İranda qaldırılan bayraq mübahisələrə səbəb oldu Tarixi Azərbayan simvollarının mənası
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın müxtəlif şəhərlərində davam edən etirazlar zamanı aksiyaçılar ölkənin rəsmi bayrağını endirərək, üzərində Aslan və Günəş təsviri olar bayraqları qaldırıblar. Diqqəçəkən məqam bu simvolun Səfəvilərin və Əfşarların da bayrağında yer almasıdır.
İranda qaldırılan Aslan və Günəş təsvirli bayraq nəyi simvolizə edir?
Globalinfo.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli bildirib ki, Azərbaycan Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarların dövründə fərqlənib:
“Azərbaycan Səfəvi dövlətinə aid arxiv sənədləri dövrümüzə çatmamış, Səfəvilər dövründən qalmış əşyalar isə müxtəlif ölkələrdə, şəxsi və dövlət muzeylərində saxlanılır. Dövlət rəmzləri ilə bağlı məlumatları isə dövrün salnamələrindən, qeydlərdən, gündəliklərdən və ya Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, dövrün səyahətnamələrindən və Qərbi Avropa səyyahlarının qeydlərindən əldə etmək mümkündür. Məsələn, Səfəvi dövlətində şairlərin verdiyi məlumata görə, Səfəvi bayraqları fransız üslubunda, üçbucaq şəklində, müxtəlif bahalı parçalardan hazırlanmış, həm süvarilər, həm də piyadalar tərəfindən istifadə edilən hərbi bayraqlar olub. Bu bayraqlar üzərində Qurani-Kərimdən ayələr, kəliməyi şəhadət, Həzrət Əli və Zülfüqar qılıncı, eləcə də Aslan və Günəş təsvirləri əks olunub”.
Tarixçi deyib ki, Aslan motivinin Günəşlə birlikdə istifadə olunması qədim Mesopotamiya mədəniyyətinə gedib çıxan astroloji məna daşıyır:
“Mesopotamiya və Misirdən Yunanıstan və Romaya qədər yayılan, orta əsrlərdə isə bütün islam dünyasında hakim olan astroloji ənənəyə görə, Ay və Günəş sisteminə daxil olan ulduzlar 12 bürcdən bir heyvanla əlaqələndirilirdi. Günəşin Aslan bürcü ilə əlaqəsi də bu iki motivin birlikdə istifadə edilməsinə səbəb olub. Qədim Misirdə Aslan bürcü Günəşin evi kimi tanınırdı. Hətta Anadolu Səlcuqlularının zərb etdiyi gümüş sikkələr üzərində də Aslan və Günəş təsvirlərini görmək mümkündür. Elxani hökmdarları Məhəmmədoğlu Cadu və Əbu Səid tərəfindən zərb edilmiş mis pullarda da Aslan və Günəş təsvirləri mövcuddur.
İspan diplomatı Uyqun Saleste Klavixo isə Əmir Teymurun Keş şəhərindəki Ağ Sarayının giriş qapısında günəş fonunda Aslan təsvirini qeyd edib. Bu motivin Teymurun Səmərqənddə hakimiyyətdən uzaqlaşdırdığı şahzadənin gerbi kimi tanındığı bildirilir. Səmərqənddə 1627-ci ildə inşa edilmiş Sərdar Mədrəsəsinin giriş portalında da Aslan və Günəş təsvirləri mövcuddur. Bu, Əmir Teymurun elxanilərin varisi olduğunu göstərmək üçün bu motivlərdən istifadə etdiyini göstərir”.
Tarixçi onu da vurğulayıb ki, Səfəvi dövründə bayraqlarda Aslan və Günəş astroloji motivindən çox istifadə edilməsə də, Ay və ulduz təsvirləri geniş yayılıb:
“XVI–XVII əsrlərdə miniatürlərdə qırmızı bayraqlarda Ay və ulduz motivlərinin dominant olduğu görünür. Şah İsmayıl Xətai şeirlərində Günəş və Ay rəmzlərinin mənasını poetik şəkildə açıqlayır. Onun şeirində bayraqdakı rəmzin poetik kodlaşdırılmış təsviri var: “Xətayim der – Rəhm etməzəm yalana, Özün təslim edər kəndi gələnə, Ay Əlidir, gün Məhəmməd bilənə, Bax, nəzər eylə də həmən arif оl”. Bu, orta əsr Azərbaycanda Ay və ulduz təsvirlərinin istifadə olunmasını təsdiqləyir və Səfəvi ideologiyasının dini, sufi əsaslarını əks etdirir. Şah İsmayıl Rəsulu-Əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirərək, onları eyniləşdirmir, əksinə, Peyğəmbərin ali mövqeyini vurğulayır. Beləliklə, Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqlarındakı Ay və Günəş obrazları, islam dininin sufi təsəvvürləri ilə uyğun şəkildə dini məna daşıyır”.
Tofiq Nəcəflinin sözlərinə görə, XVI əsrin sonlarında Şah Abbas dövründə Aslan və Günəş astroloji motivləri ön plana çıxıb və onun fərmanlarındakı rəsmi möhürlərdə bu təsvirlər əks olunub:
“1601-ci ildə flamand rəssamı tərəfindən çəkilmiş Şah Abbasın Avropa elçisi Hüseyn əl Bayatın portretində də Aslan və Günəş təsvirləri görünür.
Səfəvi dövründə Aslan motivi şeirlərdə və miniatürlərdə güc və qüdrəti simvolizə edirdi. Nadir Şah Əfşar imperiyasında və Qacarlar dövründə də Aslan və Günəş motivlərindən istifadə edilib. Fətəli Şah dövründə isə Qacar bayraqlarında Səfəvi təsvirləri davam etdirilərək Aslanın əlində qılınc təsviri əlavə olunub. Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra Nadir Şah imperiyası və Qacarlar dövründə, o cümlədən İrəvan xanlığının bayraqlarında da Günəş və Aslan təsvirləri qorunub saxlanıb, Səfəvilərin rəmzlərinin gələcək sülalələrdə də davam etdirildiyi müşahidə olunub”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Yanvar 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















