Icma.az
close
up
RU
İnsanlar daim problemlərindən şikayətlənərək həyatlarındakı müsbət anları niyə görmürlər? Tanınmışların fikirləri

İnsanlar daim problemlərindən şikayətlənərək həyatlarındakı müsbət anları niyə görmürlər? Tanınmışların fikirləri

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər birimiz həyatımızda çətinliklərlə qarşılaşırıq. Xəstəlik, maddi sıxıntı, ailə problemləri, itkilər və s… Ancaq maraqlıdır ki, çox vaxt insanlar bu çətinlikləri dilə gətirməkdə, onlardan gileylənməkdə daha fəaldır. Halbuki, eyni insanların həyatında gözəl, dəyərli, sevincli hadisələr də baş verir.

Bəs nə üçün xoş anları deyil, yalnız neqativi danışırıq?

Demək olar ki, hər gün eşitdiyimiz cümlələr eynidir:

"Pul yoxdur", "Hər şey bahadır", "Sağlamlığım pisdir", "Dövlət, iş, insanlar – hamı günahkardır" və başqa fikirlər səslənir.

İnsanlar sanki həyatlarında nə baş verirsə, onun yalnız pis tərəfini görürlər. Amma eyni həyatın içində gülüşlər, sevinc anları, dəyərlər, kiçik xoşbəxtliklər də var.

Bəs niyə biz onları dilə gətirmirik?

Cavab sadə deyil. Bu, həm beyin biokimyası, həm psixoloji vərdişlər, həm də cəmiyyətin mədəni davranış modeli ilə bağlıdır.

Alimlər sübut edir ki, insan beyni müsbətdən daha çox neqativ hadisələrə diqqət yetirir. Bu xüsusiyyət təkamül dövründən qalma bir müdafiə mexanizmidir.

Psixoloqlar bunu "möhkəmlənmiş neqativ düşüncə" adlandırırlar. Beyin daim şikayət mövzusu tapır, çünki o, artıq bu ritmə öyrəşib.

Reallığı dərk etmək isə həm ağrını, həm sevinci eyni dərəcədə qəbul etməkdir.

Sosial şəbəkələrin gizli təsiri

Bu gün sosial media da bu problemi dərinləşdirir.

İnsanlar başqalarının "ideal" həyatlarını – bahalı səfərlər, gözəl bədənlər, xoşbəxt ailə fotoları – görür və düşünür ki, "məndə heç nə yaxşı deyil".

Beləcə, müqayisə hissi daxildə narazılıq yaradır.

Minnətdarlıq hissinin itməsi – xoşbəxtliyin düşməni

Şikayət vərdişi insanın şükür duyğusunu zəiflədir.

Halbuki, minnətdarlıq xoşbəxtliyin ən sadə və möhkəm təməlidir.

Bir çoxları üçün adi görünən şeylər – səhər oyanmaq, su içmək, ailənin sağ-salamat olması, işə gedə bilmək başqaları üçün böyük bir arzu ola bilər.

Bəs biz bunları niyə qiymətləndirmirik?

Çünki beyin xoşbəxtliyə "adi hal" kimi baxmağa başlayır, neqativ isə "hadisə" kimi görünür.

Minnətdarlıq hissi gündəlik təcrübəyə çevrilsə, insanın düşüncə balansı tam dəyişər. Psixoloqlar deyir ki, hər gün 3 şey üçün minnətdarlıq bildirmək insanın stress səviyyəsini 30%-ə qədər azalda bilər.

Problem varsa, sadəcə "pisdi" deməyin. Özünüzə sual verin:

"Bunu necə həll edə bilərəm?"

Neqativ enerjili insanlar şikayəti ötürür. Onlarla çox ünsiyyət insanın ruh halını zəhərləyir.

İnsan görmək istədiyinə fokuslanır

Dünyada həm ağ, həm qara var. Hansını görmək istədiyin isə sənin seçimindir.

Bir çox elmi araşdırma göstərir ki, insanlar mənfi məlumatlara müsbət məlumatlara nisbətən daha tez və daha güclü reaksiya verirlər. Alimlər deyirlər ki, beynimizin emosionallığı formalaşdıran proseslərində mənfi hadisələr daha "yadda qalıcı" olurlar.

Nobel mükafatı laureatı, amerikalı alim Daniel Kahneman insanın pis hadisələrə daha həssas yanaşdığını vurğulayıb:

"İnsan beyni mənfi hadisələrə daha həssasdır, çünki onlar həyatda qalma instinktini hərəkətə gətirir. Bizim emosional sistemimiz təhlükəyə daha çox cavab verməyə proqramlaşdırılıb".

Kaliforniya Universitetinin alimi, neyropsixoloq Rick Hanson isə məsələyə belə izah verib: "Beyin pis təcrübələri süngər kimi sorur, amma yaxşı təcrübələr onun üzərindən su kimi axır".

Hanson bildirir ki, beynin mənfi təcrübələri yadda saxlama mexanizmi təkamül baxımından qoruyucu məqsəd daşıyır. Amma müasir dövrdə bu xüsusiyyət xroniki stress, pessimizm və narazılıq yaradır.

Psixologiya üzrə professor, Şimali Karolina Universitetinin alimi Barbara Fredrikson bildirib ki, müsbət emosiyalar beynin düşünmə, yaradıcılıq və əlaqə qurma qabiliyyətini genişləndirir. Lakin çoxları mənfi emosiyaların təsirindən bu imkanları görmür.

Pozitiv Psixologiyanın banisi, Pensilvaniya Universitetinin alimi Martin Seliqman isə insanların çox vaxt həyatlarında baş verən yaxşılıqları "normal hal" kimi qəbul etdiyini vurğulayıb.

"İnsanlar problemləri dramatikləşdirir. Həqiqi rifah – şüurlu şəkildə pozitiv düşünmək və minnətdarlıq hissini inkişaf etdirməkdən keçir", - deyə alim vurğulayıb.

Azərbaycan cəmiyyətində (və ümumiyyətlə postsovet məkanında) şikayət tərzi çox güclü kök salıb. Kasıbçılıqdan, hökumətdən, işdən, ailədən, qonşudan, məktəbdən – mövzu fərq etmir. Nəticə eynidir: "hamı günahkardır".

Bəs mövzu ilə bağlı cəmiyyətimizdə nələ düşünürlər?

İlk öncə bu barədə sosial şəbəkələrdə sorğu keçirdik. Sorğuda iştirak edən sosial şəbəkə iştirakçılarının əksəriyyəti günahı yenə də ətrafında olan insanlarda görür. Demək olar heç kim özündə günah axtarmır.

İxtisasca dərzi olan Ramil İsmayılov adlı vətəndaş sorğuda bunları deyib: "Məncə insanlar qismətində olanlarla qane olub, heç kimə həsəd aparmayıb, şükr etsə, hər şey gözəl olar".

Televiziya müxbir olan Fərid Azəri adlı iştirakçı isə məsələni başqa formada izah edib:

"Yaxşı hadisəni ona görə paylaşmırlar ki, əksər insanlar "Birdən göz dəyər" kimi utopik, bəzən isə xəstəliyə çevrilən düşüncə ilə yaşayır".

Jurnalist Həbibə Abdulla adlı iştirakçı isə bildirib ki, sosial şəbəkələrdə insanlar daha çox neqativ hadisələrə münasibət bildirirlər: "Mən əvvəllər övladlarımla bağlı tez-tez pozitiv statuslar paylaşırdım, gördüm insanlar neqativə daha çox reaksiya verirlər, azaltdım paylaşımlarımı".

Jurnalist Qalib İbrahimoğlu adlı "Facebook" istifadəçisi də insanların neqativə kökləndiyini etiraf edib:

"Bizdə bəziləri neqativə köklənib. Pozitiv nəsə paylaşmağa peşmansan. O dəqidə sevincini qursağında qoyurlar".

Afaq Yaqubova adlı digər sosial şəbəkə istifadəçisi də məsələyə belə münasibət bildirib: "Yaxşılar olmalıdır. Çünki bizə vəd ediləndir, gözləniləndir, planlaşdırılanın nəticəsidir. Pis isə hadisədir, əhvalatdır, gözlənilməyən və yolunda getməyən".

Eyni məsələ ilə bağlı cəmiyyətdə tanınmış, işinin peşəkarı olan ziyalıların fikirlərini öyrənməyə çalışdıq.

Bəs Azərbaycan ziyalıları, tanınmış insanları nə düşünür?

Eyni məsələ ilə bağlı kiçik sorğu keçirdik.

Sorğuda iştirak edən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova BAKU.WS-ə bildirdi ki, insanlar çox vaxt problemlərini dilə gətirirlər, çünki ağrı və narazılıq emosional boşalma ehtiyacından doğur:

"Neqativi paylaşmaq insana sanki dinlənilmək və haqlı olmaq hissi verir. Cəmiyyət qurbanyönümlü olduğundan insanlar özünü qurban obrazında təqdim etməklə bu diqqəti özünə çəkə bilir. Həm maddi və eləcə də mənəvi baxımdan diqqəti yönəldə bilirlər. Vacib məsələlərdən biri d insanlarda İQ səviyyəsi ilə bağlıdır. Bu aşağı olduqda, onlar ətarfı məhz neqativlə öz tərəfinə çəkə bilir. Bunun bir tərəfi manipuyativ davranışla bağlı olur. İkinci diqqət çəkmək gündəmə gələ bilmək və mən də varam mesajına söykənir. Beləcə, təşəkkür mədəniyyətini, şikayət mədəniyyəti əvəz edir".

Sorğuda iştirak edən Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov BAKU.WS-ə açıqlamasında insanları pozitiv düşünməyə çağırdı:

"Əslində mən bütün çətinliklərə rəğmən pozitiv düşünməyə çalışan biriyəm. Mənə görə sualınızın konkret cavabı olmamaqla birlikdə, bunun səbəbləri multifaktorialdır. Yəni insanların həyatındaki ekonomik dalğalanmalar, bəzən xəstəliklər, iş həyatındaki çətinliklər, hətta bəzən mövsüm dəyişikliyi belə zaman-zaman insanlarda neqativ düşüncələrə səbəb ola bilər".

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu BAKU.WS-in sorğusuna belə cavab verib:

"Psixologiya elmi sübut edir ki, insanların mənfi hadisələri daha çox xatırlaması və onlardan danışmağa, deyinməyə meylli olması təsadüfi deyil. Mən də bunu həm həyat, həm media, həm də müşahidə təcrübəmdə çox görmüşəm. Bu xüsusiyyət insan beyninin təbii müdafiə mexanizmlərindən qaynaqlanır. Elm bu fenomeni "negativity bias" – yəni neqativlik qərəzi adlandırır. Beyin təhlükə və risklərlə bağlı informasiyaya daha tez reaksiya verir və həmin məlumatı daha uzun müddət yadda saxlayır.

Bu halın bir neçə elmi izahı var və mən bu nəticələrin gündəlik həyatımızda və cəmiyyətimizdə necə təzahür etdiyini çox aydın müşahidə edirəm.

Birinci səbəb təkamül yaddaşı ilə bağlıdır. Min illər boyunca insan beyni həyatda qalmaq üçün təhlükəni, ağrını, itki ehtimalını izləməyə məcbur olub. Müsbət hadisəni unutmaq insanı öldürmür, amma təhlükəni unutmaq həyatın bahasına başa gələ bilərdi. Ona görə də beynimiz mənfiyə qarşı daha həssas yaradılıb.

İkinci səbəb stress hormonlarıdır. Neqativ hadisələr zamanı bədəndə kortizol yüksəlir və bu hormon beynin həmin anı daha güclü yadda saxlamasına şərait yaradır. Müsbət emosiyalarda yaranan xoşbəxtlik hormonları isə sürətlə yayılır, lakin bir o qədər də tez sönür.

Üçüncü səbəb sosial təsirlərdir. Cəmiyyətlərdə zamanla "şikayət etmək mədəniyyəti" formalaşır. İnsan müsbət hadisədən danışanda bəzən özünü qəribə hiss edir, sanki özünü tərifləyir. Amma pisdən danışanda hamı bir anda "ortaq dil" tapır - çünki şikayət insanların bir-birini anlamasını asanlaşdırır.

Dördüncü səbəb müasir informasiya mühitidir. Bu gün insanlar hər gün onlarla neqativ xəbərlə, sosial şəbəkə gərginliyi ilə, ağır informasiya axını ilə üzləşirlər. Beyin bu yükü filtrləməkdə çətinlik çəkir və nəticədə psixoloji yorğunluq yaranır. Yorğun beyin avtomatik olaraq neqativi dilə gətirir.

Beşinci səbəb şəxsi həyat gərginlikləridir. Məişət qayğıları, maddi çətinlik, ailə problemləri, sosial ədalətsizlik hissi, iş stressi - bütün bunlar insanların kortizol səviyyəsini artırır və diqqəti daha çox pis hadisələrə fokuslayır.

Amma bu heç də o demək deyil ki, insanların həyatında yaxşı hadisə olmur. Əlbəttə olur. Heç bir insanın həyatı tək rəngdən ibarət deyil. Hər birimizin həyatında xoş görüşlər, ailə sevgisi, uğurlar, sağalma sevinci, övlad xoşbəxtliyi və Qarabağ Zəfəri kimi böyük milli qürur anları var. Sadəcə beyin həmin müsbət anları təhlükəsiz hesab etdiyi üçün arxa plana keçirir.

Yəni problem həyatın yaxşı olmamasında deyil - beynin yaxşıya fokuslanmamaq vərdişindədir.

Azərbaycan cəmiyyəti barədə isə bunu qətiyyətlə deyə bilərəm: pozitiv olmaq üçün kifayət qədər əsas var. Biz uzun illər boyunca ölkə olaraq ən böyük mənəvi yük olan Qarabağ problemini yaşamışıq və bu problem artıq həll olunub. Zəfər, ərazi bütövlüyümüzün bərpası, milli qürurun geri qayıdışı - bunlar nəslimizin şahidi olduğu ən böyük tarixi hadisələrdir.

Amma bütün bunlara baxmayaraq, insanlar bu gün informasiya xaosu, mənəvi gərginlik, məişət yükü, bəzi hallarda məmur özbaşınalığı, sosial ədalətsizlik hissi və ailədaxili narahatlıqlar səbəbindən psixoloji olaraq yüklənirlər. Bu yüklənmə də şikayətlərin çoxalmasına gətirir. Mən cəmiyyəti bütövlükdə neqativ kimi görmürəm - nə iş yerimdə, nə ailəm, nə də dost çevrəmdə bu hal ümumiləşəcək qədər deyil. Sadəcə sosial vəziyyəti ağır olan qruplarda neqativ-pozitiv balansı təbii olaraq fərqli olur.

Məsələyə həm də 36 illik jurnalistika təcrübəmdən baxanda bir həqiqət aydın görünür: insanların xəbərdə də daha çox neqativi seçdiyini görürəm. Tənqid təbliğdən və tərifdən qat-qat çox oxunur. Tərifçi, "pozitivçi" yazılar jurnalistikada tiraj gətirmir. Dünyada "təqdirçi media" deyilən anlayış yoxdur, amma tənqidçi media var və jurnalistikanın ən dinamik sahəsi də məhz budur. Oxucu problemi bilmək, nöqsanı görmək, təhlükəni hiss etmək istəyir. Ona görə tənqid edən jurnalistlər daha çox tanınır və daha çox oxunur.

Bu isə müasir informasiya mühitində neqativliyin daha çox səslənməsinin əsas səbəblərindən biridir.

Nəticə olaraq, insanların neqativi daha çox dilə gətirməsi onların zəruri şəkildə bədbəxt olması demək deyil. Bu, həm beynin təbii elmi mexanizmidir, həm müasir həyatın psixoloji yüküdür, həm də informasiya sektorunun strukturundan irəli gələn bir reallıqdır. Azərbaycan cəmiyyəti isə pozitiv olmaq üçün kifayət qədər tarixi və sosial əsaslara malikdir. Sadəcə bu günün ağır informasiya və məişət yükü bəzən həmin müsbətin üzərinə kölgə salır".

Tanınmış aparıcı Nigar Sabirqızı BAKU.WS-in sorğusuna belə cavab verdi:

"Mən həmişə düşünürəm ki, bizim cəniyyətin müəyyən kəsimi həmişə nədənsə narazıdır. Hətta yaxşı hadisədə də neqativ axtarırlar. Pis hadisəyə sevinənlər də az deyil. Yəqin ki, bu, insanlarımızın həyat tərzi ilə bağlıdır. Bəlkə ətraflarında o cür düşünən insanlar daha çoxdur, bəlkə belə ailədə böyüyüb. Səbəblər müxtəlif ola bilər. Məncə, dünyagörüşünün olmaması, kitab oxunamaq, təhsilsizlik bu cür insanlarda ən ciddi çatışmazlıqdır. Bəzən adını yaza bilməyən adamlar sosial şəbəkələrdə başqaları haqqlnda neqativ fikir yürüdür. Bu cür insanlar özünün çata bilmədiyi uğura başqasının çatdığını görındə paxıllıq hissi baş qaldırır. O qəzəbi başqasından çıxarmağa çalışır. Bu həm də xarakterdən asılıdır. Adamlar var ki, xaosla bəslənir. İstəyir ki, ətrafda xaotik vəziyyət yaransın, o da kənardan baxıb həzz alsın. Belə insanlarda sevgi çatışmazlığı var. Həyatda kifayət qədər sevgi görmədiklərindən ola bilər. Dediyim kimi, səbəblər çoxdur. Mühit, xarakter, təhsilsizlik, sevgisizlik və sair. Bu cür insanlar pozitivi yox, neqativi görür. Yəni stəkanln dolu tərəfini yox, boş tərəfini görür".

Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosenti, tarzən, Xalq artisti Möhlət Müslümov BAKU.WS-in sorğusuna cavab verərkən məsələnin çox ciddi və vacib olduğunu vurğuladı:

"Həm qəliz, həm də cəmiyyət üçün çox vacib mövzudur. Əslində qlobal məsələdir. İndi deyəcəklər köhnəfikirlidir, müasirliyi bəyənmir. İstər musiqidə, istər də digər sahələrdə müasirliyi çox bəyənirəm. Amma qapıdan girib, qapıdan çıxmaq söhbəti var. İndi görürsən ki, musiqidə qapıdan girirlər, pəncərədən çıxırlar. Elə bil kimliyimizi itiririk. O boyda torpaqlar alındı. Bir xalq olaraq birləşdik, torpaqları düşməndən azad etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. 5 il bundan əvvəl öz-özümə deyirdim ki, bu birlik olsa, hər sahədə, kino, musiqi və digər sahələrdə irəli gedərik. Yaşım da var, dünyanı gəzmişəm, çox cəmiyyətlərdə olmuşam. Köhnə kişiləri görmüşəm. Həyat üçün nə lazım idisə, vardı. Onların tərbiyəsi ilə böyüdük. Tək valideynlərimdən deyil, məclislərdə ağsaqqalları, ağbirçəkləri görürdüm. Onlardan çox şey öyrənirdim. Ola bilər 5 universitet bitirəsən, amma xalqın içində olmaq tam başqa elmdir. Mən xalqın içində böyümüşəm. Xalqın içində böyük məktəb keçdim. Yaxşı olar ki, hər sahədə belə yazılar yazılsın. Belə müzakirələr aparılsın. Belə fikirləri 10 nəfər gənc oxusa, anlasa, bilər nə istəyirik. Mən köhnə qalıqları dəstəkləmirəm. Elə şeylər vardı ki, bizə lazım deyil. Şükürlər olsun ki, indi senzura götürülüb. Lakin elə şeylər vardı ki, gərək orada senzuranı saxlayaydıq. Efirlərdə üzdəniraq verilişlər. Mən kişiliyimlə, efirdə gedənləri dilə gətirə bilmirəm. Bunu özümə sığışdıra bilmirəm. Nə qədər belə verilişlər olar?! Ailədə ana-ata, övlaq, uşaq bir-birini qırırlar. Gecə-gündüz bir-birindən ayrılanlardan danışırlar. Uşaqlar küçələrdə qalıb. Vallah belə hallar bizim millətə yaraşmır. Bizim xalqımız böyük xalqdır. Dünyada gör nə qədər azərbaycanlı var. Yaxşı olardı ki, kimliyimizə qayıdaq. Özümüzü dərindən tanıyaq.Xalqımız üçün xeyirli işlər görək. Biz bu dünyadan köçüb gedəcəyik. Bizdən sonra dünyaya gələnlərə yazığım gəlir. İstəmirəm millətimiz cılızlaşsın".

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirdi ki, insanların çoxu həyatlarını şikayət ritmində yaşayır:

"Sanki gileylənmək nəfəs almağın bir növünə çevrilib. Birinə "necəsən?" desən, cavab çox vaxt "eh, nə olsun…" olur. Halbuki həmin gün günəş doğub, nəfəs alıb, yemək yeyib, kiminsə mesajına baxıb gülümsəyib. Amma yox, bunlar "adi şeylər" sayılır, çünki insan yaxşıya tez alışır, pisi isə yadda saxlayır.

İnsanın beyni elə qurulub ki, təhlükəni, ağrını, çatışmazlığı daha tez görür. Bu, bir növ müdafiə mexanizmidir. Amma zamanla bu hal vərdişə çevrilir və adam həyatını şikayətlər kataloqu kimi yaşayır.

Bəziləri elə düşünür ki, dərdini dilə gətirməsə, sanki onunla mübarizə aparmır. Digərləri isə şikayəti diqqət cəlb etmək, "məni də görün" demək üçün istifadə edirlər. Halbuki sevinc danışanda da böyüyür, dərd danışanda da. Sadəcə, insanlar sevinci bölüşməyi unudublar, çünki qorxurlar – "göz dəyər", "dərdim az görünər", "başqası məndən pis vəziyyətdədir" kimi düşünürlər.

Amma bəli, hər kəsin həyatında xoş bir an olub: bir baxış, bir musiqi, bir gülüş, bir sakit səhər. Sadəcə, insan o anları yaddaşının kölgəsində saxlayır, işığa çıxarmır. Nəticədə dünya yalnız şikayət səsləri ilə dolur, minnətdarlığın pıçıltısı isə itib gedir".

Sorğuda iştirak edən klinik defitoloq Ləman İsmayılova BAKU.WS-ə məsələni belə şərh etdi:

"Məncə insanlarda empatiya duyğusu zəifdir ona görə Empatiya duygusu guclu olanlar insanlar bu problemlərlə üzləşmirlər. Şukur etməyi bacarmaq bu ən gözəl xususiyətlərdən biridir".

Nervpotoloq, həkim Vüsalə Nuriyeva isə BAKU.WS-ə açıqlamasında bildirib ki, həyatımızda on müsbət hadisə baş versə də, bir dənə pis xəbər bəzən bütün yaxşılıqları kölgədə qoyur:

"Çoxumuz gündəlik söhbətlərimizdə problemlərdən, şikayətlərdən danışır, ancaq əldə etdiyimiz uğurları və ya xoş xəbərləri o qədər də dilə gətirmirik. Psixoloqlar bu halı insan beyninin neqativlik qərəzi (ing. negativity bias) adlandırırlar – yəni beynimiz mənfi hadisələrə müsbətlərdən daha artıq diqqət yetirməyə meyillidir.

İnsan beyni mənfi informasiyanı emal edərkən sanki "böyüdücü şüşə" ilə baxır. Alimlərin tədqiqatları göstərir ki, biz istənilən qarşılıqlı təsirdə neqativ detalları pozitiv və ya neytral detallardan daha tez fərq edir və daha güclü yadda saxlayırıq. Məsələn, adətən:

Travmatik və ya xoşagəlməz hadisələri müsbət xatirələrimizdən daha asanlıqla yada salırıq.

Tərif və komplimentləri bir müddət sonra unuduruq, ancaq tənqid və təhqirləri uzun müddət xatırlayırıq.

Neqativ qıcıqlara (pis xəbərlər, xoşagəlməz görüntülər və s.) orqanizmimiz daha güclü reaksiya verir.

Özümüz də fərqində olmadan, pozitiv mövzulardansa, mənfi mövzular haqqında daha tez-tez düşünürük.

Eyni dərəcədə güclü təsirə malik hadisələrdən mənfi olanına, müsbət olana nisbətən, daha kəskin emosional reaksiya veririk.

Bu meyli formalaşdıran əsas amillərdən biri evolyusiya ilə bağlıdır. Minillər boyu insanın sağ qalması üçün təhlükələrə qarşı həssas olmaq, mümkün riskləri öncədən hiss edib onlardan qaçmaq həyati əhəmiyyət daşıyıb. Beynimiz "ən pis ssenariyə" fokuslanaraq ətraf mühitdəki təhlükələrə daim hazır olmaqla bizi qorumağa çalışır. Uzaq əcdadlarımız üçün hər an pusquda dayanan yırtıcılar, zəhərli bitkilər, düşmən təhdidləri vardı və neqativlik qərəzi bu təhlükələri vaxtında görüb reaksiya verməyə yardım edirdi. Məsələn, qədim insan üçün çöldə yerdəki bir çubuğu ilan zənn edib dərhal geri sıçramaq, diqqətlə baxıb əslində zərərsiz çubuq olduğunu anlamasından daha faydalı idi – çünki əks halda yanılma ölümə səbəb ola bilərdi. Bu cür "pisə köklənmə" sağ qalma instinkti kimi nəsildən-nəslə ötürülüb və nəticədə müasir insanın beyni də hələ də mənfi siqnallara qarşı həddindən artıq ayıqdır".

Bəs beynimizin hansı bölgələri bizi mənfi hadisələrə belə həssas edir?

Həkim deyir ki, əsas rol oynayan quruluş limbik sistem adlanan və emosiyaların idarəsindən məsul beyin bölgələridir:

"Limbik sistemin bir parçası olan amigdala (bademvari formada kiçik beyin strukturu) burada açar rol oynayır. Amigdala qorxu, həyəcan, təşviş kimi emosiyaları emal edir və bizi təhdidlər barədə "həyəcanlandıran" siqnal mərkəzi kimi işləyir. Məhz amigdala sayəsində biz qəzəbli bir üzü gülər üzlər arasında dərhal seçə bilirik; beynimiz potensial təhlükəni (pis əhval ifadəsini) sürətlə ayırd edir.

Beyində neqativ informasiyaya həssaslığı tənzimləyən mexanizmlərdən biri "döyüş ya da qaç" reaksiyasıdır. Qorxu və stress anında amigdala dərhal fəaliyyətə keçir və hipotalamus adlanan bölgəyə "həyəcan" siqnalı göndərir. Nəticədə böyrəküstü vəzlər qana adrenalin (epinefrin) və kortizol kimi stress hormonları ifraz edir. Bu hormonlar ürək döyüntüsünü və qan təzyiqini artırır, duyğularımızı kəskinləşdirir, bədəni yüksək ayıqlıq vəziyyətinə gətirir. Eyni zamanda, amigdala ilə yanaşı yaddaş formalaşmasında əsas strukturlardan biri olan hippokampus da (beynin yaddaşa cavabdeh hissəsi) bu prosesə qoşulur. Elmi dəlillər göstərir ki, güclü emosional gərginlik zamanı ifraz olunan adrenalin və kortizol kimi hormonlar yaddaş konsolidasiyasını (yəni informasiyanın uzunmüddətli yaddaşa həkk olunmasını) gücləndirir. Rick Hanson adlı nevropsixoloqun izah etdiyi kimi, amigdaladakı neyronların təxminən üçdə iki hissəsi məhz neqativ siqnalları "gözləmək" üçün ixtisaslaşıb və neqativ hadisə baş verən kimi bu məlumat sürətlə uzunmüddətli yaddaşa köçürülür. Yəni beynimizin "emosional mühafizəsi" olan amigdala, pis bir təcrübəni demək".

Niyə danışanda neqativi daha çox qabardırıq?

Doktor bildirir ki, gündəlik ünsiyyətdə də neqativlik qərəzinin izlərini görmək olar:

"İnsanlar çox zaman xoş hadisələri, nailiyyətləri, yaxud gözəl hisslərini bölüşməkdə ehtiyatlıdırlar, amma çətinliklər və şikayət mövzuları bitib-tükənmir. Bu hal təkcə fərdi xasiyyət məsələsi deyil, dilimizin və düşüncə tərzimizin ümumi bir xüsü­siyyətidir. Məsələn, aparılan linqvistik təhlillər göstərib ki, İngilis dilində leksikonun demək olar 2/3-si mənfi mənalı sözlərdən ibarətdir – insanları xarakterizə edən sözlərdə isə bu nisbət 74%-ə qədər yüksəlir. Dünyanın əksər dillərində oxşar tendensiya var: müsbət ifadələrə nisbətən mənfi ifadələrin sayı daha çoxdur. Bu, insanların ünsiyyətdə də neqativ məlumatı daha çox ötürdüyünü göstərir.

Təbii ki, media mühiti də insan beyninin bu xüsusiyyətinə uyğun formalaşıb. Xəbər başlıqlarına nəzər salsaq, neqativ tonlu xəbərlərin üstünlük təşkil etdiyini görərik. Jurnalistlər bilirlər ki, "pis xəbər" daha çox diqqət cəlb edir – çünki oxucuların beyni neqativ informasiya qarşısında instinktiv olaraq ayıq durur. Bu səbəbdən də qəzet və televiziya xəbərlərində, sosial şəbəkələrdə mənfi hadisələr, kriminal xronika, fəlakət xəbərləri tez-tez ön plana çıxır. Aparılmış bir tədqiqatın nəticəsinə görə, onlayn xəbər başlıqlarında neqativ sözlər olduqda insanların həmin xəbərə giriş etmə ehtimalı xeyli artır, pozitiv ifadələr olduqda isə azalır. Yəni, cəmiyyətdə "yaxşı xəbər yoxdur" deyimi əslində beynimizin neqativə meyilli filtrindən qaynaqlanır".

Bu meyli dəyişdirmək mümkündürmü?

Həkim vurğulayıb ki, beynimizin neqativə köklənməsi müəyyən mənada qaçınılmazdır – bu, yüzillər boyu formalaşmış təbii bir mexanizmdir və tamamilə yox olub getmir:

"Müasir dövrdə daimi neqativlik bizə xeyirdən çox zərər verə bilər. Davamlı stress altında qalmaq, hər şeydə pis tərəfi görmək insanın həm psixoloji sağlamlığını, həm də fiziki sağlamlığını zəiflədə bilər. Xoşbəxtlik və həyat keyfiyyəti də bundan ziyan görər: özümüzü bədbin, əsəbi, motivasiyasız hiss etməyə başlayarıq. Buna görə mütəxəssislər beynin neqativlik qərəzini azaltmaq üçün şüurlu şəkildə müsbət təcrübələri gücləndirməyi tövsiyə edirlər".

Nevroloqların fikrincə, beyni müsbətə kökləmək qismən mümkündür:

"Rick Hanson bildirir ki, xoş bir anı beynimizə "yazdırmaq" üçün onu ən az 10-20 saniyə diqqət mərkəzində saxlamaq lazımdır. Yəni yaxşı bir hadisə baş verdikdə, ondan keçib getməyin; özünüzə bir anlıq "dayanıb həzz almağa" icazə verin ki, beyniniz həmin pozitiv məlumatı uzunmüddətli yaddaşa köçürə bilsin. Psixoloqlar həmçinin şüurlu minnətdarlıq praktikası tövsiyə edirlər: hər günün sonunda başınıza gələn üç yaxşı şeyi düşünmək, onlar üçün şükür etmək kimi sadə bir vərdiş belə, beyninizdəki mənfi biasın təsirini zəiflədə bilər. Çünki xoş hadisələr üzərində düşünmək və onları dəyərləndirmək, amigdalanı müsbət informasiya yönündə həssaslaşdırmağa yardım edir.

Nəticə olaraq, "neqativlik qərəzi" hər bir insan beyninin yazılmamış qanunudur desək, yanılmarıq. Biz tənqidi, pis xəbərləri, uğursuzluqları yada salmağa meyilliyik, çünki beynimiz bizi qorumaq üçün belə proqramlanıb. Ancaq bunu dərk etmək artıq böyük bir addımdır: növbəti dəfə özünüzü ancaq neqativ düşüncələrə dalmış yaxalasanız, xatırlayın ki, bu – beyninizin təhlükələrə qarşı həddən artıq ayıq olmasından irəli gəlir. Özünüzü danlamaq yerinə, şüurlu şəkildə yaxşı tərəfləri də görməyə çalışın. Gün ərzində kiçik də olsa, müsbət anlara xüsusi diqqət yetirmək, uğurlarınızı qeyd etmək, sevdiklərinizə xoş söz demək kimi adətlər formalaşdırın. Beləliklə, tədricən beyninizdə pozitiv izlər də dərinləşəcək. Unutmayaq ki, "beyin nəyin fərqində olmağa öyrəşərsə, onu da görür" – əgər yaxşılıqları görməyə çalışsaq, zamanla onları da ən az pis hadisələr qədər xatırlaya biləcəyik".

Uşaq Nevroloji Xəstəxanasının baş həkimi nervpotoloq İlahə Hacıyeva BAKU.WS-in sorğusuna belə şərh verib:

"Bildiyiniz kimi mənim ən çox münasibətdə olduğum şəxslər 18 yaşına qədər olan uşaqlardır. CƏmiyyətdə olan narazılıq və heç nədən zövq ala bilməmək uşaqlar arasında da müşahidə edilir. Biz burada erkən yaş dövründə uşaqların depresiyasını görürük. Gəlin əvvəlki dövrlə müasirliyi müqayisə edək: İndiki dövrdə oyuncaqlar çoxdur. Rəngarənglik çoxdur. Uşaqlar bu oyuncağın içərisində batıb-gedir. Lakin ünsiyyət quracağ şəxslər azdır. Əvvəllər ailə geniş və gediş-gəlişli olurdu. Baba, nənə, əmi və s. qohumlar tez-tez qonaq gəlirdilər. Gələndə hər kəslə qarşılıqlı ünsiyyət yaranırdı. Həm uşağın əhval-ruhiyə hormonu yüksək olurdu. Həm də, insanlarda xəyalqurma bacarığı yaranırdı. İndi valideyn dükana gedir, çoxlu oyuncaq alır. Düşünür ki, mənim balacalığımda heç nəyim olmayıb, amma uşağımın olsun. Bu olduqca səhv fikirdir. Uşaqlar xəyalqurma qabiliyyətini itirir. İnsan qarşısına hədəflər qurur. Bu erkən dövrdə formalaşır. Yeniyetmə qövründə isə həyətdə oyun oynayırdılar. Sadə və bəsit, lakin hərəkətli oyunlar olurdu. Məsələn, ortadaqaldı, futbol, yeddişüşə və s. Bu hərəkətin özü dopamin və serotonin sintezinə təsir edir. Bu zaman uşaq xoşbəxt olur. Düşünmə qabiliyyəti artır. Eyni zamanda xoşbəxt olur, sevinmək hissiyatı yaranır. İnsanda özü üçün hədəf formalaşdırmaq bacarığı yaranır. Amma o oyunlar indi telefonlarda, internetdədir. Bu zaman üz-üzə gəlmədən firtual aləmdə qalib gəlmək, yazışmalar və s. insanları aqresiyaya salır. Uşaqlarda hədəfə doğru irəliləmək kimi xüsusiyyətlər yaratmır. Uşaq çölə çıxmaq yerinə evdə oturum, telefonla oynayım fikri formalaşdırır. Bu zaman uşaqlarda aqresiya yaradır və bədbinlik yaradır. Bu tipdə böyüyən şəxslərdə xoşbəxtlik formulu olmur. Beləliklə də, əvvəllər proqnozlaşdırıldığı kimi 21-ci əsri depresiya əsri adlandırırlar. Biz bunu hazırda bariz şəkildə görürük. Əvvəllər antidepresantlar qəbul edəndə, insanlar dəhşətə gəlirdi, sankı qorxulu bir xəstəliklə üz-üzə durduqlarını düşünürdülər. Lakin indi 5 yaşında uşağa məcbur olub antidepresant veririk. İndi artıq 10 yeniyetmədən 5-nə bu dərmanları yazırıq. Uşaqlarla yanaşı formalaşmış böyüklərin həyatına da telefon dəhşətli dərəcədə müdaxilə edir. Bizim də bütün günün telefon, problemlər, aqresiv xəbərlər. Bütün bunlar insanlarda aqresiya yaradır. İnsanlarda dəhşətli dərəcədə yorğunluq yaradır. Əvvəllər mən gün ərzində 30 uşağı müayinə edirdim, yorulmurdum. Lakin indi 5-6 uşağa baxan kimi özümdə yorğunluq, əzginlik hiss edirəm. Sosial şəbəkələrin açıq olması, informasiya bolluğu, aqresiv xəbərləri oxumaq istər-istəməz insanda yorğunluq yaradır. Artıq beyin buna dözmür. Rəngarəngliyin həddindən çox olması insanda görmə problemləri yaradır. Eyni zamanda eşitmə çilliliyinə məruz qalırıq. Ətrafın səs-küylü , yolların tıxaclı olması gün sonunda adamı stresə salır. Beləliklə də həyatımız aqresiya ilə dolur. Bu bitib-tükənməz mövzudur və çox aktual məsələdir. Avropa ölkələri bu həyəcan təbilini çalıb və qarşısını almağa çalışırlar".

BAKU.WS-in əməkdaşı Orxan Hüseynov isə fikirlərini belə izah edib:

"İnsan həyatı büsbütün pozitiv və neqativlərlə zəngin olur. İnsanın xasiyyəti, dünya görüşü və malik olduğu dəyərlər ona həyatın keşməkeşli günlərində düzgün qərar qəbul etməyə kömək edir. Sosial statusundan asılı olmayaraq hər kəsin həyatında unudulmayacağı xoş günlər, eyni zamanda travmatik izlər qoyan hadisələr olur. Görünür travmalrın buraxdığı iz daha ağır olduğu üçün unudulmaz olur. Lakin əldə ediıən uğurlar, qarşıya qoyulan məqsdələr bəzən bu mənfi izləri aradan aparmağa yardımçı olur.

Ancaq neqativə köklənən insanlarla bağlı da bunu demək olar ki, aldığı cismi və mənəvi travmalar belə bir xarakter formalaşdırıb. Lakin müsbət arualı insanlarla təmas, çətinliklərlə daima mübarizə aparan şəxslərlə ünsiyyət və ən əsası psixoloji müdaxiələlər bu kimi neqativləri yox edə bilər".

Sorğuda iştirak edən həkim-infeksionist Natiqə Qocayeva da BAKU.WS-lə fikirlərini bölüşüb:

"Bu insanın xarakterindən asılı olur. Elə insan var ki, neqativə köklənir, həmişə bədbin olur, pis fikirləşir və pis danışır. Bəzi insanlar da pozitiv olur, hətta həyatında pis şeylər olanda belə pozitiv danışırlar. Yəni hər şey xarakterdən asılıdır".

Bağça müəllimi Vüsalə İsmayılova BAKU.WS-in sorğusunu belə cavablandırıb:

"Əslində düşünsək sağlmıqsa ən xoş hadisədir,xoşbəxtçilikdir. Əzizlərimizlə sevdiklərimizlə vaxt keçirmək özü xoş bir hadisədir.ama bunu anlamırıq.sanki zaman çox sütətlə keçir hansısa xoş hadisəni gözəl işi dərk etməyə vaxt çatmır. Birazda bu sosial şəbəkələr hər hadisənin sosiallaşması şikayətlərə aqresyaya yol açır məncə. Telefonsuz sosial şəbəkəsiz həyat insanları daha xoşbəxt edər yaxınlaşdırar xoş hadisələr yaşamağa şövq edərdi məncə.(necəki 80-90 cı illərin insanları kimi".

İlahiyyatçı Fərid Abdullah da BAKU.WS-in sorğusunda iştirak edib:

"Həqiqətən də, çox aktual və zəruri bir sualdır. Bu məsələyə bir neçə cəhətdən yanaşmaq olar.

Əvvəlcə bilməliyik ki, bu, tam da pis bir şey deyil. Yəni beynimiz təbiəti etibarilə təhlükə və problemləri aşkar etmək üzrə proqramlaşmışdır. Bu, tarixən həyatda qalmağımıza kömək edib. Buna görə də pis hadisələr yaxşı hadisələrdən daha güclü emosional iz buraxır və diqqətimizi daha çox cəlb edir.

Daha sonra, bəzən şikayət etmək içimizdəki təzyiqi və mənfi emosiyaları çölə çıxartmağa səbəb olur. Bu, müəyyən dərəcədə psixoloji bir rahatlıq verir.

Bəzən çətinliyə düşdükdə insan özünü tənha hiss edir. Şikayət etdikdə isə tez-tez eyni problemi yaşayan insanlarla qarşılaşmış olsaq, sanki özümüzü ortaq düşmən qarşısında həmrəy bilirik. Bu, müəyyən qədər bir sosial bağ yaradır.

Lakin bəzən bu, xroniki bir şeyə çevrilə bilər. Problemi görmək, onu müzakirə etmək yaxşıdır. Bir halda ki, məqsəd həll etmək olsun. Bunun nəticəsi insanı minnətdarlığa gətirməlidir. Daim problem axtarmağa yox.

Minnətdarlıq bir mədəniyyət və vərdiş məsələsidir. Əgər ətrafımızdakılar daim neqativ danışırsa, biz də bu qaydaya uyuruq. Sanki yaxşılıqları qeyd etmək üçün ümumi bir mühit yaranmayıb. Bəzən bir adam şükranlıqla danışdıqda bəzilərində qıcıq yaratmağa başlayır.

Daimi şikayət stresi və narahatlığı artırır. Belə adamlar daim mənfi enerji yayırlar. Daimi neqativlik isə ətrafdakı insanları yorur və onları uzaqlaşdıra bilər.

İnsanlar bunun öhdəsindən əvvəlcə fərdi olaraq gəlməlidirlər. Məsələn, hər gün, hətta çox kiçik də olsa, minnətdar olduğumuz 3 şeyi düşünməliyik. Belə bir məşğələ tövsiyə edilib ki, yatarkən və oyanarkən həyatda minnətdar olduğun 5 şeyi dilə gətir.

Biz də, kimsə şikayət etdikdə onun ağzından vurmamalı, dinləməliyik. Sonra deməliyik: Yaxşı, bəs bu gün səni sevindirən kiçik də olsa, bir şey olub?" Qoy onun fikri müsbət şeyləri də görsün.

Daimi bərbad xəbərlərdən və sosial mediadan kənarlaşaraq da zehni sağlamlığı qorumaqdır. Hər gün nə qədər bəd xəbərlər yayılır? Şərhlərdə insanlar neqativ püskürür. Heç nə də həllini tapmır. Cəmiyyət isə şikayətə vərdiş edir.

Sonda deyə bilərik ki, şikayət etmək təbiidir, lakin o, həyatın tam şəkli deyil. Gözümüzü həyatdakı işıqlara da çevirə bilməliyik. Bu isə, daha taraz və sağlam bir zehni vəziyyətin açarıdır".

Jurnalist Şahin Həbibov isə düşünür ki, neqativə çox köklənən insanlar bizim menalitetlə və müəyyən inanclarla bağlıdır:

"Azərbaycanda çoxu çalışır yaxşı işləri deməsinlər. Kimsə paxıllıq edər, gözə gətirər, nəzər olar. Adətən bunu gizlətməyə çalışırlar. Çox insan var, maaşını, qazancını gizlədir. Yaxud qazancını daha aşağı məbləğ deyir. Danışanda minimum əməkhaqqı aldığını deyir, lakin yaşayışına baxanda görürük ki, azı ayda 2-3 min pul qazanır. Fikirləşir ki, göz dəyər, kiməsə deyərəm paxıllığımı çəkər, mənə problem yaradar. Bu tip adamlar hər şeyin neqativinə yüklənir. El arasında deyildiyi kimi, "hər şeyə görə ağlayırlar". Maddi sıxıntıdan, şəxsi problemlərindən danışır. Çünki o düşüncəyə o qədər yüklənir ki, bu onun gündəlik həyatına çevrilir. Beyni ancaq neqativə işləyir".

AYB-i və JB nin üzvü,Şairə-jurnalist Zenfira Əlişqızı da sorğumuzu belə cavablandırıb:

"Maraqlı mövzudur. Unutmayaq yaxşı hadisə bir anlıq yaşanır,amma pis olaylar hər zaman...İnsanların problemləri çoxalıb.Aldıqları aylıqla xərclədikləri tərs mütanəsibdir...

İnsanlarda ətrafa baxış dəyişib,sevgi hissləri azalıb.Problemlər o qədər çoxdur ki,insanlar bir-birilərinə salamı da təmənna ilə verirlər.Əslində bütun bunlar insan kimi yaşaya bilməmək,qaygilarını ödəyəcək qədər madiyyatın olmamasıdı.Bosanmalarin sayı durmadan artır,gənclər ailə qura bilmirlər,çünki qorxurlar o ailəni qoruyub saxlaya bilməməkdən.

Bir sözlə bütün sevgilərin,hörmətlərin itməsi yoxluğa bağlıdı".

Şair, jurnalist Ruzbeh Məmməd isə fikirlərini belə qeyd edib:

"İnsan kimdəsə, nədəsə, haradasa qüsur axtarmaq gözü ilə yanaşırsa mütləq orada qüsur görmüş olacaq. Mənim bir fikrim var: harda insan var, orada nöqsan var. Amma bu gün biz o nöqsanları kinə-küdurətə çeviririk, heç kim bir-birinin nöqsanını, səhvini bağışlamır. O qədər nöqsan axtarışında oluruq ki, yaxşı şeyləri görə bilmirik. İşdə, görüşlərdə bir-birimzin geyimində, nitqində səhv axtarıb, digər tanışlarımızla məxsərəyə qoymaq üçün mövzu gəzirik. Hamı bir-birini tənqid edir. Hətta, o hala gəlmişik ki, kiminsə haqqında xoş söz desən, bu boyda tənqid erasındaartıq səni yaltaq görəcək, müti adlandıracaq. Pis düşüncəyə kökləndikcə, yanaşmalar o istiqamətə şaxələnir, absurd fikirlər ortaya çıxır. Bu da virus kimi bir insandan bir insana sürətlə ötürülür. Bu neqativlərin ötürülməsində, hətta sürətli ötürülməsində yeni yaşam, yeni texnologiya, yeni dünya düzəni də rol oyanyır. Qarşısını almaq? Bunun qarşısını yalnız yaxşı iş görməklə, faydalı olmaqla, vicdanlı olmaqla, yaxşı kitabdan, yaxşı musiqidən zövq almaqla bacarmaq olar. Bunlar olmadıqca, bəli hamımız hamımızın qarşısında qüsurlu görünəcəyik. Ən yaxşı işi bacarsaq belə..."

Xalq şairi Vahid Əziz BAKU.WS-in sorğusunu belə cavablandırıb:

"Mən gileylənmirəm. Qisməti Allah yazır, hər halda optimist olmaq lazımdır, bədbinlik bədlik gətirər!"

Tanınmış iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov da BAKU.WS-in sorğusunda fikirlərini qeyd edib:

"Ümumiyyətlə iqtisadiyyatda tələb sonsuzdur, onun limiti və sərhədləri yoxdur. Bu bütün dünya üçün keçərlidir. İqtisadi nəzəriyyə görə də, istehlakçının bir tələbi qarşılanırsa, yeni bir istək və tələb yaranır. Bu da həm iqtisadiyyatın prinsiplərinə və insan davranışlarına uyğundur. Sözsüz cəmiyyətdə yaxşı nümunələri, yaxşı halların təqdim edilməsinə ehtiyac var. Məsələn, əgər bir nəfərin pensiyası azaldılırsa, təbii ki, bunu araşdırmaq və müzakirə etmək olar. Lakin 4 nəfərin pensiyası yenidən hesablanır və artırılırsa, bu yaxşı işi də mütləq cəmiyyətə çatdırmaq lazımdır. Bu zaman insanlar çox fərqli sektorlarda həyata keçirilən siyasətləri müqayisə edə bilsinlər. Bütünlükdə insanların istəklərinin təqdim olunması, vətəndaşların öz istəklərini müzakirə etməsi həm iqtisadiyyatın prinsiplərinə, insan davranışlarına uyğundur".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv Sağlamlıq Texnologiyaları şöbəsinin müdiri T.ü.f.d.,dos. XəyaləTəhməzi də fikirlərini bizimlə bölüşüb:

"Çox maraqlı və düşündürücü mövzudur. Bu müxtəlif səbəblərdən ola bilər. Xarakterdən irəli gələ bilər. Bİr də görürsən bir insan daimi "melanxolik"dir. Daim neqativ düşünür. Ətrafında olan yaxşılıqları görə bilmir, görmək istəmir. Lakin Lakin pisi görür, üzə çıxarır. Bəziləri yaxşını demirlər ki, dilə-dişə düşməsinlər. Düşünürlər ki, neqativ danışsalar, insanların onlara olan diqqətini yayındıra bilərlər. Kimsə ondan təmənna gözləməz. Belə bir deyim var, sevinci bölüçəndə çoxalır. Kədəri bölüşəndə azalır". Mən düşünürəm ki, insanlar daha çox neqativ şeyləri bölüşürlər ki, həmin pislikləri özlərindən uzaqlaşdırsınlar. Dərdləşəndə dərdlərini azaltmaq üçün çarə tapsınlar. Bu səbəbdən də, yaxşını bölüşmürlər. Təbii ki, xoşbəxtlik daimi deyil. İnsan həyatı keşməkeşlidir. Bir insan ömür boyu neqativ olmaz. Buna görə də, insanıar pozitiv halları da paylaşmalıdırlar ki, bu çoxalsın. Çox təəssüf ki, sosial şəbəkələr yanlış paylaşımları önə çəkir.insanlara bu yöndə təsir göstərdikləri üçün bizə elə gəlir ki, bu şeylər çoxalıb".

Əməkdar jurnalist Afət Telmanqızı isə məsələni özünəməxsus cavablandırıb:

"Haqlısınız. Son vaxtlar tez-tez bunları müşahidə edirik. İnsanlar çox vaxt həyatlarının mənfi tərəflərini qabardır, xoş olmayanları görür. Bunun da həm psixoloji, həm də sosial səbəbləri var. Cəmiyyətin təsiri ön planda yer alır. Artıq cəmiyyətdə giley-güzar, şikayət "danışıq dili"nə çevrilib. İnsanlar daim başqaları ilə özlərini müqayisə edirlər. Kiminsə var-dövlətinə, rahat həyatına baxıb "məndə niyə yoxdur" sualını verirlər. Bu da onları depressiv bir vəziyyətə gətirir. Öz xoşbəxt anlarını belə görməzdən gəlirlər. Daxili yorğunluq və ümidsizlik də uzunmüddətli stress yaradır. İqtisadi, sosial durum bədbinlik yaradır.Minnətdarlıq hissinin itməsi də cəmiyyət üzvlərini bədbinliyə aparır. Amma vacib olan bir məsələni cox vaxt unuduruq. Hər bir kəsin həyatında xoş anlar olur. Sadəcə onu görmək, dəyərləndirmək və paylaşmaq lazımdır. Xoşbəxtlik an məsələsidir. O anı da hamımız dəyərləndirməliyik. Özümüzü bədbinlikdən, neqativlikdən qorumalıyıq. Hər anımızın qədrini bilməliyik, özümüzü xoşbəxt sanmalıyıq ki aqressivləşməyək".

Yazıçı, psixoloq Rövşən Abdullaoğlu deyir ki, bunun bir çox səbəbləri var:

"Birinci növbədə psixoloji tərəfidir. Ümumiyyətlə insan beyni neqativə daha çox köklənir. Bu da insan psixologiyasının müdafiə mexanizmindən qaynaqlanır. Biz özümüzü qorumaq üçün beyin ilk növbədə mənfi tərəfləri görür ki, biz təhlükəni görək və ondan qorunaq. Buna qarşı insan mariflənməklə silahlanmalıdırlar. Əgər bir insan hər gün səhər tezdən duranda mənfi fikirləri qovursa, bir neçə vaxtdan sonra onun beyninə mənfi fikir gəlməyəcək. Çünki insan səhər oyananda özündə müsbət fikirlərə köklənmə vərdişini özündə yaradacaq. Həyatda insan çoxlu problemlə qarşılaşır. Əgər problemlərə normal yanaşılıb və onun həllində ruh yüksəkliyi yarada biliriksə, problemlərin öhdəsindən gəlmək vərdişi yaranacaq. Düşüncə pozitivə köklənəcək.

Biz adətən beynimizə gələn neqativ informasiyaları, deyinməyi, şikayət etməyi, qeybəti və s. dəstəkləyirik. Bunu bir neçə dəfə təkrarlayandan sonra artıq beynimizdə oturuşmuş bir hala çevrilir. Artıq belə insan yaxınları ilə söhbət zamanı da birinci problemlərindən danışacaq. Səhər oyananda da, beyninə birinci problemlər gələcək. İnsanlarla ünsiyyətdə də, başlayacaq bütün işləri neqativə yoxmağa. Belə insanlar ətrafında olan şəxsləri də neqativə yoluxdurur. Həyat yoldaşını, dostunu, övladlarını da neqativə kökləyir. Onun övladı da, böyüyəndə valideynindən öyrəndiyi bədbin senarini tətbiq etməyə başlayır. Cəmiyyətdə insanlar nə qədər belə bədbinliyə yoluxurlarsa, bu abu-havanın içində müsbət enerjili insanlar da, özlərini qoruya bilmirlər. Çünki valideynlər, iş yoldaşları belə düşünür. Televizorda və internet resurslarında bu tətbiq edilir. Burada sosial şəbəkələrin və televiziya kanallarının da rolunu göstərmək lazımdır. Əgər hansısa verilişlərdə, xəbərlərdə ancaq neqativ aşınalırsa, kriminal xəbərlərin qabarıldığını görürüksə, insan bu ağır vəziyyətdən çıxa bilmir.

Bunlar üst-üstə gələndə, cəmiyyətdə neqativlik çoxalır. hətta yaxşı həyat sürən insanlar da gileylənir.

İnsanların neqativləşməyinə səbəb olan amillərdən biri də müqayisədir. Bir insanda müayisə vərdişi yaranır. O, artıq sosial mediaya baxanda hamı həyatının gözəl tərəfini paylaşırlar. Gözəl anları, fotoları görən şəxs bunu öz problemləri ilə müqayisə edir və bədbinliyə qapılır. Sanki hamı yaxşı yaşayır, bu pis dolanır. Sanki hamının ailəsi xoşbəxtdir, bu isə bədbəxtdir. Bu günümüzdə ciddi şəkildə problemlər yaradır".

Respublika Pediatriaya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbova BAKU.WS-ə açıqlamasında bildirdi ki, işıqlandırdığımı məsələ onu da olduqca çox narahat edir:

"35 il sağlamlıq imkanları məhdud olan uçaqların valideynləri ilə işləyirəm. Açıq deyim ki, həmin valideynlərlə işləyərək həyata tamam başqa gözlə baxıram. Həmin valideynlərin inadkarlığı, müdrikliyi, həyata baxışı tamam fərqlənir. Bu insanlar baxmayaraq ki, sağlamlıq imkanları məhdud uşaqları böyüdürlər və tərbiyə edirlər. Onların müalicəsi və reabilitasiyası ilə məşğul olurlar. Bu uşaqların müalicə zamanı kiçicik uğurları ilə nə dərəcədə sevinirlər. Bu valideynlərin həyata baxışı tamam başqadır. Düzdür madiyyat baxımından dövlət hər bir şəraiti yaradıb. İcbari Tibbi Sığorta ilə onlar reabilitasiya kursları keçirlər. Lakin bu kruslara gəldikdə, həmin sağlamlıq imkanları məhdud olan uçaqlardan, valideynlərindən naşükürlük, narahatçılıq, deyinmək eşitmədim. Bu bir örnək olmalıdır. Çox təəssüf elə ailələrə ki, kiçicik bir məsələni böyüdüb, həll edilməz problem edirlər. Sağlam uşaqlarının verdiyi artıq bir suala cavab verməyə narahat olurlar. Həmin sağlam uşaqlarla dərs, ev tapşırıqlarına kömək etdikdə bezirlər. Ailədə olan kiçik maddi problem şişirdilir. Övladları ilə məşğul olmaq yerinə telefonda hansısa dəbdəbəli həyata baxıb, öz ömürləri ilə müqayisə edirlər. Özlərini onlara bənzətmək istəyirlər. Düşünmürlər ki, bəlkədə sosial şəbəkələrdə paylaşılan həmin dəbdəbə şişirdilmiş, yalançı görüntülərdir.

Gözəl bir ölkədə yaşayırıq, Demokratik, azad dövlətin vətəndaşlarıyıq. Çox müdrük, ağıllı prezidentimiz var. Çox gözəl adət-ənənələrimiz var. Biz hər günümüzlə fəxr etməliyik. Bir az zəhmətkeş olmalıyıq ki, kiçik problemləri böyüdüb, naşükür olmayaq".

Sosial şəbəkələrdə Esma Nuran kimi tanınan jurnalist Natəvan Baxşiyeva deyir ki, kim nədən narahatdır, elə ondan da danışır:

"Psixoloji olaraq insan dərdləşəndə yungulləşir deyə, ola bilər, ona görə adətən, necə deyərlər, hər kəs onu incidən nə varsa, ondan danışır. Xoşbəxtliyi isə təklikdə yaşamağı üstün bilirlər) paxıllardan uzaq)

Və ya insanların naşükürlüyündən də ola bilər ki, sadəcə yaxşını görə bilmirlər. Bu da fərdi məslədir. Amma Allah da deyir ki, əsksər insanlar şükr etmir.

"Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükür etmir". ("Bəqərə" 243)("Ğafir" 61)"

Uroloq-Androloq, cərrah Seymur Mehtiyev isə düşünür ki, insanlar problemlərini bölüşəndə rahatlıq tapırlar:

"Beyin ağrını və çətinliyi daha dərindən yadda saxlayır,qorunmaq üçün. Amma sevinc, xoşbəxtlik, rahatlıq – bunlar təhlükə yaratmadığı üçün tez unudulur.

Əslində, hər birimizin həyatında yaxşı anlar da olur, sadəcə çox zaman dəyərləndirmirik. Kədərli olanda danışırıq, xoşbəxt olanda isə susuruq. Bəlkə də, cəmiyyət də buna öyrədib bizi,neqativi danış, pozitivdən utan.

Amma həyat elə deyil. Sadəcə baxış bucağını dəyişmək, bir az dayanıb yaxşı şeyləri də xatırlamaq lazımdı".

Ömrünü uşaqların təlim-tərbiyəsinə həsr edən müəllimə Solmaz Kazımova BAKU.WS-in sorğusunda bunları deyib:

"Gərək müsbət düşünəsən həyatı sənətini, insanları, vətənini sevəsən, qarşına çıxan çətinliklə mübarizə aparmağı bacarasan. Ümidini itirməyəsən. Müsbət baxış insanı gücləndirir, özünə inamı artırır, yaşamaq üçün səbəb verir və uzun müddətli xoşbəxtlik hiss etdirir. Bunun üçün sağlam və pisxoloji ruha sahib olub, ətrafına müsbət enerji ötürməlisən".

Xalq artisti Firəngiz Mütəllimova da BAKU.WS-in sorğusunda iştirak edib:

"Qeyd etdiyiniz məsələ əslində pandemiyadan sonra yarandı. Bəlkə də insanlar əziyyət, əzab çəkiblər, havasız qalıblar. Yəni bütün dünyada var bu aqresiya. Ona görə də, çox dərinə getmək istəmirəm. Bilmirəm kimin nə dərdi var, kim nəyə əsəbidir. Məni ailəm, ətrafım maraqlandırır. Allah aqresiyası olanlara səbr versin. Çükürlər olsun mənim heç bir problemim yoxdur. İşdə də hər şey rahatdır, yağ kimi gedir. Hamı ilə də münasibətim yaxşıdır. Ən çox boş olan, heç bir işlə məşğul olmayan insanlarda aqresiya olur. Ancaq onun-bunun işinə burunlarını soxsunlar. Mən aqresiyadan çox uzağam, heç bu barədə danışmaq, düşünmək istəmirəm. Allah içimizi sevgi ilə doldursun. Bizdən səmimiyyəti əsirgəməsin".

Xalq artisti Mübariz TağıyevBAKU.WS-ə fikirlərini bölüşüb:

"Düşünürəm ki, bu vaxtın, zamanın nəbzidir. Kimdəsə nəsə çatışmır. Kimdəsə isə əksinə... Mənim bir mahnım var ey, "Bazar dolu, ciblər boş, bazar dolu, ciblər boş". Yəni kontrasdır bir-birinə. Ona görə də, bu gün kimdə bir balaca pul varsa, özünü ağa sayır. SSRİ məkanında böyümüşük. O vaxt belə şeylər yox idi. İnsanlar özlərini qoruyub-saxlayırdılar. Bir də efir, kanalların çoxlu olması və s. insanlara əks təsir edir. Onları bağlamaq qeyri-mümkündür. Sadəcə olaraq bunun yolunu bilmirik. Burada nə həkimI, nə psixoloq, nə də başqa bir şey kömək olur. Sadəcə düşünmək lazımdır ki, bu günün sabahı var. Qalxıb, sabah yıxılmaq var. Yaxud da, yıxılmısansa, özün qalxmalısan. Ayrı heç bir variant yoxdur. Bu gün evlənib, sabah boşanır. Hamı bir-birinı qarşı aqresivdir. Qonşu qonşunu öldürmək istəyir. Biz bir-birimizə güzəşt edən millət olmuşuq Belə getsə, bir-birimizi vurub öldürəcəyik. Bizə düşmən lazım deyil. Özümüz özümüzü müalicə edək bundan"

Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov BAKU.WS-in sorğusunda bunları deyib:

"Heç şübhəsiz ki, Azərbaycanın xarici siyasəti çox yaxşı inkişaf edir. Dövlətimiz çox güclüdür, tarixdə analoqu olmayan müharibə apardıq və qalib gəldik. Xalqımız həmişə dövlətimiz yanındadır. Lakin hakimiyyətdə təmsil olunan elə qüvvələr var ki, 5- kalon adlanır. Onların bəziləri həbs edilib. İndi ad çəkmək istəmirəm. Bəziləri hələ azadlıqdadır və fəaliyyətdədir. Mən burada siyasi və iqtisadi təxribat görürəm. Mən həmişə onlarla mübarizə aparmışam. Ona görə də, mənə böyük pisliklər etdilər. Verilişimi dayandırdılar. Kitabımı bağladılar.

Biznes strukturunda işləyən məmurlardan ifarət mafiya var. Bu şəxslər cəmiyyətdə sosial problemləri daha da gərginləşdirirlər. Rayonlarda insanların əkin yerlərini əllərində alırlar. İnsanları bilərəkdən incidirlər.

Xalq cənab prezidentin ətrafında sıx birləşib və həmişə onu dəstəkləyir. Bundan narahat olan bəzi qüvvələr bilərəkdən insanları narazı salmaq istəyir. Ona görə də, qəsdən sosial gərginlik yaradırlar. İctimai fikri dolaşdırmağa çalışırlar. İnsanları güzəranla, kasıbçılıqla sınağa çəkirlər. Bu çox təhlükəli tendensiyadır. İnanıram ki, cənab Prezidentimiz buna son qoyacaq. Bu aqresiya da bununla yox olacaq".

Psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasındabildirib ki, bu kimi hallar beyinin həyatda qalma instinkti ilə əlaqəlidir:

"İnsan doğulduğu andan etibarən 4 əsas instikt ilə həyata başlayır yaşama (həyatda qalma) , qidalanma , qorxu və bağlanma. Ən əsas instikt olan yaşama bütün seçimlərimizi və müdafiə metodlarımızı formalaşdırır.

İnsan beyni təhlükəni hiss etdikdə dərhal savaş ya da qaç prinsibi işə düşür. Bu hal həm çox enerji həm də yüksək diqqət tələb edir. Bu səbəndən insan mənfi emosianal anları daha dərindən və uzun müddətli hiss edir.

Beyin aclıq , xəstəlik və s kimi "pis" şeyləri daha güclü qeyd edir ki, gələcəkdə onlardan qaça bilsin. Lakin xoş hallar isə daha tez normallaşır və onlara anlıq reaksiyalar vermək yetərli olur".

Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Əli Quliyev də sorğumuzda iştirak edib:

"Bu sualın cavabı yaşadığımız cəmiyyətin ruh halı ilə birəbir əlaqəlidir. İnsan gün ərzində o qədər mənfi halla üzləşir, o qədər problemlə qarşılaşır ki yaşadığı müsbət hadisələri başqaları ilə paylaşmağa qorxur. Sank bunu da əlindən alarlar deyə düşünür. Həyat yalnız pis hadisələrdən ibarət deyil təbii ki, ancaq bunlar o qədər çoxdur ki yaxşı hadisələr bunların arasında yoxa çıxır. Məişət, təhsil, sağlamlıq, sosyal və.s problemlər çoxaldıqca insanın yaşam eşqi də azalır və hər şeyə bədbin yanaşmağa başlayır. Bunun nəticəsində ancaq mənfiliklərə yüklənir. Gözəl hisslər yaşamaq və bunu paylaşmaq üçün nə zaman tapabilir nə də buna istək duyur. İnsan sahib olduqları ilə deyil itirdikləri və travmaları ilə dəyərləndirir həyatı. Nəticədə isə bütün cəmiyyət aqressiv və depressiv ruh halına sürüklənir və zaman içində hər kəs bundan öz nəsibini alır. Xoşbəxt paylaşımların sayını artırmaq üçün xoşbəxt cəmiyyət və xoşbəxt insan tandemi üzərində baş sındırmaq lazımdır deyə düşünürəm".

Psixoloq Rəvanə Quluzadə isə fikirlərini belə izah edib:

"İnsan beyni mənfi təcrübələrə daha çox diqqət yetirir, onları yadda saxlayır və vurğulayır. Bu, təkamül baxımından əlverişli olub. Çünki təhlükəni vaxtında görmək həyatda qalmaq üçün vacib idi. Və günümüzdə də real təhlükələr mövcud olduğu üçün, bu funksiyamız bu dövrə qədər öz aktuallığını qoruyub. Ona görə də psixoloji olaraq bu, gündəlik həyatda mənfi hallar üzərində fokuslanmağa səbəb olur.

1.Şikayət etmək bəzən emosiyaların boşalması üçün əla vasitədir. İnsanlar narazılıqlarını paylaşmaqla özlərini yüngülləşdirir və başqaları ilə emosional əlaqə qururlar.

2.Uşaqlıqda tez-tez tənqidə, neqativ münasibətə, kəskin xoşagəlməz reaksiyalara məruz qalmaq da insanların daha çox çatışmazlıqlara, əsasən mənfi hallara diqqət yetirmələrinə şərait yaradır. Bu davranış bir növ baxış bucağı halına gəlir. Başqa bir bənzətmə ilə desək, ailə, mühit insana uşaq ikən çirkli bir eynək verir. Və o eynək yetkin yaşında da onunla olur. Eynəyi təmizləmək çox zaman ağlına belə gəlmir. Çünki öyrəndiyi norma budur.

3.Həmçinin diqqət etsək, insanlar mənfi hallar üzərində düşünməklə, bunları göstərməklə daha çox diqqət və reaksiya alırlar. Yaxşı hadisələr isə gözardı edilə bilir, çünki onlar artıq "normal" hesab olunur və insan beyni üçün "təcili"dir siqnalını ötürmür. İnsan beyni təcili vəziyyətlərdə tez reaksiya göstərməyə meyillidir. "Şər qüvvə" təhlükə və dolayısı ilə, hərəkətə keçmə səbəbidir.

4. İnsanlar tez-tez başqaları ilə öz vəziyyətlərini müqayisə edirlər və əskikliklərini, sahib olmadıqlarını daha qabarıq şəkildə görməyə başlayırlar. Bu da narazılığı artırır və pozitiv təcrübələrin görünməz olmasına səbəb olur. Halbuki, hər insanın getdiyi yol fərqlidir. Hətta eyni yoldan gedənlərin belə yeriş tərzi, hərəkət ritmi, yolu qavrama tərzi eyni olmur.

5.O cümlədən, uzunmüddətli stres, yorğunluq da insanların diqqətini ancaq mənfi hallara yönəldir. Bu isə qara bulud kimi, müsbət halların üzərini örtür.

6.Bəzən isə şikayət etməyin arxasında daha fərqli düşüncələr durur. Məsələn, uğurları, müsbətləri açıq şəkildə göstərmək-sosial rəqabət, qısqanclıq, neqativ reaksiya kimi riskləri daşıdığı üçün, insanlar bundan bir növ qorunmağın yolunu mənfilərdən qalxan kimi istifadə etməkdə görürlər.

7.Və bəzi inanclar..."Göz dəyər, nəfs tutar" kimi inanclar müsbətləri gizlətməyə, mənfi halları şişirməyə şərait yarada bilər.

Qısacası, daimi şikayət və mənfi fokus, həm daxili dünyanı, həm də sosial həyatı və psixi sağlamlığı zədələyir".

"Qafqazinfo" Xəbər Portalının baş direktoru Elbrus Ərud deyir ki, ən dəhşətlisi bir işi bacara bilməmək, amma israr etməkdir:

"Biz görmək istəsək, hər şey görəcəyik. Neqativ axtarsaq, min dənə neqativ tapa bilərik. Biz axtarıb pisin içində yaxşı tapmalıyıq. Bir işıq tapmalıyıq və həmin işığa bağlanmalıyıq. İstənilən adamın yüzlərlə mənfi və müsbət tərəfini tapa bilərik. Amma dostumuzun yanında ona görə qalırıq ki, cəmi bir gözəl keyfiyyətindən yapışırıq".

Jurnalist Amid Əyyub Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see200

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see189

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see174

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see151

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see149

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see140

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see139

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see132

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see129

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see127

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see124

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see122

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see122

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see121

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see119

Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib

17 Noyabr 2025 01:04see119

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see118

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri