Komitə sədri: Vergi siyasətində dəyişiklikləri neft gəlirlərinin azalması ilə əlaqələndirmək obyektiv yanaşma deyil MÜSAHİBƏ
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci il Azərbaycan iqtisadiyyatı üçün nə “sıçrayış ili”, nə də böhran dövrü oldu. Rəsmi statistikaya görə, iqtisadi artım 1,4 faiz təşkil etsə də, bu rəqəmin arxasında daha dərin proseslər – neft sektorunda daralma, qeyri-neft sahələrində sürətlənmə, fiskal ehtiyatlılıq və post-neft dövrünə mərhələli keçid dayanır. Eyni zamanda, inflyasiyanın birrəqəmli həddə saxlanılması, əməkhaqlarının real artımı və qeyri-neft ixracının genişlənməsi makroiqtisadi sabitliyin qorunduğunu göstərir.
Bəs, bu struktur transformasiya nə dərəcədə dayanıqlıdır? 2026-cı il büdcəsi hansı risk və imkanları özündə daşıyır? Neftin qiyməti 65 dollardan aşağı düşərsə, fiskal tarazlıq necə qorunacaq? Büdcə xərclərinin artımının cəmi 0,7 faiz olması iqtisadi artımı zəiflədərmi? Gəlir vergisi güzəştləri, qeyri-formal məşğulluq üzrə yeni öhdəliklər, dövlət borclanması və dövlət müəssisələrinin dividend siyasəti hansı məntiq üzərində qurulub?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “APA-Economics”ə verdiyi geniş müsahibədə məhz bu suallara ətraflı cavab verir:
- 2025-ci ilin sosial-iqtisadi inkişaf nətiələrini necə şərh edərdiniz?
- 2025-ci ildə iqtisadi artım 1,4 faiz təşkil edib. Artım göstəricisi aşağı rəqəmlə ifadə olunsa da, bu, milli iqtisadiyyatda struktur dəyişikliklərini xarakterizə edir. Belə ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb. 1,4 faizlik artımı ÜDM-in strukturu şərtləndirib. Belə ki, əlavə dəyərin 33,0 faizi sənayenin payına düşür. Sənayedə yaradılan əlavə dəyərin isə 78 faizi hasilat sənayesi hesabına formalaşır. Bu sahədə əlavə dəyər ötən ilin nəticələrinə görə 2,5 faiz azalıb. Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb. Bu tendensiya milli iqtisadiyyatda struktur transformasiyanın əlaməti olmaqla yanaşı, onun post neft dövrünə adaptasiyası üçün şərait yaradır. Turizm və ictimai iaşə, informasiya və rabitə sektorunda əlavə dəyər daha yüksək templə artıb. (müvafiq olaraq 8,5 faiz və 8,7 faiz)
Ötən il inflyasiyanın birrəqəmli həddə - 5,6 faiz səviyyəsində saxlamağa nail olunub. Belə bir şəraitdə əhalinin nominal pul gəlirlərinin artımı 8 faiz olmaqla inflyasiyanın səviyyəsini qabaqlayıb.
Orta aylıq əmək haqqı 2025-ci ilin 11 ayının nəticələrinə əsasən 9,3 faiz artmaqla 1089 manat təşkil edib. Bu rəqəm də inflyasiya tempini üstələyir.
Qeyd edilən dövrdə qeyri-neft ixracı faktiki qiymətlərlə 7,3 faiz artıb.
Ümumiləşdirsək, 2025-ci il mülayim iqtisadi artımla, makroiqtisadi stabilliklə, xüsusilə də maliyyə sabitliyi ilə xarakterizə olunur.
- İcmal və dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərinə təsir edə biləcək əsas faktorlar hansılardır?
- Bu faktorlar çoxşaxəlidir. Onlardan makroiqtisadi mühitlə və iqtisadi artımla bağlı amillər xüsusi olaraq qeyd edilməlidir. İstər makroiqtisadi sabitlik, istərsə də büdcə planlaşdırılması üçün əsas parametr ÜDM-in real artım tempidir. Belə ki, iqtisadi fəallıq yüksək olmalıdır ki, vergi bazası genişlənsin və büdcə gəlirləri artsın. 2026-cı ilin büdcə zərfi üçün ÜDM artımı 2,9 faiz proqnozlaşdırılıb. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin daha dayanıqlı və şaxələndirilmiş mənbələr hesabına formalaşmasını təmin etməlidir. İnflyasiya səviyyəsi gəlir və xərclərin həcmini nominal ifadədə artırsa da, alıcılıq qabiliyyətinə və sosial xərclərin strukturuna birbaşa təsir edir.
Enerji bazarları və xarici iqtisadi konyukturla bağlı amillər sırasında neft və qaz qiymətlərini, qlobal iqtisadi durumu, valyuta bazarlarında vəziyyəti qeyd edə bilərik. Məzənnə sabitliyi də idxal həcmlərinə, inflyasiya səviyyəsinə və xarici borca xidmət xərclərinə təsir edir.
Fiskal və vergi siyasəti də icmal və dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərinə təsir göstərən amillərdəndir. Xüsusilə də vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, kölgə iqtisadiyyatının daralması əlavə gəlir mənbələri yaradır. Vergi güzəştləri və azadolmaları – investisiya və biznes fəallığını stimullaşdırsa da, qısamüddətli dövrdə gəlirlərin itkisinə səbəb olur. Orta və uzunmüddətli dövrdə isə vergi bazası yaradır. Fiskal intizam və qaydalar isə xərclərin prioritetləşdirilməsini və büdcə tarazlığını təmin edir.
Sosial siyasət və dövlət proqramlarının icrası büdcə xərcləmələrinə təsir göstərən amillərdəndir. Xüsusilə də, əhalinin sosial müdafiəsi üzrə qərarlar – əməkhaqları, pensiyalar, müavinətlər və sosial proqramlar xərclərin əsas istiqamətlərindən biri kimi çıxış edir. İnfrastruktur və strateji layihələr – uzunmüddətli iqtisadi inkişaf məqsədlərinə xidmət etməklə yanaşı, xərclərin həcminə birbaşa təsir göstərir. Post-münaqişə dövrü və bərpa prosesləri – əlavə maliyyə resursları tələb edir.
Büdcə siyasətinin strateji çərçivəsi isə gəlir və xərclərin tənzimlənməsinə imkan verir. Orta və uzunmüddətli fiskal dayanıqlılıq hədəfləri – borclanma səviyyəsini və büdcə kəsirini müəyyən edir. Dövlət prioritetləri və milli inkişaf strategiyaları – xərclərin sahələr üzrə bölgüsünə yön verir.
- Neftin qiymətinin 65 ABŞ dollarından aşağı düşməsi halında mümkün maliyyə riskləri və ehtiyat mexanizmləri nədən ibarətdir?
- 2026-cı il dövlət büdcəsində neftin orta ixrac qiymətinin 65 ABŞ dolları səviyyəsində götürülməsi ehtiyatlı və konservativ yanaşmanın göstəricisidir. Neft qiymətlərinin bu həddən aşağı düşməsi müəyyən fiskal risklər yaratsa da, Azərbaycanda formalaşdırılmış ehtiyat fondları, konservativ büdcə yanaşması və qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti bu risklərin idarəolunan səviyyədə saxlanmasına imkan verir. Burda bir məqamı bəri başdan qeyd etməliyik ki, neftin qiymətlərinə dövlət büdcəsindən daha çox icmal büdcə həssasdır. 2026-cı ilin dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16,4 mlrd. manatı neft-qaz sektoru üzrə gəlirlərin hesabına formalaşacaq. Bu məbləğin 78,1 faizi və ya 12,8 mlrd. manatını Dövlət Neft Fondundan transfertlər təşkil edir. Transfertlər isə neftin qiymətindən asılı olmayaraq sabit məbləğdə planlaşdırılır və icra edilir. Neft-qaz gəlirlərinin yalnız 22 faizlik və ya 3,6 mlrd. manatlıq hissəsinə yəni, vergi orqanlarının xətti ilə toplanan neft-qaz sektorundan daxilolmalara neftin qiymətləri birbaşa təsir göstərə bilir.
Büdcə siyasətinin əsas məqsədi qısamüddətli şoklara reaksiya verməklə yanaşı, orta və uzunmüddətli makroiqtisadi dayanıqlılığı təmin etməkdir. Bu risklərə qarşı ehtiyat mexanizmləri çoxşaxəlidir. Bunun birincisi, Dövlət Neft Fondundan transfert mexanizmidir. Yığım funksiyasını yerinə yetirən Neft Fondu büdcə üçün əsas sabitləşdirmə alətidir. Qiymət volatilliyi zamanı transfertlər vasitəsilə fiskal sabitlik qorunur. İkinci mexanizm qeyri-neft gəlirlərinin artırılması, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, kölgə iqtisadiyyatının daraldılması ilə bağlıdır. Bu təşəbbüslər büdcənin neftdən asılılığının azaldılmasına yönəldilib. Üçüncüsü, zərurət yarandığı halda qeyri-prioritet xərclərin optimallaşdırılması fiskal tarazlığın qorunmasına imkan verə bilər. Dördüncüsü, dövlət borcu üzrə ehtiyatlı siyasət, xüsusilə də aşağı borc yükü və idarəolunan borclanma siyasəti risklərə qarşı əlavə bufer rolunu oynayır.
- İqtisadi artımın əsas drayverlərindən biri də dövlət büdcəsinin xərcləridir. Növbəti il büdcə xərclərinin cəmi 0.7% artırılması iqtisadi artım tempinə azaldıcı təsir edə bilərmi?
- Doğrudur, dövlət büdcəsi xərcləri iqtisadi artımın mühüm drayverlərindən biridir. Lakin büdcə xərclərinin artım tempinin aşağı olması avtomatik olaraq iqtisadi artımın zəifləməsi demək deyil. Burada əsas məsələ xərclərin həcmi deyil, strukturu və keyfiyyətidir. Büdcə xərclərinin cəmi 0,7% artması fonunda xərclər kapital qoyuluşlarına, infrastruktur layihələrinə, insan kapitalına, strateji və multiplikativ təsiri yüksək sahələrə yönəldilirsə bu zaman iqtisadi artıma təsir nisbətən daha güclü ola bilər. Bu xüsusilə də özünü orta və uzunmüddətli dövrdə göstərir.
Digər tərəfdən də, büdcə xərclərinin məhdud artımı fiskal konsolidasiyaya, inflyasiya təzyiqlərinin azaldılmasına, makroiqtisadi sabitliyin qorunmasına, özəl sektor üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşmasına xidmət edir. Bu isə orta və uzunmüddətli dövrdə iqtisadi artım üçün daha sağlam baza yaradır.
Digər bir tərəfdən də, dövlət xərclərinin artım tempinin aşağı saxlanılması dövlət–özəl sektor arasında tarazlığı qoruyur. Belə ki, özəl investisiyaların kölgədə qalmasının qarşısını alır, bazar mexanizmlərinin rolunu gücləndirir, iqtisadi artımın əsas yükünü özəl sektorun üzərinə keçirməyi hədəfləyir. Bu yanaşma daha dayanıqlı inkişaf modelinə uyğundur.
Nəhayət, əvvəlki illərin baza effektini, xüsusilə də son illərdə büdcə xərclərinin əhəmiyyətli dərəcədə artırıldığını, iri infrastruktur və bərpa layihələrinin böyük bir hissəsinin maliyyələşdirildiyini nəzərə almalıyıq.
Nəticə etibarilə, büdcə xərclərinin 0,7% artırılması qısa müddətdə fiskal impulsu müəyyən qədər zəiflədə bilər, lakin bu, avtomatik olaraq iqtisadi artımın azalması anlamına gəlmir. Əksinə, xərclərin düzgün prioritetləşdirilməsi, fiskal intizamın qorunması, özəl sektorun rolunun artırılması şəraitində bu yanaşma daha dayanıqlı və keyfiyyətli iqtisadi artımı dəstəkləyə bilər.
- Tənzimlənən qiymətlərin artırılması fonunda 2026-cı ildə inflyasiyanın hədəf diapozonunda saxlanılması üçün hansı addımlar atılacaq?
- 2026-cı ildә Mәrkәzi Bankın pul siyasәti hər şeydən əvvəl “2022─2026-cı illәrdә sosial-iqtisadi inkişaf Strategiyası”nda müәyyәn edilmiş makroiqtisadi sabitlik vә dayanıqlılıq prioritetlәrinin reallaşmasına yönәldilәcәk. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı da artıq ictimaiyyətə təqdim edilib. Bu bəyanatdan da göründüyü kimi növbəti ildə də əsas mәqsәd inflyasiyanın hәdәf daxilindә saxlanılması olacaq. Pul siyasәtinin hәdәfi növbәti ildә dә illik inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan ibarәt olacaq. Әvvәlki illәrdә olduğu kimi növbәti ildә dә hәdәf göstәricisi Dövlәt Statistika Komitәsi tәrәfindәn hesablanan istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaq. İnflyasiyanın hәdәf daxilindә idarә edilmәsi davamlı iqtisadi artımın vacib şәrtlәrindәn biridir. Mәrkәzi Bankın son proqnozlarına görә 2026-cı ildә illik inflyasiyanın 5.7% olacağı gözlәnilir ki, bu da hәdәf diapazonu daxilindәdir. Hökumәtin, beynәlxalq maliyyә-kredit tәşkilatlarının vә beynәlxalq reytinq agentliklәrinin proqnozları da inflyasiyanın növbәti ildә әsasәn bu diapazonda qalacağını göstәrir.
Tənzimlənən qiymətlərin artırılması öz-özlüyündə inflyasiya təzyiqi yaratsa da o monetar amil hesab edilmir. Bu baxımdan inflyasiyanın qeyri-monetar amillərinə qarşı pul siyasəti vasitəsi ilə mübarizə aparmaq olmaz. Pul siyasəti alətləri yalnız inflyasiyanı doğuran monetar amilləri neytrallaşdıra bilir. Mərkəzi Bank uçot dərəcəsini çevik tənzimləməklə bu amilləri nəzarətdə saxlaya bilir. Bununla belə, hökumət və monetar qurumlar tərəfindən planlaşdırılan koordinasiyalı siyasət tədbirləri inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəldilməlidir. Tənzimlənən qiymətlərə və bütövlükdə tarif siyasətinə dövlət sektorunda struktur islahatlarının tərkib hissəsi kimi baxılmalıdır. Tənzimlənən qiymət artımlarının sosial təsirini yumşaltmaq üçün bir qayda olaraq həssas əhali qrupları üzrə hədəfli sosial mexanizmlər tətbiq edilir və bu gələcəkdə də davam etdirilməlidir.
- Cari il üçün qeyri-neft gəlirlərinin artımına dair proqnozları necə qiymətləndirmək olar?
- 2026-cı ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımına dair proqnozlar hər şeydən əvvəl cari ilin iqtisadi artım proqnozlarına əsaslanır. ÜDM-in real ifadədə 2,9 faiz artması fonunda qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artması, neft-qaz ÜDM-nin isə 2,4 faiz azalacağı gözlənilir. Bu tendensiya nəticəsində ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 2026-cı ilin sonuna 72 faizdən 76 faizə, 2029-cu ildə isə 80 faizə çatacaq.
İqtisadi artımda gözlənilən struktur dəyişiklikləri 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 57,4 faizinin və ya 22,2 milyard manatının qeyri-neft-qaz gəlirləri hesabına formalaşmasını təmin edəcək.
2025-ci ilin proqnozu ilə müqayisədə neft-qaz gəlirləri transfert daxil olmaqla 1,9 mlrd. manat və ya 10,2 faiz azaldığı halda, qeyri neft-qaz iqtisadiyyatının gəlirləri 2,1 mlrd. manat və ya 10,6 faiz çox nəzərdə tutulur. Bu rəqəmlər fiskal dayanıqlığı xarakterizə edən keyfiyyət dəyişiklikləri kimi dəyərləndirilməlidir.
Neft sektorunda azalmanın qeyri-neft iqtisadiyyatında artımla müşayiət edilməsi, ÜDM-də özəl sektorun payının 81,4 faizə, təkcə xidmət sektorunun payının isə 43 faizə çatması, müdafiə sənayesinin tədricən milli sənayemizin əsas sütunlarından birinə çevrilməsi iqtisadi artımın keyfiyyətini yüksəldir.
Cari il üzrə qeyri-neft gəlirlərinin artımına dair proqnozlar real olmaqla yanaşı, həm də institusional islahatlara söykənir. Belə ki, logistika, turizm və xidmət sahələrində aktivliyin artması vergi bazasını genişləndirəcək. Daxili istehsal və ixrac yönümlü qeyri-neft sahələrinin inkişafı dayanıqlı gəlir formalaşdıracaq. Vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi büdcəyə əlavə daxilolmaları təmin edəcək.
- 2029-cu ilə qədər cari xərclərin tam qeyri-neft gəlirləri hesabına qarşılanması planı nə dərəcədə realdır? Bu yöndə hansı risklər mövcuddur?
- Cari xərclərin qeyri neft gəlirləri hesabına örtülməsi 2025-ci il üçün 81 faiz proqnozlaşdırıldığı halda 2026-cı ildə onun 88 faizə, 2029-cu ildə 100 faizə çatdırılması nəzərdə tutulur. Bir daha qeyd etmək istərdik ki, etibarlı büdcə dayanıqlığı üçün bu nisbəti arifmetik deyil, məhz real əsaslarla, eyni zamanda fiskal dayanıqlıqla fiskal yük arasında optimal tarazlığı gözləməklə təmin edilməlidir.
Cari xərclərin 2029-cu ilə qədər tam şəkildə qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi fiskal siyasətdə strateji hədəfdir. Bu hədəf büdcənin neftdən asılılığının azalması və fiskal dayanıqlılığın gücləndirilməsi baxımından əsas şərt hesab olunur. Buna nail olmaq üçün qeyri-neft gəlirləri stabil və davamlı artmalı, cari xərclərin struktur optimallaşdırılması aparılmalı, fiskal intizam gücləndirilməli, dövlət maliyyəsinin idarə edilməsi sahəsində institusional islahatlar davam etdirilməlidir. Hər bir halda bu hədəfə mərhələli şəkildə reallaşa bilən strategiya kimi baxmaq lazımdır. Burada əsas məsələ xərclərin sürəti ilə gəlirlərin keyfiyyətli artımı arasında tarazlığın qorunmasıdır.
- Özəl sektorda muzdla çalışan şəxslər üçün gəlir vergisi güzəştinin müddətinin uzadılmaması sosial müzakirələr doğurdu. Bu addımın atılması nə üçün zəruri idi? Xüsusilə, aşağı gəlirli əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinin zəruri olduğu yönündə baxışlar da var.
- 2026-cı ilin dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsinə dəyişikliklər edilməsi həm də qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlı olub. Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilirdi. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub. İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.
2026-cı ildə güzəşt dövrü başa çatdığına görə gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalı idi. Ancaq Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutdu. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək.
Qeyd edilənləri nəzərə alaraq, özəl sektorda və qeyri-neft bölməsində muzdla çalışan şəxslər üçün gəlir vergisi güzəştinin müddətinin uzadılmaması fikrini söyləmək doğru deyil. Əslində, tətbiq edilən güzəşt tamamilə ləğv edilmədi. Güzəşt mexanizmi formaca dəyişdi. Güzəştlərin olduğu kimi davam etdirilməməsi təbii ki, cəmiyyətdə müzakirələr doğurdu.
Bununla belə burada bəzi məqamları nəzərə almalıyıq. Əvvəla, tətbiq edilən güzəşt müvəqqəti xarakter daşıyırdı və əmək müqavilələrinin rəsmiləşdirilməsi, leqal məşğulluğun genişləndirilməsi, əməkhaqlarının “kölgədən çıxarılmasının” təşviq edilməsi məqsədini güdürdü və əldə edilmiş nəticələr qarşıya qoyulmuş hədəflərə nail olunduğunu təsdiq edir. İkincisi, nəzərə almalıyıq ki, vergi mexanizmi heç bir halda sosial müdafiə sistemini əvəz etməməlidir.
- Bu ildən qeyri-formal məşğul şəxslərin icbari tibbi sığorta haqqını özlərinin ödəməsi və ödəniş gecikdirildikdə 10% əlavə haqq tətbiq edilməsi geniş müzakirələrə səbəb oldu. Həmin şəxslər hansı meyarlar əsasında müəyyənləşəcək və bu mexanizmdə sosial ədalət prinsipləri necə təmin olunacaq?
- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər artıq qəbul edilib və dövlət başçısı tərəfindən qanunun tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb. Qanuna dəyişiklikdən sonra əsasən, sığorta haqqının ödənilməsi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərənləri də əhatə edəcək. Yəni, cari ildən etibarən bu kəsimdən olan şəxslər birdəfəlik minimal sığorta haqqı ödəməklə icbari tibbi sığortadan yararlana biləcəklər. Başqa sözlə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər və bu sistemə mərhələli şəkildə keçiləcək. Bu halda sığortaolunanların sığortalısı qismində çıxış edən müvafiq icra hakimiyyəti orqanları da fərmanla müəyyən edilib. Sığortalıların müəyyən edilməsi qaydası ilə bağlı da Nazirlər Kabinetinə ölkə başçısı tərəfindən müvafiq tapırıq verilib. Bütün bu dəyişikliklərdə məqsəd həm də qeyri-formal məşğulluğun uçotunu təmin etməkdir. İcbari tibbi sığorta sistemində edilən dəyişiklikdə məqsəd heç də cərimə tətbiq etmək deyil, sığorta sistemində bərabər iştirak prinsipi yaratmaqdır. Muzdla çalışanlar üçün ödəniş işəgötürən vasitəsilə, qeyri-formal məşğullar üçün isə fərdi məsuliyyət əsasında formalaşdırılır. Nəzərdə tutulan əlavə tədbirlər cəza yox, ödəniş intizamını təmin edən mexanizm kimi müəyyən edilib.
- Bəzən belə fikirlərə də rast gəlinir ki, neft gəlirləri azalmaqda olduğu üçün mərhələli formada gəlir vergisi tətbiqinə başlanır, eyni zamanda müxtəlif yeni vergilər gündəmə gəlir, bu fikirlərə münasibətiniz necədir?
- Vergi siyasətində baş verən dəyişiklikləri neft gəlirlərinin azalması ilə əlaqələndirmək obyektiv yanaşma deyil. Əslində söhbət vergi yükünün artırılmasından deyil, vergi sisteminin daha ədalətli, şəffaf və dayanıqlı modelə keçidindən gedir. Bu, postneft dövrünə hazırlığın və maliyyə idarəçiliyində məsuliyyətli yanaşmanın göstəricisidir. Fiskal dayanıqlıq büdcə xərclərinin optimallaşdırılmasını tələb etdiyi kimi, vergi dərəcələrinin də optimallaşdırılmasını şərtləndirir. Neft gəlirlərinin azaldığı bir şəraitdə çoxşaxəli vergi güzəştləri və təşviqlərini də nəzərə almalıyıq. Ölkəmizdə tətbiq edilən vergi azadolmaları və güzəştlərinin ümumi məbləği 7 milyard manatdan çoxdur.
- Cari il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 71% artırılaraq 6 milyard manat olub. Bu il ölkənin borclanma strategiyası necə olacaq?
- 6 milyard manat sadəcə olaraq xarici dövlət borclanmasının yuxarı həddidir. Borc Strategiyası və Büdcə qaydasına əsasən dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi ortamüddətli dövr (2026-2029-cu illər) üçün 30,0% müəyyən edilib. Bu dövr ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2029-cu ilin sonuna xarici dövlət borcunun 5,7 milyard ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 6,0 faizi həcmində olacağı proqnozlaşdırılır. Ümumi dövlət borcu 32,0 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 19,8 faizi həcmində olacaq. Bu o deməkdir ki, xarici borclanmaya münasibətdə konservativ yanaşma davam etdiriləcək. Belə bir yanaşma ölkəmizin maliyyə təhlükəsizliyini təmin edir. Üstəlik də, xarici borcu dəfələrlə üstələyən strateji valyuta ehtiyatlarımız var.
Cari il üzrə xarici dövlət borclanmasının yuxarı həddinin 71% artırılması aktiv borclanma niyyətindən daha çox ehtiyat və çeviklik məqsədi daşıyır. Yəni bu avtomatik olaraq həmin həcmdə borclanma demək deyil. Təcrübə göstərir ki, faktiki borclanma əksər hallarda bu limitdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə olur və bu il üçün də selektiv yanaşma tətbiq ediləcək. Cari ildə xarici borclanma strateji və yüksək əlavə dəyər yaradan layihələrin maliyyələşdirilməsi, uzunmüddətli iqtisadi səmərəliliyi olan infrastruktur və institusional layihələr, beynəlxalq maliyyə institutları ilə güzəştli şərtlər əsasında əməkdaşlıq üçün nəzərdə tutulur. İstehlak xarakterli xərclərin borc hesabına maliyyələşdirilməsindən söhbət getmir. Azərbaycanda xarici borclanma strategiyası makroiqtisadi sabitliyin və fiskal təhlükəsizliyin qorunması, borc dayanıqlılığı, valyuta və faiz risklərinin idarə olunması, “lazım olduqda və sərfəli şərtlərlə” prinsiplərinə əsaslanır. Hökumət gələcək nəsillər üçün borc yükü deyil, inkişaf aktivləri formalaşdırılmasını əsas götürür. Xarici borclanma heç bir halda daxili fiskal imkanları əvəz etmir və tamamlayıcı maliyyələşmə aləti kimi istifadə olunur.
- Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 12 milyon azaldılıb. Hesablama Palatasının hesabatlarına görə bir çox dövlət müəssisələri mənfəət əldə etsələr də, büdcəyə dividend ödəmirlər. Bu istiqamətdə hansı işlər görüləcək?
- Səhmlərində dövlətin payı olan müəssisələrdən əldə ediləcək dividendlər üzrə 2026-cı ilin dövlət büdcəsində 600,0 mln. manat daxilolmalar proqnozlaşdırılır ki, bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 mln. manat və ya 2,0% az, 2024-cü ilin icrası ilə müqayisədə isə 22,2 mln. manat və ya 3,8% çoxdur. Azalma əsasən dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 12,0 mln. manat və ya 2,6% azaldılaraq 450,0 mln. manat proqnozlaşdırılması ilə əlaqədar olub.
Müəssisələrin korporativ idarəetmə səviyyəsinin yüksəldilməsi, mənfəətlilik göstəricilərinin artırılması, səmərəli investisiya siyasətinin həyata keçirilməsi və maliyyə şəffaflığının gücləndirilməsi dividend gəlirlərinin artımı üçün əlavə potensial imkanların olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 25 avqust tarixli Fərmanında dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri ilə bağlı təkliflərin Maliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Eyni zamanda, nazirlik yanında yenicə yaradılmış Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi vasitəsilə nəzarətin həyata keçirilməsi divident ödənişlərində dönüş yarada bilər.
Bu sahədə yeniləşmə həmçinin vahid dividend siyasətinin həyata keçirilməsini, korporativ idarəetmədə hesabatlılıq və şəffaflığın gücləndirilməsini, idarəetmə qərarlarının daha əsaslandırılmış qəbul edilməsini, Müşahidə şuralarının real funksionallığının artırılmasını, dövlət payının iqtisadi səmərəliliyinin yüksəldilməsini, dövlətin passiv səhmdar deyil, aktiv sahiblik siyasəti həyata keçirən tərəf kimi çıxış etməsini, fiskal ədalət prinsipinə əməl edilməsini, maliyyə intizamının və məsuliyyət mexanizmlərinin sərtləşdirilməsini tələb edir. Məqsəd dövlət müəssisələrinin mənfəətini büdcə üçün real və dayanıqlı gəlir mənbəyinə çevirməkdən, dövlət payının isə formal yox, iqtisadi baxımdan səmərəli olmasını təmin etməkdən ibarətdir.
- 2026-cı ildə Böyük Qayıdış və bərpa proqramları üçün ayrılan vəsaitlərin şəffaf icrası istiqamətində hansı yeni mexanizmlərin tətbiqi planlaşdırılır?
- Əvvəla qeyd edək ki, Böyük Qayıdış Proqramının icrası üçün 2020-2026-cı illərdə cari il üzrə 3,5 mlrd. manat da nəzərə alınmaqla cəmi 25,3 mlrd. manat vəsait ayrılıb. Tələb olunan vəsait isə daha çoxdur və hökumət tərəfindən maliyyələşmə mənbələri ilə bağlı müvafiq işlər görülür. Belə bir şəraitdə, proqramın daha rasional icrası zərurəti yaranır. Bu səbəbdən də Böyük Qayıdış və post-münaqişə bərpa proqramlarına ayrılan vəsaitlərin həcmi ilə yanaşı, onların şəffaf, məqsədli və nəticəyönümlü icrası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub. Bu istiqamətdə bir sıra yeni təşəbbüs və mexanizmlər tətbiq edilir. Hər şeydən əvvəl layihə-əsaslı və nəticəyönümlü maliyyələşməni qeyd edə bilərik. Vəsaitlər ümumi paket şəklində deyil, konkret layihələr üzrə ayrılır. Hər layihə üçün ölçülə bilən nəticə indikatorları müəyyən edilir. Dövlət başçısının tapşırığına uyğun olaraq proqramın icrası İqtisadi İslahatların Təhlili və Monitorinqi Mərkəzi tərəfindən monitorinq edilir. Maliyyələşmə icra göstəriciləri ilə birbaşa əlaqələndirilir. Hər şeydən əvvəl qeyd edək ki, Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda görülən işlərə etdiyi səfərlər çərçivəsində özü şəxsən nəzarət edir. Digər bir tərəfdən də Proqramın icrası Prezident Administrasiyası rəhbərinin sədrliyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı tərəfindən koordinasiya olunur və aidiyyəti qurumların məlumatları dinlənilir. Nazirlər Kabinetində Böyük Qayıdış Proqramının icrası ilə bağlı ayrıca struktur bölmə yaradılıb. Hesablama Palatası proqramın icrasına ayrılan vəsaitlərin istifadəsi üzrə audit tədbirləri həyata keçirir. Onu da əlavə edim ki, Nazirlər Kabinetinin illik fəaliyyəti barədə Milli Məclisə təqdim etdiyi hesabatın əsas bölmələrindən biri məhz Böyük Qayıdış Proqramının icrasının nəticələrinə həsr olunur. Böyük Qayıdış Proqramı çərçivəsində büdcə vəsaiti hesabına görülən işlər elektron satınalma və tender prosedurlarından keçir.
- Elektron siqaretlərin idxalı və satışının qadağan edilməsini nəzərdə tutan qanun qüvvəyə mindikdən sonra artıq idxal edilmiş və yolda olan məhsullarla bağlı hansı qərarlar veriləcək, sahibkarların mümkün zərərləri necə tənzimlənəcək? Aprelin 1-dək olan müddət nə dərəcədə yetərli sayıla bilər?
- Elektron siqaretlərin idxalı və satışının qadağan edilməsini nəzərdə tutan qanunvericilik paketi qüvvəyə mindikdən sonra əsas məqsəd əhalinin sağlamlığının qorunması ilə sahibkarların hüquqları arasında balansın təmin edilməsidir. Bildiyiniz kimi, layihənin ilkin redaksiyasında qanunun qüvvəyə minmə müddəti 1 fevral nəzərdə tutulmuşdu. Sahibkarların iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə müraciətlərini nəzərə alaraq bu müddətin aprelin 1-nə kimi uzadılmasını təklif etdik. Qanun layihəsinin hər 3 oxunuşunda dövlət orqanlarına çağırış etdik ki, elektron siqaret bazarının iştirakçısı olan sahibkarlar üçün sərt qadağa rejiminə keçildiyi bir vaxtda hər cür dəstək verilsin. Həmin sahibkarlar qadağa ilə bağlı təşəbbüsləri anlayışla qarşılayır. Dövlət qurumları da öz növbəsində müvafiq sahibkarların maliyyə problemləri və çətinlikləri ilə qarşılaşmaması üçün hər cür dəstəyi göstərməlidirlər. Biz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq bu sahədə indiyə kimi fəaliyyət göstərmiş iş adamlarının müraciətlərinə diqqətlə baxacağımızı bildiririk. Sahibkarlara köməklik göstərilməlidir ki, sonra onlar bu və ya digər səbəblərdən qara bazar iştirakçılarına çevrilməsinlər.
- Ötən il bir xəbər yayılmışdı ki, vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyəri 300 dollardan 100 dollara endiriləcək. Belə qərar gözlənilirmi?
- Bizdə bu barədə heç bir məlumat yoxdur. Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilib. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər. Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər. Başqa sözlə, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar. Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır.
- Ümumiyyətlə, büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və ümumiyyətlə, parlamentin hansı təklif və tövsiyələri hökumət tərəfindən nəzərə alınıb?
- Əvvəla qeyd etmək istərdim ki, təkcə büdcə və iqtisadiyyatla bağlı deyil, həm də digər istiqamətlər üzrə ölkəmizdə vahid dövlət siyasəti həyata keçirilir. Yəni ali icra hakimiyyəti və hökumət tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsləri parlament tərəfindən dəstəklənir. Deputat həmkarlarımız tərəfindən də bu və ya digər məsələlərlə bağlı təkliflər və mülahizələr səsləndirilsə də, qanunverici orqan bütövlükdə bu təşəbbüsləri dəstəkləyir. Yəni parlament və ya bizim komitə opponent mövqeyindən çıxış etmir. Təkliflərimiz isə təkcə büdcə zərfinin təqdimatı ilə məhdudlaşmır. Büdcə prosesi və onun təkmilləşdirilməsi uzunmüddətli xarakter daşıyır. Bu təkliflər büdcənin icrasına dair hesabatın təqdim edilməsi zamanı da səsləndirilir. Onu da nəzərə almalıyıq ki, parlamentin büdcə prosesinə nəzarəti institusional olaraq həm də Hesablama Palatası tərəfindən həyata keçirilir. Parlament büdcəyə dair rəyini formalaşdırarkən palatanın rəyini də nəzərə alır. Digər bir məqam ondan ibarətdir ki, hökumət mart ayında parlament qarşısında öz fəaliyyətinə dair hesabatla çıxış edir. Bu mərhələdə də qanunverici orqan tərəfindən irəli sürülmüş təkliflərin nəzərə alınması barədə hökumətin hesabatında ayrıca məlumat verilir. Deputatların regionların sosial-iqtisadi inkişafı ilə, sahəvi problemlərlə bağlı qaldırdığı məsələlər həm də dövlət investisiya proqramının tərtibi zamanı müəyyən qədər nəzərə alınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















