Icma.az
close
up
RU
Lənkəranda arıların “ağıllı şəhəri” FOTOREPORTAJ

Lənkəranda arıların “ağıllı şəhəri” FOTOREPORTAJ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun əvvəllərinin o hənirtili, bürkülü havasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin xətti ilə yola çıxan media karvanımız cənuba, yaşılın hər çalarını qoynunda saxlayan Lənkərana doğru uzanır. Milli Mətbuat Günü ərəfəsinə təsadüf edən səfərimizdə ilk dayanacağımız Şovu kəndidir. Avtomobillərdən düşəndə təmiz kənd havasına yüngül, şirin bir bal qoxusunun və arı vızıltısının qarışdığını hiss edirik. Qapıda bizi bu möcüzəli dünyanın qurucusu, əslən Lerikdən olan Səyavuş Yaqubov səmimi təbəssümlə qarşılayır. Yaşını soruşanda əvvəlcə demək istəmir, sonra gözlərinin içi gülə-gülə, zarafatyana "59" deyə pıçıldayır.

Səyavuş kişi adi bir arıçı deyil. O, arıların dilini texnologiyanın kodu ilə birləşdirən innovatordur. Bu işə 2015-ci ildən başlayıb. Amma ənənəvi üsullarla yox, pavilyon sistemləri və elmi yanaşma ilə. Son illər baş verən arı tələfatlarından ürəkağrısı ilə danışsa da, ruhdan düşməyib. Təsərrüfatında hazırda 200-ə yaxın arı ailəsi var. Bu böyük və çətin işin arxasında bütöv bir ailənin fədakarlığı dayanır. Səyavuş kişi tək deyil; pətəklərin baxımından tutmuş təbii mumdan parafinsiz, qatqısız ətirli şamların hazırlanmasına qədər hər işdə həyat yoldaşı, oğlu və gəlini onun ən yaxın köməkçiləridir.

Hətta Bakıda maliyyəçi işləyən oğlu hər cümə günü işi bitən kimi şəhərin səs-küyünü arxada qoyub Lənkərana qaçır, iki gün atasının arılarına qulluq edir. Digər oğlu isə atasının köhnə peşəsi olan avto-diaqnostika sahəsində çalışsa da, boş vaxt tapan kimi pətəklərin başındadır.

Bizi bura gətirən əsas səbəb cəmi bir neçə həftə əvvəl, iyunun 16-da qapılarını açan, Azərbaycanda ilk və yeganə olan Arıçılıq Muzeyidir. Səyavuş kişinin beynində doğan bu ideyanı "Şəhərdən Kəndə" layihəsi qanadlandırıb: "Sağ olsunlar, layihəni bəyəndilər. Təmirdən tutmuş dizayna qədər hər şeydə dəstək oldular”, – deyə o, divardakı stendləri göstərir.

Muzeyin ilk guşəsi tarix qoxur. Cənub bölgəsindən tək-tək toplanmış, yaşı bir əsri keçən kötük pətəklər, palçıq və qamışdan düzəldilmiş qədim arı evləri insanı zaman səyahətinə çıxarır. Eramızdan əvvəl başlayan bu tarixin yanında müasir avadanlıqlar, rəflərdə isə bir müəllimin öz şəxsi arxivindən muzeyə bağışladığı saralmış, amma xəzinə dəyərində olan arıçılıq kitabları düzülüb. Divarlarda arının biologiyasını anladan rəngli slaydlar var. Səyavuş kişi bildirir ki, bura həm də bir tədris mərkəzidir. Lənkəran Peşə Təhsil Mərkəzinin arıçılıq qrupunun tələbələri dərsi elə buradaca, işin içində öyrənirlər.

Muzeyin ən həyəcanlı hissəsi isə canlı arı guşəsidir. Burada xüsusi şüşə pətəklər quraşdırılıb. "Əvvəllər deyirdilər ki, şüşə arını narahat edir, kameranı bağlayırlar. Biz o mifi dağıtdıq", – deyə Səyavuş kişi fəxrlə gülümsəyir. Millimetr dəqiqliyi ilə yığılmış bu şüşə vitrinlərin qarşısında dayanıb pətəyin içindəki gizli həyatı izləyirik. Bir az diqqətlə baxanda ana arının pətək gözlərinə necə yumurta qoyduğunu, işçi arıların çöldən gətirdikləri nektarı hara depoladıqlarını, bir-birlərinə müxtəlif hərəkətlərlə necə informasiya ötürdüklərini canlı sənədli film kimi seyr edirik.

Bir az kənarda isə Səyavuş kişinin öz icadı dayanıb: "Smart tərəzi". Arı pətəyinin altına qoyulan bu ağıllı mexanizm sayəsində arıçı pətəyin yanına getmədən, uzaq məsafədən pətəyin çəkisini, gündəlik bal artımını, temperaturu və rütubəti telefonla izləyə bilir. Kəlbəcərdəki Bal Festivalında kənd təsərrüfatı nazirinə təqdim olunan bu layihə üçün indi nazirliyin İnnovasiya Şöbəsi ilə birgə yerli proqram təminatı və mobil tətbiq hazırlanır.

Muzeydən çıxıb həyətdəki xüsusi pavilyonlara keçirik. Onlardan biri 72 arı ailəsini qoynunda saxlayan, üzərində günəş panelləri, uzaqdan idarəetmə sistemi və modemi olan tam təchizatlı nəhəng bir qurğudur. Digəri isə Səyavuş kişinin hələ 2017-ci ildə öz əlləri ilə düzəldiyi ilk 48 ailəlik pavilyondur. Burada arılar kimyəvi dərmanlarla deyil, tam təbii turşularla (qarışqa və quzuqulağı turşusu) müalicə olunur.

Amma səfərin ən yaddaqalan məqamı "Apiterapiya" (Arı havası ilə müalicə) evi ilə tanışlıqdır. Səyavuş kişinin öz dizaynı olan xüsusi pətək-yataqların altında 15 çərçivə arı işləyir. Üstü torlu çarpayıda uzanıb xüsusi tibbi maska və kuler vasitəsilə pətəyin içindəki havanı ciyərlərinizə çəkirsiniz. "Pətəyin içində bal, mum, propolis və arı südünün fermentləşməsindən ayrılan möcüzəvi efir yağları var. O hava ağciyərdən birbaşa qana keçir. Bronxial astmadan tutmuş immunitetə qədər hər şeyə xeyirdir. Burada 40-45 dəqiqə yatmaq insanın 8 saatlıq dərin yuxusuna bərabərdir", – deyir ev sahibi. Təbii ki, bircə şərt var: arı məhsullarına allergiyanız olmamalıdır.

Səyavuş kişinin Arıçılar Assosiasiyasının üzvü kimi ən böyük xəyalı Azərbaycanda ilk dəfə turistlərin gecələyə biləcəyi "arı evləri" şəbəkəsi yaratmaqdır. Bu layihə rəsmiləşsə, ölkə turizmində böyük rezonans doğuracaq.

Muzeyin bir küncündə xalis arı məhsulları, arı südü, güləm, çiçək tozu, propolis və tam təbii mumdan tökülmüş, parafinsiz ətirli şamlar satılır. "Heç yerdən alıb satmırıq, nə varsa, öz istehsalımızdır", – deyir Səyavuş kişi. Bura hələ ki giriş pulsuzdur, amma gələcəkdə muzeyin ayaqda qalması üçün simvolik bir qiymət qoyulması düşünülür.

Bizi ən çox duyğulandıran isə Səyavuş kişinin bu yaxınlarda "YAŞAT" Fondunun dəstəyi ilə 90-dan çox şəhid övladını və ailəsini burada qonaq etdiyini deməsi oldu. O uşaqların bu pətəklərin başında tapdıqları sevinc və təbiət sığınacağı, bəlkə də, bu muzeyin ən böyük qazancıdır.

Üzündən gülüş əskik olmayan bu səmimi arıçı, biz Şovu kəndindən ayrılmazdan əvvəl muzeyin xatirə dəftərinə təəssüratlarımızı yazmağımızı xahiş edir. Öz böyük xəyalları üçün yorulmadan çalışan belə insanlara biz jurnalistlər çox söz yaza bilərdik... Amma yazacağımız tək bir həqiqət var idi: “Qoy qəlbinizin sevgisi ilə qurduğunuz bu bal dadlı xəyallar heç vaxt tükənməsin və Lənkəranın bu kiçik kəndindən başlayan sorağınız dünyanın ən uzaq nöqtələrinə qədər vızıldasın!”.

Lənkəranın bu kiçik kəndindən, arıların heyrətamiz intizamından və Səyavuş kişinin gələcəyə dikilən işıqlı baxışlarından ayrılarkən anlayırıq ki, təbiətlə texnologiyanın vəhdəti düzgün əllərdə olanda insanı heyran qoyan möcüzələr yaradır. Şovu kəndində artıq sadəcə bal süzülmür, burada gələcəyin aqrar turizm tarixi yazılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri