Icma.az
close
up
RU
Kartıma at!

Kartıma at!

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Kartdan-karta köçürmə" əməliyyatı yalnız fiziki şəxslər arasında şəxsi məqsədlər üçün nəzərdə tutulan pul köçürməsidir. Ticarət obyektlərində, restoran-kafelərdə bu vasitə ilə ödəniş qəbulu qadağandır. Çünki iaşə müəssisələrində, ticarət yerlərində "card to card" yolu ilə, yəni birbaşa kartdan karta pul köçürmə üsulu birbaşa vergidən yayınma hesab olunur.

Vətəndaşlar nağdsız ödənişlərə görə bonuslar, hədiyyələr və əlavə mədaxil əldə edə bilirlər, nəticədə kartdan istifadəyə maraq sürətlə artır. Lakin son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminalla deyil, "kartdan karta köçürmə" ilə tələb edilməsi halları artıb. POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi kimi bəhanələrlə müştərilərə "kartdan-karta köçürmə edin" təklifli irəli sürülür. Bu, qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara, alıcılara zərər vurur.

Vergidən yayınmanın rəqəmsal üsulu

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Çünki belə hallarda müştəriyə POS-terminaldan çıxarış və ya kassa çeki verilmir. Halbuki kassa çeki satışı təsdiqləyən sənəddir və alıcı aldığı maldan narazı olduğu halda bu çek vasitəsilə alqı-satqını təsdiqləyib hüququnu tələb edə bilir. Kartdan karta köçürmə variantında isə çek verilmir və beləcə alıcının gələcəkdə öz hüquqlarını tələb etmək imkanını məhdudlaşır. Əsas məsələlərdən biri - kartdan karta pul köçürüləndə müştərilər "ƏDV geri al" hüququndan məhrum olurlar. Nəhayət, son vaxtlar banklar da kart əməliyyatlarına görə müştərilərə bonus verirlər, amma bu, POS-terminalla əməliyyatlara aiddir, "kartdan-karta" olan əməliyyatlarda müştərilər ƏDV kimi bonusları da itirirlər. Beləliklə, ödənişi POS-terminalla deyil, "kartdan karta" üsulu ilə edən alıcı daha çox öz büdcəsinə zərər vermiş olur. Buna görə də onlar mal və xidmət aldıqları obyektlərdə POS-terminal tələb etməlidirlər.

Məsələ təkcə vətəndaşların ƏDV və bonus qazanmasında və ya aldıqları malı geri qaytarmaq imkanında deyil. "Kartdan karta köçürmə" üsulu faktiki olaraq vergidən yayınmanın yeni, necə deyərlər, rəqəmsal üsuludur. Bunu edən sahibkarlar və obyektlər faktiki olaraq dövriyyələrini gizlədir və vergidən yayınırlar. Buna görə də Vergi Məcəlləsinə əsasən kartdan karta köçürmə qanun pozuntusu olaraq vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

POS-terminalların quraşdırılmaması, POS-terminal quraşdırılmış obyektlərdə isə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə 6 min manatadək cərimə nəzərdə tutulub. Belə ki, bu hallara görə, hadisə ilk dəfə baş verdikdə 1000 manat, 2-ci dəfə baş verdikdə 3 000 manat, 3-cü və daha çox dəfə baş verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

Qanunsuz sahibkarlıq fəaliyyəti

Hüquqşünas Əkrəm Həsənov deyir ki, müxtəlif ictimai iaşə müəssisələrində, ticarət yerlərində kartdan-karta ödəniş üsulu birbaşa vergidən yayınma məqsədini daşıyır: "Ticarət və xidmət obyektlərinin fiziki şəxslərin şəxsi bank kartları vasitəsilə "kartdan-karta" köçürmə qəbul etməsi mövcud qanunvericilik baxımından qanunsuz sahibkarlıq fəaliyyəti, vergi öhdəliklərindən yayınma hesab olunur. Eyni zamanda bu, kassa-intizamının pozulması kimi də qiymətləndirilir. Müvafiq qanunvericiliyə əsasən, ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar ödənişləri POS-terminal və ya qanuni nağdsız ödəniş sistemi vasitəsilə qəbul etməlidir. Şəxsi kartla ödəniş qəbulu qadağandır. Bu, qanun tələblərinə ziddir. Bu əməliyyatlar hüquqi status baxımından gəlirin gizlədilməsi kimi qiymətləndirilir".

POS-terminal olmayanda müştəri ödənişi nağd şəkildə edə bilər

Onun sözlərinə görə, müəyyən dövriyyəsi olan sahibkarlar üçün POS-terminalın olması vacibdir. POS-terminal olmadığı halda alıcı, müştəri ödənişi nağd şəkildə də edə bilər. Amma kartdan karta etməsi qadağandır: "Burada diqqət etməli məqam odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma, qanunsuzluq hesab olunur. Bu cür hallarda qanunvericiliyə əsasən, sahibkar tutulmalı olan vergini ödəməlidir. Həmçinin vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bu, müvafiq qanunvericilikdə öz əksini tapıb. Bundan əlavə, gündəlik olaraq da cərimələr hesablanır. Cərimə vaxtında ödənilmədikdə bu, sahibkara ikiqat zərər gətirir".

Nağd pul ödəyəndə kimsə gəlib deyə bilərmi ki..?

Əkrəm Həsənov bildirib ki, müştərilər, alıcılar ticarət obyektlərində, restoran-kafelərdə sözügedən bu vasitə ilə ödəniş qəbulu halları ilə qarşılaşdıqda dərhal müvafiq quruma şikayət etməlidirlər: "Alıcı və müştərilər belə hallarla qarşılaşdıqda dərhal ödənişi belə etməkdən imtina etməli və aidiyyəti üzrə şikayət etməlidirlər. Yalnız bu zaman belə hallarla mübarizə effektiv ola bilər. Hazırda hər hansı hüquqi və ya fiziki şəxs hansısa əmtəəni aldıqda ondan "kartdan-karta" atmaqla ödəniş tələb oluna bilər. Prinsipcə, nağd ödəniş də mümkündür. Nağd pul verdikdə kimsə gəlib deyə bilərmi ki, niyə bu cür pul verdiniz? Pul verməyimə heç bir məhdudiyyət yoxdur. Mən deyəcəm ki, pulu mal almaq qarşılığında yox, dostum olduğu və ya borcum olduğu üçün verirəm. "Kartdan-karta" ödənişdə də vəziyyət eynidir. Dövlət orqanı gəlib deyə bilməz axı, pulu niyə "kartdan-karta" vermisiniz? Cavab olaraq bildirilə bilər ki, pul mənimdir, verdiyim adam da mənim tanışımdır. Sübut lazımdır. Kimsə bu barədə gərək şikayət etsin ki, buna da uyğun müvafiq tədbirlər görülsün".

Ödənişlər POS-terminal vasitəsilə ediləndə...

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, ödənişlər POS-terminal vasitəsilə edildikdə bu məbləğin bir hissəsi komissiya və vergi şəklində tutulur. Bu zaman da sahibkar qazanc əldə edə bilmir. Ona görə də bir çox ticarət obyektlərində vətəndaşlardan ödənişi nağd şəkildə və ya kartdan-karta köçürmə ilə etmələri xahiş olunur: "Qeyd edim ki, hazırda POS-terminallardan istifadəyə görə xidmət haqqının tutulması ilə bağlı rəsmi bir qərar yoxdur. Bu məsələ qanunvericilik çərçivəsində deyil, daha çox banklar, POS-terminal xidmətləri göstərən şirkətlər və Vergilər Departamenti arasında razılaşma əsasında həll olunmalıdır. Məsələn, 5-10 manata qədər olan alış-verişlərdən xidmət haqqının tutulmaması kimi bir model müzakirə oluna bilər. Əgər bu istiqamətdə konkret qərar veriləcəksə, o zaman bu, qanunvericilikdə dəyişiklik tələb edə bilər. Bu isə ayrıca bir qanunun qəbulu və ya mövcud qanunlara əlavələrin edilməsi ilə mümkündür. Hazırda məsələ daha çox texniki və razılaşdırma mərhələsindədir. İctimai maraqlar nəzərə alınaraq optimal həll yolları axtarılır".

Kassa qəbzi olmasa, əməliyyat qeydiyyata düşmür

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, ictimai iaşə müəssisələrində, ticarət yerlərində "kartdan-karta" ödəniş üsulu birbaşa vergidən yayınma məqsədini daşıyır: "Məlum olduğu kimi, rəsmi kassa qəbzi olmasa, həmin əməliyyat qeydiyyata düşmür. Qeydiyyata düşmürsə, ondan vergi hesablanmır. Bəzi obyekt sahibləri az vergi ödəməyə maraqlı olmadıqlarına görə də POS-terminal vasitəsilə ödənişdənsə nağd ödənişlərə üstünlük verirlər. Qeyd edim ki, "Card to card" əməliyyatlarında vətəndaş çətin vəziyyətdə qala bilər. Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş növünün fəsadları ilə tez-tez rastlaşırıq. Məsələn, alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Yaxud rəqəmi səhv yazanda başqasının hesabına da otura bilər. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb. Bu kimi halları nəzərə alsaq, hesab edirəm ki, kartdan karta pul köçürməsi istehlakçı hüquqlarının pozulmasına yol açır. Bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün alıcılar ödənişləri POS-terminal və ya nəğd üsulla etmələri daha məqsədə uyğundur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see402

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see306

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see261

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see249

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see221

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see205

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see165

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri