Icma.az
close
up
RU
Leyla Rəşid: Mətbuat hər bir xalqın siyasi şüurunun və ictimai fəallığının güzgüsüdür

Leyla Rəşid: Mətbuat hər bir xalqın siyasi şüurunun və ictimai fəallığının güzgüsüdür

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

150 yaşlı Azərbaycan mətbuatının xarakteristikası

Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində “Xalq qəzeti” filologiya elmləri üzrə fəlsəfə doktoru, media, kommunikasiya tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü, Bakı Dövlət Universitetinin müəllimi  Leyla Rəşidin mətbuatın keçmişi, bu günü və gələcəyi barədə fikirlərini öyrənib. Həmin  müsahibəsini təqdim edirik.

- Leyla xanım,  media kommunikasiya üzrə tədqiqatçı ekspert kimi Sizinlə Azərbaycan mətbuatının 150 illik yoluna nəzər salmaq, müasir mətbuatın mənzərəsini və perspektivlərini müəyyən etmək istərdik. İlk sualımız belədir: Mətbuat azadlığı nəyi ifadə edir?

-Mətbuat azadlığı  xalqın söz haqqıdır. Tarixin müxtəlif dönəmlərində millətlərin dirçəlişi, azadlıq arzusu və maariflənməsi hər zaman mətbuatla başlayıb. Azərbaycan xalqının keçdiyi yol da istisna deyil. Azərbaycan mətbuatının keçdiyi yol, bir xalqın maarifçilikdən müstəqilliyə, senzuradan azad sözə qədər uzanan tarixidir. Həm də, sadəcə, informasiya vasitələrinin inkişaf tarixi deyil, xalqın maariflənməsi, azadlıq mübarizəsi və dövlətçilik ənənələrinin güclənməsi ilə sıx bağlıdır. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayan bu yol, bu gün rəqəmsal platformalarda da milli düşüncənin daşıyıcısı olaraq yaşayır.

Mətbuat həm də hər bir xalqın siyasi şüurunun və ictimai fəallığının güzgüsüdür. XIX əsrin sonlarından başlayaraq, Azərbaycan mətbuatı ictimai fikrin formalaşmasında və milli özünüdərkin inkişafında əvəzsiz rol oynayıb. Xüsusilə müstəqillik dövrü bu sahədə dərin dəyişikliklərə və yeni mərhələnin başlanmasına səbəb olub.

- Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin Azərbaycan cəmiyyətinin və mətbuatının inkişafında hansı rolu olub? 

- “Əkinçi”, sadəcə, qəzet deyil, bir millətin oyanışının ilk səsi idi. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin baş redaktoru olduğu bu qəzetin əsas qayəsi xalqı oyatmaq, maarifləndirmək, elmi, kənd təsərrüfatını, təhsili xalqa sevdirmək idi. “Əkinçi” sadə xalq dili ilə yazılırdı, o dildə ki, kəndli də başa düşsün, ziyalı da. Oxuyub düşünə bilsin. Bu baxımdan, “Əkinçi” qəzeti sadəcə informasiya vasitəsi deyil, düşüncə formalaşdıran, ictimai şüuru oyadan və cəmiyyətin vicdanını ifadə edənbir tribuna olub. O, yalnız dövrününün xəbərlərini çatdırmaqla kifayərlənməyib, həm də oxucularını maarifləndirib, düşündürüb və yönləndirib.

“Əkinçi”nin ardınca çap olunan “Ziya”, “Kəşkül”, “Zənbur”, “Şərqi-Rus” və xüsusilə “Həyat” qəzeti və “Füyuzat” jurnalı Azərbaycanda milli ideologiyanın, milli oyanışın daşıyıcısına çevrildi. Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi fikir adamları bu nəşrlərdə xalqı azadlığa, birliyə və müasirliyə çağırırdı.

-AXC dövrü mətbuatı hansı xüsusiyyətləri və fəaliyyəti ilə tarixdə qaldı?

-Azərbaycan Xalq Cumhuriyyəti dövründə mətbuat qısa, lakin çox mühüm və fəal bir inkişaf mərhələsi keçdi. Bu dövr Azərbaycan mətbuatının tarixində azad, pluralist və milli düşüncəyə əsaslanan ilk mərhələlərdən biri kimi yadda qaldı. Azərbaycan jurnalistikasının azad və demokratik ənənələrinin təməli qoyuldu. 

AXC dövründə mətbuat dövlət quruculuğuna dəstək verən, milli müstəqilliyi təbliğ edən və siyasi fikir müxtəlifliyini ifadə edən əsas vasitəyə çevrildi. 

AXC hökuməti söz və mətbuat azadlığını konstitusion hüquq kimi tanıdı. Sen­zura ləğv olundu, müxtəlif siyasi və ictimai mövqeləri əks etdirən qəzetlər nəşr edildi. Fərqli siyasi partiyaların, cəmiyyətlərin və ideoloji cərəyanların öz mətbuat orqanları var idi. “Azərbaycan” (rəsmi hökumət orqanı), “İstiqlal”, “Əhrar”, “Müsavat”, “Bəsirət”, “Tərcüman”, “Qurtuluş” kimi qəzetlər fəaliyyət göstərirdi.

Mətbuat maarifləndirmə, milli şüurun formalaşması və müstəqil dövlət ideyasının yayılmasında böyük rol oynadı. Cümhuriyyət mətbuatı türk dünyası ilə ideoloji və mədəni bağlılığı təbliğ edirdi. Qərb modellərinə uyğun hüquqi dövlət quruculuğu ideyaları dəstəklənirdi. Elmi, ədəbi və siyasi məqalələr geniş yer alırdı.

- Sovet dövründə Azərbaycan mətbuatının fəaliyyəti necə təşkil olunurdu və bu dövrün mətbuatına hansı xüsusiyyətlər xas idi?

-1920-ci ildə sovet rejiminin qurulması ilə Azərbaycan mətbuatı tamamilə dövlət nəzarəti altına keçdi. Mətbuat artıq maarifçilik və milli ideologiyanın deyil, sosialist ideologiyasının daşıyıcısına çevrildi. Senzura və siyasi nəzarət səbəbindən azad söz və tənqid imkanları ciddi şəkildə məhdudlaşdırıldı. “Kommunist”, “Bakinskiy raboçiy”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” kimi qəzet və jurnallar, əsasən, dövlət təbliğatını həyata keçirirdi. Jurnalistlərin fəaliyyəti sərt şəkildə tənzimlənir, hər hansı fikir azadlığı cəhdləri siyasi cəzalarla nəticələnirdi. Azərbaycan Sovet mətbuatında sosialist ideologiyasının tətbiqi və sovet rejiminin təbliğatı mühüm yer tutsa da, zaman-zaman mətbuat arasında ədəbi və mədəni tənqidlər də yaranırdı. Bəzi ədəbiyyat və publisistika nümunələrində dolayısı ilə ictimai tənqidlərə rast gəlinirdi. Bu da mətbuatın tamamilə susmadığını, sadəcə ehtiyatlı və dolayı yollarla öz mövqeyini ifadə etdiyini göstərirdi. XX əsrin ortalarından etibarən Azərbaycan mətbuatında ədəbi tənqid daha da inkişaf etdi, mətbuat, ədəbi mühitin formalaşmasında mühüm rol oynadı.

- 1991-ci ildən sonra Azərbaycan mətbuatınındakı dəyişilikləri necə xarakterizə edərdiniz?

-1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpası ilə ölkədə yeni bir mərhələ başladı: sözün sərhədləri genişləndi, mətbuat azadlığa doğru yol aldı. Bu dövrdə Azərbaycan mətbuatı həm iqtisadi, həm də siyasi sahədə müstəqil qərarlar qəbul etməyə çalışan yeni cəmiyyətin təmsilçisi oldu. 

İlk dəfə idi ki, Azərbaycan mətbuatı senzura olmadan fəaliyyət göstərmək imkanı əldə edirdi. Lakin bu dövr siyasi və iqtisadi qeyri-sabitliklə müşayiət olunduğu üçün mətbuatın inkişafı da çətinliklərlə üzləşdi. Bu illərdə yaradılan “Yeni Müsavat”, “Ayna-Zerkalo”, “525-ci qəzet” və digər qəzetlər müstəqil jurnalistikanın əsas dayaqlarına çevrildi. Həmin nəşrlər tənqidə açıq, müxtəlif siyasi qüvvələrin tribunasına çevrilən orqanlar kimi cəmiyyətin ictimai şüurunun formalaşmasında mühüm rol oynadı. Bu qəzetlər artıq senzurasız yazmağa çalışır, iqtidarı da, müxalifəti də tənqid edirdi. Bəzən bu cür cəhdlər sərt reaksiyalar doğururdu, amma mətbuatın cəsarətli və müstəqil obrazı formalaşırdı.

-1998-ci ildə Azərbaycan mətbuatında senzuranın ləğv edilməsini necə qiymətləndirirsiniz? 

-1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev mətbuatın dövlətin inkişafında rolunu açıq şəkildə bəyan etdi. Bu illərdə söz və mətbuat azadlığına dair bir sıra vacib hüquqi sənədlər qəbul olundu. Ən önəmli hadisə – 1998-ci ildə senzuranın rəsmi şəkildə ləğv edilməsi idi. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələri üzərində dövlət nəzarəti tamamilə aradan qaldırılmasına dair qərar Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi oldu və media orqanlarının sərbəst şəkildə fəaliyyət göstərməsinə şərait yaratdı. Həmçinin jurnalistlərin peşə fəaliyyətinin qorunması, redaksiyalara maddi və texniki dəstəyin artırılması, informasiya əldə etmə azadlığı ilə bağlı qanunvericilik aktlarının qəbulu da məhz bu dövrdə gerçəkləşdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik cəmiyyətin əsas sütunlarından biri olan azad mətbuatın təməli möhkəmləndirildi.

- Mətbuatın funksiyaları nələrdir və Azərbaycan mətbuatı bu funksiyaları nə dərəcədə yerinə yetirir?

- Mətbuatın funksiyaları çoxşaxəlidir və bu funksiyalar ictimai, siyasi, həm də mədəni sahələrdə əhəmiyyətli rol oynayır.  Mətbuat klassik funksiyaları – informasiya, maarifləndirmə, əyləndirmə-  ilə yanaşı, onun bir sıra funksiyaları demokratik cəmiyyətin vacib sütunlarından biri olduğunu göstərir. Bura, ictimai rəyin formalaşdırılması, tənqid və nəzarət,  sosial ədalətin müdafiəsi, dövlət və cəmiyyət arasında kommunikativ funksiyalar, həmçinin mətbuatın milli ideologiyanın daşıyıcı, təbliğat və ideoloji funksiyalar daxildir. 

Azərbaycan mətbuatının sosial və siyasi funksiyaları çox genişdir. İlk növbədə, mətbuat xalqın maarifləndirilməsi, siyasi və sosial problemlər barədə məlumatlandırılması baxımından önəmli bir rol oynayır. Azərbaycan mətbuatı hər zaman cəmiyyətin fikirlərini formalaşdırmağa, cəmiyyətdəki mövcud problemləri işıqlandırmağa, həmçinin milli maraqları müdafiə etməyə çalışıb. Xüsusilə 1991-ci ildən sonra, mətbuatın rolu daha da əhəmiyyətli hala gəldi. Mətbuat milli ideologiyanın daşıyıcı funksiyası ilə milli dəyərləri qorumaq, vətənpərvərlik hisslərini gücləndirmək, milli şüurun formalaşmasına töhfə verdi. 

Hazırda Azərbaycan mətbuatında dövlət siyasətinin cəmiyyətə çatdırılması, onlayn medianın genişlənməsi, xəbər portallarının çoxluğu bu funksiyanı prioritet edir. Lakin onlayn mediada peşəkar jurnalistikadan uzaq olan saytlarda klik xəbərlər üstünlük təşkil edir. Təbliğat və ideoloji funksiyalar fonunda xüsusilə, milli birlik, dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliği, multikultralizm ön plana çıxır. Bundan başqa, maarifləndirmə, sosial funksiyalar- problemlərin işıqlandırılması həyata keçirilir, tənqid və nəzarət funksiyası müşahidə olunur.  

-Yeni media tədqiqatçısı olaraq fikirləriniz maraqlıdı, rəqəmsal texnologiyaların inkişafı Azərbaycan mətbuatının fəaliyyətinə necə təsir edib?

- XXI əsrdə Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoydu – rəqəmsallaşma dövrü. Son onilliklərdə rəqəmsal texnologiyaların inkişafı ilə mətbuat da müasir dövrün tələblərinə uyğunlaşmağa başladı. Media konvergensiya prosesi  ilə ənənəvi qəzət və jurnallar İnternet mediaya inteqrasiya etdi. Konvergensiya prosesi ənənəvi mətbuatın formatlarını dəyişdi, yeni tipli media orqanlarının meydana gəlməsinə gətirib çıxartdı. Ölkədə müxtəlif xəbər portalları, bloglar və sosial media platformaları yarandı, informasiyanın xarakteristikası, xəbər istehsalının tələbləri dəyişildi, çoxformatlı və çoxplatformalı yayım gerçəkləşdi. Auditoriya, məzmun istehlakçıları həm də istehsalçılara çevrildi. İnternet mediası, sosial şəbəkələr, mobil tətbiqlər və süni intellekt vasitəsilə informasiya yayımı daha da sürətləndi. 

Hazırda rəqəmsal texnologiyaların və süni intellektin inkişafı Azərbaycanda da mətbuatın fəaliyyətinə müsbət və mənfi təsirlər göstərir. Onlayn platformalar, xəbər saytları və sosial media vasitəsilə xəbərlər real vaxtda geniş auditoriyaya çatdırılır. Sosial media, mobil tətbiqlər və interaktiv platformalar istifadəçilərlə interaktiv kommunikasiya qurmağa, onların reaksiyasını ölçməyə, xəbər istehsalında iştirak etməyə imkan verir. Süni intellekt alqoritimləri sayəsində xəbər mənbələri avtomatik analiz olunur, trendlər müəyyən edilir, xəbərin təqdimatı daha səmərəli şəkildə aparılır.  

Bununla yanaşı, texnoloji inkişaflar yeni problemlər də yaradır-  dezinformasiya, saxta xəbərlərlə ictimai rəyin manipulyasiyası, klik jurnalistikası, informasiya mənbələrinin etibarlılıq problemi, etik qaydaların pozulması və informasiya təhlükəsizliyi kimi məsələlər müasir dövrün əsas çağırışlarıdır. Süni intellekt (AI) ilə yazılmış xəbərlərin müəllifliyi, obyektivliyi və məsuliyyəti ilə bağlı suallar yaranır. Digər tərəfdən çap mətbuatı oxucu itirir, reklam bazarı onlayn mediaya keçir və bu da mətbuatın iqtisadi problemlərini yaradır. Bu səbəbdən uğurlu adaptasiya üçün media qurumları peşəkar jurnalistika prinsiplərini qoruyaraq texnoloji imkanlardan ağıllı şəkildə istifadə etməlidirlər. Həm dövlət, həm ictimai təşkilatlar, həm də jurnalistlər peşəkarlığın artırılması və medianın savadlılığı üçün birgə fəaliyyət göstərməlidirlər.

-Azərbaycan mətbuatının qarşılaşdığı problemlər hansılardır və bu problemlərin həlli üçün hansı tədbirlər görülməlidir?

- Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan bir institutdur. Azərbaycan dövləti çap və onlayn medianın inkişafına ardıcıl və sistemli dəstək göstərir. Ölkədə bu istiqamətdə bir sıra praktik tədbirlər həyata keçirilib. Bura dövlət büdcəsindən media subyektlərinə ayrılan maaliyyə dəstəyi, jurnalistlərin sosial müdafiəsi, həmçinin onların peşəkar inkişafı üçün təlimlər və seminarların təşkili, qanunvericilik islahatları, o cümlədən 2021-ci ildə qəbul edilən Media haqqında Azərbaycan Respublikasının Qanunu daxildir. Dövlət dəstəyi ölkədə azad və peşəkar medianın formalaşmasına xidmət edir, bununla yanaşı, mətbuatın fəaliyyətinə təsir edən bir sıra problemlər də var.  Bu problemlərin bir qismi rəqəmsal dövrün çağırışları, texnoloji inkişaflar və süni intellekt fenomeni, bir qismi isə Azərbaycan mediasının spesifik xüsusiyyətləri ilə bağlıdır. 

Mən əvvəlki sualınıza cavabda texnologiyanın və süni intellektin inkişafı ilə bağlı mövcud olan problemləri qeyd etdim. Mətbuatın əsas xarakteristikalarından biri – kontent problemi, klik xəbərlər və jurnalistikada özünütənzimləmə məsələsidir. Mətbuatın bəzi seqmentlərində jurnalistlərin peşəkarlıq səviyyəsi bəzən kifayət qədər yüksək deyil, etik normalara riayət olunmur, sensasiyaçılıq üstünlük təşkil edir. Digər problem isə informasiya mənbələrinin şəffaf olmaması və yalan xəbərlərin yayılmasıdır ki, bu da medianın etibarlılığını zədələyir. Bundan əlavə, rəqəmsal medianın sürətli inkişafına uyğunlaşmaqda gecikmələr və yeni texnologiyaların effektiv istifadə olunmaması da problemlər sırasındadır. Nəhayət, istifadəçi vərdişlərinin dəyişməsi, sosial media platformalarına üstünlük verilməsi medianın gələcəyinə mənfi təsir göstərir. Bu problemlərin həlli üçün medianın iqtisadi müstəqilliyinin təmin olunması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması və texnoloji yeniliklərə adaptasiya önəmlidir. 

Ümumiyyətlə, müasir Azərbaycan mətbuatının xarakteristikası onu göstərir ki, media qurumları müəyyən çətinliklərlə üzləşsələr də, ölkənin informasiya məkanında vacib rol oynamağa davam edir. Dövlətin media siyasəti, ölkədə İnternetə girişlə bağı heç bir məhdudiyyətin tətbiq edilməməsi, media azadlığının genişlənməsi, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəlməsi və texnoloji yeniliklərə adaptasiya onlayn medianın gələcəyini müəyyən edən əsas amillərdir.

-Azərbaycan mətbuatının gələcək inkişafı üçün hansı istiqamətlərdə islahatlar həyata keçirilməlidir?

-Azərbaycan mətbuatının gələcəyi, texnoloji inkişaf, media və  informasiya savadlılığının genişlənməsi ilə əlaqədar olaraq daha da dinamik olacaqdır. Mətbuatın qarşısında duran əsas məsələlərdən biri qərəzsiz və obyektiv xəbər yayımını təmin etmək, eyni zamanda, rəqəmsal dövrün tələblərinə uyğunlaşmaqdır. Gələcəkdə Azərbaycan mətbuatının inkişafı üçün medianın maliyyə bazasının güclənməsi, texnoloji adapdasiya, peşəkar jurnalistikanın təkmilləşdirilməsi, informasiya etikasına riayət olunması və cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarına uyğun informasiyanın təqdim edilməsi böyük əhəmiyyət kəsb edir. 150 illik Azərbaycan mətbuatının inkişafı, xalqın mədəni və siyasi həyatını əks etdirən güç kimi gələcəkdə də önəmli bir yer tutmağa davam edəcəkdir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see130

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see130

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see121

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see121

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see121

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see120

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see119

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see119

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see114

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see113

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri