Icma.az
close
up
RU
Kipr haqqında “tərsürat”lar: Aldadılan qaradərililərin xəyal adasından reportaj FOTO

Kipr haqqında “tərsürat”lar: Aldadılan qaradərililərin xəyal adasından reportaj FOTO

Icma.az, Yenicag saytına istinadən bildirir.

Xaricə səfər etdiyiniz zaman mütləq yanınızda ütü olsun.

***

Şimali Kipr Türk Cümhuriyyətinə getməyin mənim üçün bu qədər əziyyətli olacağını təsəvvür etməmişdim.

Ümumiyyətlə, məsafədən asılı olmayaraq, harasa getmək üçün səhər saatlarında yola çıxacağamsa, o gecə yata bilmirəm. Yenə eyni şey oldu, səhəri diri gözlə açdım. Kompüter çantamı və çamadanımı götürüb marşruta mindim. Almaniyadan gəlmiş uşaqlı xanımın yüksək miqdardakı analıq dozasını hiss edə-edə, Avropa standartlarında uşaq böyütməyi onu bütün xarici təsirlərdən qorumaq kimi başa düşən və ictimai nəqliyyatda davranış qaydalarından xəbərsiz qadının qulaqbatırıcı səsini dinləyə-dinləyə gözlərimi bir nöqtəyə zilləyib dərinlərdən gələn telefon səsinə diqqət kəsildim. Sonra tanış binaları tanımadığım daş yığınları əvəzləməyə başladı və o zaman gözümü zillədiyim nöqtədən yayındıraraq ətrafa baxdım. Marşrut getməli olduğu istiqamət üzrə hərəkət etmirdi. “Uzağı hara gedə bilər ki?” – deyə düşünərək saata baxdım. Antalyaya getmək üçün bilet aldığım avtobusun yola düşməsinə 20 dəqiqə qalmışdı. Bu dəm qarşımda dayanan xanım: “Deyəsən, telefonunuz açıq qalıb”, – dedi. Bayaqdan fikrimdən hansısa mədəniyyətsizin marşrutda açıq səslə video izlədiyini düşünürdüm, sən demə, o “mədəniyyətsiz” elə özüm imişəm. Üzr istədikdən sonra yaşlı xanım: “Olsun, özümüzü teatrda hiss etdik”, – deməklə “könlümü aldı”.

Son dayanacağı dəyişdirilən və avtovağzaldan xeyli uzaqda saxlayan marşrutdan endiyim zaman Antalyaya gedəcək avtobusun hərəkət saatından 3 dəqiqə keçmişdi. 18,4 kiloqramlıq çamadanımla avtovağzala qaçmağa başladım və 6 dəqiqədə özümü ora çatdırdım. Türk qeyri-dəqiqliyi: avtobus hələ gəlməmişdi. Təyin edilmiş vaxtdan 15 dəqiqə gecikmə ilə hərəkətə başlayan avtobusda kitab oxuyur, sıxıldıqda isə “YouTube”da “eşələnir”, ya da jurnalist adəti üzrə saytlarda “gəzinirdim”. 3 saat sonra Antalyanın girəcəyinə çatdıq və Türkiyənin bir çox şəhərində olduğu kimi, burada da avtobus polis postunda saxladı. Konduktor şəxsiyyət vəsiqələrini çıxarmağımızı tapşıranda kiminsə arxadan “pasport” dediyini eşitdim və o zaman beynimdə çaxan şimşəyin təsiri ilə qeyri-ixtiyari qışqırdım: “pasport!” Qorxduğum başıma gəlmişdi: ən vacib sənədi evdə unutmuşdum.

Daha sonra gərginlik, əsəb, özünü qınama başladı. Bir yandan da çıxış yolları axtarışında idim. Sürətli çatdırılma xidmətlərinə zəng edir, hava limanı ilə əlaqə saxlayırdım. Amma çifayda. “Ən tez 4 saat” cavabını eşitdikdən sonra çatdırılma xidmətindən istifadənin faydasız olduğunu anladım. Hava limanı polisindən isə pasportun notarial qaydada təsdiq olunmuş kopiyası olsa belə, uçuşa icazə verilməyəcəyi bildirildi. Bütün bunlar isə daim hərəkətdə ikən yaşandı. Artıq avtovağzala, oradan tramvaya, tramvaydan isə aeroporta gəlmişdim. Son çarə olaraq biletimi 12 saat sonra olan başqa reysə dəyişdim.

Dənizlidəki dostlarım sağ olsunlar, pasportumu alıb maşınla mənə göndərdilər. Mən də gecəni hava limanındakı məsciddə keçirdim.

Səhər Kiprə çatanda hotelin sürücüsü bizi aeroportun çıxışında gözləyirdi. Çamadanı baqaja qoyduqdan sonra öndə oturmaq üçün qapını açanda qısa təəccüb yaşadım. Sən demə, Kiprdə bütün avtomobillərin sükanı sağ tərəfdə imiş. Kipr məni tərsliklə qarşıladı.

Lefkoşadan Girnedəki hotelə qədər təxminən saatyarım yol getdik. Orta əsrlərin İngiltərə memarlığı üslubunda dizayn edilmiş hotelin qeydiyyatındakı xanım ingiliscə danışmağa başladı. Məni qeyri-türk zənn etdiyi üçün ingiliscə danışdığını düşünsəm də, demə, onun özü banqladeşliymiş, türkcə bilmirmiş.

Bir az dincəldikdən sonra Girnenin Alsancaq adlanan ərazisini gəzməyə qərar verdim. Dəniz sahilinə çıxış axtaranda yol kənarına düzülmüş dəbdəbəli villalardan gözümü ala bilmirdim. Təəccüblüsü isə bu idi ki, həmin villalar tərk edilmişdi. Bütün qapıları bağlı idi, həyətdəki lüks avtomobillərin təkərləri boşalmış, bəziləri hətta paslanmışdı. Meyvələr eləcə ağaclarda çürümüşdü. Ertəsi gün Kiprdə yaşayan azərbaycanlı alim Nazim Muradovdan ada sakinlərinin həddindən artıq israfçı olduğunu öyrənəcəkdim.

Villalar kimi, dəniz kənarındakı kafe və restoranların çoxu tərk edilmişdi, xarabalığı xatırladırdı. Gəzə-gəzə birtəhər tapdığım kafedə də ünsiyyəti ingiliscə qurdum, çünki işçilər afrikalı idilər.

2 gün sonra Girnenin tarixi yerlərini gəzərkən bələdçimiz nə üçün Kiprdə bu qədər əcnəbinin, xüsusilə də Afrika ölkələrindən şəxslərin çox olduğunun səbəbini açıqladı. Bu mənə həm qəribə, həm də qorxunc gəldi. Bilirsiniz, ya bilmirsiniz, bilmirəm, Kiprin cənub tərəfi Avropa İttifaqına üzvdür. Afrika ölkələrinin xaricdə təhsil almaq istəyən gəncləri də oraya, yəni Cənubi Kiprə getmək üçün müxtəlif şirkətlərə müraciət edirlər. Son nəticədə Cənubi Kiprə getmək istəyən afrikalı gənclər, özlərini başqa Kiprdə tapırlar. Taleləri ilə barışdıqdan sonra isə ucuz işçi qüvvəsi kimi müxtəlif işlərdə çalışdırılırlar.

Deyəsən, əvvəldə nə üçün Kiprə getdiyimi yazmamışam. İçində Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin də olduğu bir çox qurum tərəfindən elmi simpozium keçirilirdi, səfərin məqsədi də orada iştirak etmək idi.

Simpoziumun açılış mərasimində ölkənin Baş naziri ilə digər nazirlər, Azərbaycan, Makedoniya və Kiprdən olan deputatlar da iştirak edirdilər. Feyzulla (Töltay – Türkiyədə doktorantura təhsili alan Qazaxıstan vətəndaşı) təəccübünü gizlədə bilmədi: “Gör ha! Baş nazir elmi simpoziumun açılışına gəlir”. Feyzulla səhəri gün daha da təəccüblənəcəkdi: ŞKTC Prezidenti Ərsin Tatar Kiprə gəlmiş elm adamları və jurnalistlərlə görüşəndə.

Açılış mərasimi başlamadan əvvəl gözlərim tanış gəzirdi. Özümü çox da yormağa ehtiyac olmadı, bütün azərbaycanlılar bir avtomobildən endi: Rəşad Məcid, Şəmil Sadiq, Orxan Həsənoğlu, deputatlar Jalə Əliyeva və Anar İsgəndərov. Artıq Türkiyə vətəndaşı olan alim Qiyas Şüküroğlu ilə isə hoteldə tanış olmuşduq. Ayaqüstü Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Hüseyn Altınalanla da söhbətləşdik.

Açılış mərasimində Kiprin Türkiyə və Azərbaycanla mövcud münasibətləri və türk dünyasına inteqrasiya barədə çıxışlar edildi. Azərbaycanlı deputatların çıxışları isə zalda xüsusi maraqla qarşılandı.

Final Beynəlxalq Universitetində keçirilən sessiyalardan sonra yorğun-arğın hotelə qayıdıb növbəti günə hazırlaşdım.

Türkiyə əsgərlərinin Şimali Kiprə gəlişi və onları rumların zülmündən qurtardığı 1970-ci illərdən qalmış hərbi texnikaların olduğu ərazini və muzeyi gəzdikdən sonra Girnedəki Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinə getdik.  Burada ŞKTC Prezidenti Ərsin Tatarla keçirdiyimiz görüş səmimi anlarla yadda qaldı. İstər Türkiyə səfiri, istərsə də Tatar nitqini Azərbaycan Prezidenti İlham Əliyevin Kiprlə bağlı dediklərindən gətirdikləri sitatlar üzərində qurdular.

Tədbirin son günü Girnenin mədəni-tarixi məkanlarına ziyarət təşkil olundu. Girne qalasına getdik, orada minlərlə il yaşı olan tarixi gəmi qalıqlarını, qədim yaşayış məskənlərini gördük. Qalanın içində diqqətimi pəncərələrə yerləşdirilmiş mismar tələlər çəkdi. Bələdçidən nə üçün bütün pəncərələrdə bu tələlərin olduğunu soruşdum. O, danışmağa başlamışdı ki, bir nəfər təşkilatçılardan “Ffilankəs bəy”in gəmi turuna çıxmaq istəyənləri sahildə gözlədiyini xəbər verdi. Yaşanan bu qarışıqlıqda mənim sualım da yaddan çıxdı. Hamı gəmi ilə bir saatlıq Aralıq dənizi turuna çıxdı, mənsə açıq dəniz fobiyam olduğu üçün getmədim.

Saat 17:15-də qrup üzvlərinin toplaşacağı yerdə idim. İştirakçıları hotellərə aparacaq avtomobillər də gəlmişdi. Qrup üzvləri yavaş-yavaş gəlib avtobusa doluşdu, ancaq mənimlə hotelə gedəcək şəxslər gəlib çıxmadı. Bələdçi bizim üçün başqa maşının ayrıldığını və onun artıq yola çıxdığını dedi. Çar-naçar hotelə mikroavtobusla qayıtmalı oldum.

Mikroavtobusda yenə əcnəbilər vardı. Dayanacağa çatanda qapısını açıb bir neçə dəqiqə gözlədi. Qapının tam yanında parkda söhbət edən qadınlara qulaq kəsildim. Qadınlardan biri onu azərbaycanlı zənn etməyim üçün kifayət qədər material verdi: “udar” sözündən istifadə etdi, “intihar elədi”, “anasını vurdu” kimi ifadələr işlətdi. Yerimdən qalxıb azərbaycanlı olub-olmadığını soruşacaqdım ki, mikroavtobus hərəkət etdi.

Səhər yaşana biləcək bütün tərsliklərin qarşısını almaq üçün hava limanına 6 saat əvvəl getdim. Orxan Həsənoğlu mesaj yazıb uğurlu yollar diləyəndə Rəşad Məcidin uçuşunun 17:20-də olduğunu söylədi. Düşündüm, boş-bikar dayanmaqdansa, Rəşad Məcidlə söhbətləşmək daha yaxşı olar. Məlumat lövhəsindən uçuşun hansı qapıda olduğuna baxıb ora getdim, ancaq heç kəsin olmadığını gördüm. Yarım saata qədər gəzindikdən sonra 17:20-dəki uçuşun gecikdiyini, qapısının isə dəyişdiyini oxudum. Növbəti dəfə baxanda isə həmin təyyarənin artıq havada olduğu məlumatı anons edilirdi.

Təyyarədə yanımda oturan şəxsin gələndə də yanımda oturduğunu oxuduğu kitabdan anladım.

Antalya… 22:29 üçün bilet aldığım avtobusa gecikdim. Tərsliklər burada da məndən əl çəkmirdi.

Dənizliyə gəlib çatanda bu yazının başlığının birinci hissəsi artıq hazır idi: “Kipr haqqında “tərsürat”lar”.

***

Hə, yazını təzədən oxumasaydım, ütü məsələsini unudacaqdım. Mən bütün səfərlərimdə yanımda mütləq ütü götürürəm. Hoteldə ütüsüz olmaq uçuşa pasportsuz getmək kimi bir şeydir. Hərçənd mən ütünü götürüb pasportumu unutmuşdum. Ütünü ona görə xüsusilə vurğulayıram ki, bir dəfə İstanbulda 2 köynəyin ütülənməsi üçün 60 avro vermişdim. Odur-budur, hoteldə qalacağamsa, yanımda mütləq ütü də olur. Həm də bir qızı oğlanın qapısını ancaq ütü gətirə bilər. Əvvəl elə düşünürdüm, eyni tədbirə, simpoziuma qatıldığım qızlar otağımın qapısını sadəcə ütü istəmək üçün yox, həm də mənimlə ünsiyyət qurmaq üçün döyürlər. Sonradan bunun mənimlə heç bir əlaqəsinin olmadığını gördüm. Nə deyim, kəramətinə şükür, ay ütü.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Fevral 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see271

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see199

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see176

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see140

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see132

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see131

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri