Küçələr danışır, sistem susur: İranın legitimlik sınağı dərinləşir TƏHLİL VİDEO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ərazisində davam edən etiraz aksiyaları ölkədə toplanmış sosial-iqtisadi narazılığın siyasi müstəviyə keçdiyini göstərir. Paytaxt Tehran və bir sıra iri şəhərləri əhatə edən proseslər artıq lokal etiraz xarakterini aşaraq, dövlət–cəmiyyət münasibətlərində legitimlik problemini ön plana çıxarır.
Etirazların əsas səbəbi uzun müddətdir davam edən iqtisadi böhran, yüksək inflyasiya, işsizlik və sosial bərabərsizliyin dərinləşməsidir. Xarici sanksiyalar vəziyyəti ağırlaşdırsa da, ictimai narazılığın əsas ünvanı daxili idarəetmənin effektivsizliyi, qərar qəbuletmədə qapalılıq və ictimai iştirak imkanlarının məhdudluğudur. Xüsusilə gənclər və şəhər əhalisi mövcud siyasi modelin dəyişən sosial tələblərə cavab vermədiyini düşünür.
Hakimiyyət isə etirazlara əsasən təhlükəsizlik prizmasından yanaşaraq, sabitliyin qorunmasını prioritet kimi təqdim edir. Bu yanaşma qısamüddətli nəzarət yaratsa da, dialoq imkanlarını daraldır.
Mövzunun daxili, regional və qlobal müstəvidə təsirlərini şərh etmək məqsədilə APA informasiya agentliyi İran, Türkiyə və ABŞ-dan olan politoloqlarla müzakirələr aparıb. Ekspertlər İranda daxili gərginliyin Yaxın Şərqdə təhlükəsizlik balansına və qlobal güc münasibətlərinə potensial təsirlərinə diqqət çəkiblər.
Etirazlar artıq sosial narazılıq deyil, sistemin legitimliyini hədəf alan struktur böhrandır
İranlı siyasi şərhçi Məsud Haray bildirib ki, hazırda İranda müşahidə olunan etiraz dalğası əvvəlkilərdən mahiyyət etibarilə ciddi fərqlənir və artıq klassik sosial narazılıq mərhələsini geridə qoyub.
İranlı siyasi şərhçi Məsud Haray
Onun sözlərinə görə, bu etirazların əsas fərqi onların təkcə sosial-iqtisadi problemlərlə məhdudlaşmaması və birbaşa siyasi legitimlik böhranına çevrilməsidir: “Əvvəlki etirazlar əsasən qiymət artımı, işsizlik, subsidiyaların azaldılması kimi konkret və lokal səbəblərlə başlayırdı. Lakin indiki prosesdə narazılığın mərkəzində sistemin özü dayanır. İnsanlar mövcud idarəetmə modelinə, onun legitimliyinə və gələcək perspektivlərinə inamını itirib. Xüsusilə Güney Azərbaycan bölgəsində bu narazılıqlara milli kimliyin inkarı, mərkəzi hakimiyyətin etnik ayrı-seçkiliyi və dil hüquqlarının sistematik şəkildə tapdalanması kimi amillər də əlavə olunur. Bu isə etirazları sosial xarakterdən çıxarıb struktur-siyasi müstəviyə daşıyır”.
Amerikalı siyasi şərhçi Peter Teyz də İranda baş verən kütləvi etirazları yalnız ölkədaxili sosial-iqtisadi böhranla deyil, eyni zamanda qlobal siyasi nizamın dəyişməsi fonunda formalaşan yeni geosiyasi reallıqlarla əlaqələndirib.
Amerikalı siyasi şərhçi Peter Teyz
Onun sözlərinə görə, hazırda İranda hökumət əleyhinə etirazlar ölkənin əsas şəhərlərində və bütün 31 vilayətində geniş vüsət alıb: “Məlumatlara əsasən, etirazlar zamanı azı 150 etirazçı həyatını itirib. Küçələrə çıxan vətəndaşlar uzun illərdir xalqın böyük əzab çəkməsinə səbəb olmuş ağır iqtisadi və maliyyə böhranına etiraz edirlər. Dağılmış iqtisadiyyat, artan yoxsulluq və korrupsiyalaşmış idarəetmə ölkədə kütləvi narazılığın əsas səbəbləri kimi göstərilir.”
Peter Teyz də baş verənlər sırf sosial etiraz kimi qiymətləndirməyib: “İranda gördüyümüz mənzərə təkcə bahalaşma, işsizlik və yoxsulluğa qarşı spontan reaksiya deyil. Bu, 1979-cu ildən bəri ölkəni idarə edən İslam rejiminə qarşı onilliklər ərzində yığılıb qalmış qəzəbin açıq şəkildə üzə çıxmasıdır. İnsanlar artıq mövcud sistemin onları nə iqtisadi, nə siyasi, nə də sosial baxımdan gələcəyə apara bilmədiyini düşünür və bu səbəbdən köklü dəyişiklik tələb edirlər".
Türk siyasi şərhçi Emre Diner də APA-ya açıqlamasında bildirib ki, İranda sürətlə genişlənən kütləvi etirazlar artıq sırf daxili sosial narazılıq çərçivəsindən çıxaraq regional və qlobal təhlükəsizlik gündəminin mühüm mövzusuna çevrilib.
Türk siyasi şərhçi Emre Diner
Onun sözlərinə görə, ölkənin müxtəlif vilayətlərini əhatə edən etirazlar həm İran daxilində siyasi və iqtisadi böhranın dərinləşdiyini göstərir. Türkiyəli şərhçiyə görə, bu etirazlar həm də böyük güclər arasında davam edən rəqabətin yeni mərhələyə keçdiyini göstərir: “Hazırda İranda müşahidə olunan etirazlar yalnız iqtisadi çətinliklərə reaksiya deyil. Bu proses ölkənin idarəetmə modelinə, rejimin davamlılığına və gələcək perspektivlərinə yönəlmiş dərin narazılığın nəticəsidir və region ölkələri üçün də ciddi risklər yaradır”.
Spontan reaksiyalardan sistemli aksiyalara doğru
İranlı ekspert Məsud Haraya görə, müşahidələr etirazların artıq ani və emosional reaksiyalar mərhələsini geridə qoyduğunu göstərir.
“Bu gün İranda etirazlar konkret bir hadisəyə verilən qısamüddətli reaksiya deyil. Onlar davamlı, təkrarlanan və kollektiv yaddaşa əsaslanan narazılıq formasına çevrilib. Rejimlə cəmiyyət arasında yaranmış etimad boşluğu artıq kosmetik və müvəqqəti tədbirlərlə aradan qaldırıla biləcək səviyyəni çoxdan keçib” deyə, o qeyd edib.
Şərhçi vurğulayıb ki, etirazların coğrafiyası da diqqətçəkicidir və əsasən periferik bölgələri əhatə edir: “Hazırda etirazlar azərbaycanlılar, bəluclar, kürdlər olan bölgələrdə və yoxsul şəhər ətraflarında daha qabarıq müşahidə olunur. Ən önəmli məqam isə iştirakçı profilinin dəyişməsidir. Bu proses təkcə aşağı sosial təbəqə ilə məhdudlaşmır. Orta təbəqə, gənclər, tələbələr və şəhərli ziyalılar da aktiv şəkildə iştirak edirlər. Bu isə İran dövlətinin legitimliyini uzun illər qoruyub saxlayan əsas mexanizmlərin – ideoloji razılaşmanın, təhlükəsizlik qorxusunun və sosial passivliyin – artıq ciddi şəkildə zəiflədiyini göstərir”.
Peter Teyz isə hesab edir ki, İran cəmiyyətində korrupsiyalaşmış hakimiyyətin illərdir ölkənin maliyyə və intellektual resurslarını xalqın rifahına deyil, əsasən kimyəvi silahların, ballistik və qitələrarası nüvə raketlərinin hazırlanmasına yönəltdiyi fikri var: "Bu siyasət İranı həm beynəlxalq təcridə sürükləyib, həm də daxildə sosial və humanitar fəlakət yaradıb. İnsanlar hesab edir ki, mövcud kurs davam edərsə, ölkənin gələcəyi tamamilə məhv olacaq”.
Peter Teyzə görə, 2018-ci ildən sonra qlobal iqtisadi və siyasi nizam dəyişməyə başlayıb.
"ABŞ-ın beynəlxalq siyasətdə aparıcı rol oynadığı unipolyar dünya modeli tədricən multipolyar sistemlə əvəz olunub və bu proses qlobal qeyri-sabitliyi daha da artırıb" deyə, ekspert vurğulayıb.
Türkiyəli ekspert Emre Diner isə hesab edir ki, mövcud etiraz dalğasını düzgün qiymətləndirmək üçün son dövrdəki regional qarşıdurmalara nəzər salmaq vacibdir. O xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ–İsrail və İran arasında baş verən 12 günlük müharibə enerji, hərbi və siyasi məsələləri ön plana çıxarıb.
Emre Diner deyib ki, bu qarşıdurma neft qiymətlərinə və İran iqtisadiyyatında inflyasiyaya ciddi təsir göstərib, bu da "xalqın qəzəbinin açıq şəkildə küçələrə çıxmasına səbəb olub”.
Aksiyalar necə bitəcək?
İranda baş verən aksiyaların nəticələri ilə bağlı isə ekspertlərin fikirləri müxtəlifdir.
İranlı ekspert Məsud Harayın fikrincə, hakimiyyətin qısa müddətdə sərt təhlükəsizlik tədbirlərinə əl atması müəyyən nisbi səssizlik yarada bilər, lakin bu, problemin həlli deyil: “Sərt repressiv addımlar müvəqqəti olaraq küçələri sakitləşdirə bilər, amma bu yanaşma uzunmüddətli sabitlik gətirmir. Əksinə, sistemin daxili elastikliyini daha da azaldır. Bu kontekstdə İranın mövcud siyasi modelində dəyişiklik zərurəti getdikcə daha qaçılmaz görünür”.
Amerikalı siyasi şərhçi Peter Teyzə görə, etirazçılar uzunmüddətli mübarizəyə hazırdırlar: “2026-cı il qlobal siyasətdə dönüş nöqtəsi kimi qiymətləndirilir və beynəlxalq proseslər fonunda İranda etirazların radikal İslam rejimi süquta uğrayana qədər davam etməsi ehtimalı yüksəkdir. ABŞ rəhbərliyinin isə İranın böyük şəhərlərində dinc etirazçıların öldürülməsinə cavab olaraq ölkənin hərbi infrastrukturuna gözlənilməz zərbələrin endirilməsi variantını istisna etmir.”
İranda baş verənlərin regiona təsiri və risklər
İranlı siyasi şərhçi Məsud Harayın fikrincə, daxili sabitliyin pozulması regional təhlükəsizlik mühitinə də birbaşa təsir göstərəcək: “Xüsusilə İran–Azərbaycan və İran–Türkiyə sərhədlərində sosial gərginlik və qeyri-müəyyənlik riski artır. Güney Azərbaycanda narazılığın yüksəlməsi mərkəzi hakimiyyətin sərhəd bölgələrində nəzarət imkanlarını zəiflədə bilər ki, bu da qaçaqmalçılıq, qeyri-dövlət aktorlarının aktivləşməsi və lokal təhlükəsizlik boşluqlarının yaranması ilə nəticələnə bilər”.
Onun sözlərinə görə, daxili təzyiqlər artdıqca Tehran diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün regional eskalasiya siyasətinə daha çox meyl göstərə bilər.
Türkiyəli ekspert Emre Diner bildirib ki, Ankara sərhəd qonşusu olan İranda baş verən hadisələri "ehtiyatlı və diqqətli" izləyir. Onun fikrincə, Türkiyə baxımından İran əsasən region üçün “sabitlik amili” kimi qiymətləndirilir və bu sabitliyin pozulması birbaşa Ankaranın milli təhlükəsizlik maraqlarına təsir göstərə bilər.
Şərhçi vurğulayıb ki, Türkiyənin mövqeyini anlamaq baxımından Xarici işlər naziri Hakan Fidanın açıqlamaları xüsusi əhəmiyyət daşıyır: “Xarici işlər naziri açıq şəkildə bildirdi ki, İranda baş verən etirazlar eyni zamanda xaricdən manipulyasiya olunur. Hətta daha da irəli gedərək vurğuladı ki, İsrailin Xarici Kəşfiyyat Xidməti – Mossad – bunu gizlətmir. Bu açıqlama Ankaranın prosesləri yalnız daxili hadisə kimi görmədiyini göstərir”.
Türkiyə ilə İran arasında 560 kilometrlik sərhədin mövcudluğunu xatırladan ekspert deyib ki, buna görə proses Ankara üçün xüsusi həssasdır: “İranda uzunmüddətli daxili qarşıdurma ilk növbədə qaçqın axını və qanunsuz miqrasiya baxımından Türkiyə üçün ciddi risklər yarada bilər. Ankara sərhədlərində ikinci bir Livan ssenarisi görmək istəmir”.
Vaşinqtonun mövqeyi proseslərə necə təsir edir?
İranda baş verən proseslər rəsmi Vaşinqton tərəfindən ciddi izlənilir. Amerika Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio aksiyaçılara dəstək ifadə edən bir neçə bəyanat səsləndiriblər.
Donald Tramp İran hakimiyyətinin dinc aksiyaçılara silahlı müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın prosesə müdaxilə edəcəyini də açıq mətnlə bildirib.
Amerikalı ekspert Peter Teyz qeyd edib ki, ABŞ-da formalaşan yanaşmaya görə, sabit institutlara malik, terror təşkilatlarını, o cümlədən ‘Hizbullah’ kimi qrupları dəstəkləməyən demokratik İran həm ölkə əhalisinin rifahı, həm də regionda uzunmüddətli sülh üçün ən optimal modeldir: "Bu, Vaşinqtonun xarici siyasət gündəmində əsas prioritetlərdən biridir”.
Şərhçi əlavə edib ki, ABŞ rəhbərliyi İranın dini liderlərinə açıq mesajlar göndərir və bu mesajlar təkcə sözlərlə məhdudlaşmır: “Prezident Donald Trampın media qarşısında verdiyi bəyanatlar və öhdəliklər real siyasətə çevrilir. ABŞ mediasında müəyyən skeptisizm olsa da, Vaşinqtonun hərbi və siyasi addımlarında qətiyyət açıq hiss olunur. ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib hövzəsindəki mövcudluğunun azaldılması diqqətin İran və Yaxın Şərq istiqamətinə yönəldiləcəyinin göstəricisidir”.
Onun sözlərinə görə, İran–ABŞ münasibətlərinin daha da gərginləşməsi Tehranı ictimai çıxışlarda ehtiyatlı davranmağa və Vaşinqtonun təzyiqlərini ciddi şəkildə nəzərə almağa məcbur edə bilər: “ABŞ-ın yüksək texnologiyalı hərbi imkanları, ‘stealth’ döyüş təyyarələri və dəqiq zərbə sistemləri İranın müdafiə infrastrukturuna ciddi zərbə vurmaq potensialına malikdir".
Türkiyəli şərhçi Emre Diner isə hesab edir ki, ABŞ-ın Venesuelaya müdaxiləsindən sonra diqqətin İrana yönələcəyi gözlənilən idi və bu gün baş verənlər həmin strateji xəttin davamıdır.
"Hazırkı vəziyyət ABŞ–İsrail–İran oxunda gedən qarşıdurmanın hərbi mərhələsindən sonra başlayan “iqtisadi mərhələ” kimi qiymətləndirilə bilər. Bu proses planlı aparılır. İsrail aylardır İranda rejim dəyişikliyi ehtimalını gündəmdə saxlayır və ABŞ ilə bu mövzuda məsləhətləşmələr aparır. 12 günlük müharibə hərbi proyeksiya idi, indiki etirazlar isə həmin müharibədən sonra formalaşan kövrək atəşkəs fonunda iqtisadi təzyiqlərin nəticəsidir” deyə, ekspert qeyd edib.
Şərhçi əlavə edib ki, ABŞ və İsrail İranın daxildə maksimum zəif olduğu anı gözləyir və növbəti mərhələdə kiberhücumların ön plana çıxması istisna edilmir.
Onun fikrincə, kritik dövlət strukturlarına yönəlmiş kiberhücumlar etirazlarla paralel aparılaraq rejimin daha da zəiflədilməsinə xidmət edir.
infrastrukturu ciddi şəkildə dövlət və təhlükəsizlik orqanlarının nəzarəti altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















