Icma.az
close
up
RU
İnsan ömrünə uzanan şəfalı əl

İnsan ömrünə uzanan şəfalı əl

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Samir Əsədli

“Həkimin ilk dərmanı onun sözüdür.” Bu fikrin həqiqətini ən çox xəstəxana qapısından nigaran ürəklə içəri girən adam anlayır. Çünki insan ağrı içində olanda qarşısındakı həkimdən yalnız düzgün diaqnoz, dərman, əməliyyat gözləmir. Onun səsində arxayınlıq, baxışında inam, münasibətində doğmalıq da axtarır. Bir həkimin adını çəkirsən, qarşılığında sadəcə bir cümlə eşidirsən: “Yaxşı həkimdir, yaxşı da insandır…”

Bu bircə cümlənin arxasında isə neçə minnətdarlıq, neçə sağalmış insanın sevinci, neçə ailənin ürəkdən gələn duası dayanır. Çünki həkimi yaddaşlarda yaşadan yalnız biliyi, elmi adı, apardığı əməliyyatlar deyil. İnsan ən çətin, ən nigaran günündə ona uzanan əli, ürəyinə təskinlik verən sözü, “narahat olma” deyib içində ümid oyadan doğma münasibəti unutmur. İllər keçir, xəstəxana otağının nömrəsi, reseptdə yazılan dərmanların adı, hətta həmin günlərin ağrısı belə yaddaşdan silinə bilir. Amma insan ona necə münasibət göstərildiyini unutmur. Xüsusən də o münasibət həyatının ən ağır, ən kövrək çağında qarşısına çıxıbsa.

Həkimlik insan taleyi ilə hər gün üz üzə dayanmaqdır. Bir qapının arxasında övladından yaxşı xəbər gözləyən ana, bir dəhlizdə atasının əməliyyatdan çıxmasını gözləyən övlad, başqa bir otaqda bütün ümidini həkimin biliyinə bağlayan xəstə… Hərəsinin öz ağrısı, öz nigaranlığı, öz duası var. Həkim isə bütün bunların içində yalnız xəstəliyin qarşısında dayanmır, insanın qarşısında dayanır. O insanın evdə yolunu gözləyəni, gecəni dua ilə keçirəni, telefondan gələcək bircə yaxşı xəbərə ümid bağlayanı var. Ona görə həkimin verdiyi qərarın arxasında bəzən bir nəfərin deyil, bütöv bir ailənin taleyi dayanır.

Tibb elmi xəstəliyi tanımağın və müalicə etməyin yollarını öyrədir. İllərin təcrübəsi həkimin qərarını dəqiqləşdirir, əlini möhkəmləndirir. Amma qarşısındakı insanın susqunluğunda qorxunu, baxışında ümidsizliyi duymaq başqa qabiliyyətdir. Bunu heç bir dərslik tam öyrədə bilmir. Bunun üçün insanı hiss etmək, onun ağrısını yalnız analizlərin cavabında deyil, səsində, üzündə, bəzən də heç nə demədən susmağında görə bilmək lazımdır. Yaxşı həkimi seçdirən cəhətlərdən biri də budur. O, xəstəliyin nə olduğunu bilir, amma xəstə olan insanın nə yaşadığını da anlayır. Elə həkimlər var ki, xəstə onların qəbul otağından yalnız reseptlə çıxmır. Bir az daha arxayın, bir az daha ümidli çıxır. Çünki qarşısında yalnız xəstəliyini müalicə edən mütəxəssis deyil, onu dinləyən, qorxusunu anlayan bir insan görür. Bəzən həkimin bir neçə sakit sözü insanın günlərlə içində böyütdüyü qorxunu azaldır. Bəzən “bunun çarəsi var” cümləsi dərmandan əvvəl təsir göstərir, xəstəni müalicəyə və sabaha hazırlayır. Həkimlə xəstə arasında etimad da çox vaxt məhz belə anlarda yaranır.

Professor, tibb elmləri doktoru, cərrah Şakir Feyruz oğlu İbrahimlini tanıyanların onun haqqında danışarkən ilk diqqət çəkdikləri cəhətlərdən biri də məhz bu münasibətdir. Şakir doktorun qəbulunda olan, onunla bir neçə dəqiqə söhbət edən adam ilk növbədə sadəliyini hiss edir. Qarşında böyük elmi yol keçmiş, onilliklərin cərrahi təcrübəsini daşıyan professorun olduğunu bilirsən. Amma söhbət başlayanda həmin titulun yaratdığı rəsmiyyət aradan çəkilir. Səni dinləyən, sözünü kəsməyən, narahatlığının səbəbini anlamağa çalışan bir insan qalır. Sadə, səmimi, xəstənin başa düşdüyü dildə danışır. Söhbətində doğma Yardımlının incə ləhcəsinin şirinliyi də duyulur. Xəstəliyin mahiyyətini və müalicənin gedişini elə aydın izah edir ki, adam otaqdan çıxanda sanki xəstəliyin özü dəyişməsə də, ona münasibəti dəyişir. Qorxusu azalır, daxilində bir arxayınlıq yaranır. Hətta onu tanıyanlar zarafatla deyirlər ki, Şakir bəy xəstəliyi elə sakit, elə şirin dillə başa salır ki, adam az qala bir də onun söhbətini eşitmək üçün yanına gəlmək istəyir. Bu zarafatın altında isə ciddi bir həqiqət yatır. Xəstə həkimin biliyinə güvəndiyi qədər onun münasibətinə də güvənmək istəyir. Şakir İbrahimlinin söhbətindəki sakitlik və sadəlik həmin etimadı ilk görüşdən yaradan xüsusiyyətlərdəndir.

Onun üçün qapıdan içəri girən adamın vəzifəsi, imkanlı və ya imkansız olması əsas deyil. Qarşısında köməyə ehtiyacı olan insan varsa, ölçü budur. Onu tanıyanların dilində tez tez bir ifadə də səslənir: kasıbın, imkansızın adamıdır. Təmənnasızlığı, sadə insana münasibəti, hər kəsə eyni gözlə baxması onun həkim xarakterinin seçilən cizgilərindəndir. Heç kimin xətrinə dəyməməyə, qarşısındakı adamı incitməməyə çalışır. Ağrısı ilə qapısına gəlmiş insanı səbəbsiz yerə saatlarla gözlətmək də onun təbiətinə yad münasibətdir. Çünki xəstə insan üçün vaxt başqa cür keçir. Ağrısı olan adamın yarım saatı belə bəzən uzun bir günə çevrilir. Həkim bunu anlayanda onun qayğısı yalnız tibbi yardımda deyil, münasibətində də görünür. Böyük adamların sadəliyində həmişə başqa bir cazibə olur. Şakir bəydə də bu sadəlik özünü göstərmək ehtiyacının olmamasından, illərin qazandırdığı daxili təmkindən gəlir. Professor adı xəstə ilə onun arasına məsafə qoymayıb. Əksinə, böyük təcrübə insanlara münasibətdə daha çox səbir və təmkinə çevrilib. Əsl ziyalılıq bəlkə də elə budur. Qazandığın adlar, elmi dərəcələr səni insanlardan uzaqlaşdırmır, əksinə, onların dərdinə bir az da yaxınlaşdırır. Böyük titul insanı ucaltdığı qədər insanın özü də davranışı ilə həmin titula dəyər qazandırmalıdır.

Bu sadə insan obrazının arxasında isə böyük zəhmət yolu dayanır. Şakir Feyruz oğlu İbrahimli 31 avqust 1954-cü ildə Yardımlı rayonunda anadan olub. Əslən rayonun Musa kəndindəndir. Yardımlı onun həyat yolunda sadəcə doğulduğu ünvan deyil. Şakir doktorun xarakterindəki təmkinə, zəhmətə bağlılığa, insanlarla ünsiyyətindəki doğmalığa baxanda doğma elin izlərini görməmək mümkün deyil. Yardımlı adamının mərdliyi gurultulu sözlərdə yox, davranışında, verdiyi sözə sədaqətdə, çətin anda geri çəkilməməsində görünür. Şakir İbrahimlinin peşə və insan portretində də bu xüsusiyyətlərin kökü doğulduğu torpağa gedib çıxır. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Fərqlənmə diplomu böyük zəhmətin ilk nəticələrindən biri idi. Amma həkimlikdə diplom yolun sonu deyil. Əsl məktəb diplomdan sonra xəstə qarşısında, növbələrdə, əməliyyat otaqlarında, məsul qərarların verildiyi anlarda başlayır.

Şakir İbrahimli 1978-1981-ci illərdə Rusiya Federasiyasının Tula vilayətində Lenin Mərkəzi Rayon Xəstəxanasında cərrah kimi çalışıb. Cərrahiyyə onun sonrakı ömrünün əsas istiqamətinə çevrilib. Cərrahiyyə yalnız əl məharəti deyil. Burada bəzən qərar vermək üçün saatlar olmur. Bir neçə dəqiqənin içində verilən qərarın arxasında insan həyatı dayanır. Cərrahın əli dəqiq, düşüncəsi aydın, iradəsi möhkəm olmalıdır. Bununla yanaşı, onun ürəyi insan ağrısına qarşı laqeydləşməməlidir. Hər gün ağrı ilə üz üzə dayanıb ona adiləşmiş hadisə kimi baxmamaq cərrah xarakterinin ən ağır sınaqlarından biridir. Elmi və peşəkar biliklərini artırmaq məqsədilə 1981-1983-cü illərdə Ukraynanın Xarkov şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında klinik ordinatura təhsili alıb. 1983-1994-cü illərdə həmin kafedrada böyük elmi işçi kimi çalışıb. Praktik cərrahiyyə bu illərdə elmi axtarışlarla qovuşub. Klinikada qarşılaşdığı mürəkkəb hallar elmi suallara, elmdə əldə edilən nəticələr isə yenidən xəstənin müalicəsinə xidmət edən biliyə çevrilib. Həkim alim üçün elmin əsl qiyməti də burada görünür. Araşdırma yalnız kitabxanada, laboratoriyada və ya elmi məqalədə qalmır, insan sağlamlığına xidmət edəndə mənasını tamamlayır. 1986-cı ildə yaşlı və ahıl xəstələrdə kəskin xolesistitin kompleks diaqnostikası və müalicəsinin optimallaşdırılmasının müasir imkanlarına həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edib. 1992-ci ildə isə kəskin kalkulyoz xolesistit və onun ağırlaşmış formalarının kompleks diaqnostikası və müalicə üsullarını əhatə edən doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb. 1993-1994-cü illərdə Xarkov Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində çalışıb.

Bu illər təkcə bir azərbaycanlı həkimin elmi yüksəliş illəri deyildi. Həm də illərlə toplanmış klinik təcrübənin, araşdırma vərdişinin və böyük bir cərrahiyyə məktəbinin formalaşdığı dövr idi. Qarşıda isə həmin biliyin Vətənə gətirilməsi, Azərbaycan səhiyyəsinə və gələcək həkimlərə verilməsi dayanırdı. 1995-ci ildən Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən Şakir İbrahimli uzun müddət Pediatriya fakültəsinin Cərrahi xəstəliklər kafedrasının professoru olub, daha sonra universitetin III Cərrahi xəstəliklər kafedrasında professor kimi fəaliyyətini davam etdirib. Burada onun həkim ömrünə başqa bir məsuliyyət də əlavə olunub, müəllimlik.

Bir xəstəni sağaldan həkim bir insanın həyatına toxunur. Həkim yetişdirən müəllim isə öz biliyini yüzlərlə insanın əli ilə gələcəyə ötürür. Auditoriyada deyilmiş bir fikir, gənc cərraha öyrədilmiş bir incəlik illər sonra professorun heç vaxt görmədiyi bir xəstənin həyatında öz bəhrəsini verə bilər. Müəllim həkimin əməyinin gözə görünməyən davamı onun tələbələridir. Bir gün öz əlin əməliyyat masasından çəkilə bilər, amma öyrətdiyin bilik başqa əllərdə yaşamağa davam edər. Bu mənada müəllimlik həkim ömrünü bir insanın ömründən daha uzun edən mənəvi davamdır.

Şakir İbrahimlinin çoxillik elmi fəaliyyəti cərrahiyyənin müxtəlif aktual problemlərini əhatə edir. O, 140-a yaxın elmi əsərin, 16 müəlliflik şəhadətnaməsinin və səmərələşdirici təklifin müəllifidir. Elmi tədqiqatlarında bağırsaqların müxtəlif anomaliyaları, xora xəstəliyinin klinik xüsusiyyətləri, diaqnostikası və müalicəsi, eləcə də cərrahiyyənin digər mürəkkəb problemləri mühüm yer tutur. Bu rəqəmlər onun elmi fəaliyyət yolunun göstəriciləridir. Onların arxasında isə uzun illərin müşahidəsi, araşdırması, klinik təcrübəsi və yorulmadan öyrənmək istəyi dayanır. Onilliklərlə davam edən elmi və praktik fəaliyyətinə baxmayaraq, Şakir doktor müasir cərrahiyyədə baş verən yenilikləri izləməkdən, öyrənməkdən geri qalmayıb. 2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda laparoskopiyanın təşkili üzrə müvafiq kurs keçib. Yetmiş yaşını adlamış, yarım əsrə yaxın cərrahi təcrübəyə sahib professorun yenə öyrənən mövqedə dayanması onun peşəyə münasibətini çox aydın göstərir. Həqiqi mütəxəssis üçün təcrübə öyrənməyin sonu deyil. Əksinə, illər artdıqca insan elmin nə qədər geniş olduğunu daha yaxşı anlayır.

Şakir İbrahimlinin həyat yoluna baxanda bir neçə coğrafi ad ardıcıllıqla görünür: Yardımlı, Bakı, Tula, Xarkov, yenidən Bakı. Bu ünvanların hər biri onun ömründə ayrıca bir mərhələdir. Yardımlı kökü və xarakteri, Bakı ilk böyük peşə seçimi, Tula praktiki cərrahiyyə məktəbi, Xarkov elmi yetkinlik dövrü, yenidən Bakı isə illərlə toplanan biliyin öz ölkəsinə, insanlara və gələcək həkimlərə verilməsi deməkdir. Amma bu ömür yolunun başqa bir xəritəsi də var. O xəritədə əməliyyatdan sonra evinə sağlam qayıdan insanın ocağı, övladına yaxşı xəbər aparan ananın sevinci, müəllimindən öyrəndiyini sabah öz xəstəsinə tətbiq edən gənc həkimin yaddaşı var. Həkim ömrünün görünməyən ünvanları məhz bunlardır.

Həkimin həyatında minlərlə xəstə ola bilər. Amma xəstə üçün həmin anda onun həkimi dünyanın ən vacib insanlarından biridir. Çünki insan ona sağlamlığını, bəzən həyatını etibar edir. Həkim həmin görüşü zamanla unuda bilər. Onun qapısından yüzlərlə, minlərlə insan keçib. Xəstə isə çox vaxt unutmur. Çünki həmin gün onun üçün adi gün olmayıb. O gün qorxduğu bir suala cavab alıb, əməliyyatdan çıxıb, ağrıdan qurtulub, yaxud evinə ümidlə qayıdıb.

Həkim ömrünün qəribə tərəfi də budur. Onun özünün çoxdan unutduğu bir gün başqa bir insanın həyatında ən unudulmaz gün kimi qala bilər. Bir həkim üçün növbəti əməliyyat olan hadisə bir ailə üçün həyatın yenidən başlandığı tarixə çevrilə bilər. İllər insanın saçına dən salır, üzündə iz qoyur, təqvimin vərəqlərini bir bir arxada qoyur. Amma yaxşılıqla görülən işin yaşı olmur. Vaxtilə sağaltdığın insan illər sonra səni xatırlayırsa, bir tələbən “bunu mənə müəllimim öyrədib” deyirsə, bir ailədə sənin adın minnətdarlıqla çəkilirsə, deməli, ömür yalnız yaşanmayıb, insanların yaddaşına da köçüb.

Həkimin ömründən bir parça sağaltdığı insanların sonrakı həyatında yaşayır. Vaxtilə əməliyyat etdiyi adamın övladının toyunda, nəvəsini qucağına aldığı gündə, ailəsi ilə keçirdiyi əlavə illərdə həkimin zəhmətinin görünməyən payı olur. Bir insanın sağlamlığına qaytarılan günlər yalnız onun deyil, ailəsinin də həyatına əlavə olunan günlərdir. Bəlkə də insan ömründə bundan gözəl iz qoymaq çətindir.

Şakir bəy haqqında danışanların onun elmi adlarından əvvəl sadəliyini, səmimiyyətini, xəstəyə münasibətini yada salması təsadüfi deyil. Yardımlının dağlarından, doğma Musa kəndindən özü ilə gətirdiyi doğmalıq uzun yollar keçsə də itib getməyib. Qarşında professor dayanır, amma səsində doğma el adamının səmimiyyətini eşidirsən. Elmi adı böyükdür, təcrübəsi böyükdür, keçdiyi yol böyükdür, amma ünsiyyətdə bunların heç birini qarşısındakı insana hiss etdirməyə çalışmır.

Böyüklük bəzən məhz belə görünür. İnsan çox yüksəlir, amma yanında dayanan adam onunla danışmaq üçün özünü kiçik hiss etmir. Şakir İbrahimlinin sadəliyində də bu rahatlıq var. Bir həkimin qiymətini elmi şuralar, diplomlar, dərəcələr verir. Bunların hər biri mühümdür və böyük zəhmətlə qazanılır. Amma başqa bir qiymət də var. Onu heç bir komissiya vermir. O qiyməti xəstə verir. Bəzən iki kəlmə ilə: “Allah razı olsun, doktor…” Bu sözün nə elmi dərəcəsi, nə rəsmi möhürü var. Amma içində sağalmış insanın bütün minnətdarlığı yaşayır.

Professor Şakir İbrahimlinin yarım əsrə yaxın cərrahiyyəyə, elmə və həkim yetişdirməyə həsr etdiyi yolun ən dəyərli tərəfi də bəlkə elə buradadır. İnsan dərdinə yalnız həkim kimi deyil, insan kimi yaxınlaşmaq. Bir gün tibbi cihazlar daha da yenilənəcək. Bu gün mürəkkəb saydığımız əməliyyatlar sabah daha asan üsullarla aparılacaq. Elmin sərhədləri genişlənəcək. Amma tibbin bir həqiqəti dəyişməyəcək. Xəstə qarşısında yenə insana ehtiyac olacaq. Cihaz diaqnozu dəqiqləşdirə bilər, cərrahi alət əməliyyatı asanlaşdıra bilər, texnologiya həkimin imkanlarını artıra bilər. Amma xəstənin gözündəki qorxunu görmək, səsindəki nigaranlığı duymaq, ona “yanındayam” hissini vermək yenə insanın payına düşəcək. Texnologiya həkimin əlini gücləndirə bilər, onun ürəyini isə əvəz edə bilməz.

Bəlkə buna görə Şakir doktorun keçdiyi uzun yolun yekununu rəqəmlərlə ifadə etmək çətindir. 140-a yaxın elmi əsər, müəlliflik şəhadətnamələri, onilliklərin cərrahi fəaliyyəti, auditoriyalarda yetişən həkim nəsilləri onun böyük peşə yolunun sanballı göstəriciləridir. Amma bütün bunların fövqündə yenə çox sadə bir insan sözü qalır: “Yaxşı həkimdir, yaxşı da insandır…” Bu, bir günün təəssüratı ilə yaranan qiymət deyil. İllərlə görülən işin, insanlara göstərilən münasibətin, qazanılan etimadın bir cümləyə sığmış ifadəsidir. Həkimin adının qarşısına yazılan elmi titullar zamanın sənədlərində qalır, insanların ürəyində qazandığı ad isə nəsildən nəslə ötürülə bilir. Ağ xalat həkimliyin görünən tərəfidir. Onun ağlığını biliklə, vicdanla, mərhəmətlə qorumaq isə bir ömürlük məsuliyyətdir. Şakir İbrahimlinin keçdiyi yol da göstərir ki, həkimin əsl ucalığı yalnız etdiyi əməliyyatlarda, yazdığı elmi əsərlərdə deyil, xəstənin qapısından çıxarkən ürəyində apardığı minnətdarlıqda yaşayır.

Bilik əlində, vicdan qərarında, mərhəmət ürəyində birləşəndə isə həkimin əli sadəcə cərrah əli olmur. İnsan ömrünə uzanan şəfalı ələ çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Sentyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see286

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see245

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see224

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see223

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see219

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see218

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see218

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see215

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see207

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see197

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see194

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see194

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see190

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see185

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see180

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see175

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see174

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see171

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see160

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri