Icma.az
close
up
RU
İrəvan hərbi xərclərimizin artımından niyə əndişələnir?

İrəvan hərbi xərclərimizin artımından niyə əndişələnir?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Axı bunun səbəbi özlərinin silahlanmasıdır

Ölkəmizin gələnilki hərbi xərcləri, deyəsən, Ermənistanı bərk qorxuya salıb. Bununla bağlı Hayastan mediasında dərc olunan yazılar belə deməyə əsas verir.

Məsələn, aprelin 16-da “ArmenianReport” da yerləşdirilmiş “Ermənistanı kim qoruyacaq?!” sərlövhəli məqalədə bildirilib: “Bizə dost olmayan qonşu ölkədə büdcədən danışırlar. Azərbaycanın gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub. Bu, ölkənin 2026-cı il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin xərc göstəricilərinin funksional təsnifat səviyyəsində öz əksini tapıb. Gələn il bu sahəyə 8 milyard 110 milyon 642,2 min manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu, indiki məzənnə ilə təxminən 4,8 milyard dollar dəyərindədir. Qonşu ölkənin müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473,2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393,1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393,9 min manat olacaq”.

İddia edilib ki, bu məbləğ “çox böyükdür” və guya, Azərbaycanın sülhə hazırlaşmadığını “sübut” edir: “Azərbaycan Ordusunu gücləndirir. Bəs bu qədər böyük vəsait ordunun gücləndirilməsinə nə vaxt xərclənir? Cavab bəllidir – müharibəyə (?) hazırlıq gedəndə. Azərbaycan kiminlə döyüşəcək? Onun Rusiya ilə müharibə planı yoxdur. Onların münasibətlərdə hər şey çox yaxşıdır”.

Qeyd olunub ki, İran–Azərbaycan münasibətləri də qaydasındadır: “İranın nümayəndə heyətləri Bakıya tez-tez gələn qonaqlara çevriliblər. Hətta, İran İslam Respublikasının Prezidenti də yaxın vaxtlarda Bakıya gəlmək niyyətindədir. Yeri gəlmişkən, o, etnik azərbaycanlıdır. Deməli, İran–Azərbaycan sərhədinin bağlı olmasına və bir sıra iddiaların əksinə olaraq, burada da müharibənin eyhamı yoxdur”.

Məqalədə Azərbaycanın digər qonşusu – Gürcüstanla əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsinə həsəd aparıldığını görmək mümkündür: “Gürcüstana gəlincə, onun Prezidenti Mixeil Kavelaşvili ilk rəsmi səfərini məhz Bakıya edib. O, Azərbaycan Prezidenti və Baş naziri ilə görüşlər keçirib. Bu görüşlərdə tərəflər birmənalı olaraq geniş spektrli məsələlər üzrə strateji əməkdaşlığın genişləndirilməsindən danışıblar. Bir sözlə, Azərbaycan–Gürcüstan münasibətlərində də hər şey əladır”.

Müəllif belə bir “nəticəyə” gəlir ki, guya, ölkəmizin müdafiə qabiliyyətini gücləndirməsi Ermənistanla bağlıdır. Guya, Azərbaycan yeni, “kiçik, qalibiyyətli müharibəyə” hazırlaşır. Hətta, guya, istiqamət də aydındır – Zəngəzur!: “Baxın, dəhlizin işə salınması üçün bütün lazımi infrastrukturun tikintisi artıq finiş xəttinə çatıb. Türkiyə dünyada geosiyasi çəkisini artırır və bunu ABŞ Prezidenti Donald Trampın özü də vurğulayır”.

Məqalədə Ermənistan rəhbərliyinin yürütdüyü ikibaşlı siyasət üzündən hayların daha heç bir dövlətə, heç bir qüvvəyə güvənə bilməyəcəyinin acı reallıq olduğu etiraf edilib: “Biz kimə arxalanmalıyıq? Rusiya da, ABŞ da istisna olunur. Onlar indi tamam başqa işlə – Ukraynanı bölüşdürməklə məşğuldurlar. Bundan əlavə, xatırlayırıq ki, Tramp əvvəlki prezidentlik dövründə – 2020-ci il müharibəsi zamanı Azərbaycanı dayandırmaq üçün heç nə etməmişdi. Bəli, biz Ermənistana göstərdiyi dəstəyə görə Avropa Sülh Fonduna çox minnətdarıq. Amma düzünü desək, bu, sırf nümayişkəranə xarakterlidir. Ayrılan 10 milyon avro Azərbaycanın ordusuna xərclədiyi milyardlarla dollarla müqayisədə sadəcə, gülməli məbləğdir. Deməli, burada da özünü aldatmağın mənası yoxdur”.

Məqalədə rəsmi İrəvanın hər zaman arxalandığı Fransa amili də təhlil edilib: “Bu halda Fransaya ayrıca bel bağlamalıyıqmı? Çox şübhəlidir. Bəli, biz yenə də çoxlu dəstək sözləri, çoxlu qınaqlar eşidəcəyik. Amma başa düşməliyik ki, Fransanın sosial-iqtisadi problemlərinin çəkisində artım var və bu, Emmanuel Makronun reytinqinin yenidən aşağı düşməsinə təsir edir. Üstəlik, etiraf etmək nə qədər acı olsa da, biz dəfələrlə əmin olmuşuq ki, “Azərbaycandan təcavüz olacağı təqdirdə” Fransadan real hərbi yardım gözləməyə dəyməz”.

Müəllif Ermənistan daxilindəki radikal revanşist qüvvələrin yaranmış vəziyyətdən sui-istifadə etməyə, Nikol Paşinyanı devirməyə çalışacaqlarının istisna olunmadığını vurğulayıb: “Problem Ermənistan daxilində hadisələrin bu cür dönüşünə sevinəcək qüvvələrin xalqın qarşısına çıxıb “biz sizə xəbərdarlıq etmişdik!” deməsi ilə daha da ağırlaşacaq. Onlar xalqdan oğurladıqları milyardları böyük məmnuniyyətlə insanların narazılığını özlərinə lazım olan istiqamətə yönəltməyə sərf edəcəklər. Bu isə faciəvi səhv olardı. Biz indiki vəziyyətdə onu da etiraf etməliyik ki, hakimiyyət özünə qarşı ittihamlar üçün çoxlu real əsaslar verib. Bütün bunlar birlikdə götürüldükdə ən dəhşətli proqnozlara əsas verir. Bəli, hələlik bunlar yalnız proqnozlardır, reallıq deyil. Lakin bu anlayışlar arasındakı sərhəd sürətlə daralır”.

Hayastanın digər media resursları da bu istiqamətdə müxtəlif məqalələr dərc ediblər. Bütün bunlar hayların hərbi xərclərimizin artımından təşvişə düşdüklərinin göstəricisidir. Amma onlar bir məqamı unudurlar ki, işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə hər zaman sülh və sabitliyin, əmin-amanlığın mövcudluğu istiqamətində fəaliyyət göstərib. İkinci Qarabağ müharibəsindən sonra Ermənistana barışıq əli uzadan, sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edən də məhz rəsmi Bakı olub.

Bu gün Azərbaycanın hərbi qüdrətini, müdafiə qabiliyyətini artırması da Ermənistanın revanşist iddialardan hələ də əl çəkməməsi, sülh sazişinin imzalanması üçün tələb olunan iki əsas şərti – ölkəmizə qarşı ərazi iddialarını qanunvericilik müstəvisindən yığışdırmaması və keçmiş münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğvi üçün müvafiq müraciət etməməsi ilə bilavasitə bağlıdır. Bir tərəfdən sülh istədiyini bildirən İrəvan digər tərəfdən müxtəlif ölkələrdən silah-sursat alır. Bu isə nonsens sayıla bilər.

Azərbaycan tərəfi məsələ ilə bağlı fikirlərini dəfələrlə ən yüksək səviyyədə bildirib. Prezident İlham Əliyev 2024-cü il dekabrın 17-də məşhur rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində ölkəmizin bununla bağlı mövqeyini aydın şəkildə ifadə etmişdi: “Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlər və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”.

2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı yenə bu məsələyə münasibət bildirmişdi. Prezident bəzi ölkələr, bəzi qüvvələr tərəfindən Ermənistanın cidd-cəhdlə silahlandırılmasının Böyük Qayıdış və işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq məsələsinə mane olub-olmayacağına dair suala cavab olaraq demişdi: “Əlbəttə, müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara...”

Beləliklə, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən də bir daha aydın olur ki, qarşı tərəf ölkəmizin müdafiə və milli təhlükəsizlik xərclərinin artımının təqsirini özlərində görməlidir. Rəsmi İrəvan bölgəni qarışdırmaq istəyən qüvvələrin, əsasən, Fransanın əlində alət olmaqdan əl çəkəcəyi, silahlanma yarışından geri çəkiləcəyi təqdirdə Azərbaycanın da belə bir addım atacağı şəksizdir. Erməni jurnalistlərin də bu reallığı dərk və təbliğ etmələrində fayda vardır.

Vasif HÜSEYNOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq

– Görünən odur ki, Ermənistan bir daha hansısa havadar dövlətin, indiki halda Fransanın geosiyasi oyunlarının alətinə çevrilir. Nəticədə, yenə də uduzan Ermənistan xalqı olur. Bu həqiqəti ermənilər də dərk etməlidirlər. Təəssüf ki, hələlik, bu anlayışa gəlib çıxmayıblar. Bir vaxtlar Rusiyadan mədəd umduqları kimi, indi də Fransadan kömək gözləyirlər. Düşünürlər ki, Fransa Ermənistanı xilas edəcək. Amma reallıq tamam başqadır. Fransanın bu addımları regiondakı sülh təşəbbüslərinə zərbə vurur. Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ətrafında danışıqların aparıldığı bir vaxtda Ermənistanın silahlandırılması bölgədə güc balansını pozur və revanşist qüvvələrin mövqeyini gücləndirir. Bu, yalnız sülh danışıqlarını çətinləşdirmir, həm də Ermənistan ictimaiyyətində yanlış illüziyaların yaranmasına səbəb olur. Halbuki bölgənin ehtiyacı qarşıdurma deyil, davamlı sülh və əməkdaşlıqdır. Fransanın regiona dair bu yanaşması isə nə Ermənistanın xeyrinədir, nə də regional sabitliyə töhfədir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri