“Keçmiş məcburi köçkünlərin Bakıda və digər ərazilərdə yaşadıqları zaman mülki evlərə dəymiş ziyana görə Ermənistandan kompensasiya tələb olunmalıdır” ARAŞDIRMA
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Məlum olduğu kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları prosesi davam edir. Bu mərhələdə gündəmə gətirilən əsas mövzulardan biri 30 il ərzində keçmiş məcburi köçkünlərin yaşadıqları mülki şəxslərə məxsus evlərin aqibətinin nə olacağıdır. Ünvanlanan suallar arasında bir sıra cavabsız qalan məqamlar var: məskunlaşdıqları evlərdən çıxmaq istəməyən keçmiş məcburi köçkünlərlə bağlı qanun çərçivəsində hansı addımlar atıla bilər, 30 il ərzində evlərə dəyən ziyanla bağlı xərcləri kim qarşılamalıdır?
Pravda.az xəbər verir ki, indiyədək işğaldan azad edilən ərazilərdə 3464 ailənin, 13745 nəfər keçmiş məcburi köçkünün daimi məskunlaşması həyata keçirilib. Proses mərhələli şəkildə həyata keçirilir, yaşayış şəraiti təmin edildikcə, keçmiş köçkünlər dədə-baba yurdlarına qayıdırlar.
Bəs məskunlaşdıqları evlərdən çıxmayan məcburi köçkünlərlə bağlı hüquqi müstəvidə hansı addımlar atıla bilər?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə qaçqın və köçkün həyatı yaşamağa məcbur qalan soydaşlarımız var idi:

“Dövlətimiz sonradan imkanlarını artırdıqca bir müddət çadırlarda çox əzablı günlər keçirən bu insanları evlərlə təmin etdi. Həmin evlər birbaşa həmin şəxslərin mülkiyyətinə verilməyib. Əvvəldən də dövlətimizin konsepsiyası, millət olaraq siyasi iradəmiz bundan ibarət idi ki, öz torpaqlarımıza geri qayıdacağıq. Təbii ki, ərazilərimiz heç bir halda ermənilərin əlində qala bilməzdi. Nəhayət, “Böyük Qayıdış” dövründə həmin şəxslərin yaşadıqları evləri təhvil verəcəkləri əvvəlcədən nəzərdə tutulmuşdu. Həmin evlər bu səbəbdən mülkiyyətə verilməsə də, istisna hallar var. Keçmiş məcburi köçkünlərin bəziləri sonradan evləri özəlləşdiriblər. Əslində isə onların Qarabağa geri qayıdışı təmin olunandan sonra bu evlər yenidən dövlətə qaytarılmalıdır, çünki evə ehtiyacı olan şəxslər çoxdur. Şəhid, qazi ailələri... Artıq bu təcrübə var. Məsələyə digər tərəfdən də yanaşılmalıdır. Bəzi köçkün ailələri 30 ilə yaxın müddət ərzində Bakıda və respublikanın digər ərazilərində məskunlaşıblar. Övladları doğulub, boya-başa çatıb. Həmin gənclər indi müxtəlif sahələrdə işləyirlər. Onların öz iş yerlərini qoyub, yenidən əvvəlki ərazilərə qayıtmaları ilə bağlı bəzən müəyyən problemlər yaşana bilər. Bu baxımdan hesab edirəm, məsələyə bir qədər fərqli yanaşılmalıdır. Əslində təsəvvür etmirəm ki, öz dədə-baba yurdundan zamanında çıxmaq məcburiyyətində qalmış insan öz ata ocağına, kəndə, şəhərə qayıtmaq fikrindən uzaq olsun. Əlbəttə, istisnalar olacaq. Belə olacağı təqdirdə onları imperativ qaydada, məcburi surətdə Qarabağa geri qaytarmaq düzgün yanaşma olmaz. Dövlətimiz Qarabağda daha yaxşı şərait yaradır, yenidənqurma işləri aparılır, çox müasir evlər tikilir, infrastruktur layihələri gerçəkləşdirilir, yollar, kommunikasiya xətləri çəkilir və s. Birmənalı olaraq geri qayıdan insanlar üçün məşğulluq problemi də həll olunmaqdadır. Bundan böyük əksəriyyəti faydalanacaq. Müxtəlif səbəblərdən geri qayıtmaq imkanında olmayan şəxslər üçün müəyyən güzəştlər edilməlidir. Vəziyyətdən sui-istifadə etmək hallarına heç bir halda yol verilməməlidir. “Buradakı evi də saxlayım, gedim Qarabağda yenidən bərpa olunan evlərdən də alım...” Bunun kimi sui-istifadə cəhdlərinin qarşısı birmənalı alınmalıdır. Həmin insanların hüquqları qorunmaqla geri qayıdışları ilə yanaşı məşğulluq problemləri də həll edilməlidir”.
Tanınmış vəkil Turan Abdullazadə isə bir daha xatırladıb ki, 1988-1994-cü illərdəki müharibə nəticəsində Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt edilən ərazilərindən məcburi köçkün düşən insanların böyük bir hissəsi şəhərlərə və digər bölgələrə köçüb:

“Azərbaycan iqtisadiyyatının 1990-cı illərdəki vəziyyəti və münaqişə nəticəsində yaranan kütləvi köç nəticəsində şəhərlərdə mənzil bazarında ciddi sıxıntılar yaranmışdı. Köçkünlər üçün müvafiq dövlət dəstəyi, eləcə də vəsait çatışmazlığı səbəbindən məcburi köçkünlər özlərinə yaşayış üçün məskən tapmaqda çətinlik çəkirdilər. Bəzi hallarda məcburi köçkünlər boş, tərk edilmiş və ya başqa səbəblərdən istifadə olunmayan mənzilləri zəbt etməyə başladılar. Bunun məntiqi nəticəsi kimi mənzili zəbt edən məcburi köçkünlərlə mənzilin həqiqi mülkiyyətçiləri arasında məhkəmə mübahisələri artmağa başladı. Qeyd edilməsi vacibdir ki, həqiqi mülkiyyətçilər onların əmlakını zəbt etmiş məcburi köçkünlərin mənzildən, yaxud torpaq sahəsindən çıxarılması barədə iddia qaldırdıqda birmənalı şəkildə məhkəmə onların iddiasını təmin edir, zəbt olunmuş sahənin boşaldılmasını qət edir. Lakin məhkəmə qətnaməsi icraya yönəldikdən sonra onun icrası bir çox hallarda mümkünsüz olur. Məcburi köçkünlər, özləri üçün evlərini itirmiş, müharibə və qaçqınlıq kimi ağır sosial şərtlərlə qarşılaşmış insanlardır. Onların böyük əksəriyyəti uzun illərdir ki, dövlətin müəyyən etdiyi müvəqqəti məskunlaşma yerlərində və ya zəbt etdikləri binalarda yaşamağa məcbur olublar. Belə bir vəziyyətdə, insanları zorla köçürmək yalnız hüquqi deyil, həm də sosial və humanitar baxımdan ciddi problemlər yaradır. Bu səbəbdən bəzi icra məmurları belə əməliyyatları həyata keçirərkən ehtiyatlı olurlar və köçkünlərin həyat şəraitinə ciddi təsir edə biləcək addımlar atmamağa çalışırlar. Ədliyyə Nazirliyi də bu mövzuda olduqca həssas davranır. Buna görə də həmin mübahisələrlə bağlı çıxarılmış məhkəmə qərarları bir növ “havada qalır”, iddiaçıların məhkəmə qaydasında bərpa edilmiş hüquqları bir növ “xəyali hüquqa” çevrilir. Ancaq burada bir istisna var ki, işğaldan sonra məcburi köçkünlər öz adlarına yeni mənzil və ya fərdi yaşayış evi alıblarsa, bu zaman icra məmurları onları zəbt olunmuş mənzildən çıxara bilər. Yəni bu halda məcburi köçkünlər evi tərk etməməkdə israr edə bilməzlər. İsrar edərlərsə, məcburi tədbirlər tətbiq olunaraq mənzil boşaldılır. Başqa yaşayış yeri yoxdursa, icra tədbirləri müəyyən müddətə təxirə salınır. Bu o deməkdir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılana kimi bu qətnamələrin icrası mümkün olmayacaq. Müsbət hal isə bundan ibarətdir ki, artıq işğaldan azad olunmuş torpaqlara mərhələli qaydada “Böyük Qayıdış” başlayıb. Bu, mənzilləri zəbt olunmuş vətəndaşlarımız üçün bir ümiddir. Belə ki, keçmiş məcburi köçkünlər didərgin düşdükləri torpaqlara qayıtdıqca icra məmurları zəbt olunmuş mənzilləri həqiqi mülkiyyətçilərinə təhvil verəcəklər”.
Keçmiş məcburi köçkünlərin 30 il müddətində bu günə qədər yaşadıqları evlərə ziyan dəyibsə, xərcləri kim ödəməlidir?
“Nota Bene Consulting” MMC-nin direktoru, tanınmış vəkil Roman Qaraşov bu məsələni fərqli aspektdən izah edib:

“Məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşsaq, əsas məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. BMT Nizamnaməsinin 2-ci maddəsinə görə, hərbi gücdən istifadə ilə ərazi işğalına yol vermək qadağandır. Ermənistan bu qaydanı pozaraq Azərbaycana qarşı silahlı təcavüz edib. 1949-cu il Cenevrə Konvensiyasının IV Konvensiyasına əsasən, işğalçı dövlətin hərbi əməliyyatlar nəticəsində yaranan mülki zərərlərə görə məsuliyyəti var. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Loizidou v. Turkey” (1996) və “Chiragov v. Armenia” (2015) qərarlarında da göstərilir ki, işğal nəticəsində əmlakından məhrum olan şəxslərin hüquqları bərpa edilməli və vurulan ziyana görə kompensasiya ödənilməlidir. “Bosnia and Herzegovina v. Serbia and Montenegro№” (ICJ, 2007) işi üzrə Beynəlxalq Ədalət Məhkəməsində baxılan bu iş soyqırım, əmlak itkisi və qaçqın axını ilə bağlı məsuliyyətin qiymətləndirilməsi üçün mühüm presedentdir. Məhkəmənin mövqeyinə görə bəzi hallarda bir dövlətin digər dövlətin ərazisində baş verən ağır insan hüquqları pozuntularına görə dolayısı ilə məsuliyyət daşıya biləcəyi qəbul edildi. Bu qərarlar bir daha təsdiqləyir ki, erməni təcavüzü nəticəsində Azərbaycan vətəndaşları birbaşa və dolayısı ilə əmlak itkilərinə məruz qalıb, mülki şəxslərin də hüquqları pozulub. Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəlləyə əsasən, hər bir mülkiyyət hüququ qanunla qorunur. Əgər keçmiş məcburi köçkünlər fərdi mülkiyyətdə olan evlərdə yaşayıblarsa və bu zaman evlərdə ciddi aşınma, struktur zədələnməsi, yaxud texniki nasazlıq yaranıbsa, burada təqsirli tərəfin müəyyənləşdirilməsi əsas şərtdir. Lakin konkret hallar vardır. Məcburi köçkünlər öz istəkləri ilə deyil, zərurətdən və müharibə nəticəsində bu evlərdə yerləşdiriliblər, baxımsızlıq və ya zərər yetirmə niyyəti ilə deyil, sadəcə yaşamaq zərurətindən bu mülkləri istifadə ediblər. Buna görə də təmir məsuliyyətini onların üzərinə qoymaq nə hüquqi, nə də mənəvi baxımdan ədalətli deyil. Bu gün “Böyük Qayıdış” reallığa çevrilib. Məcburi köçkünlər öz torpaqlarına qayıdırlar və 30 ildən sonra ilk dəfə azad nəfəs alırlar. Bu prosesdə hüquqi yanaşma belə olmalıdır — mülki evlərə dəymiş ziyana görə təmir xərclərinin əsas səbəbkarı Ermənistan olduğundan müvafiq beynəlxalq məhkəmələrdə kompensasiya tələb olunmalıdır. Bu məsələ ictimai qarşıdurmaya çevrilməməli, əksinə birgə milli ağrımızın ortaq həllinə çevrilməlidir. Yekun olaraq, bütün ziyanların əsl təqsirkarı Ermənistan dövlətidir. Dəymiş zərər nə köçkünün günahıdır, nə də ev sahibinin. Ədalət yalnız beynəlxalq hüququn tətbiqi və Ermənistanın cavabdehlik daşıması ilə mümkündür”.
Aytəkin Qardaşova


