunlara şahid olmuşları da müstəsna insanlar kimi xatırlayacaq.
Bəs həmin tarixləri yaradanlar necə?
Əlbəttə ki, onların, vaxt ötüşüylə, daha çox müqayisələr aparmaq fürsəti yaranarkən verəcəyi qiymət indi yaxın məsafədən baxaraq bizim verdiyimiz qiymətlərdən qat-qat dürüst və indikindən də dəfələrlə yüksək olacaq.
Prezident İlham Əliyevin strateji düşüncəsinin əhatəsi elə genişdir və o qədər aydındır ki, onun böyüklüyünü bu gün yalnız rəhbəri ilə iftixar edən Azərbaycan xalqı deyil, bütün dünya ya açıq, ya da qəlbində etiraf etməkdədir.
Dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Azərbaycan rəhbərinin onun haqqında müxtəlif vaxtlarda söylədiyi qiymətverici fikirləri fəxrlə öz səhifəsində yerləşdirirsə, bunun səbəbi yalnız o deyil ki, bunlar başqa bir dövlət başçısının onun haqqında tərifli sözləridir. Doğrudur, dünyada tərifdən hamının xoşu gəlir və kim desə ki, o, daha çox tənqidi sevir, bu sözlərin səmimiyyətinə inanmaq həmişə müşkül olacaq. Ancaq tərifdən-tərifə də fərq var. Axtarsanız, Donald Trampın yenidən dövlət başçısı seçilərək fəaliyyətə başlamasından bir qədər əvvəl də, Ağ Evdə səlahiyyətlərinin icrasını gerçəkləşdirdiyi son aylarda da onun haqqında dünyanın tanınmış siyasətçiləri və dövlət xadimləri arasından da, elə müxtəlif ölkələrin prezidentlərindən də xoş sözlər söyləmiş olan çoxlarının adlarını da, fikirlərini də tapacaqsınız. Prezident Tramp həmin söylənmişlərdən məhz Azərbaycan rəhbərinin fikirlərini seçərək bir dəfə deyil, ardıcıl öz fərdi ictimai səhifəsində ona görə yerləşdirir ki, bunları sadəcə tərif və xoş sözlər olaraq yox, dərin zəkalı, müdrik və güclü bir liderin qənaətləri kimi qəbul edir və anlayır ki, gendən baxanlar da o sözləri məhz həmin şəkildə qəbul edirlər.
Bu, təsəvvürediləndir, ancaq gözlə görülüb eşidilənə də dünya şahiddir – Ağ Evdə Prezident Donald Tramp və Prezident İlham Əliyev yanaşıdırlar. Mikrofonlar açıq, kameralar işləyir, həmin andakıları dünya görüb-eşidir və ABŞ rəhbəri Azərbaycan dövlətinin başçısına “Siz böyük lidersiniz” deyir və dərhal da Prezident Əliyev təvazö ilə Prezident Trampa cavab verir: “Mən böyük liderlə yanaşı əyləşmişəm”.
Hər ikisi haqlıdır. Bunu isbat edən dəlillər çoxsa da, sübutların ən üzdə olanı elə həmin görüş, o cür yanaşı oturub o səmimiyyətlə müzakirələr aparmaları, həmin görüşə və müzakirələrə gətirib çıxaran yolu hazırlaya bilmələridir.
ABŞ dünyadakı 200-ə yaxın dövlətdən biri olmaqdan daha böyükdür, həmin dövlətlərin birincisi, ən qüdrətlisidir və dünyanın qismətini müəyyən edənlərin əvvəlincisidir. Vaşinqtonda yalnız bu ölkənin deyil, dünyanın aqibətinə dair layihələr cızılır, qərarlar verilir, hərəkətlər edilir. Bir nömrəli paytaxtdan və bir saylı ofisdən gələn hər səda dünyanın dörd bucağında əks-sədalanır, ardınca da hərə öz arşınına görə təhlillərə başlayır. Söz yox, bu Zirvə Toplantısı da istisna deyil.
Müstəqilliyimizin və ölkəmizə qarşı erməni işğalının başlanmasının lap əvvəlində – 1992-ci ildə ABŞ Konqresi “Azadlığı müdafiə aktı”na əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını yasaqlayan qanunvericilik aktını qəbul etdi.
