İnsanlar niyə yalan danışmağa meyillidir?
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Müasir cəmiyyətdə insanlar arasında dürüstlük, qarşılıqlı etimad və sağlam ünsiyyət məsələləri getdikcə daha çox müzakirə olunur.
Gündəlik münasibətlərdə həqiqəti gizlətmək, müəyyən maraqlar naminə yalan danışmaq, eləcə də qarşı tərəfin fikrinə və iradlarına dözümsüz yanaşmaq halları diqqət çəkir. Bəzən insanlar məsuliyyətdən yayınmaq, özlərini daha yaxşı göstərmək və ya mümkün münaqişələrdən qaçmaq üçün həqiqəti təhrif etməyə üstünlük verirlər.
Digər tərəfdən, ən kiçik tənqid belə bəzi insanlarda müdafiə mövqeyi, aqressiya və qarşıdurma yaradır. Bu baxımdan, cəmiyyətdə dürüstlüyün zəifləməsinin, həqiqəti qəbul etməkdən çəkinməyin və tənqidə dözümsüzlüyün arxasında hansı psixoloji və sosial amillərin dayandığı, bu davranışların insan münasibətlərinə necə təsir etdiyi suallar doğurur.
Bəs insanlar niyə getdikcə daha çox yalan danışmağa və həqiqəti gizlətməyə meyil edir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, müasir insan yalanı peşəkarlıq, həqiqəti isə risk kimi görür:
“Qəbul edilmək, üstün görünmək, məsuliyyətdən yayınmaq və şəxsi maraqlarını qorumaq üçün reallığı təhrif edir. Bunun arxasında sosial təzyiq, rəqabət, uğursuz görünmək qorxusu və başqalarının gözündə dəyərini itirməmək istəyi dayanır. İnsanlar artıq necə yaşadıqlarından çox, necə göründüklərinə əhəmiyyət verirlər. Rəqəmsal dünyada nümayiş etdirilən həyat real həyatın önünə keçir. İnsan özünü olduğundan daha xoşbəxt, uğurlu və təminatlı göstərməyə çalışır.
Ən təhlükəlisi isə yalanın təkrarlanaraq insanın öz düşüncəsində həqiqətə çevrilməsidir. Bir müddət sonra insan başqalarını aldatmaqla kifayətlənmir, özünü də aldadır. Müasir cəmiyyətdə həqiqət çox vaxt maraqlara uyğun gəldiyi müddətdə qəbul edilir”.
Onun sözlərinə görə, insanlar müasir dövrdə tənqidə dözümsüz yanaşırlar və ən kiçik irada belə aqressiv reaksiya verirlər:
“Məhz burda ən böyük problem bir şəxsin öz fikrini çox bəyənməsidir. Başqasının uğurunu öz məğlubiyyəti, fərqli düşüncəsini isə şəxsi mövqeyinə təhlükə kimi qəbul edir. Sosial müqayisə, özünəvurğunluq, aşağı özünəinam və təsdiqlənmək ehtiyacı tənqidə dözümsüzlüyü artırır.
Xüsusilə sosial şəbəkələrdə davamlı bəyənilməyə və təsdiqə alışan insan real həyatda fərqli münasibətlə qarşılaşanda bunu qəbul etməkdə çətinlik çəkir. Belə insan üçün tənqid davranışına münasibət deyil, şəxsiyyətinə hücumdur. Çünki özünəinamı daxili dəyərlərindən deyil, başqalarının münasibətindən asılıdır. Tənqidi dinləmək üçün insan öz səhvini qəbul etməyi bacarmalıdır”.
Psixoloq qeyd edib ki, özünü həmişə haqlı hesab edən insan isə inkişaf etmək əvəzinə, özünü müdafiə etməyə enerji sərf edir:
“Ən böyük paradoks budur ki, özünü tənqiddən qoruyan insan əslində öz inkişafına mane olur”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 03 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















