Icma.az
close
up
RU
“KQB”dən parlament kürsüsünə: Lukaşenkonun spikeri KİMDİR?

“KQB”dən parlament kürsüsünə: Lukaşenkonun spikeri KİMDİR?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

O, 30 il təhlükəsizlik orqanlarında xidmət edib, Prezident Administrasiyasının rəhbəri olub, indi isə Belarus parlamentinin aşağı palatasının sədridir. Söhbət İqor Sergeyenkondan gedir.
Qeyd edək ki, Belarus parlamenti (Milli Assambleya) iki palatadan ibarətdir: Respublika Şurası adlanın yuxarı palatadan və Nümayəndələr Palatası adlanan aşağı palatadan.
Modern.az saytı “Spikerlər” rubrikasında növbəti yazını təqdim edir.
Belarusda parlamentin Nümayəndələr Palatasına rəhbərlik edən İqor Sergeyenko uzun illər Dövlət Təhlükəsizliyi Komitəsində (“KQB”) çalışıb, daha sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yüksəlib. 2024-cü il martın 22-də isə parlamentin aşağı palatasının sədri seçilib.

Onun bioqrafiyası ilk baxışdan dövlət qulluğunda pillə-pillə yüksələn məmurun karyerasını xatırladır. Ancaq Sergeyenkonun tutduğu vəzifələr, Belarusun siyasi sistemi və onun beynəlxalq müstəvidəki statusu bu hekayəni daha maraqlı edir.

Kənddən dövlət idarəçiliyinin zirvəsinə

İqor Petroviç Sergeyenko 1963-cü il yanvarın 14-də Belarusun Vitebsk vilayətindəki Stalitsa kəndində anadan olub. O, 1984-cü ildə Belarus Dövlət Universitetini bitirib. Bir müddət Vitebsk Dövlət Tibb İnstitutunda tarix və siyasi iqtisad kafedrasının tədris-metodiki kabinetinə rəhbərlik edib.

Lakin onun sonrakı karyerası akademik sahə ilə bağlı olmayıb.

1988–1989-cu illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali kurslarında təhsil alan Sergeyenko 1989-cu ildən Belarusun təhlükəsizlik orqanlarında xidmət etməyə başlayıb. 2010-cu ildə Belarus “KQB”sinin Mogilyov vilayəti üzrə idarəsinin rəisi təyin olunub. 2013-cü ildə isə Belarus Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini vəzifəsinə yüksəlib.

2014–2019-cu illərdə o, “KQB” sədrinin birinci müavini kimi fəaliyyət göstərib. Bu vəzifə onun təhlükəsizlik sistemində yüksək mövqeyə malik olduğunu göstərirdi.

İqor Sergeyenkonun təhsil və karyera yolu ilə bağlı məlumatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının rəsmi bioqrafik məlumatında da əksini tapıb.

“KQB”dən Prezident Administrasiyasına


İqor Sergeyenkonun karyerasında əsas dönüş 2019-cu ilin dekabrında baş verib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Administrasiyasının rəhbəri təyin olunub.

Belarusun siyasi sistemində Prezident Administrasiyası dövlət idarəçiliyinin ən mühüm mərkəzlərindən biri hesab olunur.

Polşanın Şərq Araşdırmaları Mərkəzinin (OSW) 28 iyun 2024-cü il tarixli təhlilində vurğulanır ki, Belarusun avtoritar idarəçilik sistemində Prezident Administrasiyasının rəhbəri faktiki nüfuz baxımından həm Baş nazirdən, həm də parlamentin hər iki palatasının sədrindən daha yüksək mövqedə ola bilər.

İ.Sergeyenko 2019–2024-cü illərdə bu mühüm quruma rəhbərlik edib. O, 5 ilə yaxın müddətdə Aleksandr Lukaşenkonun ən yaxın dövlət idarəçiliyi çevrəsində yer alıb.

2024-cü ilin əvvəlində parlament seçkiləri ərəfəsində Sergeyenkonun deputatlığa namizədliyi irəli sürülüb. Fevralda keçirilən seçkilərdə deputat mandatı qazanan İ.Sergeyenko martın 22-də Nümayəndələr Palatasının sədri seçilib. Rusiya mediasının “İnterfaks” agentliyinin məlumatına görə, iclasda iştirak edən 109 deputatın hamısı onun namizədliyinə səs verib.

Bununla da vaxtilə təhlükəsizlik orqanlarında çalışan məmur dövlətin əsas siyasi institutlarından birinin rəhbəri olub.

Parlament sədri, yoxsa prezidentin etibarlı adamı?


İqor Sergeyenkonun siyasi portretini maraqlı edən əsas məsələlərdən biri onun parlament rəhbərliyinə hansı şəraitdə gətirilməsidir.

Polşanın Şərq Araşdırmaları Mərkəzinin 27 fevral 2024-cü ildə dərc etdiyi “Alternativsiz səsvermə” adlı təhlildə qeyd olunur ki, həmin il Belarusda keçirilən parlament seçkiləri real siyasi rəqabətin olmadığı şəraitdə baş tutub. Müəlliflər hakimiyyətin seçki prosesinə nəzarət etdiyini, müstəqil müşahidəçilərin iştirak etmədiyini və hakimiyyəti tənqid edən siyasi qüvvələrin seçkilərdən kənarda qaldığını yazırlar.

Təhlildə xüsusi diqqət çəkən başqa bir məqam da var: “KQB”nin namizədlərin və onların ailələrinin hakimiyyətə sədaqətini yoxladığı bildirilir.

Həmin araşdırmada Sergeyenkonun Prezident Administrasiyasının rəhbəri vəzifəsindən parlamentə keçirilməsi də ayrıca şərh olunur. Müəlliflərin qənaətinə görə, bu addım parlamentin Prezident Administrasiyasından müstəqil siyasi mərkəzə çevrilməsi deyil, əksinə, onun fəaliyyətinin hakimiyyətin ümumi idarəçilik sisteminə uyğunlaşdırılması kontekstində qiymətləndirilməlidir.

Ancaq İqor Sergeyenkonun əvvəlki vəzifəsi ilə indiki postunu müqayisə edəndə maraqlı sual ortaya çıxır: o, parlamentə müstəqil siyasi fiqur kimi gəlib, yoxsa Prezidentin etibar etdiyi idarəçidir?

Belarusun siyasi sisteminin xüsusiyyətləri nəzərə alındıqda, bu sual onun bioqrafiyasının əsas araşdırma xəttinə çevrilir.

Avropa İttifaqının sanksiya siyahısında


İqor Sergeyenkonun adı beynəlxalq müstəvidə də diqqət çəkib.

Avropa İttifaqı 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra hakimiyyətin müxalifətə, etirazçılara və jurnalistlərə qarşı repressiyaları ilə əlaqədar bir sıra yüksək vəzifəli şəxslərə sanksiyalar tətbiq edib. Sergeyenko da həmin ilin noyabrında sanksiya siyahısına daxil edilib.

Avropa İttifaqının rəsmi hüquqi sənədində onun həmin vaxt Prezident Administrasiyasının rəhbəri olduğu, Lukaşenko ilə sıx əlaqələrə malik olduğu və Prezidentin daxili və xarici siyasət sahəsindəki səlahiyyətlərinin həyata keçirilməsinə cavabdeh olduğu qeyd edilir. Sənəddə onun 2020-ci il seçkilərindən sonra dövlət aparatının həyata keçirdiyi repressiya və hədələmə kampaniyasını dəstəklədiyi bildirilir.

Avropa İttifaqının bu qərarı onun beynəlxalq siyasi portretinin mühüm hissəsidir.
İ.Sergeyenko yalnız 2020-ci ildə deyil, daha əvvəl də beynəlxalq tənqidə məruz qalıb: açıq mənbələrdə onun Mogilyov vilayəti üzrə “KQB” idarəsinə rəhbərlik etdiyi dövrdə vətəndaş cəmiyyəti və demokratik müxalifətə qarşı repressiyalarla əlaqədar 2011-ci ildə Avropa İttifaqının sanksiya siyahısına salındığı göstərilir.

Parlamentin səlahiyyətləri nə qədər genişdir?


İqor Sergeyenkonun rəhbərlik etdiyi Nümayəndələr Palatası Belarus Milli Assambleyasının aşağı palatasıdır. Ölkə parlamenti iki palatadan - Nümayəndələr Palatası və Respublika Şurasından ibarətdir.

Beynəlxalq Parlamentlər İttifaqının (IPU) məlumatına görə, Nümayəndələr Palatasının səlahiyyət müddəti beş ildir. İqor Sergeyenko 2024-cü il martın 22-də sədr seçilib.

Lakin Belarusda parlamentin hüquqi səlahiyyətləri ilə faktiki siyasi təsirini fərqləndirmək lazımdır. OSW-nin təhlilinə görə, ölkədə əsas qərarların qəbul olunduğu mərkəz Prezident Administrasiyasıdır və parlamentin siyasi rolu məhduddur.
OSW-nin 27 fevral 2024-cü il təhlilinə görə, İ.Sergeyenkonun Prezident Administrasiyasından parlamentə keçirilməsinin məqsədlərindən biri parlamentin hakimiyyətin nəzarətindən kənar təşəbbüslər irəli sürməsinin qarşısını almaq ola bilər.
İ.Sergeyenkonun parlament rəhbəri kimi çıxışları yalnız rəsmi bəyanatlarla məhdudlaşmır. Onun müxtəlif vaxtlarda müzakirələr doğuran açıqlamaları da olub. Məsələn, 2024-cü ilin dekabrında o, Belarus-Rusiya inteqrasiyasını və iki ölkə vətəndaşlarının bərabər hüquqlarının təmin edilməsini parlament fəaliyyətinin mühüm istiqaməti adlandırıb.

Ailəsi, kənd həyatı və şəxsi dünyası

İqor Sergeyenko və qızı...
Açıq mənbələrdə İqor Sergeyenkonun şəxsi həyatı, ailə münasibətləri və siyasi sistemdən kənardakı maraqları barədə məlumatlar məhduddur.

Bununla belə, Belarusun müstəqil nəşri “Naşa Niva” 2019-cu ildə onun ailəsi və uşaqlıq illəri haqqında maraqlı detallar dərc edib.

Nəşrin araşdırmasına görə, İ.Sergeyenko müəllim ailəsində böyüyüb. Atası Pyotr Mixayloviç əvvəlcə kolxoz sədri, sonralar isə məktəb direktoru işləyib. Anası Anna Qriqoryevna ibtidai sinif müəllimi olub. Ailənin üç övladı doğulub: böyük qızı Alla, ortancıl qızı Lyudmila və kiçik oğlu İqor.

İqor Sergeyenkonun uşaqlığı Belarusun kənd mühitində keçib. Ailə atasının iş yeri ilə əlaqədar bir neçə dəfə yaşayış yerini dəyişib. “Naşa Niva”nın həmsöhbətləri onun məktəbdə yaxşı oxuduğunu, kitablara və təbiətə xüsusi maraq göstərdiyini xatırlayıblar.

Nəşrin məlumatına əsasən, İ.Sergiyenko gələcək həyat yoldaşı Yelena ilə təhlükəsizlik orqanlarında xidmət etdiyi dövrdə, Vitebskdə tanış olub. Yelenanın əvvəlki nikahından olan qızı da varmış; Sergeyenko onu öz övladı kimi böyüdüb. Cütlüyün daha sonra bir qızı dünyaya gəlib.
“Naşa Niva” nəşri 27 yanvar 2026-cı il tarixli yazısında qeyd edib ki, İqor Sergeyenkonun qızı Anna Belarus Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Əmək Nazirliyində işə başlayıb. Nəşr onun 2025-ci ilin ən yaxşı məzunu kimi təltif olunduğunu da qeyd edib.

A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri