Icma.az
close
up
RU
Kinomuzun korifey sənətkarı

Kinomuzun korifey sənətkarı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasından 125 il ötür

Bakı, 19 iyun, AZƏRTAC

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə - oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin anadan olmasından 125 il ötür.

Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.

Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar”da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqtədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur”. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.

Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşıyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri