İrəvan heyəti tarixi Bakı məclisində
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Birinci Türkoloji Qurultay – 100
Bakı Türkoloji Qurultayın nümayəndələri arasında o dövrün müxtəlif elmi və ictimai dairələrini təmsil edən tədqiqatçılar yer almışdı. Diqqətçəkən məqam isə iştirakçılar arasında Ermənistandan iki nümayəndənin – Azərbaycan türkü, dövlət xadimi və maarifçi Bala Əfəndiyev və məşhur erməni dilçisi, akademik Raçiya Açaryanın olması idi.
Bu 2 şəxs sovet dövrünün mürəkkəb siyasi mənzərəsində tamamilə fərqli talelər yaşadılar.
Bala Əfəndiyev Azərbaycan maarif tarixində özünəməxsus yeri olan ziyalı idi. O, sovet modernləşmə siyasəti çərçivəsində maarifin milliləşdirilməsi, məktəb sisteminin yenilənməsi və türk dillərinin tədrisində vahid elmi standartların yaradılması kimi məsələlərdə fəal iştirak etdi. Lakin 1930-cu illərin siyasi repressiyaları bu görkəmli ziyalını da “xalq düşməni” damğası ilə sovet totalitar maşınının qurbanına çevirdi, 1938-ci ildə güllələndi.
Raçiya Açaryanın taleyi tam fərqli oldu. Erməni dilçiliyinin klassik simalarından sayılan Açaryan həm də türkologiya, etimologiya və Qafqaz dilləri üzrə ciddi elmi araşdırmaları ilə yadda qala bildi. Taleyin qismətindənmi, ya nədənsə ağır repressiya cəzasına məruz qalmasa da, onun Qurultaydakı məruzəsi – dil materiallarına əsaslanan obyektiv yanaşması erməni millətçi ideologiyasının sonrakı dövrlərdə irəli sürdüyü saxta dil və etnogenez iddiaları ilə ziddiyyət təşkil etdi və regiondakı dillərin tarixi inkişafına dair elmi, sənədli və sübutlu yanaşmanın parlaq nümunələrindən oldu.
Bala İbrahim oğlu Əfəndiyev Azərbaycan, eləcə də Qərbi Azərbaycan ictimai-siyasi və mədəni mühitində mühüm rol oynamış ziyalı, dövlət xadimi və maarifçi kimi tanınır. Bütün həyatını Azərbaycanda və Zaqafqaziyada sovet hakimiyyətinin qurulması və möhkəmlənməsi, sosializmin qələbəsi işinə həsr etmiş Bala Əfəndiyev 1920–1930-cu illərdə sovet məkanında aparılan əlifba islahatları kontekstində yeni latın qrafikasının tətbiqinə rəhbərlik edən əsas şəxsiyyətlərdən biri kimi yadda qalmışdır.
Bala Əfəndiyev 1893-cü ildə Qazax qəzasının Çaykənd kəndində (indiki Ermənistan Respublikasının Krasnoselski rayonu) ruhani ailəsində dünyaya gəlmişdir. Babası Hacı Alı Əfəndi savadlı din xadimi, kəndin ruhanisi olmuş, Əfəndilər nəsli Qaraqoyunlu dərəsində tanınmış, nüfuzlu və imkanlı ailələrdən sayılmışdır. Bala dünyaya gəlməzdən əvvəl atası İbrahim Əfəndi vəfat etdiyindən onun tərbiyəsi əmisi molla Məhəmməd Əfəndinin və atalığı Hacı Əhməd Əfəndinin himayəsində davam etmişdir. Erkən yaşlarından elmə maraq göstərən Bala əvvəlcə kənd mollaxanasında təhsil almış, daha sonra 1907-ci ildə Qazaxda yeni açılmış rus məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1913-cü ildə Bakıya gələn Əfəndiyev fəhlə hərəkatına qoşulmuş, qısa müddət ərzində fəal işçi liderinə çevrilmişdir. O, “Hacı Əli” təxəllüsü ilə tanınırdı. 1917-ci ilin mayında müsəlman kommunistlərinin “Hümmət” təşkilatına qəbul olunmuş, daha sonra Bakı Sovetinin və İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bolşevik ideologiyasına sadiq qalan Əfəndiyev 1920-ci illərdən etibarən Qafqazda sovet hakimiyyətinin bərqərar olması ilə əlaqədar mühüm vəzifələrdə çalışmışdır.
1922–1929-cu illərdə Bala Əfəndiyev Ermənistan SSR-də siyasi və inzibati sahədə mühüm postlar tutmuşdu. O, bu dövrdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin üzvü, respublika Daxili İşlər Komissarının müavini, Mərkəzi Komitənin Azsaylı xalqlar şöbəsinin müdiri, həmçinin Ermənistanın ictimai təminat naziri kimi fəaliyyət göstərmişdir. Bu vəzifələrdə işlədiyi illərdə o, İrəvanda yaşayan azərbaycanlıların sosial, mədəni və maarif problemlərinin həlli istiqamətində ciddi addımlar atmış, Qərbi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. AMEA-nın müxbir üzvü Misir Mərdanovun qeyd etdiyi kimi, Bala Əfəndiyev bu illərdə İrəvan azərbaycanlılarının “mənəvi atası” kimi tanınırdı.
Əfəndiyevin ən mühüm xidmətlərindən biri İrəvanda Azərbaycan dilində mətbuatın inkişafı olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə “Rəncbər” və “Zəngi” qəzetləri nəşr edilmiş, hər iki nəşr Qərbi Azərbaycan türkləri arasında maarifçilik ideyalarının yayılmasına xidmət göstərmişdir. Xüsusilə “Zəngi” qəzetini tamamilə latın qrafikasında nəşr etdirmək üçün Bala Əfəndiyev Bakıda Səmədağa Ağamalıoğlunun və digər ziyalıların köməyi ilə 15 pudluq latın şriftli çap dəzgahı əldə etmiş və İrəvana gətirmişdi. Bu fakt onun yeni əlifbanın tətbiqi uğrunda apardığı mübarizənin miqyasını və qətiyyətini aydın göstərir.
Bununla yanaşı, o, İrəvanda Azərbaycan (türk) Pedaqoji Texnikumunun yaradılmasına nail olmuşdur. Bu tədris müəssisəsi Ermənistan SSR-dəki Azərbaycan məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında mühüm rol oynamışdır. Bala Əfəndiyev, eyni zamanda, İrəvan Azərbaycan Dram Teatrının fəaliyyətinin bərpasına da böyük töhfə vermiş, teatrın repertuarının formalaşmasında və səhnə fəaliyyətində birbaşa iştirak etmişdir. Zərurət yarandıqda özü və həyat yoldaşı Fatma Əfəndiyeva da səhnədə çıxış etmişlər.
Qərbi Azərbaycanda yeni türk əlifbasının tətbiqi hərəkatına rəhbərlik edən Bala Əfəndiyev 1920-ci illərin sonlarında bölgədə geniş təbliğat və maarifçilik kampaniyası aparmışdır. O, rayonlarda iclaslar, savad kursları təşkil etmiş, yeni əlifba ilə yazı dərsləri keçmiş, bu ideyanın əhəmiyyətini izah edən məruzələrlə çıxış etmişdir. Onun fəaliyyəti nəticəsində İrəvan və ətraf bölgələrdə Azərbaycan məktəbləri latın qrafikasına keçməyə başlamışdır.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda Bala Əfəndiyev Ermənistan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir. Qurultayın 15-ci iclasında o, İrəvandakı Azərbaycan məktəblərində yeni əlifba ilə ana dili tədrisinin vəziyyəti haqqında məruzə etmiş və bu məsələ üzrə qərar layihəsini hazırlayan komissiyaya daxil edilmişdir. Bu çıxışı ilə Əfəndiyev yeni türk əlifbasının təkcə dil deyil, həm də mədəni inteqrasiya vasitəsi olduğunu vurğulamışdır.
1929-cu ildən sonra Bala Əfəndiyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə dəvət edilmiş, üç il ərzində MK-nın Mərkəzi Nəzarət Komissiyasının katibi vəzifəsində, daha sonra isə Sabirabad, Lənkəran və Zaqatala rayonlarında rəhbər partiya və sovet orqanlarında çalışmışdır.
Lakin 1937–1938-ci illərin repressiyaları onun da həyatını faciəvi şəkildə yarımçıq qoydu. Azərbaycan DTK-sında çalışan erməni müstəntiqlər tərəfindən “pantürkist” və “əks–inqilabçı” kimi ittiham olunan Bala Əfəndiyev 1937-ci ilin avqustunda həbs edilmiş, 1938-ci il yanvarın 8-də güllələnmişdir. Həbsindən az əvvəl onun Azərbaycan SSR-in yüngül sənaye naziri vəzifəsinə təyin edildiyi bildirilir. Onun güllələnməsindən sonra həyat yoldaşı Fatma Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hər iki şəxs yalnız 1955-ci ildə tam bəraət almışdır.
Erməni dilçi, filoloq, etimoloq və akademik Açaryan XX əsrin birinci yarısında erməni dilçiliyinin əsas istiqamətlərini formalaşdıran və Qafqaz regionunda müqayisəli dilçilik ənənələrinin inkişafına mühüm töhfə verən alimlərdən olmuşdur. Açaryanın adı, xüsusilə etimologiya, dialektologiya və türkoloji tədqiqatlarla bağlı araşdırmalarda çəkilir. I Türkoloji Qurultaya Ermənistandan gələn 2 nümayəndədən biri olmuşdur.
Adı bir sıra mənbələrdə Ruben Yervand Açaryan (1876–1953) kimi təqdim olunur və bildirilir ki, I Türkoloji Qurultayda "Türk və erməni dillərinin qarşılıqlı təsiri" adlı məruzə ilə çıxış edib. Amma Türkiyə və Azərbaycan tədqiqatçılarının təqdim etdikləri Açaryan soyadını daşıyan alim akademik Hraçiya Hakopoviç Açaryan kimi, I Türkoloji Qurultay iştirakçılarının siyahısında isə Raçiya Yakovleviç Açaryan kimi göstərilir.
Açaryan 1876-cı ildə İstanbulun Samatya məhəlləsində anadan olub. Erməni liseyini başa vurduqdan sonra Sorbonna və Strasburq universitetlərində ali təhsil alıb. Sonrakı illərdə Təbriz, Tehran və Qafqazın müxtəlif şəhərlərində erməni dili müəllimi kimi fəaliyyət göstərib. 1923-cü ildən ömrünün sonuna qədər İrəvan Dövlət Universitetində dərs deyib və burada erməni dili və mədəniyyəti üzrə mühüm elmi tədqiqatlar aparıb.
Bu faktları xatırlatdıqdan sonra hər iki mənbədə doğum və ölüm tarixi eyni göstərilən (1876 və 1953-cü illər) Açaryanın ad və ata adı kimliyinin yox, onun qurultaydakı çıxışı üzərində dayanmağı daha vacib hesab etdik.
I Türkoloji Qurultaya qatılan erməni dilçisi “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusundakı məruzəsində türk dilinin erməni dilinə çoxşaxəli təsirini elmi əsaslarla ortaya qoymuşdur. O, bu təsirin yalnız leksik səviyyə ilə məhdudlaşmadığını, həmçinin fonetik, morfoloji və sintaktik sahələrdə də özünü göstərdiyini vurğulamışdır. Məruzədə qeyd olunurdu ki, türkcədən ermənicəyə keçən minlərlə söz və ifadə formaları, danışıq dili səviyyəsində baş verən səs dəyişiklikləri və qrammatik konstruksiyalarda müşahidə edilən paralellər bu qarşılıqlı təsirin miqyasını aydın şəkildə nümayiş etdirir.
Alim, eyni zamanda, qədim erməni dili – qrabardan, yeni erməni dili – aşqarabara keçid prosesini də məhz bu təsirlə bağlı olduğunu bildirmişdir. Onun fikrincə, orta əsrlərdən etibarən Anadolu və Cənubi Qafqaz bölgəsində türklərin siyasi, sosial və mədəni üstün mövqeyi nəticəsində erməni xalqının gündəlik ünsiyyət mühitində türkcə elementlər üstünlük qazanmış, bu isə zamanla erməni dilinin strukturuna daxil olaraq dilin təbii təkamülünə yön vermişdir.
Tədqiqatçı bu prosesləri elmi faktlarla əsaslandırmış, hər iki dil arasında qarşılıqlı təsirin tarixi, coğrafi və sosiolinqvistik səbəblərini geniş şəkildə izah etmişdir. Onun bu yanaşması, subyektiv və millətçi iddialardan uzaq, sırf elmi faktlara söykəndiyi üçün bu gün də erməni millətçi dairələrinin “erməni dilinin təmizliyinə” və ya “türkcədən asılı olmamasına” dair iddialarını ifşa edən mühüm elmi sübut kimi dəyərləndirilir.
Açaryanın Türkoloji Qurultaydakı “Türk və erməni dillərinin qarşılıqlı təsiri” adlı məruzəsi təkcə linqvistik araşdırma deyil, həm də türk dilinin bölgədəki çoxəsrlik mədəni təsir gücünü göstərən tarixi gerçəklikləri elmi səviyyədə təsdiqləyir. Obyektiv elmi yanaşması ilə seçilən məruzə bu gün də erməni millətçi ideologiyasının saxta dil iddialarına qarşı güclü elmi dəlildir.
Türkiyənin Kayseri şəhərindəki Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı bildirir ki, türkologiya ilə bağlı elmi toplantılarda türkcədən ermənicəyə və ermənicədən türkcəyə keçən sözlər mövzusunda çoxsaylı müzakirələr aparılmış, bu, türk dilinin öyrənilməsinə mühüm töhfələr verilmişdir. Erməni alim Açaryan Türkoloji Qurultaydakı məruzəsində türkcədən ermənicəyə 4 mindən çox sözün keçdiyini bildirmişdir.
1902-ci ildə Moskvada Lazaryev İnstitutu tərəfindən onun “Türk dilindən ermənicəyə keçmiş sözlər, İstanbul erməni xalq danışıq dili ilə Van, Qarabağ və Yeni Naxçıvan dialektləri ilə müqayisədə” adlı əsəri (1902) nəşr olunmuşdur. Sözügedən kitabda, eləcə də alimin dördcildlik “Erməni dilinin etimoloji lüğəti” (1926–1935) adlı monumental əsərində türkcədən ermənicəyə keçmiş sözlər haqqında ətraflı məlumat verilmiş və bu leksik əlaqələr elmi cəhətdən sistemləşdirilmişdir.
Açaryanın qurultaydakı məruzəsi həm sovet dövrü elm mərkəzlərində, həm də sonrakı illərdə tədqiqatçılar tərəfindən maraqla qarşılanmışdır. Onun tolerant və elmi əsaslı yanaşması türk və erməni dilləri arasında əlaqələrin qarşıdurma yox, qarşılıqlı təsir və mədəni sintez kimi qiymətləndirilməsinə şərait yaratmışdı.
Açaryan 1953-cü ildə vəfat etmişdir. Onun elmi irsi bu gün də dilçiliyin dəyərli səhifələrindən biri kimi qalmaqdadır. O, I Türkoloji Qurultayda iştirakı ilə Qafqaz elmi mühitini beynəlxalq miqyasda təmsil edən ziyalılardan biri olmuşdur.
Namiq QƏDİMOĞLU
XQ
Baxış sayı:52
Bu xəbər 27 Noyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















