“Kuril mübahisəsi” yenidən qızışır
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin Cənubi Kuril adalarının bir hissəsi olan İturup adasına səfəri Yaponiya rəsmilərinin ciddi etirazına səbəb olub. Səfər iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da mürəkkəbləşdirib.
Yaponiyanın Baş naziri Sanae Takaiti Rusiya liderinin bu addımını dərhal pisləyərək bildirib ki, bu səfər “Yaponiya xalqının heysiyyatına toxunur və qəti şəkildə qəbuledilməzdir. Hazırkı Rusiya prezidentinin bu səfəri Yaponiyanın Şimal əraziləri ilə bağlı ardıcıl mövqeyi ilə uyğun gəlmir”.
Yaponiya israr edir ki, bu adalar zəncirinin – İturup, Kunaşir, Şikotan və Habomai qrupu – İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasından qısa müddət sonra Sovet İttifaqı tərəfindən qanunsuz olaraq ələ keçirilib. Onları Cənubi Kuril adaları adlandıran Rusiya bunun qanuni olduğunu iddia edir.
Tarixi faktlara görə, 1951-ci ildə San-Fransisko Sülh Müqaviləsini imzalamaqla Yaponiya “Kuril adalarına olan bütün hüquqlardan, əsaslardan və iddialardan” imtina etsə də, onlardan dördünün – İturup, Kunaşir, Şikotan və Habomai adalarının qaytarılmasında israr etdi. Tokio bu adaları Kuril adalarına aid olmayan adalar kimi şərh etdi. Nəticədə, müharibədən sonra adaların statusunun həll edilməməsi səbəbindən iki ölkə arasında sülh müqaviləsi imzalanmamış qalır.
“BBC” yazır ki, 1945-ci ildə adaları “işğal etdikdən” sonra Moskva yapon əhalisini - təxminən 17 min nəfəri oradan deportasiya edib. Hazırda adalarda təxminən 20 min Rusiya vətəndaşı yaşayır. “Lakin, burada qızıl və gümüş də daxil olmaqla, zəngin mineral yataqlar və balıqçılıq sahələri var”.
Adalar sonradan strateji əhəmiyyət qazanıb. Sovet İttifaqının ABŞ-ın Sakit okeandakı ən yaxın müttəfiqi Yaponiya ilə qarşı-qarşıya gəldiyi “Soyuq müharibə” dövründə hava və dəniz bazalarının lokasiya yeri kimi xidmət edib. 1956-cı ildə Sovet İttifaqı Yaponiya ilə sülh bəyannaməsi imzalayıb və vəd edib ki, sülh müqaviləsi bağlandıqdan sonra Şikotan və Habomai adalarını geri qaytaracaq. Daha sonra Yaponiya hakimiyyəti bütün adaların geri qaytarılmasını tələb edib və nəticədə sülh müqaviləsi bu günə qədər imzalanmayıb.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra danışıqlar bərpa edildi, lakin irəliləyiş əldə etmək mümkün olmadı. Adalara yenə Rusiyanın nəzarəti altında qalır. Ona görə də Rusiya rəsmilərinin bu adalara hər səfərindən sonra Yaponiya rəsmilərinin qəzəblənməsini başa düşmək çətin deyil. Eləcə də Yaponiya xarici işlər naziri Toşimitsu Moteqinin. O, Tokionun mövqeyini təkrar bəyan edərək bildirib ki, "İturup da daxil olmaqla, dörd şimal adası həm tarixən, həm də beynəlxalq hüquqa görə Yaponiyanın əzəli ərazisidir. Yaponiya bu səfərə qarşı kəskin etirazını bildirir”.
Toşimitsu Moteqi Rusiyanın səfirini XİN-ə çağırıb. Rusiya səfirliyinin nümayəndələri bildiriblər ki, Tokionun əsassız demarşına cavab olaraq səfir Nikolay Nozdrev yapon həmkarlarına izah edib ki, Kuril adaları Rusiya Federasiyasının ayrılmaz hissəsidir və onlar İkinci Dünya Müharibəsindən sonra beynəlxalq hüquqi əsaslarla onun bir hissəsinə çevriliblər. Səfirliyin açıqlamasında deyilir: “Adaların hansı dövlətə mənsub olması şübhəsizdir. Prezidentin ölkəmizin ərazisində səfəri istisnasız olaraq Rusiya rəhbərliyinin suveren qərarıdır və xarici dövlətlərlə müzakirə edilə bilməz”.
Rusiya mətbuatı bildirir ki, Prezident Vladimir Putin əvvəllər Kuril adalarının statusu ilə bağlı Moskvanın mövqeyini bəyan edib. Sakit okean Donanmasının təlimlərinə baxış səfəri zamanı dövlət başçısı qeyd edib ki, bu ərazilərin Rusiyaya məxsusluğu İkinci Dünya müharibəsindən sonra beynəlxalq sənədlərdə təsbit olunub.
Putin onu da bildirib ki, Moskva mübahisələrin həlli və sülh müqaviləsi bağlamaq üçün həmişə dialoqa açıq olub: “1950-ci illərin ortalarında SSRİ Yaponiya ilə sülh müqaviləsinin yolunu açan bir bəyannamə imzaladı. Yaponiya da onu imzaladı, lakin sonra geri çəkildi. Sonra Sovet İttifaqı da eyni şeyi etdi, lakin yeni Rusiya Yaponiya hökumətinin xahişini qəbul etdi və... sülh müqaviləsinə yol tapmaq üçün dialoqu bərpa etdi... Son illərdə Tokio iki ölkə arasında konstruktiv dialoq qurmaq cəhdlərini boşa çıxarıb. Bunun əvəzinə, Yaponiya açıq şəkildə Rusiya əleyhinə siyasət yürüdüb və “Rusiyaya qarşı səbəbsiz sanksiyalar tətbiq edib”.
Rusiya Prezidenti deyib: “Bundan əlavə Yaponiya son hərbi doktrina sənədlərinə ilk dəfə olaraq Rusiyanı əsas təhdid mənbəyi kimi daxil edib. Qeyd etmək istərdim ki, biz Yaponiyanı təhdid etmirik. Ona qarşı heç bir iddiamız yoxdur, əksinə, Yaponiyanın ölkəmizə qarşı ərazi iddiaları var. Mən Kuril adaları məsələsini nəzərdə tuturam”.
Yaxın keçmişə nəzər salsaq görərik ki, 2010-cu ildə də Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev Kuril adalarından birinə səfəri diplomatik qalmaqala səbəb olmuşdu. Səfər haqqında xəbər çıxandan dərhal sonra Yaponiya hökuməti müvəqqəti olaraq Rusiyadakı səfirini geri çağırmışdı. Sonra Medvedev Baş nazir kimi Kuril adalarına daha üç dəfə - 2012, 2015 və 2019-cu illərdə səfər etdi. 2021-ci ildə isə onun varisi Mixail Mişustin İturup adasına səfər etdi.
Ona görə də hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitriy Medvedevin Tokionun reaksiyasına cavabı gözlənilən idi. Bu cavab isə daha sərt olub. O, X sosial media platformasında yazıb: “Yaponiyanın Baş naziri Takaiti Kuril adalarının “tarixən Yaponiyaya məxsus” olması barədə istədiyi qədər danışa bilər, amma bu boşboğazlıq heç nəyi dəyişməyəcək. Onlar Rusiya torpağı idi, indi də belədir və belə də qalacaq. Bunu anlamayan hər kəs öz səhvlərinin dəhşətli nəticələri ilə üzləşəcək”.
Məsələyə Vaşinqtondan da sərt reaksiya gəlib. İlk olaraq ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass açıqlama verib və bildirib ki, “ABŞ Rusiya diktatoru Vladimir Putinin ziyarət etdiyi adalar üzərində Yaponiyanın suverenliyini tanıyır. Birləşmiş Ştatlar ən vacib müttəfiqinə dəstəyində və Şimal əraziləri üzərində Yaponiyanın suverenliyini tanımaqda qətidir”. Amerikalı diplomat həmçinin vurğulayıb ki, ABŞ Hind-Sakit Okean bölgəsində sülh və sabitliyi təhdid edə biləcək hər hansı bir hərəkətə qarşıdır.
Yaponiyada Etorofu adı ilə də tanınan İturup adası gündoğar ölkənin şimal-şərqində - Hokkaydo sahillərindən təxminən 100 kilometr aralıda - Kuril adalarının bir hissəsidir. Moskva SSRİ dağılandan sonra – 2016-cı ildə cənubdakı dörd adadan ikisində “Bal” və “Bastion” sahil müdafiə raket sistemləri yerləşdirib. Sonrakı illərdə Rusiya adalardakı hərbi potensialını artırmağa davam edib. Adalarda ən yeni zenit-raket sistemlərini yerləşdirib, İturup adasında aviabaza yaradıb və qırıcı təyyarələr yerləşdirib. Seyrək məskunlaşmış adalar Oxot dənizinin girişində qərarlaşıb və Rusiyanın Sakit okean Donanmasına Yaponiyanın nəzarətində olan sulardan keçmədən sərbəst şəkildə Sakit okeana çıxışı təmin edir.
2025-ci ildə Tokio Rusiyanın, Yaponiya ərazi suları da daxil olmaqla, bu ərazidə keçirdiyi döyüş atışlı təlimlərə etiraz edərək Moskvanın “hərbi gücləndirməsinin” qəbuledilməz olduğunu bildirmişdi.
Qərb mediası yazır ki, Putin 35 illik hakimiyyəti dövründə Kuril adalarına ilk dəfə səfər edib. Səfərə Tokio və Vaşinqtonun reaksiyasında üç məqam xüsusilə diqqət çəkir. Bu üç məqam iki səviyyəni əhatə edir: geosiyasi və daxili, sırf ikitərəfli. Birincisi, şübhəsiz ki, daha vacibdir. Qeyd etdiyim kimi, Tokiodan əlavə, Vaşinqton da səfərə etiraz edib. Əlbəttə, ABŞ səfiri Corc Qlassın X şəbəkəsində yazdıqları onun şəxsi fikri ola bilməz. Amerikanın baş diplomatı Marko Rubionun səfirə bu mövqeni şəxsən ifadə etməyi tapşırması heç də təəccüblü deyil.
Lakin Yaponiyanın adalar üzərində suverenliyini tanımaqla Vaşinqton bir neçə istiqamətdən həssas olur. Məlumdur ki, Yaponiya 1930-cu illərin sonlarında, xüsusən də 1941-ci ildə Asiyada başlatdığı müharibədə məğlub olub və bu əraziləri itirib. Bu itki müharibədən sonrakı dünya nizamının beynəlxalq hüququ ilə təsdiqlənir.
Bolqarıstanın “Duma” nəşrinin siyasi şərhçisi Yuri Mixalkov yazır ki, “ABŞ bu qanunun “suverenliyinə”, iddia etdiyi və çox qorxduğu qlobal nizama etiraz edirmi? Mən hələ Yaponiyanın Kuril adaları üzərində sahibliyini itirməsində və müharibədən sonrakı dünya nizamında Amerikanın imzasının olduğunu demirəm? Bəs indi nə edir - imzasını tarixi yaddaşdan silirmi?”
Kuril adaları ilə bağlı Rusiya ilə mübahisədə Vaşinqtonun niyə bu qədər qətiyyətlə Yaponiyanın tərəfini tutduğunu anlamaq çətin deyil. Yaponiya Ukraynanı dəstəkləyir və ABŞ, ehtimal ki, Rusiyaya Kiyevlə Moskva arasındakı münaqişənin həllində vasitəçi rolundan imtina etdiyinə və ya onu minimuma endirdiyinə dair bir siqnal göndərir.
Bundan əlavə, Yaponiya kiçik olsa da, ABŞ-ın müttəfiqidir və özünün əsas rəqibi hesab etdiyi Çinlə qarşıdurma səbəbindən onu daha möhkəm şəkildə öz orbitində saxlamağa çalışır. Məşhur amerikalı iqtisadçı professor Ceffri Saks bu yaxınlarda Britaniya siyasətçisi Corc Qalloueyin video bloqunda Ukraynadakı müharibəni şərh edərkən bildirib: “ABŞ dünyada müharibələrin əsas təhrikçisidir. ABŞ dünyada xaos toxumu səpir”.
Yuri Mixalkov yazır ki, “Amerikanın geosiyasi xüsusiyyətləri elədir ki, hətta demokratik bir hökuməti devirmək, istənilən yerdə müharibəyə başlamaq və ya öz şirkətləri üçün yol açmaq adı altında o, təkcə müharibələrə və xaosa deyil, həm də dünyanı Qərbdən Şərqə çevirməyə hazırdır. Hətta təəccüblü deyil ki, o, yalnız izləri itirməyə deyil, həm də müharibədən sonrakı və gələcək dünyanın strukturunu alt-üst etməyə hazırdır”.
Digər iki məqam isə Kuril məsələsinə Yaponiyanın unikal reaksiyası ilə bağlıdır.
Tokio siyasi elitası Rusiya hökumət rəsmilərinin arxipelaqlara səfərlərinə hakimiyyətdə olan mövqeyindən asılı olaraq iki cür reaksiya verib. Hazırkı Baş nazir Sanae Takaiçi kimi bəziləri açıq düşmənçilik və aqressiv reaksiya göstəriblər.
Siyasi şərhçi qeyd edir ki, yapon siyasi elitası “Cənubi Kuril adalarını geri ala bilməyəcəyini başa düşsə də, yenə də Rusiyaya təzyiq göstərəcək. Oxşar hadisələr son onilliklərdə dəfələrlə baş verib. Lakin elitanın digər bir hissəsi daha ağlabatan və ayıq reaksiyaya üstünlük verir və hətta məsələni mehriban qonşuluq yolu ilə həll etmək üçün Rusiya ilə dialoqa açıqdır. Amma onlar da, Şimal ərazilərinin taleyindən açıq şəkildə narahatdırlar. Hətta iki ölkənin adalarda birgə fəaliyyətləri müzakirə etdiyi dövrlər də olub”.
Yuri Mixalkovun dediyi kontekstdə hakim Liberal Demokrat Partiyasından olan millət vəkili Muneo Suzukinin əks reaksiyası diqqətəlayiqdir. O, döyüşkən Takaiçini tənqid edir və onun davranışını müdrik hesab etmir. Suzuki Takaiçiyə, sələflərindən biri Şindzo Abenin varisi olduğunu iddia etdiyi üçün onun siyasi fəaliyyətinə diqqət etməyi məsləhət görür. Onun dövründə Yaponiya-Rusiya münasibətləri yaxşı idi. Suzuki baş naziri Rusiyanı mənasız tənqid etməyi dayandırmağa və ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışmağa çağırır.
Əlbəttə, bu gərgin siyasi-diplomatik qarşıdurmadan Çin Xalq Respublikasının kənarda qalması mümkün olmazdı. Baş verənlərə Çinin rəsmi mövqeyi isə Yaponiyanın xeyrinə olmayıb. Pekin Yaponiyanı müharibədən sonrakı nizamı formalaşdıran beynəlxalq müqavilələrə hörmət etməyə çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Yaponiya hökumətinin mövqeyini şərh edərkən bildirib ki, “Çin Yaponiyanı İkinci Dünya müharibəsindən sonra Qahirə Bəyannaməsi və Potsdam Müqaviləsi kimi beynəlxalq hüquqi sənədlərə əsaslanan beynəlxalq nizamı qorumağa çağırır”.
Keyo Universitetinin siyasi idarəetmə fakültəsinin professoru Mitito Çuruoka hesab edir ki, Tokio ilk növbədə Rusiyaya göstərməlidir ki, ona təzyiq etmək olmaz və Moskvanı siyasətini dəyişməyə məcbur etməlidir. “Ukraynaya dəstəyi artırmaq mümkün cavab ola bilər. Amma baş nazir Takaitinin bununla maraqlanıb-maraqlanmadığı hələ də məlum deyil”, - deyə o qeyd edib.
Mitito Çuruoka hesab edir ki, Yaponiya hökumətində Rusiya ilə münasibətlərin necə qurulacağına dair fikir ayrılığı var: “Müxtəlif maraqlı tərəflər Rusiyanı fərqli başa düşür, onun müxtəlif aspektlərini görür və Yaponiya üçün əhəmiyyətini fərqli qiymətləndirirlər”. Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyi Hörmüz boğazındakı son hadisələri nəzərə alaraq, şimal qonşusunu mühüm enerji mənbəyi kimi görür. Müdafiə Nazirliyi isə Pekin Çin və Pxenyan ilə əlaqələrinin dərinləşdirməsindən, eləcə də Rusiya silahlı qüvvələrinin Yaponiya yaxınlığında artan fəallığından getdikcə daha çox narahatdır. “Yeni bir konsensus hazırlanmalıdır", - deyə ekspert vurğulayıb.
Templ Universitetinin Tokio kampusunda beynəlxalq münasibətlər üzrə professor və Rusiya məsələləri üzrə ixtisaslaşmış Ceyms Braun isə hesab edir ki, ikitərəfli münasibətlər onsuz da durğun idi. Lakin indi daha da pisləşə bilər. Ekspert Pxenyanın Ukraynadakı münaqişədə Moskvaya köməyi müqabilində Rusiyanın Şimali Koreyaya hərbi texnologiya ötürə biləcəyi ilə bağlı Yaponiyanın narahatlıqlarına işarə edib. “Əgər Rusiya bu dəstəyi artırarsa və Şimali Koreyanın raket və nüvə potensialını əhəmiyyətli dərəcədə gücləndirərsə, bu, Tokio ilə Moskva arasında daha böyük gərginliyə səbəb olacaq”, - deyə Ceyms Braun bildirib.
Analitiklər qeyd edirlər ki, Tokio Rusiya texnologiyasının ötürülməsinin Şimali Koreyanın nüvə, ballistik və hipersəsli raket proqramlarının inkişafını sürətləndirəcəyindən və regional təhlükəsizlik balansını təhdid edəcəyindən qorxur.
İlqar RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Avqust 2026 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















