İrəvan çalxalanır: Müxalifət etirazçıları meydana qaytarır
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistan hakimiyyətinin Sədərək rayonunun işğal altında olan Kərki kəndini Azərbaycana qaytarmaq istəyi revanşist müxalifətin sərt reaksiyasına səbəb olub.
Sentyabrın 10-da “Güclü Ermənistan” blokunun deputatları kənddə müvəqqəti məskunlaşmış sakinlərlə görüşərək yaşayış məntəqəsinin problemlərini müzakirə edib.
Müxalifətdən olan deputatlar Kərkinin inkişafı ilə bağlı alternativ proqram təqdim edəcəklərini bildiriblər. Müxalifətçilər kəndin Azərbaycana qaytarılmasının yolverilməz olduğunu bildiriblər.
Onların əsas arqumenti isə buranın yalnız kənd deyil, Ermənistanın şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat qovşağı olmasıdır.
Müxalifət hesab edir ki, kəndin və onun ərazisindən keçən yolun taleyi Ermənistanın nəqliyyat, iqtisadi və ərzaq təhlükəsizliyinə birbaşa təsir edə bilər.
“Güclü Ermənistan” blokunun fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, kənddən keçən təxminən 8 kilometrlik yol Ermənistanın şimalını İrəvan, Vayots Dzor və Zəngəzurla, daha sonra isə İran sərhədi ilə birləşdirir.
Onun sözlərinə görə, bu marşrutdan hər il milyonlarla ton yük daşınır və yolun itirilməsi alternativ istiqamətlərdə nəqliyyatın ciddi şəkildə çətinləşməsinə səbəb ola bilər. Müxalifət kəndin əsl sahiblərinə qaytarılması ehtimalına qarşı siyasi müqaviməti açıq şəkildə ortaya qoyub.
Qeyd edək ki, Ermənistanda iyun ayında keçirlmiş parlament seçkilərindəki məğlubiyyət və Samvel Karapetyan, Robert Köçəryan, Qagik Tsarukyan kimi müxalifət liderlərinin həbsi revanşist qüvvələrin mövqeyini xeyli zəiflədib. Hətta Rusiyanın onları azadlığa buraxması üçün Baş nazir Nikol Paşinyan qarşısında qaldırdığı sərt tələblər belə, işə yaramayıb.
Ona görə də radikal müxalifət işğal altındakı eksklav və anklavların Azərbaycana qaytarılması məsələsinə yenidən mövqelərini gücləndirmək üçün siyasi fürsət kimi baxır. Bu, 2024-ci ildə Qazax rayonunun işal altındakı dörd kəndinin Azərbaycana qaytarılmasına etiraz olaraq arxiyepiskop Baqrat Qalstanyanın başlatdığı aksiyaların analoqu hesab edilə bilər.
Bu dəfə təşəbbüsü Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” partiyası ələ almağa çalışır. Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın başçılığı ilə müxalif deputatların Kərki kəndinə getməsi də əslində, Paşinyan hakimiyyətinin guya Ermənistana məxsus olan torpaqları Azərbaycana verməsi barədə ictimai rəy formalaşdırmağa xidmət edir.
Böyük ehtimalla, revanşistlər perspektivdə həm Kərki kəndinin, həm də Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin Azərbaycana qatarılması ətrafında siyasi skandal yaratmağa çalışacaq.
Bu kontekstdə Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarının başlanılması gözləniləndir. Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda etirazların baş qaldırması bu prosesdə Moskvanın da maraqlı olduğunu nümayiş etdirir.
Kəndlərin qaytarılması amilindən istifadə edən Rusiya Paşinyana qarşı daxili təzyiqləri artırmaq üçün istifadə edə bilər.
Sözügedən missiya isə rusiyalı milyarder Samvel Karapetyana həvalə edilib. Lakin Baqrat Qalstanyan hərəkatı taktika kimi sınaqdan çıxıb və siyasi iflasa uğrayıb. Ona görə də Kərki mövzusu ətrafında baş verə biləcək etiraz aksiyalarının Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olacağı şübhə doğurur.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: İrəvan etirazçılar
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 11 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















