Körpələrdə şaşılıq: səbəbləri və müalicə üsulları
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şaşılıq körpələrdə doğumdan etibarən meydana çıxa bilən və gözlərin eyni istiqamətdə baxmaması ilə xarakterizə olunan bir vəziyyətdir.
Pravda.az bildirir ki, vaxtında aşkarlanmadıqda, bu hal qalıcı görmə problemlərinə və özgüvən itkisinə yol aça bilər.
Mütəxəssislər bildirir ki, körpələrdə ilk aylarda zaman-zaman gözlərdə yüngül hərəkət fərqləri müşahidə oluna bilər. Lakin bu hal 6-cı aydan sonra davam edirsə, mütləq həkim müayinəsi vacibdir. Əks halda görmə zəifliyi, göz təmbəlli (ambliyopiya) və dərinlik duyğusunun itməsi kimi problemlər yarana bilər.
Şaşılıq genetik faktorlar, vaxtından əvvəl doğum, görmə qüsurları (məsələn, hipermetropiya), sinir-əzələ sistemindəki problemlər və ya göz travmaları ilə əlaqəli ola bilər. Bəzi hallarda isə şaşılıq nadir rast gəlinən göz xərçənginin ilkin əlaməti də ola bilər.
Müalicə şaşılığın növündən asılı olaraq dəyişə bilər. Eynək istifadəsi, sağlam gözün bağlanması (göz bandı), atropin damcıları və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər. Nə qədər erkən diaqnoz qoyularsa, müalicə bir o qədər uğurlu olur.
Valideynlərə tövsiyə olunur ki, körpələrinin göz hərəkətlərində qeyri-adilik hiss etdikdə, 6-cı aydan gec olmayaraq göz həkiminə müraciət etsinlər.
Əminə Bayramova


