Icma.az
close
up
RU
İnəyini apara bilməyən Nisənin saldığı kənd... Videoreportaj

İnəyini apara bilməyən Nisənin saldığı kənd... Videoreportaj

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Hələ aprelin əvvəlləri idi. Sosial şəbəkələrdə yayılan bir video diqqətimizi çəkdi. Üzərində bu sözlər yazılmışdı: “Bura İsveç deyil, Yardımlının Nisəqala kəndidir”.

Dağlarla əhatələnmiş, sıx meşəli, göy yaylaqlı bu kəndə elə videoya baxarkən aşiq olduq. Mütləq gedib kəndi görməli idik. Lakin yağmurlu hava şəraitinə görə səfərimizin vaxtı yubandı, bu günlərə təsadüf etdi. 

“Qafqazinfo” olaraq budəfəki yolumuz təkcə gözəl təbiəti ilə deyil, həm də qədimliyi ilə seçilən Nisəqala kəndinədir.

Bizi kəndə dağların ətəyi ilə burulan yollar aparır. Yolboyu çəmənlikləri sarı çiçəklər və lalələr bəzəyib. Kəndin kələ-kötür yolları ilə mərkəzinə doğru gedirik. Bura həm təbiətin gözəlliyi, həm də tarixlə bu günün birləşdiyi nadir yerlərdən biridir. Kənddə müasirliklə yanaşı, keçmişin izlərini daşıyan evlər, daş yollar və illərin toxunmadığı mənzərələr var. Sanki burada zaman bir az ləngiyib. İkigünlük səfərimizin ilk günündə kəndin ətrafında gəzdik, buranın sakinləri ilə həmsöhbət olub gündəlik həyatları ilə tanış olduq. 

249 evin yerləşdiyi Nisəqalada 1350 nəfər sakin yaşayır. Kənd ağsaqqallarından olan 70 yaşlı Şakir Sultanov bu kənddə doğulub-böyüyüb. Şakir baba deyir ki, kəndin yaranma tarixi 1700-1750-ci illərə təsadüf edir: “Kökü Milə kəndi olub. Ora Nisəqaladan təxminən 1 km aralıda yerləşir. Bir talanın içində olan həmin ərazidə hazırda yaşayan yoxdur, lakin orada qədim qəbirlər qalıb. Kəndin oradan buraya köçməsi isə Nisə adlı bir qadınla bağlı olub. Belə ki, həmin qadının inəyi bu kəndin ərazisində olan bulağın yanına gəlib qalırmış. Qadın nə qədər çalışsa da, inəyini apara bilmirmiş. Buna görə də məcbur olub özü də burada məskən salıb. Digər kənd sakinləri də onu tək qoymamaq üçün yanına köç ediblər. Milə kəndində qalan qəbiristanlıqdakı müqəddəs ocaq- VII İmam Museyi Kazım Əleyhisalamın nəvəsi Seyid bəy Musəvinin qəbri toxunulmazdır. İnsanlar ona inanır, hər hansı arzu-diləkləri olarsa, gedib niyyət edir, nəzir verirlər. Əfsanəyə görə, həmin ocaq ilanlar tərəfindən qorunur. Ora gedib nəsə gətirmək istəsən, ilanlar imkan verməz. Götürdüyün hər nədirsə, onu yerə qoymayana qədər dalınca gələrlər. Ona görə də heç kim oradan bir çöp belə gətirmir. Əksinə, nəzirlər aparırlar, qurbanlar kəsirlər”. 

Müsahibim deyir ki, bura gələn qonaqlar kəndi zəmanənin cənnəti adlandırırlar. Nisəqala kanyonu turistlərin ən çox üz tutduğu məkanlardandır.

59 yaşlı Şəhla İsgəndərova kəndin zəhmətkeş qadınlarındandır. Onun qapısını döyəndə elə çörək bişirməyə hazırlaşırdı. Burada hamı qış-yay demədən, öz evində təndirə çörək yapır. Kənd camaatı ruzi-bərəkətin bol olmasına səbəbi də elə bunda görür: “Təkcə toyda, yasda mağazadan çörək almağa ehtiyac olur. Qalan vaxt hamı özü bişirir. Unu da dəyirmanda üyüdürük. Kənddə hamı özü əkib-becərir. Ona görə də nəinki çörək, heç kartof-soğan və digər tərəvəzləri də mağazadan almırıq. Burada nə oğurluq olur, nə də başqa bir şey. İnsanlarımız qonaqpərvər, mehribandırlar. Kənd 5 tayfanın üzərində qurulub. Amma heç bir ayrı-seçkilik yoxdur. Hamı bir-biri ilə qohum olub. Kəndimizdə qızlar açıq-saçıq geyinməzlər. Burada böyüyün sözünə çox önəm verilir. Ata-ana nə desə, övlad onu dinləyər”.  

Şəhla xanımın 3 oğlu, bir qızı var. Övladları artıq ailə sahibidir və şəhərdə yaşayırlar. Eyni zamanda oğullarından biri - 28 yaşlı Hikmət Kərimli valideynləri ilə birlikdə Nisəqalada qalır. İllərdir kənd təsərrüfatı ilə məşğul olan kəndli, həm də bələdçilik edir. Adətən həftə sonları bu kəndə üz tutan turistləri 5 ildən çoxdur ki, Hikmət qarşılayır: “İllər öncə Qəbələ rayonuna səfər etmişdim. Orada məndən hansı rayondan olmağımı soruşdular. Buralar haqqında məlumat verəndə dedilər ki, belə bir yerin olduğunu bilmirlər. Bundan sonra gəlib instaqramda bir səhifə açdım və rayonumuzun, kəndimizin gözəlliklərini çəkərək yerləşdirdim. Bununla da kəndimiz tanınmağa başladı. İlk dəfə bura gələn turist isə Amerikadan olub. Deməli, səhifəmdə görüblər və gəlib soruşublar ki, Azərbaycanda belə bir yer var, ora getmək istəyirik. Turistlərə belə bir yerin olmadığı deyilib. Sonra elə səhifəmə yazdılar, gəldilər və aparıb onları gəzdirdim”.

Kəndin sakitliyini təbiətin səsi pozur. Torpağın qoxusu, quşların səsi və çayın şırıltısını şəhərdən gələn qonaqlar üçün əsl terapiya hesab etmək olar.

Hikmət bəy kəndə bu qədər qonağın gəlməsini sakinlər üçün çox faydalı hesab edir: “İlk zamanlar kənd camaatı qəribə qarşılayırdı. Onlar üçün bu tanış mənzərə deyildi. Lakin zamanla öyrəşdilər. Öz toyumda da turistlər iştirak etdilər. Bütün gün yeyib, rəqs etdilər. Bu onlara da, kənd camaatına da maraqlı idi. Bir turun gəlməsi ilə 8-10 ailəyə xeyir dəyir. Onlar adətən süd, qatıq, pendir, yağ, yumurta, kartof, soğan və evdə hazırlanan kompotlar alırlar”. 

Artıq 10 ildir ki, arıçılıqla məşğul olan 72 yaşlı Mübariz Şahbazov isə ailə büdcəsinə kömək üçün arı saxlayır: “Əgər kənddə yaşayırsansa, mütləq təsərrüfatın olmalıdır. Həm əkinlə, həm də maldarlıqla məşğul olmalısan. Bu gün kəndə gələn qonağı üzüağ qarşılaya bilirik. Bizim kənddə hamı hər işlə məşğul olur, hər şey əkir-becərir. İl olur ki, havalar şaxtalı keçir və bağ məhsulu yaxşı olmur. Bu zaman maldarlıqdan qazanc əldə edirik”. 

Kəndlilərin ən çox əziyyət çəkdiyi məqam isə kənd yollarının bərbad halda olmasıdır. Yağış, qar yağanda yarı yolda qalırlar. Elə kəndə gələn qonaqlar da bu məsələdə çətinliklə üzləşirlər. 

Yardımlının Nisəqala kəndinə olan səfərimizin ikinci günündə sübhdən qalxıb kəndi qarış-qarış gəzdik, yeni insanlarla tanış olduq. Həmsöhbət olduğumuz 85 yaşlı Muğanqız nənənin danışdıqları, keçmişə dair xatirələri, səsi və baxışları sanki bir dövrün aynası idi: “Keçmişdə adətlər başqa idi. Amma indiki zaman daha yaxşıdır, bolluqdur. Qızlar oxuyur, təhsil alır. Mən həmişə deyirəm, kimin qız uşağı varsa, mütləq oxutsun. Qız özü öz çörəyini çıxarsın, heç kimə minnətkar olmasın”. 

Əvvəllər bu kənddə qızlar təhsillərini davam etdirə bilmirmişlər. Lakin son 5 ildə bu yöndə də inkişaf var. Belə ki, artıq qızlar da yüksək nəticə göstərərək universitetə qəbul olur və təhsil almaq üçün Bakıya üz tuturlar. Bu da digər məktəblilərin yoluna sanki mayak olur. Kənddə yerləşən Əmin Hacıyev adına Nisəqala kənd tam orta ümumtəhsil məktəbində uşaqların təhsilə olan marağı, müəllimlərin əzmi bizi ümidləndirir.

191 şagirdin təhsil aldığı bu məktəb 2008-ci ildən fəaliyyət göstərir. Kənd sakinləri düşünür ki, qızların məktəbi bitirən kimi evlilik deyil, təhsil, iş düşünməsinə kömək edən amillərdən biri də məhz bura gələn turistlərdir. Xüsusilə qadın turistlərin kəndə səfəri həm valideynlər, həm də gənc qızlar üçün bir stimuldur. 

Nisəqala bu gün qədim küçələri, sadə insanları ilə ziyarətçilərini qarşılayır. Vaxt elə bil burada başqa cür axır. Sanki dünya bir anlıq dayanır və hər şeyin əslində nə qədər sadə, nə qədər gözəl olduğunu xatırladır.

Lamiyə Məmmədova 

Foto-Video: Xəyal Vəlizadə


















Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri