İraq Türkmanları kimdir?
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elşən Mirşli
Gəncə şəhəri, tarixçi
I Yazı
“Camiu-d-duval” əsərində yazılıb: “Türkmanlar türklərin bir qoludur ki,Türküstan ölkəsindən çıxaraq Xorasana sarı hərəkət etmiş,sonra isə ətraf məmləkətlərə yayılmışlar.Onların çoxlu çadırı və mal-qarası olar, yayda yaylağa,qışda qışlağa köçərdilər.Oğuz tayfaları qarışaraq türkman adlanıblar.Çoxlu qəbilələrdən ibarətdilər,qəbilələr işarələrə və saysız-hesabsız kiçik qollara bölünürlər.Onların hər birinin xüsusi adı vardır ki,öz aralarında istifadə olunur”.
Rus şərqşünası Vasili Bartold Çin mənbələrinə istinad edərək yazır: “Xəzər dənizindən tutmuş Çin sərhədlərinə qədər uzanan torpaqlarda yaşayan türklər əsas üç qövmdən ibarətdir:
1.Uzlar və ya Quzlar- Xəzər dənizindən tutmuş Sır-Dərya çayınadək olan ərazidə məskən salıblar.
2.Karluqlar-Fərqanədən şərqə sarı iyirmi günlük məsafədə yerləşən ərazidə məskən salıblar.
3.Toquzquz -“Doqquz Oğuzlar” Karluqlarla Çin sərhədləri arasında ərazidə məskən salıblar.
Mahmud Kaşğari yazır: “Oğuzlar türk nəslindəndir,onlar həm də türkmən adlanırlar.24 qəbiləyə bölünürlər.Hər qəbilənin öz əlaməti və möhürü var.Onlar əmlak və mal –qaralarını nişanlayırlar”.Karluqlar haqqında isə yazır ki,onlar köçəridirlər və Uzlar və ya Quzlar kimi onlara da türkman deyilmir.
Şərqşünas alim Vasili Bartold həmçinin yazır: “İki ən böyük türk imperiyasını- Səlcuq (1037-1157) və Osmanlı dövlətlərini (1299-1922) yaradanlar məhz həmin türkmanlar içərisindən çıxıblar”.
Alim-tədqiqatçı Murad ər-Rəmzi yazır: “Əbülfazi demişdir: “Oğuz xanın oğulları Mavəraünnəhr və Xorasana bir qisim türkmanlarla gəlib... Türkman adı burada formaca fərqlənib.Əbülfida qeyd edir ki,islamın lap başlanğıcında Xorasan və Mavəraünnəhr türkmənlərinin müsəlman olanlarını belə adlandırırdılar.İstilaçı ərəblərlə rəiyyət təşkil edərək dillərini öyrəndiklərindən,müsəlman türklər onlarla yerli əhali arasında bir növ tərcüməçi (tərcüman vəzifəsini yerinə yetirdiklərindən bu adı qazanmışdılar.Sonradan həmin söz (tərcüməçi) tərif edilərək türkmana çevrilir”.
Millətlər Liqasında yaradılmış xüsusi beynəlxalq komissiya tərəfindən tərtib edilmiş beynəlxalq əhəmiyyətli rəsmi sənəddə də türkmanlar haqqında söhbət gedir.Həmin sənəddə “İraqla Türkiyə arasında sərhəd məsələsinə aid sorğuya nəzarət etmək üçün Millətlər Liqası tərəfindən seçilmiş xüsusi komissiyanın hesabatı”dır.30 sentyabr 1924-cü ildə Millətlər Liqasına təqdim edilmiş həmin hesabatda deyilir: “Miladın XI əsrində Ceyhun çayını keçib islamı qəbul edən bütün türklər türkman,yaxud türkmən adlandırılmışdır.Bütün bu qəbilələr Oğuza aid edildiyi üçün belə hesab etmək olar ki,türkman məfhumu Oğuz məfhumunu əvəz etmişdir.Türkman məfhumu heç bir şübhə yoxdur ki, bu məfhum İranda,Azərbaycanda,İraqda,Türkiyədə, Suriyada, Misirdə yaşayan bütün türklərə aid edilir.”
Britaniya hökumətinin belə bir iddiası rəsmən bildirimişdi.İraq türkmanları Osmanlı dövləti yaradılandan çox-çox əvvəl indiki İran adlandırılan ölkədən gəlmişlər və çox güman ki,Abbasi xəlifələrinin silahlı qüvvələrini təşkil edən türkmanlardan törəyiblər.
Britaniya nöqteyi-nəzərini təsdiq edən Millətlər Liqasının xüsusi komissiyasının hesabat sənədində həmçinin deyilir: “ Britaniya hökumətinin fikri həqiqətə uyğun görünür. Çünki onların (İraq türkmanları nəzərdə tutulur) əksəriyyəti Toğrul əsgərlərinin, Abbasi xəlifəsinin müttəfiqlərinin,Atabəy döyüşçülərinin nəslindən yaranıblar. Səlcuq sultanları bir şahzadəni bir əyalətə vali göndərəndə, onunla birlikdə oğuz bəylərindən bir atabəy də göndərirdilər.Türkmanlardan bir qismi həmçinin Osmanlı sultanlarından və zabitlərindən törəyiblər.”
Bu bir həqiqətdir ki,İraqda türkmanların yaşama tarixi Millətlər Liqasının xüsusi komissiyasının hesabatında göstərilən dövrlərdən də əvvəl başlayır.Tarixi məlumatlar türkmanların böyük dəstələrlə İraqa ilk gəlişini h.t.54-cü ilinə aid edirlər.Bu hadisə Ubeydullah ibn Ziyadın Xorasana vali təyin edildiyi vaxt olmuşdur.Onun zamanında ərəb ordusu ölkənin mərkəzinə doğru irəliləyərək türklərlə müharibəyə girişmişdir.Ubeydullah ibn Ziyad ordunu Ceyhun çayından keçirərək bir sıra türk şəhərlərini,məsələn,Buxaranı fəth etməyə çalışıb.Məşhur tarixçi Ət-Təbəri yazır ki,Ubeydullah (h.t.54-cü,m.t.673-cü il) rabiul-əvvəl ayında hücumla Ceyhun çayını keçib Buxaranın üstünə yeriyb, sonra Bikandə sarı hərəkət edib.Türk qoşunu qadın hökmdar Qıbəc Xatunun rəhbərliyi altında şiddətli müqavimət göstərib.Onların göstərdiyi yüksək şücaət,silah oynatma qabiliyyəti ərəb sərkərdəsinin diqqətini cəlb edərək heyran qoymuşdur.Sonra o,Buxara türklərindən-fazzlardan iki min ən yaxşı ox atan döyüşçü seçərək,İraqa göndərir və onları Bəsrədə yerləşdirir.
Əl –Həmədani yazır: “Sərkərdə Ubeydullah ibn Ziyad onlardan-fazzlardan dörd minlik qüvvətli və gənc döyüşçü toplayıb İraqa göndərdi və Bəsrədə yerləşdirdi.Onlara məsarif verdi, ərzaqla təmin etdi, məişətlərini təchiz etdi”.
Əl-Balazuri yazır: “Ubeydullah ibn Ziyad Buxara camaatından bir bölüyü sürgün etmişdi.Bəziləri deyirdilər ki, onları zorla göndərib,bir başqaları isə güman edirdilər ki, onları dinə dəvət etdiyindən razı olublar. Hər halda, onlar köç edərək Bəsrədə məskən salmağa razılıq veriblər.Əl-Həccac nəsli Vasıt şəhərini bina edəndə türklərin çoxu ora köçürülür.Onların nəsillərindən bir qövm indiyədək qalır ki,onu məşhur hoqqabaz İbn Maraqlı hər yanda tanıtdırıb”.
Ubeydullah ibn Ziyad türk əsgərlərindən hərbi hissələr yaratmış ilk ərəb sərkərdəsi sayılır.
Məlumdur ki, Ubeydullah ibn Ziyad o dövrdə Yəməndə üsyan qaldırmış vəhşi ərəb qəbilələrini tabe etmək üçün türkmanlardan istifadə etmişdir.
Konyada yaradılmış Səlcuq dövlətinin bir hissəsini təşkil edən Kiçik Asiyanın digər türkləri kimi Osmanlı türklərinin əcdadları da XIII əsrdə türkman adıyla tanınırdılar.
1055-ci ildə Toğrul bəy Səlcuqinin (1037-1063) rəhbərliyi altında və türkmanların (Oğuz türkləri) çox böyük bir dəstəsi İraqa gəlir.Toğrul bəyin Bağdad yürüşü,əsasən,1055-ci ildə baş verib və Abbasi xəlifəsini Büveyhilərin (934-1055) təsirindən azad etmək,Bağdadı almaq və Səlcuq hakimiyyətini Şərqdən Qərbə doğru genişləndirmək məqsədi güdürdü; bu yürüşlə Toğrul bəy Bağdadı ələ keçirərək Abbasi xilafətinin qoruyucusu rolunu oynadı,bununla da öz sultanlığını və islamın nüfuzunu möhkəmləndirdi.Bağdadı idarə edən Büveyhilər (şiə sülaləsi) Abbasi xəlifəsinin dini və siyasi səlahiyyətlərini məhdudlaşdırırdı. Toğrul bəy tacik Büveyhiləri və şiə ərəbləri İraqdan çıxararaq öz hakimiyyətini bərqərar etdi.
Toğrul bəy 1055-ci ildə Bağdada gedir və ona Abbasi xəlifəsi tərəfindən sultan ləqəbi verilir.1063-cü ildə Toğrul bəy Reydə vəfat etdi.Toğrul bəydən sonra Çağrı bəyin oğlu Alp Arslan sultan olub,Bizans ölkəsi olan Anadoluya qoşun çəkdi və 1071-ci ildə Malazgirddə yunanları ağır şəkildə məğlub edib, Anadoluya girməyə müvəffəq oldu.
Qeyd etmək lazımdır ki,Buveyhi hakimiyyəti zamanı İraqa axışıb gələn türklər ölkənin əsasən mərkəzi və cənub hissələrini özlərinə yeni vətən seçirdilər.Şimalın şəhər və strateji vilayətləri-Samarra,Mosul, Kərkük,Ərbil,Tikrit və başqaları onların yaşayış məskənləri olurdu.
İbn Əl-Əsir belə yazır “Muizzuddövlənin öz dostları türklərə və başqalarına bəslədiyi etibar onun səxavət əlini açdı,onlara var-dövlət və Bəsrədə,İraqın mərkəzi hissəsində torpaq payları verdi”.
Səlcuqların əsgər topladıqları minlərlə türkman İraqa qul kimi yox, əksinə,böyük dəstələr şəklində,silahlı fateh-xilaskarlar təki daxil olur, özlərini ağa kimi aparırdılar.Səlcuq sərkərdə və əmirləri İraqda var-dövlətə çatdılar.Onlar İraqda və qonşu ölkələrdə-Ərəb yarımadasında, Şamda və Əcəm ölkəsində yerləşdilər. Səlcuq əmirləri çoxlu dövlətlər yaratdılar.Onlardan: “Mardin və ətraf vilayətlərdə Bəni Artıq əmirliyini, Mosul Atabəylər dövlətini,Ərbildəki Bəni Zeynəddin Kuçek əmirliyini, Kərkükdə Bəni Qıpçaq əmirliyini, Diyarbəkrdə Qara Aslan əmirliyini, Bəni Dəkizlərin Azərbaycan (dağ) Atabəylər əmirliyini,Səlğəriyyə (Şiraz və ətraf fars torpaqlarında) əmirliyini,Cəbəl Həmrində Eyvaqiyyə əmirliyini, Xuzistanda Bənə Şimlə Aydoğdu dövlətini və başqalarını göstərmək olar”.
Göstərilən əmirliklər Səlcuqilər dövlətinin fəaliyyəti dövründə yaranıblar.Onların bəzisi Ərəb yarımadasında,Əcəm ölkəsində sonralar da yaşamaqda davam ediblər.
Səlcuqlarla birlikdə İraqa daxil olan və buranı özlərinə həmişəlik vətən seçən türk qəbilələrdən biri bayat adlanır.Onun haqqında çoxlu mənbələrdə məlumat verilir.
Kaşğari özünün 1072-ci ildə yazdığı “Divani lüğətit-Türk” əsərində yazır. “Oğuz-türk tayfasıdır,onlara türkman da deyilir.24 qəbiləyə bölünür.Hər qəbilənin öz nişanı və möhürü var.Onunla mal-qaralarını və dövlətlərini nişanlayırlar. O boylar bunlardır: Kayı, Bayat, Alkaevli, Karaevli, Yazır, Döger, Dodurğa, Yaparlı, Avşar, Kızık, Begdili, Karkın, Bayındır, Peçenek, Çavuldur, Çepni, Salur, Eymür, Alayuntlu, Yüregir,İğdır,Bügdüz,Yıva,Kınık.
Kaşğari göstərilən əsərində hər bir qəbilənin nişan və möhürünün şəklini verir.
“Şəcərətu-t-türk” əsərində göstərilir ki,bayat oğuzlardandır.Sözün mənası “əzəmət” və “şövkət” deməkdir.
Rəşidəddin özünün “Cəmiu-t-təvarix” əsərində göstərdiyi kimi,o,türk oğuz nəslindəndir. “Bayat” sözünün mənası isə “dövlətli” “sərvətlənmiş” deməkdir. Bayat haqqında məlumat Cəlaləddin Məngubərtinin “Seyrə” əsərində belə verilib: “Bayavut qəbiləsi “Bayat”ın cəmidir,o,türkdilli yemək qəbiləsinin bir qoludur.
Bayat haqqında “Böyük Türk ensiklopediyasında aşağıdakı məlumat verilir: “Təsdiq edilmiş faktdır ki,bayat qəbiləsi Feynəq nəslindən olan Səlcuq ailəsinin bayrağı altında həyata keçmiş,türkman və oğuz fütühatlarının iştirakı ilə yaradılmış,Sır-Dəryadan Xəzər dənizinədək uzanan Türk imperiyasının qurulmasında mühüm rol oynamışdır. Bağdadın cənub-şərqində yerləşən,Luristanla həmsərhəd olan bir qalanın adından (“bayat”sözü) götürülüb.Səlcuqlar dövründə bayatın axını bu torpaqlara da gəlib çatıb.Çox güman ki,qəbilənin Kərkük ətrafında qərar tutub məskən salması da səlcuqlar dövründə başa çatıb”.
Göstərilən ensiklopediyada həmçinin deyilir: “Kərkük vilayətində və Kərkükdə məskən salmış türkmanların əksəriyyətinin əsli bayat qəbiləsindəndir”.Bayat nəslinin Mosul vilayətində,Tələfərdə,Bağdadda, Kənaniyyədə,Hillədə bu gün yaşamağı inkaredilməz faktdıır.Onlar bu torpaqlarda o dövrdən məskən salıblar.
Ensiklopediyada həmçinin deyilir: “Onlar,yəni bayat qəbiləsi,İraqda 13 qola və hər qol da müxtəlif nəsillərə bölünüblər.Bayat qəbiləsindən İraqda böyük türk şairi Məhəmməd Füzuli yaranıb.Ümumən türk-şərq musiqisi muğamlarından biri sayılan bayatı muğamının adı da bayat türkmanlarına aiddir.
Həmin mənbədə daha sonra oxuyuruq: “Bayat qəbiləsi oğuzları,yaxud türkmanları təşkil edən 24 boydan biridir ki, onlar mənşə etibarı ilə bütün Anadolu,Azərbaycan və Türküstan türklərini əhatə edirlər.Bu boy (Bayat) öz başlanğıcını ölkələr fəth etmiş Oğuz xanın altı oğlunun birindən (Gün xandan) götürür. Bayat boyu qədim zamanlarda digər Oğuz boyları arasında rəhbər və hakim mövqe tutan “Boz ox” boylarından biri hesab edilmişdir.
Bayat dörd boyun təşkil etdiyi Boz oxun tərkibində öz əhəmiyyətinə görə kayı boyundan sonra ikinci yerdə durardı.Bayatın başçısı xanın sağ tərəfindəki birinci yerdə oturmaq hüququna malik olub. Box ox-dan təşkil edilmiş oğuz qoşununun sağ cinahı da Bayata məxsus olardı. Xanın “şulen” adlanan əyan məclislərində ən ləziz teamlar da onun iştirakı ilə yeyilərdi.
Cənubi İraqda məskən salmış bayatlılar ərəblərlə o qədər qaynayıb qarışıblar ki, boylarındakı addan başqa bir iz qalmayıb.Mərkəzi və şimali İraqda yaşamış bayatlıların əksəriyyəti isə ərəblərin dinini öyrənməklə yanaşı,öz dillərini də saxlayıblar.
Beləliklə yavaş-yavaş İraqa daxil olub yerləşmiş türk sakinlərin sayı artır.Onlar əsas etibarilə ölkənin mərkəzi və şimal hissəsini,həmçinin də cənub hissəsinin bir qismini özlərinə məskən seçirlər,şəhərlərdə və əkinçilik ərazilərində yerləşməklə yanaşı,özləri də yeni şəhərlər və kəndlər salırlar,tarix bizə türkmanların bu şəhərlərdə yaşadığını xəbər verir:Vasıt,Hillə,Bağdad, Qızıl-ribat (Səədiyyə), Zeyyuh , Şəhraban, Məndəlli,Qazaniyyə,Kənan,Adaniköy (Mənsuriyyə Cəbəl),Zorbatıyyə, Delli Abbas,Qarağan,Xaniqin.Bundan başqa İraqın mərkəzi hissəsinin kəndlərində:Qaratəpə,Kifri və ətraf kəndləri,Tozxurmatu və ətrafında yaşamışlar.Bayat boyu əsas etibarilə Əl-Azım vilayətində, Tozxurmatu ilə Qaratəpənin cənubu arasındakı ərazidə məskən salıb.O kəndlərin ən tanınmışları bunlardır: Əmirli,Bustamlı,Zəngli,Səyaf.Bundan başqa türkmanlar Daquqda,Zeynəlabideyn kəndində və ətraf yerlərdə məskən salıblar.Onlardan Təzəxormatlını,Kərkük və ətrafını,Leylanı,Ömərkələni Bəşiri,Topzavını,Türklanı və Kərkükün çoxlu kəndlərini göstərmək olar. Hazırda Altun Köprüdə, Ərbildə, Mosul və ətrafında, Neynəvada, Tələfərdə və ətrafında,Tikritdə,Samarrada da türkmanlar yaşayır.
Ardı var
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