Və bununla da ölkəmiz ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevrildi. Lap başlanğıcdan bu, erməni lobbisinin əl altından birbaşa təsirləri və onların şirnikləndirici cazibə dairəsində olan senatorların vurnuxmaları ilə baş tutmuş mürtəce bir qərar idi və təməldən həqiqətlər kəlləmayallaq edilərək məsələ bu cür də qoyulmuşdu ki, həmin sənəd Azərbaycan tərəfindən Dağlıq Qarabağın ”işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə qəbul edilir. Təbii, söhbət yardımda deyildi, Azərbaycan özü özünü təmin etmək, yaşatmaq və iqtisadi cəhətdən gücləndirə bilmək qabiliyyətini çoxdan ortaya qoyub və həmin mənhus “düzəliş” də guya zahirən maddi dəstəkdən imtinanı nəzərdə tutsa da, sırf siyasi səciyyəli idi, ABŞ-nin Ermənistan–Azərbaycan münaqişəsində heç də bizətərəf olmayan mövqeyini əks etdirirdi. 33 il sonra həmin “düzəliş”in, nəhayət ki, ləğv edilməsi bir tərəfdən ABŞ-nin Azərbaycana yetərincə sağlamlaşmış münasibətinin bəyanıdırsa, digər tərəfdən də Azərbaycanın Qarabağ Zəfərinin daha bir mərhələsi, illərcə davam etmiş və çox faciələr gətirmiş həmin qarşıdurmanın banisi və daimi qızışdırıcılarından olan erməni lobbisi üzərində qələbəmiz deməkdir!
Ancaq 2025-ci il avqustun 8-nə, həmin düzəlişə xitam verilməsinə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına, nəhayət, 3 dövlətin başçısının Birgə Bəyannaməyə qol atmasına qədər gərgin mübarizəli, çətin, axtarışlı yol keçilib.
Qələbəyə şahid olmaq, buna heyrətlənmək, məftun qalmaq xoşdur, amma gərək həmişə həmin nəticəyə gətirib çıxaran uzun yolu da, bu ağır yükü çiyinlərində daşımışları da sayğı ilə düşünəsən.
2025-in isti avqust günlərində dünya mətbuatının hərarəti həmişəkindən daha çoxdur. Vaşinqton görüşünün təfərrüatlarından bəhs edir, qiymətləndirmələr etməyə çalışırlar. Xarici mətbuat, o sıradan Ermənistanda olan və erməniçiliklə bağlı bir çox xəbər agentlikləri, saytlar, qəzetlər Vaşinqton görüşlərini Prezident İlham Əliyevin döyüş meydanındakı qələbəsindən sonra masa arxasında, diplomatiya meydanında zəfəri sayır, Azərbaycan rəhbərinin qarşısına məqsəd qoyduqlarının hamısına çatdığını bildirir, ən vacibi isə, bu görüşün və imzalanmış sənədlərin, həmin sənədlərin daha yeni anlaşmaların imzalanması üçün hazırladığı özülün Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsində, bölgədə gələcək ictimai-siyasi gerçəkliyin necə olacağını müəyyənləşdirməkdə həlledici rol oynayacağını yazırlar.
Vaşinqton görüşündə Prezident Əliyev, həmişəki kimi, parlaq idi, hədəfə dəqiq vuran idi, nitqləri ilə, davranışları ilə ağıl və güc saçırdı, yenə Azərbaycan onunla böyük görünürdü.
Bütün ölçüləri ilə ABŞ və Azərbaycan Respublikası müqayisəyəgəlməz qədər fərqlidir. Lakin güclü lider varlığı ilə, təfəkkürü və əməlləri ilə Vətənini də böyütməyi, ən qüdrətli dövlətlərlə eyni mərtəbəyə qoymağı bacarır.
Öncəgörmə Tanrının seçkin insanlara bəxş etdiyi ayrı bir istedaddır. Böyük siyasətdəsənsə, nə qədər məlumatlı olursan-ol, belə bir fəhm, sabahıhissetmə, hadisələri, gedişatı qabaqcadan görəbilmə duyğusu səndə yoxdursa, güclü sayılmayacaqsan, illah da, son qərar və son söz səlahiyyəti səndədirsə və belə bəsirətlilikdən məhrumsansa, tez-tez yanılacaqsan, büdrəyəcəksən, kobud səhvlər buraxacaqsan, başqalarını da çaşdıracaqsan, heç vaxt da ötkün şəxsiyyətə çevrilə bilməyəcəksən.
Prezident İlham Əliyev idarəçiliyinin iki onilliyi ərzində Azərbaycanın 200 illik başağrısı və qaçılmaz fəlakətlərinin qaynağı olan pırtlaşıq qara (rəngi başqa cür də göstərmək olar) düyünü biryolluq çözə bildisə, Azərbaycanı dünyanın enerji, nəqliyyat, iqtisadi həyatında yankeçilməz tərəfdaşlardan birinə çevirməyə müvəffəq oldusa, ölkəmizi və dövlətimizi beynəlxalq aləmdə bugünkü ucalığa qaldırmağı bacardısa, respublikanı təsir dairəsində saxlamağa can atan çoxsaylı dövlətlər və qüvvələrin bütün məkr və təhdidlərinin öhdəsindən gələrək müstəqil siyasətini inamla aparmaq qüdrətini nümayiş etdirdisə, bu niyyətəçatmada əngin bilik, sarsılmaz iradə, dəmir qətiyyət (“Dəmir yumruq” da onun bir simgəsi), əzmkarlıq, inadkarlıq, dönməzlik, sözübütövlüklə bərabər və bəlkə bunlardan da daha əvvəl həmin fəhm, gələcəyisezmə, yalnız hesablamalarla deyil, müəyyən həlledici anlarda “altıncı duyğu” dediyimiz daxili gücün hökmüylə hərəkət edib qərarlar qəbul etməsinin də danılmaz yeri var!
Tarix yazılan və tarixə yazılacaq o gündə – 2025-ci ilin 8 avqustunda Ağ Evdə Prezident İlham Əliyev dünyanın ən qüdrətli dövlətinin başçısı ilə yanaşı idi, davranışları, danışıqları heç vəchlə “böyük qardaş” qarşısında dayananın hərəkətləri və söyləyişləri deyildi, inamlı idi, sərbəst idi və müəyyən məqamlarda, xüsusən, Donald Trampın Nobel Sülh Mükafatına layiqliyi təklifini dilə gətirəndə isə vəziyyətin sahibi idi, ona xas natiqlik məharəti ilə auditoriyanı da tərəfinə çəkmişdi: “Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik.
Ümid edirəm ki, mən, həmçinin, Prezidentin mükafatlandırma mərasiminə qoşulacağam. Ümidvarıq ki, o, bizi mərasimə dəvət edəcək”.
Həmingünkü dialoqlarının hər birində aşkarca duyulurdu ki, Tramp bu ünsiyyətdən çox məmnundur, qarşısında kamil bir şəxsiyyətin dayanmasının fərqindədir və açıqca da söylədi: “Siz ağıllı və güclü lidersiniz”.
Bu hüsn-rəğbətsə Azərbaycanın həmin gündəki daha bir qazancı idi. Demək, bu mehriban təmas körpüsü sabah ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə yardım edəcək.
Bu, Prezident Trampın Azərbaycan lideri ilə ilk canlı təması idi. Ancaq həmin görüşəcən də Prezident İlham Əliyevin əvvəllər ABŞ və şəxsən onun haqqında nələr söyləməsindən xəbərdar idi və bildiklərinin dalğasında, təbii ki, danışıqlar başlananadək müsbət təəssürata köklənmişdi. Lakin təmasın ilk anlarındaca bu xoş təəssürat qat-qat dərinləşdi. Əlavə şərhə ehtiyac yoxdu, hər şey aydınca görünürdü. İstər-istəməz belə düşüncə də yaranırdı ki, elə bil Ağ Evin bugünkü sahibi ilə bağlı Prezident İlham Əliyevin bu görüşə qədər müxtəlif vaxtlarda dediyi müsbət fikirlərin, o sıradan ABŞ-də prezident seçkiləri ərəfəsində söylədiklərinin də hamısı irəlicədən hər sözü, hər ifadəsinədək ölçülüb-biçilibmiş.
Öncəgörüm, uzağı qabaqcadan hiss edərək dəyərləndirmə, sabaha hazır olmaq fəhmi elə bu deməkdir.
Vaşinqton Zirvəsində Prezident Tramp “Sərvət hər problemi həll etmir” söylədi və əlbəttə ki, haqlı idi. Amma bir istisna ilə. Bu sərvət insandırsa, böyük zəka sahibi şəxsiyyətdirsə, çox şeyləri həll etməyə qadir olur.
Örnəyi – Prezident İlham Əliyev!
Onikinci yüzilin səlcuq tarixçisi Nəcməddin Əbu Bəkr Ravəndi “Rahət əs-sudur və ayət əs-surur” – “Könüllərin rahatlığı və sevinclərin əlaməti” adlı əsərinin sonundakı “Hökmdarların əyləncələri” adlı fəslində dövlət başçılarına tövsiyə edirdi ki, nərd deyil, şahmat oynamağa üstünlük versinlər. İzah edirdi ki, nərddə zərlər var və onlar işin gedişini dəyişə bilir – nərdtaxta arxasında rəqibinizdən daha yaxşı oynayaraq qalib çıxarsınız, ancaq o, uğurunuzu heçə endirərək cığallıqla deyə bilər ki, sizə zər verdi, ona görə uddunuz. Lakin belə də ola bilər ki, siz oyunu hər cəhətdən yüksək səviyyədə aparsanız da, rəqibin zərlərinin yaxşı gətirməsi üzündən uduzarsınız. Rəqibinizsə sizi cırnadaraq söyləyər ki, o, daha ağıllı oynadığı üçün sizi məğlubiyyətə uğratdı.
Böyük siyasət meydanını nərd taxtası sayaraq zərə bel bağlayanları da, ya uzaqbaşı bu qəliz aləmdə dama gedişləri ilə nailiyyətlərə çata biləcəklərinə ümid bəsləyərək büdrəyənləri də, xar olanları da az görmədik.
Prezident İlham Əliyev qlobal siyasətdə ən mahir qrossmeysterlərdən biri olduğunu artıq çoxdan sübuta yetirmişdir.
Onun böyük siyasətdəki yolu əsrin dörddəbiri həcmində (mən bura İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və ölkənin Baş naziri kimi çalışdığı müddəti də əlavə edirəm) zahirən qısa tarixi dövrü əhatə etsə də, Azərbaycanın həlli mümkünsüz kimi görünən bir silsilə Tarixi (!) problemlərinin həllinə müvəffəq olması dövlət xadimi kimi bu şəxsiyyətin nadirliyi və fövqəladəliyini bariz şəkildə ortaya qoyur.
Gözümüzün qarşısında göz açıb gördüyümüz, indiyəcən bu şəkildə tanıdığımız dünyanın nizamı dəyişdirilir, siyasi xəritəsi başqalaşır.
Və Böyük Azərbaycanlı İlham Əliyev bu planetar dəyişikliklərdə bilavasitə imzası olan müstəsna simalardan biridir.
Hər günü Zəfər salnaməmizin ayrıca bir qürur səhifəsi olan 2020-ci ilin Vətən müharibəsi və onun Şuşa zirvəli 8 Noyabr qələbəsi, ardınca isə 2023-cü ilin 19-20 sentyabrındakı 23 saatlıq antiterror əməliyyatı və onun tam təmizlənmiş Xankəndi təntənəsinin bu millət sevinclərinin baş memarı Prezident İlham Əliyevin adını xalqın bağrının başında həmişə yaşadacağına şəkk yoxdur.
Qurduğu güclü iqtisadiyyat, yaratdığı mükəmməl ordu, apardığı ölçülü-biçili siyasət və müharibə gedişində özünün də İkinci Qadir Orduya çevrilməsi sayəsində bu qələbəni gətirmiş Prezident İlham Əliyevin həmin hünəri siqləti ilə 1918-ci ilin mayında qurucu babalarımızın bu millətə istiqlalı dadızdırmasına, müstəqil milli dövlətimizi qurmasına, unudulmaz Heydər Əliyevin 70 illik həsrətdən sonra bərpa edilmiş müstəqilliyimizin 1993-cü ildə yenidən itirilmək, 2 yaşına çatmamış gənc dövlətimizin parçalanma və süqut təhlükəsi ilə üzə-üzə qalarkən göstərdiyi rəşadətlə tay tutula bilər. Ancaq
İlham Əliyevin etdiklərinin çevrəsi daha geniş və mahiyyəti daha dərindir axı.
Nə XX yüzilin əvvəllərində ilk dəfə elan edilərkən, nə də 1991-ci ilin oktyabrında təzədən bərpa olunanda Azərbaycan istiqlalı heç də rəsmiyyətdə bizə aid ərazimizin hər nöqtəsində bərqərar olmamışdı. Bu ülvi millət arzusu və dövlət idealını reallaşdırmaq Prezident İlham Əliyevin siyasi tərcümeyi-halını bəzəyən hadisədir.
Bütöv Azərbaycan istiqlalı Prezident İlham Əliyevin əsəridir! Daha bütövlərini də bunca mötəbər zəmin üzərində zaman özü gətirəcək!
Ancaq digər mühümdən mühüm müvəffəqiyyətsə ondan ibarətdir ki, güc və imkanlar baxımından qətiyyən bərabər olmayan, üzdən görünən və görünməyən qəliz qarşıdurmada apardığı son dərəcə incə, zərgər dəqiqlikli siyasət və çox gedişləri irəlicədən görmək qabiliyyəti ilə Prezident İlham Əliyev Azərbaycanı və bölgəni erməniçilikdən qat-qat təhlükəli, əslində həmin fəsadın da doğurucusu olmuş bəladan qurtarır. Ancaq tək Azərbaycanı da yox!
Prezident İlham Əliyevin Vaşinqton zəfəri artıq onun yalnız Azərbaycan deyil, yeni Qafqaz quruculuğundakı misilsiz ƏSƏRi kimi dəyərləndirilməlidir.
Tarixdən gələn köhnə və nəcib ənənəylə millət öndərlərinin, sərkərdələrin adının qarşısına onların şücaətlərinin və yaddaşlara həkk olunan əməllərinin nişanəsi olan kəlmələr əlavə edilib. Birinə “Fateh”, birinə “Qurucu”, birinə “Adil”, birinə “Məğlubedilməz”... deyiblər. Qarabağ qələbəsindən sonra Prezident İlham Əliyevin adının önündə xalq da, qələm adamları da “Müzəffər” kəlməsini minnətdarlıq və sevgi ifadəsi olaraq işlətməyə başladılar. Ancaq, zənnimcə, Prezident İlham Əliyevə bugündən belə daha çox yaraşan “XİLASKAR” sözüdür. Çünki 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan torpaqlarını azadlığa çıxarmaq onun başlıca xidmətlərindən sadəcə biridir. Vaşinqton Zirvəsindən sonra açılan perspektivlər Prezident İlham Əliyevi Azərbaycanla yanaşı bütün Cənubi Qafqazın da son iki əsrdən artıq müddətdə məruz qaldığı və gələcəkdə davam edəcəyi ehtimalı da istisna olunmayan gözüdoymaz imperialist iştahlardan, labüd xarici təsir və müdaxilələrdən də xilasediciliyin əsas memarına döndərir.
Prezident İlham Əliyev təkcə yeni, qüdrətli, qalib Azərbaycanın deyil, həm də artıq topsuz-tüfəngsiz, yüksək zəkasının və diplomatik istedadının sayəsində gerçəkləşdirməyi bacardığı xilaskarlıq missiyası ilə sabahkı daha güclü, daha yekdil, daha inkişaf etmiş Cənubi Qafqazın xilaskarı və qurucusu adlanmağa layiqdir.
Bu misilsiz xilaskarlıq və quruculuğun təkan nöqtəsi Zəngəzur dəhlizidir və Prezident Trampın Azərbaycan liderinə bağışladığı simvolik “Ağ Ev açarı” kimi, həmin dəhliz də çox rəmzidir, artıq məcazi mənada yox, elə sözün birbaşa anlamında AÇARdır!
Arxada qalan illərdə bağlanmış beynəlxalq əhəmiyyətli, Avropanın bir sıra ölkələrini qovuşduran və mərkəzində dayandığımız hər layihə iqtisadi səmərəsindən savayı həm də siyasi yük daşıyır, qoruyucu mənası var. Zamanında Ulu öndər “Əsrin müqaviləsi”ni bağlamaq yolunda hətta həyatını risk altında qoyaraq ona görə inadla mübarizə aparırdı və istəyinə də nail oldu ki, həmin bağlaşmaya yalnız Azərbaycanın sabahkı firavan həyatına, zənginliyinə, qüdrətinə gətirib çıxaracaq vasitə kimi deyil, ölkəmizi və müstəqilliyimizi ən müxtəlif xarici təhlükələrdən qoruyacaq zireh kimi baxırdı. Vaxtın gedişi də bunu sübuta yetirdi.
Azərbaycan dövlətinə rəhbərliyə başladığı ilk çağlardan Prezident İlham Əliyev də eyni xətti aparıb: Azərbaycanı dünya əhəmiyyətli mühüm enerji, nəqliyyat, çeşidli iqtisadi müştərək layihələrin aparıcısına, ya aparıcılarından birinə çevirmək, bununla həm ölkəni sərvətləndirmək, daha qadir etmək, həm birbaşa işbirliyi və əməkdaşlıq qurulan ölkələrlə daha sıx dostluq, tərəfdaşlıq münasibətləri ilə bağlanmaq, üstəlik də qıraqdan edilə biləcək təzyiqlərdən, təxribatlardan, həmlələrdən (hətta mümkün işğal tərpənişlərindən) və yüz cür başqa arzuolunmazlıqlardan sığortalanmaq.
Bu xətti gələcəkdə daha inam və qətiyyətlə davam etdirə bilmək üçünsə tədarük etdiyi başlıca etibarlı özüllərdən biri də ABŞ ilə strateji əməkdaşlıq və tərəfdaşlıq yolunun seçilməsi, bu istiqamətdə son ABŞ səfərində ciddi addımların atılması oldu.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasətin və səylərin nəticəsində, nəhayət ki, xeyir-duası Vaşinqton ZİRVƏsində verilən “Zəngəzur dəhlizi” əslində gələcəyə açılan möhtəşəm bir qapı, sabahın yol xəritəsi, söz və nüfuz sahibliyinin səmtini və keyfiyyətini büsbütün başqalaşdıran, dünyanın iqtisadi və siyasi dəyişmə və yeniləşməsini müəyyənləşdirən diqqətəlayiq həlqələrindən biridir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanacaq bu bağlantı layihəsi ilə Azərbaycanın bir hissəsi digər hissəsi ilə – əsas ərazimizlə Naxçıvan müstəqim olaraq birbaşa gediş-gəliş imkanı qazanmaqdan əlavə biz tranzit ölkə olmağın yeni imkanlarını da qazanırıq.
Azərbaycana qarşı təcavüzü davam etdirdiyi bütün müddət boyunca Ermənistan ölkəmizin əsas, aparıcı olduğu beynəlxalq müştərək regional layihələrin hamısından kənarda saxlanılmışdı. İndi bu ölkə üçün də geniş inkişaf imkanları açılır. Ancaq yalnız iqtisadi də deyil, onun müstəqilliyini, ərazi bütövlüyünü qoruyacaq imkanlar. Prezident İlham Əliyev bu haqda Vaşinqton sammitindən və Birgə Bəyannamənin qəbulundan öncə də qarşı tərəfə mövqeyini bildirib, onlara düz yolu göstərib: “Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Çünki siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu – qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq”.
Doğru sözlərdir, həqiqətən, biz bölgədə iqtisadi və siyasi mühitə nəzarətin mənzərəsini, keyfiyyətini və mahiyyətini dəyişəcək önəmli tarixi hadisənin ərəfəsindəyik. Bəs açılacaq Zəngəzur yoluna qarşı irəlicədən də müşahidə edilmiş, indi də səslənməkdə olan etirazlar, asıb-kəsmələr bu niyyətin gerçəkləşməsinə nəsə maneələr yarada bilərmi? 3 liderin bir masa arxasında oturaraq Baş Paytaxtda bu sənədi imzalaması həmin suala “heç bir narahatlığa əsas yoxdur” cavabıdır ki, var. Həmin mərhələyə gəlib çatanadək bütün mümkün əksgetmələr də, göstərilə biləcək müqavimətlər də dönə-dönə müzakirə edilib, ölçülüb-biçilib ki, nəhayət, bu haqda dünyaya səslənmək, dünyanın da gözü qarşısında imzalama mərasimi keçirmək qət edilib. Odur ki, indi hansı vilayətdən hansı bivec hərbə-zorbalar və cılız hədyanlar eşidilsə də, o cür qımıldanmalar hərəkətə gəlmiş qatarın ardınca çığıran naçarın boş hay-küyündən artıq deyil. Ad Dəhlizin üstündədir, “Sülh və Rifah” marşrutunun təhlükəsizlik və fəaliyyətinin zəmanətçisi Amerika Birləşmiş Ştatlarıdır və bu superdövlət kiminlə necə danışmağın, nə təhər rəftar etməyin də qaydalarını gözəl bilir.
Zəngəzur dəhlizini, ya artıq rəsmiləşən adı ilə deyərsək, TRİPP-i ecazkar Sabah Açarı saymağımız, haqqında daim düşündüyümüz və uğrunda çalışdığımız, Yeganə Doğma Ailəmiz olan Türk dünyası ilə bağlıdır. Mərkəzi Asiyadan Zəngəzura çatıb Naxçıvana yetişəcək, oradan Türkiyəyə uzanacaq Nəhəng Türk Yolu bir şah damar kimi türk ölkələrini qovuşduracaq, qarşılıqlı iqtisadi maraqlar öz töhfələrini verəcək, bütün digər bəhrələri ilə yanaşı türk cümhuriyyətlərini bir-birinə daha bağlı, daha vəhdətdə, iqtisadi cəhətdən daha qüvvətli edəcək.
2025-ci ilin 8 avqustunda ABŞ və Azərbaycan prezidentləri ilk dəfə görüşdülər və baxışlarda, mövqelərdə, ayrıntılara münasibətdə o qədər yaxınlıq vardı ki, sanki çoxdan eyni yolu yanaşı gedən məsləkdaşdılar.
ABŞ-nin 45 və 47-ci prezidenti eyni adamdır. Fəqət 47-ci Prezident 45-ci Prezidentin apardığı sülhçü, qurucu, rifahçı, barışdırıcı, tənzimləyici xətti yenə davam etdirsə də, o, artıq həm də başqa liderdir. Az olmayan yaşına rəğmən ruhən cavan olan Donald Trampın bir məziyyəti də onun çevik uyğunlaşma, vaxtla ayaqlaşma bacarığı, günün yeni istəkləri və çağırışlarını həssaslıqla sezmək keyfiyyətidir. Bugünün Trampı ənənəvi olaraq dünyanı dəyişməyə meyilli ABŞ-nin özünü də dəyişir, onu bir para yıpranmış təsisatlardan arıtlayır, qondarma demokratiya pərdəsi altında aparılmış saxtakar, riyakar və müftəxor təmayüllərdən azad etməyə çalışır. Ona görə də dünənəcən Ağ Evə qiblə kimi baxan və kəsilmiş maliyyəyə görə indi ağzı yağlı tikədən məhrum olmuş qondarma “azadlıq aşiqləri” asi düşərək dünənki ibadətgahlarını qeyzlə “Qara Ev” adlandırırlar.
Donald Tramp sülhün, yaxınlaşmanın, bir-birinə uyğunlaşmanın ucuz sözbazlıqdan deyil, konkret əməldən keçən modellərini təklif edir, ağırlığı iqtisadiyyata sarı yönəldir və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” da ABŞ dövlət başçısının sülhçü səylərinin daha bir təsdiqidir.
Ancaq bu “Marşrut” da, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan və ABŞ hökumətləri arasında imzalanmış Anlaşma Memorandumu da böyük ölçüdə yeni inkişaf sıçrayışları üçün tramplindir. Tramp tramplininin açdığı üfüqlərin Azərbaycana vəd etdiyi yeni yüksəlişlər ən yaxın sabahlardan gülümsəyir.
Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik


