Küçədə papaq satmaqdan dünya markası yaratmağa Daymon Conun hekayəsi
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
ABŞ-li sahibkar və investor Daymond John-un biznes hekayəsi kiçik bir ideyanın qlobal brendə çevrilməsinin nümunələrindən biridir. Bu gün daha çox "Shark Tank" televiziya layihəsinin investorlarından biri kimi tanınan Con karyerasına böyük sərmayə və ya hazır biznes infrastrukturu ilə başlamayıb. O, anasının evində tikiş maşını ilə hazırladığı papaqları küçədə satmaqla ilk müştərilərini qazanıb. Sonradan bu kiçik təşəbbüs FUBU adlı geyim brendinə çevrilərək milyonlarla dollarlıq biznesə yol açıb.
İlk addımlar anasının evində atıldı
Daymond Con 1990-cı illərin əvvəllərində Nyu-Yorkun Kuins bölgəsində yaşayarkən geyim bazarında fərqli bir ehtiyac olduğunu görüb. O, xüsusilə hip-hop mədəniyyətinin təsiri altında olan gənclər üçün nəzərdə tutulan, onların zövqünü və həyat tərzini əks etdirən geyim markasının çatışmadığını düşünürdü.
İlk məhsulu isə xüsusi dizaynlı papaqlar olub. Anası ona tikiş maşınından istifadə etməyi öyrədib və Con evdə papaqlar hazırlamağa başlayıb. O, səhərlər məhsulları tikir, axşamlar isə Nyu-York küçələrində satırdı. 1992-ci ildə dostu ilə birlikdə bir gündə 800 dollarlıq papaq satması ideyanın kommersiya potensialını göstərib. Bundan sonra Con uşaqlıq dostları Keith Perrin, J. Alexander Martin və Carl Brown ilə birlikdə biznesi genişləndirmək qərarına gəlib.
Beləliklə, FUBU brendinin əsası qoyulub. Adı "For Us, By Us" ifadəsinin qısaltması olan marka "Bizim üçün, bizim tərəfimizdən" mənasını daşıyırdı. Şirkətin əsas məqsədi məhz hədəf auditoriyasının özünü təmsil edən geyimlər hazırlamaq idi.
Ailə evi istehsal müəssisəsinə çevrildi
Biznes böyüməyə başladıqca sifarişləri qarşılamaq üçün daha çox maliyyə və istehsal imkanlarına ehtiyac yaranıb. Conun anası oğlunun ideyasına inanaraq evlərinin girov qoyulması hesabına təxminən 100 min dollar maliyyə cəlb edib.
Evin bir hissəsi kiçik istehsalat sahəsinə, digər hissəsi isə yaşayış məkanına çevrilib. Beləliklə, ailə evi FUBU-nun ilk istehsal və idarəetmə mərkəzi olub. Şirkət təkcə papaq istehsalı ilə kifayətlənməyərək köynəklər, idman geyimləri və digər məhsulların hazırlanmasına başlayıb.
1994-cü ildə təsisçilər Las-Veqasda keçirilən geyim sərgisində məhsullarını təqdim ediblər. Sərgidə alıcıların marağı o qədər böyük olub ki, şirkət geri qayıdarkən təxminən 300 min dollarlıq sifariş əldə edib.
Bu mərhələ FUBU-nun kiçik ev istehsalından kommersiya miqyaslı geyim biznesinə keçidində mühüm rol oynayıb.
Marketinq strategiyası brendin tanınmasına kömək etdi
FUBU-nun böyüməsində məhsul keyfiyyəti ilə yanaşı, marketinq strategiyası da mühüm yer tutub. Daymond Con ənənəvi reklam imkanlarına böyük büdcə ayıra bilmədiyi üçün fərqli tanıtım üsullarına üstünlük verib.
Şirkət hip-hop mədəniyyəti ilə əlaqələr quraraq musiqiçilərin və məşhur şəxslərin geyimlərini təqdim etməyə başlayıb. Xüsusilə reper LL Cool J-nin FUBU papağı ilə çəkildiyi reklam fotosu brendin tanınmasına töhfə verib.
Conun yanaşması məhsulu sadəcə geyim kimi deyil, müəyyən həyat tərzinin və mədəniyyətin ifadəsi kimi təqdim etmək idi. O, sonradan müsahibələrində reperlərə geyindirdiyi məhsullar vasitəsilə brendə maraq yaratdıqlarını danışıb. Hətta məhdud sayda köynəyi müxtəlif musiqiçilərin kliplərində nümayiş etdirməklə auditoriyada həmin məhsullara tələbat formalaşdırmağa çalışdıqlarını bildirib.
Samsung ilə əməkdaşlıq dönüş nöqtəsi oldu
FUBU sürətlə böyüsə də, şirkətin qarşısında ciddi maliyyə problemi yaranmışdı. Böyük sifarişləri yerinə yetirmək üçün istehsala və logistika xərclərinə vəsait lazım idi. Bununla yanaşı, mağazalardan ödənişlərin gecikməsi şirkətin pul axınını çətinləşdirirdi.
Daymond Con və tərəfdaşları maliyyələşmə əldə etmək üçün müxtəlif banklara müraciət etsələr də, istədikləri nəticəni ala bilməyiblər.
1996–1997-ci illərdə Con "The New York Times" qəzetində şirkətin bir milyon dollarlıq sifarişi olduğunu, lakin maliyyələşməyə ehtiyac duyduğunu bildirən elan yerləşdirib. Bu elan Samsung-un tekstil bölməsinin diqqətini çəkib və tərəflər arasında distribütorluq əməkdaşlığı yaranıb.
Əməkdaşlıq şirkətin istehsal və satış imkanlarını genişləndirməsinə kömək edib. Beləliklə, FUBU kiçik sahibkarlıq təşəbbüsündən beynəlxalq geyim brendinə çevrilmək istiqamətində mühüm addım atıb.
350 milyon dollarlıq satışa çatdı
FUBU-nun böyüməsi 1990-cı illərin sonlarında daha da sürətlənib. Şirkət ABŞ bazarından kənara çıxaraq beynəlxalq satış imkanlarını genişləndirib, müxtəlif mağazalar və distribütorlarla əməkdaşlıq qurub.
1998-ci ildə FUBU-nun illik satışları 350 milyon dolları ötüb. Bu göstərici şirkəti dövrünün ən sürətlə böyüyən geyim markalarından birinə çevirib. Lakin sürətli böyümə özü ilə yeni problemlər də gətirib. Daymond Con sonrakı müsahibələrində şirkətin maliyyə idarəetməsində buraxdığı səhvlərdən danışıb. Xüsusilə satış proqnozlarından artıq məhsul sifariş edilməsi və ehtiyatların düzgün idarə olunmaması şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib.
FUBU sonrakı illərdə ABŞ bazarında əvvəlki mövqeyini itirsə də, beynəlxalq bazarlara və lisenziyalaşdırma fəaliyyətinə diqqət yetirib. Brend 2020-ci ildə ABŞ bazarına yenidən qayıtmaq planlarını açıqlayıb.
Daymond Conun rəsmi bioqrafik məlumatlarında FUBU-nun ən yüksək dövründə illik pərakəndə satışlarının 350 milyon dolları keçdiyi, brendin ümumi məhsul satışlarının isə sonrakı illərdə milyardlarla dollara çatdığı bildirilir.
Bu hekayə göstərir ki, uğurlu biznes qurmaq yalnız böyük başlanğıc kapitalından asılı deyil. Bazarın ehtiyacını düzgün müəyyənləşdirmək, hədəf auditoriyasını tanımaq, məhdud resurslarla yaradıcı marketinq strategiyası qurmaq və maliyyə idarəetməsini düzgün təşkil etmək biznesin inkişafında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















