Icma.az
close
up
RU
Kallasın Bakı səfərinin əsl məramı nə idi?

Kallasın Bakı səfərinin əsl məramı nə idi?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri təkcə diplomatik deyil, həm də strateji baxımdan əhəmiyyətli bir hadisə sayıla bilər və sayılmalıdır da. Bu, formal regional tur yox, xüsusi olaraq Bakı ilə münasibətlərə fokuslanan, konkret məqsədli və hədəfli səfər idi ki, nəticədə Brüsselin Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil və təsirli aktor kimi əhəmiyyətini anladığını göstərir.

K.Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Cənubi Qafqaza ilk səfərinin məhz Azərbaycana ünvanlanması artıq simvolik məna daşıyır. Bu, təkcə ikitərəfli münasibətlərin təftişi və yenidən başladılması arzusu deyil, həm də Brüsselin Bakı ilə dialoqda yanaşmasını dəyişmək zərurətini qəbul etməsidir. Xüsusən də son üç ildə Aİ-nin buraxdığı bir sıra diplomatik səhvlər fonunda bu səfər özündə yeni bir kursun başlanğıc əlamətini daşıyır.

Avropa İttifaqı hazırda xarici siyasətini dərindən yenidən qiymətləndirdiyi bir mərhələdən keçir. ABŞ ilə xarici siyasət koordinasiyası xüsusilə postsovet məkanında, nəzərəçarpacaq dərəcədə zəifləyib. Trans-Atlantik münasibətlərdə qarşılıqlı etimadla inamın tənəzzülü və Aİ daxilində suveren milli siyasətlərin güclənməsi fonunda Brüssel yaxın xaricdə öz strategiyasını real şəkildə təftiş etməli olur.

Cənubi Qafqazda uğursuzluqlar, Mərkəzi Asiyaya qarşı siyasi laqeydlik, Yaxın Şərqdə təsirin itirilməsi və Balkanlarda passivlik təkcə institusional zəiflikləri deyil, həm də Avropa diplomatiyasının mənəvi və strateji böhranını üzə çıxardı. Bu böhran xüsusilə də müstəqil xarici siyasət aparmaq qabiliyyətinə malik Azərbaycan kimi ölkələrlə dialoqda özünü daha qabarıq göstərir.

Kaya Kallasın Bakıya səfəri yalnız diplomatik jest deyil, həm də Aİ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanmasını ifadə edən cəhd idi. Yeni Ali Nümayəndənin Ermənistanı deyil, məhz Azərbaycanı seçməsi, halbuki Aİ-nin dəstəklədiyi müşahidə missiyası orada fəaliyyət göstərir, Brüsselin diqqət mərkəzində dəyişiklik olduğunu göstərir. Bu, artıq ideoloji qəliblərdən deyil, maraqlara əsaslanan praqmatik və realist dialoqa üstünlük verilməsinin əlamətidir.

Estoniyanın baş naziri olduğu dövrdə də tərəfdaşlara qarşı sərt, lakin praqmatik və rasional xətt yürüdən Kallas üçün Azərbaycan yalnız enerji resursları yox, həm də regional sabitliyin əsas təminatçısı ölkə kimi önəmlidir.

Bu isə Bakı ilə İrəvan arasında formalaşmaqda olan sülh sazişi kontekstində daha da aktuallaşır.

Bakıda aparılan danışıqlar zamanı enerji və nəqliyyatdan tutmuş təhlükəsizlik və postmünaqişə bərpasına qədər geniş spektrdə məsələlər müzakirə olundu.

Fəqət əsas mövzu regional nizamlanma, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi oldu. Özünü bu prosesdə vasitəçi kimi təqdim etməyə çalışan Aİ, əslində, prosesdən kənarda qaldı və bunun əsas səbəbi də elə öz diplomatik səhvləri idi.

Ən başlıcası isə Fransanın destruktiv və təhrikedici mövqeyi oldu ki, bu da Aİ-nin neytrallığına Bakı tərəfindən ciddi zərbə kimi qiymətləndirildi.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Aİ yalnız o halda bu prosesdə iştirak edə bilər ki, ikili standartlardan imtina edilsin və tərəflərə bərabər məsafə prinsipi tanınsın. Kaya Kallasla keçirilən danışıqlar məhz bu yeni yanaşma üçün konturların cızılması baxımından əhəmiyyətli idi. Bu, etimadın bərpası üçün hələlik nəzəri, amma real potensiala malik imkan pəncərəsi kimi qiymətləndirilə bilər.

Bakıda keçirilən danışıqlarda xüsusi diqqət Fransa faktoruna yönəldildi. Bu ölkə həm Avropa İttifaqı çərçivəsində, həm də digər beynəlxalq platformalarda ardıcıl şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir. Fransanın erməni radikallarını dəstəkləməsi, Brüsselə birtərəfli gündəliyi legitimləşdirmək üçün təzyiq göstərməsi, eləcə də Aİ-ni uydurma "humanitar missiya"ya cəlb etmək cəhdləri Bakının Aİ-yə olan etimadını dərin şəkildə sarsıdan kritik həddə çevrildi.

Bu gün Azərbaycanda Avropa İttifaqı bütöv və vahid bir xarici siyasət aktoru kimi deyil, parçalanmış maraqlara malik, ayrı-ayrı dövlətlərin - xüsusən də Fransanın siyasi simpatiyalarının üstünlük təşkil etdiyi bir klub kimi dərk olunur. Bu isə ya Aİ-nin qərar qəbuletmə mexanizminin köklü şəkildə yenidən düşünülməsini, ya da onun Cənubi Qafqaza yanaşmasının institusional transformasiyasını zəruri edir.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçi rolunu oynamağa çalışdı. Amma son üç ildə bu səylər ardıcıl diplomatik səhvlər və əlaqələndirilməmiş təşəbbüslərlə müşayiət olundu. Aşağıdakı əsas epizodlar bu buraxılmış fürsətlərin təhlilinə xüsusi diqqət tələb edir:

1. Şarl Mişel təşəbbüsü və onun itirilməsi: 2022-ci ildə Şarl Mişelin Bakı ilə İrəvan arasında danışıqlarda şəxsi iştirakı perspektivli görünürdü. Ancaq əldə olunan razılaşmaların icrasına yönəlik mexanizmlərin olmaması, həmçinin Zəngəzur dəhlizi də daxil olmaqla əsas məsələlər üzrə Brüsselin qeyri-müəyyən mövqeyi tərəflərin etimadını zəiflətdi.

2. Aİ-nin Ermənistandakı məntiqsiz, təhlükəli və birtərəfli missiyası: Aİ-nin mülki missiyasının Bakı ilə razılaşdırılmadan Ermənistanda yerləşdirilməsi Azərbaycanın suverenliyinə qarşı nümayişkaranə hörmətsizlik kimi qəbul olundu. Həmin missiya mandatına zidd olaraq faktiki şəkildə münaqişə tərəflərindən birinin siyasi alətinə çevrildi.

3. Avropa institutlarının anti-islam və anti-türk ritorikaya laqeydliyi ilə susqunluğu: Ermənistan mediasında və siyasi arenasında düşmənçiliyi körükləyən çağırışlara qarşı Aİ tərəfindən adekvat reaksiya verilməməsi Azərbaycanda ikili standartlar təəssüratını daha da gücləndirdi.

Nəticədə, neytral və effektiv vasitəçi olmaq əvəzinə, Aİ həm nüfuzunu, həm də regiondakı etimadını faktiki olaraq itirmiş oldu.

Azərbaycan, məsuliyyətli və rasional bir dövlət olaraq, Aİ ilə dialoqun bərpası imkanını tamamilə inkar etmir. Lakin bu, yalnız Bakının əsas saydığı bir sıra şərtlərin yerinə yetirilməsi ilə mümkündür:

Neytrallıq və obyektivlik: Aİ ayrı-ayrı üzv dövlətlərin - xüsusən də Fransanın - mövqelərini ümumi siyasət kimi təqdim etmək praktikasından imtina etməlidir.

Ermənistandakı Aİ missiyasının fəaliyyətinin yenidən nəzərdən keçirilməsi: Missiyanın mandatı yalnız texniki funksiyalarla məhdudlaşmalı, siyasi proseslərə müdaxiləni və qərəzli ritorikanın ötürülməsini istisna etməlidir.

Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi tanınması: Brüssel mentorlara xas təlimatverici və amiranə yanaşmadan imtina edərək, Bakı ilə paritet əsaslı dialoqa keçməlidir - bu dialoqda Azərbaycanın maraqları formal deyil, məzmun baxımından nəzərə alınmalıdır.

Sektoral normalaşma üzrə mərhələli yanaşma: Energetika, nəqliyyat, iqlim dəyişikliyi və rəqəmsal transformasiya kimi sahələrdə minimum siyasi yüklənmə ilə yeni pozitiv gündəmin formalaşdırılması mümkündür.

Azərbaycan irəli getməyə hazır olduğunu nümayiş etdirir - lakin bu, yalnız suverenlik, ərazi bütövlüyü və siyasi ləyaqət məsələlərində heç bir güzəştin olmayacağı şəraitdə baş verə bilər.

Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini daha geniş regional dinamikadan kənarda dəyərləndirmək mümkün deyil. Aİ-nin Mərkəzi Asiyaya marağının artması, "Global Gateway" təşəbbüsü, Çin logistik marşrutlarından asılılığın minimuma endirilməsi cəhdləri - bütün bunlar obyektiv olaraq Cənubi Qafqazın tranzit körpüsü və siyasi mərkəz kimi əhəmiyyətini artırır.

Belə şəraitdə Aİ-nin Mərkəzi Asiyadakı fəallaşması ya Bakı ilə əməkdaşlığın genişlənməsi üçün əlavə impuls ola bilər, ya da əksinə, prioritetlərin qeyri-bərabər bölüşdürüləcəyi təqdirdə yeni rəqabət gərginliyinin mənbəyinə çevrilə bilər.

Eyni zamanda, Aİ ilə Çin arasında münasibətlərin transformasiyası (o cümlədən sanksiyalar kontekstində) davam edir və bu, davamlı və etibarlı marşrutların əhəmiyyətini daha da artırır. Belə marşrutlardan biri olan Orta Dəhliz - yəni Azərbaycan üzərindən keçən yol - Avropa üçün alternativ deyil, strateji zərurətə çevrilməkdədir.

Əgər Aİ doğrudan da xarici iqtisadi əlaqələrini yenidən qurmaq və strateji muxtariyyətə nail olmaq istəyirsə, Azərbaycanı nəzərdən kənarda saxlamaq lüksünə malik deyil.

Kaya Kallasın Azərbaycana səfəri sadəcə diplomatik jest yox, Bakı-Brüssel münasibətlərinin yeni arxitekturasının qurulması üçün potensial başlanğıc nöqtəsidir. Azərbaycan dialoqa hazırdır - lakin bu, yalnız hörmət, bərabərlik və əvvəlki etimadsızlıq, müdaxilə və siyasi qərəz üzərində qurulan paradiqmalardan imtina şərtilə mümkündür.

Gələcək dialoqun əsas prinsipləri belə formalaşmalıdır:
Tənqidçilik deyil, konstruktiv yanaşma;
Himayəçilik deyil, bərabərlik;
Şablonlar deyil, çevik və məzmunlu əməkdaşlıq.

Avropa İttifaqı səhvlərini düzəltmək üçün bir fürsət əldə edib. Bu fürsətdən istifadə edə biləcəyi isə Brüsselin öz əvvəlki siyasətinin hədlərini nə qədər dərindən anladığından asılıdır.

Hazırda Bakıda ehtiyatlı nikbinlik mövcuddur.

Məzkur nikbinlik tələbsiz və şərtsiz deyil - tələblər yüksəkdir, illüziyalar yoxdur, tələskənlik və milli ləyaqət məsələsində kompromisə getmək isə qətiyyən nəzərdə tutulmur.

Elçin Alıoğlu
Trend

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri