Kamera sükan arxasında
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Sürücülərin nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etməsi və avtomobildə qanunsuz reklam yerləşdirməsinə görə cərimələrin tətbiqi mexanizmi dəyişdirilir. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, sözügedən inzibati xətalar foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə avtomatik rejimdə aşkar ediləcək. Bu halda icraat ənənəvi qaydada deyil, elektron və sadələşdirilmiş prosedurla həyata keçiriləcək. Qanunvericiliyə görə, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edilməsinə görə 50 manat cərimə tətbiq olunur. Müvafiq icazə olmadan və ya qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklam yayımlanmasına görə də fiziki şəxslər üçün 50 manat cərimə nəzərdə tutulur.
Beləliklə, qayda pozuntularının sürücülər saxlanılmadan, kameralar vasitəsilə təsbit edilməsi təmin olunacaq.
Sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinə səbəb olur. Avtomobil idarə edərkən zəng etmək, gələn zəngi cavablandırmaq, nömrə yığmaq sürücünün diqqətini yayındırır və qəza riskini artırır. Mobil telefondan istifadə edən sürücülər daha çox səhvə yol verir, bəzi təhlükəli vəziyyətləri fərq etmir və ya qabaqlayıcı tədbirlər görməkdə gecikirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, hərəkət zamanı sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Məsələyə yalnız mobil telefon çərçivəsində yanaşmaq düzgün deyil. Çünki telefon funksiyasını yerinə yetirən planşetlər, noutbuklar və digər texniki vasitələr də mövcuddur. Ona görə də qanunda bu məsələ ümumiləşdirilmiş şəkildə ifadə edilməli, mobil telefon funksiyasına malik digər cihazlar da nəzərə alınmalıdır. Əks halda, sürücü əlində mobil telefon tutduğuna görə cərimələnə bilər, lakin eyni məqsədlə planşetdən istifadə edən şəxs məsuliyyətdən yayınmağa çalışa bilər:
"Məsələn, mən "WhatsApp" və ya "Messenger" vasitəsilə danışa, yaxud planşetdə "TikTok"dan istifadə edə bilərəm. Belə olan halda qanun bu halları necə tənzimləyəcək? Bu kimi qeyri-müəyyənliklər məhkəmələrdə də mübahisələrə səbəb ola bilər. Ona görə hesab edirəm ki, Milli Məclis bu qanunu qəbul etməzdən əvvəl məsələni ətraflı araşdırmalı və müzakirə etməlidir. Ölkədə kifayət qədər peşəkar hüquqşünaslar və mütəxəssislər var. Onların iştirakı ilə geniş müzakirələr aparılmalı, hüquqi baxımdan əsaslandırılmış, daha mükəmməl qanun qəbul edilməlidir.
Ümumilikdə isə sükan arxasında mobil telefondan istifadəyə məhdudiyyətlərin tətbiqi zəruridir. Telefon istifadəsi səbəbindən qəzaya düşən və qəza törədən sürücülərin sayı az deyil. Xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər bu vərdişdən əl çəkmirlər. Mobil telefon sürücünün diqqətini yayındıran və yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradan vasitədir. Buna görə də belə halların qarşısını almaq üçün təsirli və çəkindirici mexanizmlər tətbiq edilməlidir. Sürücülər başa düşməlidirlər ki, sükan arxasında telefondan istifadə təhlükəlidir və buna haqq qazandırmaq olmaz. Evdən, qonşudan zəng gəlməsi və ya başqa zəruri səbəblərin olması qayda pozuntusuna bəraət qazandırmamalıdır".
Ekspert qeyd edib ki, qanunvericilikdə boşluqların qalmasına da yol verilməməlidir:
"Hazırda yol-patrul xidməti əməkdaşları ilə ünsiyyətdəyəm. Onların dediklərindən məlum olur ki, bəzi sürücülər yol polisi əməkdaşlarına artıq tanışdır. Belə sürücülər telefonla danışarkən görülsələr belə, bəzən saxlanılmırlar. Bunun səbəbi həmin şəxslərin sonradan əməkdaşları əsassız şəkildə ittiham etməsi, şikayət verməsi və sübut olmadığını iddia etməsidir. Belə vəziyyətdə sürücü deyə bilər ki, telefonla danışmır, sadəcə cihazı əlində tutur. Bəs bu halda qayda pozuntusu necə müəyyən ediləcək və məsuliyyət necə tətbiq olunacaq?
Bütün bunları nəzərə alaraq, məsələ ciddi müzakirə edilməli, mümkün halların hamısı ətraflı araşdırılmalıdır. Əsas məqsəd yarımçıq qanun qəbul etmək deyil, həm yol hərəkəti təhlükəsizliyini təmin edən, həm də sui-istifadə hallarının qarşısını alan hüquqi mexanizm yaratmaqdır. Artıq dünyanın bir çox ölkəsində sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı ciddi tədbirlər görülür. Azərbaycanda da sürücüləri bu təhlükəli vərdişdən uzaqlaşdıran sistem yaradılmalıdır. Eyni zamanda, qanunvericilikdəki boşluqlardan əsassız şikayətlər vermək və məsuliyyətdən yayınmaq üçün istifadə edilməsinə imkan verilməməlidir. Əks halda, mübahisələr arta və kameralar vasitəsilə aşkar edilən bəzi qayda pozuntuları cəzasız qala bilər. Halbuki hər kəs törətdiyi qayda pozuntusuna görə məsuliyyət daşımalı və qanunla müəyyən edilmiş cəzanı almalıdır".
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qaydalar sürücünün telefonu əlində tutaraq avtomobil idarə etməsini qadağan edir. Bunun səbəbi sürücünün diqqətinin həm fiziki, həm də intellektual baxımdan yayınmasıdır.
"Fiziki yayınma ondan ibarətdir ki, sürücü telefondan istifadə edərkən mətnə və ya şəklə baxa bilər. Bu isə sürücünün diqqətinin ən azı 4-5 saniyə ərzində yoldan yayınması deməkdir. Belə halda avtomobil 60-80 metr irəliləyir. Nəticədə faciəvi qəzaların baş verməsi qaçılmaz olur".
Ərşad Hüseynov qeyd edib ki, intellektual yayınma telefon vasitəsilə alınan informasiyanın beyinə təsiri ilə bağlıdır: "Sürücünün diqqəti belə hallarda alınan informasiyaya o qədər yönəlir ki, hərəkət zamanı beyni gördüklərini ya qavramır, ya da qavrasa belə, necə reaksiya verəcəyini müəyyənləşdirə bilmir. Nəticədə düzgün reaksiya vermir. Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarətini zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb olur".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















