Icma.az
close
up
RU
Layiqli ömür yaşadı

Layiqli ömür yaşadı

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan jurnalistikasında, mətbuatında özünə məxsus dəsti-xətti olan yorulmaz tədqiqatçı, jurnalist-yazıçı, tərcüməçi Şəmistan Nəzirli çox sevdiyi Qazax rayonunda, ADA Universitetinin Tədris Mərkəzində (Qazax Müəllimlər Seminariyasında), dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirində 83 yaşında qəflətən vəfat etdi. Bu acı xəbər bir andaca ölkəyə yayıldı, bütün mətbuat səhifələrində, sosial şəbəkələrdə Şəmistan haqqında kövrək materiallar yazıldı, xatirələr dərc olundu. Xüsusən də tələbə yoldaşım Əməkdar jurnalist Tahir Aydınoğlunun və qələm dostum, hörmətli professor Ədalət Tahirzadənin yazıları məni silkələdi.

Şəmistan Qazax rayonunu çox sevirdi, tez-tez ora gedirdi. Onun Qazax sevgisinin mayasında Körpülü kəndi dururdu. Qərbi Azərbaycanın Körpülü kəndinin əhalisi Qazax rayonunu Şıxlı və İncəli kəndlərindən köç etmişdilər. Bu kənddə hamı əslinin-nəslinin tarixini əla bilir. Bu gün də Körpülüdə elə bir ailə tapmazsan ki, onun adı çəkilən kəndlərdə əmisi, dayısı, xalası, maması (bibisi) olmasın. Elə Şəmistanın da, mənim də Şıxlıda, İncəlidə, Salahlıda onlarla qohumlarımız, simsarlarımız var. Ona görə də yolumuz tarixi yurdumuz Qazağa, onun bir-birindən gözəl kəndlərinə tez-tez düşürdü. Xeyirdə, şərdə görüşürdük. Körpülünün ətrini o yerlərdən alırdıq.

Onu deyim ki, hər ikimiz Şəmistan da, mən də çox sevdiyimiz Körpülüdə, müxtəlif illərdə dünyaya gəlmişik, burada böyümüşük, bu kəndin suyunu içmişik, əppəyini yemişik, dillər əzbəri olan, dadı damağımızdan getməyən Körpülü şöytəlisini (şaftalısını) dadmışıq, buradan pərvazlanmışıq, dünyanı burdan tanımışıq. Aramızda 17 yaş fərq var, o məndən böyük idi. Bir köylü olsaq da tanışlığımız Bakıda olub. O, kəndə gəlib-gedəndə uşaq olmuşam, tanımamışam. Mən tələbə olanda “Pioner” (indiki “Günəş”) jurnalında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazışı-jurnalist, tərcüməşi, ssenarist, Əməkdar mədəniyyət işçisi rəhmətlik Nəriman Qoca bəy oğlu Süleymanovun iş otağında tanış olmuşuq. Həmin gün o dövrün ən populyar qəzetlərindən olan “Azərbaycan gəncləri”ndə Nəriman müəllimin təqdimatı ilə Şəmistanın böyük şairimiz Səməd Vurğun haqqında topladığı xatirələr çapa hazırlanırdı. Hər ikisi mətbəədə yığılıb gətirilmiş sonuncu variantı oxuyurdular. Nəriman müəllim məni görən kimi “Körpülünün daha bir yazarı gəldi, gəl, çəkinmə, yaxın otur, sən də tələbə jurnalist kimi fikrini bildir”, söylədi. Ancaq hiss eliyəndi ki, bir-birimizi tanımırıq “deyəsən iki Körpülünü mən tanış etməli olacam”, dedi. Tanış olduq, sakitcə adımı söylədim, o da adını dedi. Biləndəki Qoca müəllimin oğluyam, sevincək dedi: - Qoca müəllim də, anan Məleykə xanım da müəllimlərim olublar, hər ikisinə də böyük hörmətim var. Bu sahədə üç-dörd nəfərik, gərək bir-birimizə kömək edək, dayaq duraq.

Tanışlığımız belə başladı. Yaradıcılığını müntəzəm izləyirdim. Onun özünəməxsus dəst-xətti vardı, dalbadal kitabları çıxırdı, artıq Şəmistan Nəzirli adını hamı tanıyırdı. Xüsusən də hərb tariximizi araşdırandan sonra onun bir-birindən qiymətli yazıları mətbuatda böyük rezonans yaratdı. İtib-batmış, unudulmuz, tariximizin yaddaşından silinmiş onlarla yüksək rütbəli hərbiçilərimizin, şəxsiyyətlərimizin taleyinə aydınlıq gətirdi, yaddaşımızı bərpa elədi. Sankt Peterburq, Moskva, Tiflis, Kiyev, Bakı və digər şəhərlərdə yerləşən və kif basmış arxiv materiallarını vərəq-vərəq toplayıb bir-birindən qiymətli məqalələr, kitablar yazdı, sənədli filmlərin ssenaisini qələmə aldı.

Sən demə, zəngin hərb tariximiz varmış. Bəlkə də kimlərəsə qəribə gələr mənim bu qənaətim, o, tək böyük bir tədqiqat ocağının işini görmüşdü və görürdü. O, yorulmadan çalışırdı, axtarırdı, ilk baxışda xırda görünəcək məlumat üçün vətənimizi qarış-qarış gəzirdi. Ona görə də Şəmistan Nəzirli daim xatırlanacaq. Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Sulkeviç, Tlexas, Qaçarlar və onlarla yüksək rütbəli generallar, zabitlər, Qori Müəllimlər Seminariyası, Qazax Müəllimlər Seminariyası, böyük maarifçi Firudin bəy və Badisəba Köçərlilər xatırlandıqca Şəmistan da yada düşəcək, adı yaşayacaq, çünki onun yaşamağa haqqı var. “Qoridən gələn qatar” sənədli povesti də qədirbilən oxucuların yaddaşında daim qalacaq.

Dövlət təhlükəsizliyi orqanlarında işlədiyim vaxtlar əlaqələrimiz daha sıx idi. Mən də boş vaxtlarımda arxivdən materiallar götürüb araşdırmalar aparırdım. Bəlkə də yüzlərlə istintaq işlərinə baxmışdım, mətbuat üçün materiallar hazırlamışdım, xeyli kitablarım çıxmışdı, sənədli filmlərin hazırlanmasında iştirak etmişdim. Bəzi məqamlarda bir-birimizin bilgimizə ehtiyac yaranırdı. Məsləhətləşirdik. Yaxşı yadımdadır, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini, keçdiyi yola həsr olunmuş çox seriyalı sənədli film hazırlanırdı. Bəzi tarixi məqamları, şəhərin müxtəlif tarixi binalarında yerlərində yerləşən qurumların ünvanlarının dəqiqləşdirilməsində və müəyyən edilməsində Şəmistan yaradıcı qrupa böyük köməklik göstərdi, təbii ki, mənim vasitəmlə. Müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının tarixi ilə əlaqədar kitabım çıxmışdı. Görüşlərin birində ona təqdim elədim. Diqqətlə oxumuşdu, düz bir saat telefonla danışdıq, dedi ki, bax bu işdir, təbrik edirəm, mənimçün sürpriz oldu, ciddi deyirəm. Şadam ki, tariximizin bu qaranlıq sahəsinin tədqiqi mənim eloğlum, Körpülü Elşad Qocaya məxsusdur.

Bilənlər bilir, Şəmistan kimliyindən asılı olmayaraq ciddi yazıları qəbul edirdi. Faktlara xüsusi diqqət yetirirdi. Hər yazını tərifləyən deyildi.

Bir dəfə növbəti kitabını təcili çapa hazırlayırdı. Zəng eləmişdi, bəzi faktları dəqiqləşdirmək istəyirdi. Onu maraqlandıran məqamları mən araşdırmışdım. Arxivdən bəzi materialların surətini çıxardım, görüşdük. Əlində kitab vardı. – Əmioğlu (axır vaxtlar mənə belə müraciət edirdi), mən uşaqlıqda və məktəb illərində (o Körpülü kənd orta məktəbində 8-ci sinifi bitirib Dəvəçi rayonuna getmişdi) çox dəcəl olmuşam, evdəkiləri də, müəllimlərimi də incitmişəm. İnan, bəzən müəllimlərimlə rastlaşanda utandığımdan xəcalət çəkirəm. İstəyirəm qaçam gizlənəm. Ziyalılar üçün ən qiymətli hədiyyə kitabdır, bunu bilirsən, ona görə də çox xahiş edirəm, bu kitabımı mənim çox böyük hörmət bəslədiyim Qoca müəllimə və Məleykə xanıma çatdırasan. Bir az söhbətləşdik, sağollaşıb getdi. İşə qayıtdım və Şəmistanın “Elm” nəşriyyatı tərəfindən 1999-cu ildə çap olunmuş “Arxivlərin sirri açılır” adlı qiymətli kitabını açdım, titul səhifəsində valideynlərimə avtoqraf yazmışdı. Olduğu kimi oxuculara təqdim edirəm: “Əziz Qoca müəllim və Məleykə xanım, dərslərinizdə o qədər dəcəl olmuşam ki, indi də Sizləri görəndə xəcalətdən tərləyirəm. Amma Sizə bağışladığım kitab zəhmət tərimlə yazılıb. Sizlərin tələbəsi olduğu üçün iftixar edən: müəllif, Bakı, 2001-ci il, 6 mart. İmza”.

Şəmistanın kitabını atama da, anama da göstərdim. Çox sevindilər. Atamın gözləri ağrıyırdı, tam oxuya bilməsə də vərəqlədi, bəzi materialları oxudu. Ancaq anam bədii mütaliəni çox sevirdi. Körpülü kənd orta məkəbində həm ibtidal sinif müəllimi, həm də kitabxananın müdiri olmuşdu. Elə yadımdadır, kitabxanaya təzə kitablar gələndə ilk olaraq hamısını evə gətirərdi, bir-bir oxuyardu, yalnız bundan sonra şagirdlərə oxumaq üçün verirdi, deyirdi ki, kitabxanaçı gərək əvvəl kitabı özü oxusun, maraqlanan şagirdə də cavab verə, izah edə bilsin. Anam yüzlərlə kitab oxumuşdu. Şəmistanın kitabını da axıra qədər oxudu, dedi ki, ona bizi xatırladığına, xoş sözlər yazdığına görə bizim adımızdan təşəkkür elə və kitabı maraqla oxuduğumuzu bildir. Elə də etdim, dedim ki, valideynlərimin təşəkkürlərini gecikdirməyimin səbəbi onların oxumasını gözləməyim olub. Sevindi: - Əmioğlu, onlarla yazı əhlinə kitab göndəririəm, bağışlayıram, səs çıxmır, ancaq mənim müəllimlərin kitabımı oxuyub, həm də təşəkkür edirlər. İmkan olsa onlarla görüşəcəyəm. Ancaq çox təəssüf görüşə bilmədilər. Atam da, anam da dünyalarını dəyişdilər. Hərdən rastlaşanda, görüşəndə bu hadisəni xatırlayıb təəssüflənərdi.

Arxiv məsələləri ilə əlaqədar əlaqələrimiz tez-tez olurdu. Onda Şəmistan artıq Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix idarəsində işləyirdi, polkovnik-leytenant idi. Sonra əvvəlki iş yerinə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində “Hərbi proqramlar və salnamə” baş redaksiyasına baş redaktor kimi qayıtdı. Ümumiyyətlə, kitablardan, məqalələrdən başqa televiziya kanallarında onlarla sənədli filmlərin və ayrı-ayrı verilişlərin müəllifiydi. Çoxlu mükafatlar, diplomlar almışdı. Ancaq o, daha böyük mükafatlara layiq idi. Bu barədə onun 60 illik yubileyində yazmışam. Heç xəbəri də olmadı. “Azərbaycan” qəzetində Şəmistanın yubileyi ilə bağlı yazdığım məqalədə onun tarixi xidmətləri barədə müəyyən faktlar söyləmişəm. Lakin mükafatçılar sırasında adını görməyəndə məyus olduğumu bildirmişəm. Məqalədən xəbəri yox idi. Deməmişdim. Nahara yaxın zəng etmişdi. – Əmioğlu, sənə bilmirəm, necə təşəkkür edim, ürəkdən yazdığını, mənə olan hörmətini duydum. Görüşəcəyik.

Görüşdük. Doğum günü, yubileyi ilə əlaqədar məclis təşkil eləmişdi. Qohumlar, dostlar, elm və sənət adamları, yaradıcı ziyalılar onun haqqında, yaradıcılığı haqqında bol-bol danışdılar.

Aradan xeyli vaxt keçmişdi. Zəng etdi ki, imkanın varsa təcili görüşək. Naharda görüşdük, dedi ki, Müdafiə Nazirliyi iri bir kitabımı çapa hazırlayır, istəyirəm mənim haqqımda yazdığın məqaləni ön söz kimi verim, çox fikirləşdim, ən layiqlisi sənin yazındır, həm də mənim haqqımda yazılanlar itib-batmasın. O yazının sonuncu abzasını dəyiş, diskə köçür, mənə ver, elə burada gözləyirəm. Vaxt azdır, kitab təcili çıxmalıdır. Nazirliyin rəhbərliyi siqnal nüsxəni gözləyir. Kitabın əziyyətini onlar çəkirlər, gərək işimizi vaxtında görək. Sağ olsunlar mətbəə işçilərini çox kömək eləyirlər.

Materialı köçürüb verdim. Tələsik getdi. Dedi ki, körpülülər demişkən, başşağı, metroya tərəf düşəjən.

Xeyli müddət ondan xəbər çıxmadı, mənim də başım qarışıq idi. Günlərin bir günü, yüksək əhval-ruhiyyə ilə zəng çaldı: - Gözəl tərtibatlı, fundamental kitabım axır ki, çap olundu. Gözün aydın! Ön sözün kitabıma xüsusi yaraşıq verir.

İşə bizim qurumun yanından piyada gedib-gəlirdi. Hərdən rastlaşır, bir-iki dəqiqə söhbətləşib ayılırdıq. Bu dəfə də səhər tezdən görüşdük. “Kooperasiya” nəşriyyatı” tərəfindən çap edilmiş “Güllələnmiş Azərbaycan generalları” kitabını mənə təqdim elədi. Titul vərəqəsində avtoqraf yazmışdı: “İstedadlı jurnalist-yazıçı eloğlum Elşad Qocaoğluna hörmət və ehtiramla yadigar- Müəllif, Bakı, 2007-ci il yanvar”.

Ancaq son illər görüşlərimiz azalmışdı. Gözlərindən şikayət edirdi, ürəyi ağrıyırdı, əməliyyat olunmuşdu, ayaqlarından narahatçılığı vardı. Ara-sıra telefonla danışırdıq. Hətta bir neçə dəfə televiziya verilişlərinə birlikdə çıxmaq imkanlarımız vardı. Alınmadı, səhhətinə görə efirlərə çıxa bilmirdi. Halbuki onun çıxışlarına böyük ehtiyac vardı. Mənim iştirak etdiyim verilişlər barədə telefonla fikrini bildirirdi. Sonuncu telefon zəngini xatırlayıram: - Şükürlər olsun, yaxşıyam deyə bilmirəm, babatam. Dolanışığım da düzəlib, bir az pensiya, bir də dövlət başçımıza minnətdaram, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq göülmüşəm, dolanıram. Əmioğlu yazılası o qədər materiallar var, çatdıra bilmirəm. Elə qovluqlar var hələ açmamışam. Ömür vəfa eləsə gərək yazam, gözəl faktlar toplamışam.

Ona görə deyirlər, sən saydığını say, gör fələk nə sayır. Qəfil xəbər hamını üzdü. Azərbaycan hərb tariximizin yorulmaz tədqiqatçısı Şəmistan Nəzirli dünyasını dəyişdi. Özü də harada, çox sevdiyi qibləgahı Qazaxda, Qazax Müəllimlər Seminariyasında. Qazağa gedəndə Şəmistanın yol yoldaşı və hadisənin son dəqiqələrinədək şahidi olmuş qələm dostumuz, hörmətli professor Ədalət Tahirzadə bu hadisəni belə xatırlayır: “... Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş – o, özünün məkkəsi saydığı Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və sonsuz məhəbbətlə sevdiyi Firudin bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəllimlər Seminariyası kimi müqəddəs bir ocaqda özünün sevdiyi və onu sevən insanlar arasında ruhunu Allaha təslim etdi, özü də ağrısız-acısız. Ağlı ən son anadək üstündə olaraq. Allah bizi bura elə buna görə gətiribmiş...”.

Ruhu şad olsun eloğlumuzun! Uzaq və yaxın Körpülümüzün də gözü yoldadı. İnanıram ki, gün gələcək Körpülünü görəcəyik, nəinki görəcəyik, hətta orada əbədi yaşayacağığ. Onda hərb tariximizin yorulmaz və cəfakeş tədqiqatçısı, jurnalist-yazıçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəmistan Nəzirlinin ruhu da bizimlə birlikdə olacaq, boya-başa çatdığımız doğma ocağımızı, Şiştəpəni, Böyük Kolu, Yekə Yalı, Tənbəkəri, Babakəri, Yel Dağını, Kəmənd Qayanı, Pirinin talasını və onlarla digər gözəllikləri qarış-qarış gəzəcək. Məkanı cənnət olsun! Amin!

Elşad QOCA

Bakı. 21.10. 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri