Icma.az
close
up
RU
Kinomuzun Nəsimisi

Kinomuzun Nəsimisi

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1975-ci ildə hərbi xidmətdə olduğum Perm şəhərində əsgər dostum Əhməd Gideyevlə "Nəsimi” filminə baxdığım gün indi də gözümün qabağındadır. Zal ağzınadək dolu idi.

Nəsiminin dərisi soyulan səhnənin ilk kadrında qarşımızda əyləşən iki rus qadının ürək çəkib ağladığını görəndə mənim də gözlərimdə yaş gilələndi. Bu rus qadınların bizim azərbaycanlı olduğumuzu biləndə necə qürrələnməyimizi daha dilə çəkmirəm.

İndi gəlirəm 2008-ci ilin 28 oktyabrına. Həmin gün sənətinə və şəxsiyyətinə dərin hörmət bəslədiyim Müslim Maqomayevin nəşini Moskvadan Bakıya gətirməli idilər. O axşam həmkarım Həmidə Nizamiqızı ilə çalışdığımız "Mədəniyyət” qəzeti üçün (AzTV-də çalışmaqla yanaşı, bu qəzetlə də əməkdaşlıq edirdim) reportaj xarakterli bir yazı hazırlamağa gəlmişdik hava limanına. Yazı mənlik idi, foto çəkmək isə Həmidəlik.

Biz jurnalistləri nədənsə gözləmə zalına buraxmadılar. Ona görə də içəridən çıxan adam axtarırdıq ki, təyyarənin dəqiq gəlmə vaxtını öyrənək. Elə bu zaman qapıda aktyor Rasim Balayev göründü. O, göz yaşlarını saxlaya bilmirdi. Onu da deyim ki, mən canlı şəkildə R. Balayevi ilk dəfə görürdüm. Tez onun başının üstünü aldıq. Məlum oldu ki, təyyarə saat 20:30-da Bakıya enməlidir.

Hardasa yarım saatdan sonra bizi zala buraxdılar, çünki təyyarə Bakıya yaxınlaşırdı. İçəridə Prezident Administrasiyasının şöbə müdiri, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının (rəhbərləri başda olmaqla) yüksək rütbəli məmurları, hardasa 6–7 nəfər bəstəkar, müğənni və tanımadığım 10–12 adam vardı. Aktyorlardan isə gördüyüm elə bircə R. Balayev oldu.

Musiqiçilərdən fərqli olaraq, onun bu gün hava limanına gəlməsi, M. Maqomayevə olan bu ehtiramı, daha çox da onun ağlamağı məni çox mütəəssir etmişdi. R. Balayevə böyük hörmətim vardı, ancaq həmin gün o, gözümdə daha da ucaldı...

Zaman çox amansızdır. R. Balayevin ölüm xəbərini alanda həmin günü xatırladım, yaddaşımın güzgüsündə onun ağlayan gözlərini gördüm. Onda kinomuzun Nəsimisi kinomuzun Nizamisi üçün ağlayırdı. Bəli, nəhənglər beləcə ayrılıb gedirlər. Ancaq onların izlərini heç nə silib apara bilmir...

Xalqımızın Rasim Balayevə olan məhəbbəti ağacın çiçək açması kimi təbiidir. Yəni, içində qarışığı yoxdur, ən yüksək əyarlı qızıl kimidir.

R. Balayev çox ali titullar qazanıb. Nədənsə, hərdən mənə elə gəlir ki, hamımızın düşündüyü kimi yox, əksinə, o, bu titullara şöhrət gətirib, bu ali təltiflər onun ad və soyadı ilə qoşalaşanda çox xoşbəxt olublar — dünya çempionu olan atalarının yanında dayanan uşaqlar kimi.

Təbii ki, R. Balayev bütün ali mükafatlara, ən əvvəl, istedadı ilə nail olub. Və üstəgəl zəhmət. Yəqin ki, müəyyən qədər də gendən gələn xüsusiyyətlər. Axşamlar əkin-biçindən qayıdan, corabından torpaq tökülən kəndçi çörəyi kimi, R. Balayevin qazandığı bütün mükafatların mayasında halallıq dayanır. Halal qazanılan ad-san, şan-şöhrət də elə halal çörək kimi şirin olur. R. Balayevi xalqa sevdirən də elə bu həqiqətdir.

Onun haqq dünyasına qovuşduğu martın 29-dan sonrakı günlərdə bütün elektron və yazılı mediada, sosial platformalarda bu əvəzsiz sənətkarla bağlı yaşanan izdiham bir daha göstərdi ki, ləyaqətli ömür yaşamaqdan böyük səadət yoxdur...

"Nəsimi” filminə hər dəfə baxanda fikirləşmişəm ki, əgər R. Balayev bu gün Hələbdə uyuyan o böyük şairimizlə eyni dövrdə yaşasaydı və təsadüfən onlar rastlaşsaydılar, elə ilk "salam-əleyk”dən ömürlük dostlaşacaqdılar...

Ötən ilin sonunda "Vaxtın cizgiləri” adlı kitabımın çap olunduğu "XAN” nəşriyyatında təsadüfən ustad rejissorumuz Həsən Seyidbəylinin oğlu Ziya müəllimlə rastlaşdım. O, atasının əsərlərinin çapı ilə bağlı gəlmişdi nəşriyyata. Bir qədər söhbət etdik. Əlbəttə, mən H. Seyidbəylinin bütün əsərlərini oxumuşdum. Ancaq onu daha çox R. Balayevi Nəsimi roluna çəkdiyi üçün çox istəyirdim. Bir də istedadına və cəsarətinə görə. Çünki o, tanınmayan bir aktyoru kəşf elədi, ona inandı. Bu, yəqin ki, H. Seyidbəylinin yazıçı fəhmi ilə bağlı idi...

Anam R. Balayevi ekranda görəndə sevinirdi. Öz sözü ilə desək, bu abırlı, ləyaqətli adamın danışığı, davranışı çox xoşuna gəlirdi. "Zərrə qədər lovğalığı yoxdur”, — deyirdi. O, R. Balayevin rol aldığı bütün filmlərə dəfələrlə baxmışdı. Özü də böyük həvəslə.

Ancaq onun əsas meyarı insanlıq idi, sənət onun üçün ikinci planda dayanırdı. Son illərdə milli-mənəvi, əxlaqi, dini dəyərlərin aşınması, bəzi telekanalların biabırçı, ət tökən verilişləri, buradakı bəzi bəsit aparıcıların və dırnaqarası sənət adamlarının fəhlə yeməkxanasında ağızdan qalan soyuq yeməyi, bulaşıq qab-qacağı xatırladan söhbətləri R. Balayevi və onun kimi şəxsiyyətinə hörmət edən sənətkarları anamın gözündə tütyəyə çevirmişdi.

Yeri gəlib, qoy deyim. Yadımdadır, bir dəfə kəndə gedəndə yenə bu düşük verilişlərdən söz düşdü. Birdən anam qayıtdı ki: "Ay bala, nə yaxşı atan dünyadan tez köçdü, bu biabırçılıqları görmədi”. R. Balayev çapında olan sənətkarlar efirdən, ekrandan elə anamın söylədiklərini dilə gətirirdi.

Onu da deyim ki, anam XVI əsrin Şərəfnisəsi deyildi. Hər kəndə gedəndə ona bir qucaq qəzet aparırdım. "Gecələr bir şey oxumasam, rahat yata bilmirəm”, — deyirdi.

Sözümü qısa eləyim: anam ağı qaradan yaxşı seçirdi. Bilirdi R. Balayev kimdir...

Mən çox-çox sonralar bildim — demə, R. Balayev neçə il əvvəl bizim kənddə olubmuş. Dostu Baba Vəziroğlu onu evlərinə qonaq aparıbmış. Həmin gün az qala kəndin yarısı R. Balayevin başına toplaşıbmış.

İndi də kəndimiz bu unudulmaz sənətkarın o gəlişini tarixi bir hadisə kimi xatırlayır. Zarafat deyil, Nəsimi əsrləri adlayıb kəndimizə qonaq gəlib.

Deyəsən, keçən il idi. Biz dörd dost xudmani bir məclis qurmuşduq. Necə oldusa, R. Balayevin bizim Mollaisaqlı kəndinə qonaq getməyindən söz düşdü. B. Vəziroğlu dedi ki, istəyirsinizsə, gələn dəfə Rasim müəllimi də dəvət edim. Ancaq onunla bir məclisdə oturmaq mənə qismət olmadı. İşinin çoxluğu, bəlkə də xəstəliyi ilə bağlı oldu, bilmirəm, o görüş baş tutmadı.

Mən qatarla yol getməyi çox xoşlayıram. Ötüb keçdiyim, arxada qalan stansiyalar məni kövrəldir, ruhumu yerindən oynadır. Və böyük sənətkar, unudulmaz R. Balayevlə baş tutmayan o görüş də elə ötüb keçdiyim o stansiyalara bənzəyir.

Qorxmaz Şıxalıoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri