Icma.az
close
up
RU
Türkologiyaya layiqli töhfə

Türkologiyaya layiqli töhfə

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev türk dünyası və türkoloji təhsil üçün töhfə olan yeni bir kitab nəşr etdirib. "Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat" adlı əsər monoqrafik xarakterli dərs vəsaiti kimi təqdim olunub. Kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur.

Təqdim olunan bu kitabda VIII-XIII əsrlər arasında qələmə alınmış qədim uyğur yazılı abidələri haqqında ümumiləşdirmələr aparmaqla, oxucuda bu abidələrin məzmunu, linqvo-kulturoloji məziyyətləri, ədəbi-bədii xüsusiyyət və əhəmiyyəti haqqında təsəvvür yaradılıb. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən bu əsər 344 səhifədən, beş bölmədən ibarətdir.

"Qədim uyğur tarixi haqqında ümumi məlumat" adını daşıyan ilk bölmədə uyğur etnoniminin yaranmasından və qədim uyğurların qısa tarixindən bəhs olunur. Uyğurlar qədim türk xalqlarının mühüm bir qolu olub. Burada göstərilir ki, uyğurlar Göytürk dövləti ilə mübarizə şəraitində yaşamış, nəhayət, 745-ci ildə Uyğur Xaqanlığını qurmağa müvəffəq olmuşlar. 840-cı ildə Uyğur Xaqanlığı süquta uğradıqdan sonra onlar Şərqi Türküstanda Turfan vadisində yeni dövlət qurdular. Bu türk dövləti XIII əsrədək mövcud olub. Burada meydana gələn mədəni irs sonrakı türk dövlətlər üçün örnək, zəngin mənbə oldu. Nəticədə, uyğurlar qədim türk xalqlarının arasında həm dövlətçilik ənənəsi, həm də zəngin mədəni irs baxımından önəmli yer tuturlar. Müəllif çox doğru olaraq qeyd edir ki, Uyğurların irsi türk dünyasında mədəniyyətin formalaşması və yazılı ədəbiyyatın inkişafında xüsusi rol oynayıb.

Kitabın ikinci bölməsi "Qədim uyğur ədəbi dili və abidələri" adlanır. Bu bölmədə qədim uyğurların ədəbi dili və abidələri haqqında məlumat verilir. Professor Əbülfəz Quliyevin fikrincə, Qədim Uyğur ədəbi dili iki dövrə bölünür: run əlifbası ilə yazılan abidələr və manixey, uyğur, brahmi, ərəb əlifbaları ilə yazılan abidələr. Əvvəlcə uyğurlar Orxon türkləri ilə birlikdə göy türk ədəbi dilindən istifadə etmiş, lakin run əlifbası ilə yazılmış abidələrdə özünəməxsus xüsusiyyətlər yaranıb. 840-cı ildən sonra Şərqi Türküstanda məskunlaşan uyğurlar vahid ədəbi dildən istifadə etmişlər. Run əlifbası ilə yazılmış abidələr əsasən dini və rəsmi sənəd xarakteri daşıyırdı. Lakin arxaik run əlifbası və ədəbi dil yeni dövrün tələblərinə cavab vermirdi və bunun nəticəsində yeni, xalq tərəfindən asan başa düşülən ədəbi dil formalaşdı. Bu dilin quruluşunda əsasən oğuz əsası qorunub saxlanıldı, dil həm alınma sözlərlə zənginləşdirildi, həm də yerli materialdan istifadə edildi. Ədəbi nümunələr "Altun Yaruk", "Maytrısimit", "Kuanşi-im Pusar" kimi dini-fəlsəfi əsərlər, həmçinin "İki qardaş hekayəsi", "Süan-Tszyanın bioqrafiyası" kimi nəsr və poeziya nümunələri idi. Uyğur ədəbi dilinin elmi üslubu təbabət və astronomiya sahələrində yazılmış əsərlərlə də tanınırdı. Qədim uyğur dili yazı dili kimi fəaliyyət göstərmiş, şifahi ünsiyyət üçün isə daha sadə dialektlərdən istifadə olunurdu. Bu dil əski türk dillərinin təsiri ilə formalaşmış və orta əsr türk ədəbi dillərinin - qaraxanlı, Xarəzm və cağatay türkcələrinin inkişafında körpü rolunu oynamışdı. Azərbaycan ədəbi dilinin formalaşmasında da əski uyğur ədəbi dilinin müəyyən təsiri olub. Həmin bölmə daxilində Avropada uyğurşünaslıq, Rusiyada uyğurşünaslıq, Türkiyədə və Azərbaycanda uyğurşünaslıq üzrə aparılan tədqiqatlardan da bəhs edilir. Burada göstərilir ki, türkologiyada Göytürk abidələri tədqiq olunduqdan sonra uyğurşünaslıq dövrü başlayır. Tekstoloji material o qədər çox idi ki, bu sahədə beynəlxalq miqyasda uyğurşünaslıq mərkəzləri formalaşmışdı. Dünyanın məşhur filoloq alimləri Şərqi Türküstanda, xüsusən indiki Çin xalq Respublikasının Turfan vadisi və Dunxan bölgəsində qədim uyğur əlyazmaları və mədəni irsi üzərində geniş tədqiqatlar aparıblar. Görkəmli şərqşünas Mirzə Kazım bəy uyğurlar haqqında ilk elmi əsərlərdən birini yazıb. Alman əsilli akademik V.Radloff qədim uyğur dilinin və əlyazmalarının araşdırılmasına xüsusilə böyük töhfə verib, "Kutadqu bilik" poemasının uyğur versiyasını və digər əhəmiyyətli əsərlərin nəşrini həyata keçirib.

Qeyd etmək lazımdır ki, müstəqillik illərində Azərbaycanda Qədim uyğur ədəbiyyatı və hüquq sənədlərinin araşdırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, akademik N.Cəfərov, müxbir üzv Əbülfəz Quliyev, professor Əlisa Şükürov və professor Əbülfəz Rəcəblinin Azərbaycan uyğurşünaslığının formalaşmasında müəyyən xidmətləri olub. Akademik N.Cəfərovun dördcildlik "Türk xalqları ədəbiyyatı" əsəri qədim türk ədəbiyyatını, o cümlədən uyğur mədəniyyəti və dini təsəvvürlərini əhatə edir. Mətn qədim türk ədəbiyyatının əsas mövzularını, dini inanclarını (maniçilik, buddizm, sufizm), epik və poetik xüsusiyyətlərini, həmçinin qədim türk nəsrinin xüsusiyyətlərini ümumiləşdirir.

III bölmədə Qədim Uyğur ədəbiyyatı və abidələri haqqında məlumat verilib. Qədim Uyğurların ədəbiyyatı əsasən Manixey və Buddizm dini təsirləri altında inkişaf edib. XII əsrə qədər Manixey, XIII əsrdən sonra isə islamlaşan Koço bölgəsi ilə yanaşı, Çinin indiki Qansu əyalətində sarı Uyğurlar arasında Buddizm ədəbiyyatı da inkişaf etmişdi. Uyğur ədəbiyyatı Orxon türklərinin ədəbiyyatından fərqli olaraq yeni ruh, məzmun və dil xüsusiyyətləri daşıyırdı və tərcümə əsərlərinin yayılması ilə zənginləşmişdi. Əski Uyğur ədəbiyyatı əsasən nəsr və nəzm janrlarında formalaşmış, dram janrı istisna olmaqla inkişaf edib.

Buddizm ədəbiyyatında "Altun yaruk", "İki qardaş hekayəsi" kimi əsərlər xüsusilə məşhurdur. Uyğur buddistləri tərəfindən qələmə alınmış bu ədəbiyyat türk ədəbiyyatında mühüm yer tutur. Kitabda verilmiş şeir nümunələri əsasən Çin Türküstanındakı Turfan bölgəsində tapılmış əlyazmalardan götürülüb. Bu şeirlər ilk dəfə professor A.Lekok tərəfindən alman dilinə tərcümə edilərək 1919-cu ildə nəşr olunub. Daha sonra türk alimi Rəşid Arat uzun illər bu əsərləri tədqiq edərək qədim türk poeziyasını və manixey şeirlərini dünya elminə təqdim edib. Onun 1965-ci ildə Türkiyədə çap olunan "Əski türk şeiri" kitabı bu tədqiqatların əsas mənbəyidir. Şeirlərdə səs ahəngi və intonasiya mühüm rol oynayır, bəzi misralar təkrar edilərək xüsusi təsir yaradılır. Kitabda həmçinin qədim uyğur manixey şeirləri və Aprınçor teginin lirik əsərləri yer alır. Manixey poeziyasında həm dini məzmun, həm də buddizm təsirləri müşahidə olunur. Ümumilikdə, bu əsərlər qədim türk ədəbiyyatının inkişafı və dini təsəvvürləri haqqında dəyərli məlumatlar verir.

Yuxarıda qeyd etdiyimiz kimi, 4-cü bölmədə 600-ə qədər mətni əhatə edən qədim uyğur hüquq sənədləri haqqında məlumat və bu abidələrə aid nümunələr verilir.

Kitabın sonunda, beşinci bölmədə qədim uyğur yazılı abidələrində  işlənmiş, əsasən müasir dilimiz üçün arxaikləşmiş sözlərin geniş lüğəti yer alıb. Əbülfəz Quliyevin "Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat" adlı dərs vəsaiti türkoloji elminə, xüsusən də uyğurşünaslıq sahəsinə mühüm töhfədir. Əsər qədim uyğur türklərinin tarixi, dil, ədəbiyyat və hüquq sistemi ilə bağlı geniş və sistemli məlumat təqdim etməklə yanaşı, bu irsin ümumtürk mədəniyyəti və yazılı ədəbiyyatındakı yerini də elmi əsaslarla müəyyənləşdirir.

"Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat" adlı kitabda VIII-XIII əsrlərə aid yazılı abidələrin məzmun və forma baxımından təhlili, onların linqvistik və kulturoloji xüsusiyyətlərinin araşdırılması aparılır. Uyğurların dövlətçilik ənənəsi, dini-mədəni dünyagörüşü və yazı sistemlərindən istifadəsi əsasında onların yüksək sivilizasiyaya malik bir xalq olduğu aydın şəkildə sübut olunur. Əsərdə müxtəlif dövrlərdə uyğur ədəbi dili və onun fonetik, morfoloji, sintaktik xüsusiyyətləri, eləcə də qədim hüquq sənədlərinin dili araşdırılıb, geniş lüğət materialı və ədəbi nümunələr təqdim olunub. Uyğur ədəbiyyatının Manixey və Buddizm dini təsiri ilə zənginləşməsi, həm nəzm, həm də nəsr janrlarında inkişafı və bu sahədəki tanınmış ədiblər haqqında məlumat kitabın əhəmiyyətini daha da artırır. Kitabda Avropa, Rusiya, Türkiyə və Azərbaycanda aparılan uyğurşünaslıq araşdırmaları haqqında verilən məlumatlar bu sahənin beynəlxalq elmi ənənələr içərisindəki yerini də göstərir.

Professor Əbülfəz Quliyevin təqdim olunan monoqrafik xarakterli bu dərs vəsaiti həm türkoloji təhsildə istifadə üçün qiymətli qaynaq, həm də qədim türk yazılı irsinin qorunması və öyrənilməsi baxımından nümunəvi elmi əsərdir. Nəticə etibarilə, bu kitab qədim uyğur mədəni irsinin sistemli və geniş miqyaslı təqdimatı ilə seçilir və türk dünyasının ortaq dəyərlərinin tədqiqi sahəsində mühüm mərhələ təşkil edir. Bu kitab Azərbaycan dilçiliyində uyğurşünaslığın tədqiqi üçün çox vacib sayılır. Dərs vəsaiti gənc nəsil, ali məktəblərin humanitar fakültələrinin magistratura səviyyəsi tələbələri üçün mühüm əhəmiyyət kəsb edir və türkologiya elminə layiqli bir töhfədir.

Ülviyyə ASLANOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri