Icma.az
close
up
RU
Sağlığında qiymət verin insanlara... Misir Mərdanov yazır

Sağlığında qiymət verin insanlara... Misir Mərdanov yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini, firavanlığı görən insanlar üçün həmin dövrün xaosunu təsəvvür etmək çox çətin olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin vaxtlarda yaşamış bizim nəslin nümayəndələri gördükləri hadisələri qələmə almalıdırlar ki, ibrət dərsi götürməli olduğumuz tarix unudulmasın.

Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin) müavini vəzifəsində işləyirdim. Yaxşı xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri (indiki Baş nazir) Həsən Həsənovun əleyhinə piket keçirilir, gör tanıdığın adamlar varsa, onları bu işdən çəkindir.

"Mən hara, piketə müdaxilə etmək hara?", düşünərək, etiraz etmək istədim, ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı nazirin bir sözünü iki eləmək mümkün deyildi, razılaşıb çıxdım. Həqiqətən siyasi proseslərdən kənarda qalmağın tərəfdarı idim, bir ziyalı kimi ölkənin taleyinin çətin durumda olduğundan narahatlıq keçirsəm də, çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən siyasi proseslərə qoşulub bir az da qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi görüb vəzifə borclarımı yerinə yetirməyi üstün tuturdum.

Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da Xocalı soyqırımı baş vermişdi, həmin faciənin dalğasında, martın əvvəllərində Ayaz Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin sədri seçilmişdi və dövlət başçısı vəzifəsi də ona həvalə edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda inadla mübarizə aparırdı, qaragüruhçuların da həvəslə qoşulduğu bu insanların siyasi addımları çox vaxt başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin daxilində parçalanma baş vermişdi, ayrı-ayrı liderlər, yeni partiyalar yaranmışdı və onların hər birinin prezidentliyə öz namizədi, öz tərəfdarları, öz "planları" var idi.  Bir tərəfdə də yenicə hakimiyyətin "dadını görmüş" Yaqub Məmmədovun tərəfdarları bu "ləzzəti" heç kəslə bölüşmək istəmir, onu prezident kürsüsünə doğru itələyirdilər. Ayaz Mütəllibov və onun "silahdaşları" hələ də ümidlərini itirməmişdilər, "bəlkə də qaytardılar" arzusu ilə gizli və açıq mübarizə aparırdılar. Düzünü demək lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu qarışıqlıqda Heydər Əliyevin adı hallanmırdı, var idisə də, çox məhdud çərçivədə idi. Hələ tarix öz sözünü deməmişdi, xalqın və ziyalıların bir qismi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə hər şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə inanırdı, başqa bir hissəsi professor olduğuna görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.

Belə bir vəziyyətdə xalqın və ölkə ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin sədri Həsən Həsənovu daha real namizəd görürdü. Sağlam düşüncəli bu kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə, imicinə və yüksək mənəvi keyfiyyətlərinə görə Həsən Həsənovu digərlərindən daha üstün tuturdular. Hələ tələbəlik dövründə qrup, fakültə və institut (indiki Azərbaycan Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının üzvü olan Həsən Həsənov 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri və digər vəzifələrdə, 1967-1969-cu illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı vəzifəsində çalışmışdı. 1969-cu ildə o zamanlar üçün çox böyük etimad olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə təyinat almışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən sonra gənc və istedadlı kadrlara göstərdiyi etimadın ən parlaq nümayəndələrindən biri olan Həsən Həsənov 1971-ci ildə şəxsən Ulu öndərin təşəbbüsü ilə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.

31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi, 1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər Partiya Komitəsinin Birinci katibi vəzifələrində çalışmışdı. Yaxşı xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə həm qurucu, həm də vətənpərvər bir ziyalı kimi dərin rəğbət qazanmışdı. Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş, onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq üslubunu özünə qaytarmışdı. Bu günə kimi hamı xatırlayır ki, Həsən müəllimə Gəncədəki memarlıq fəaliyyətinə görə "kərpic Həsən" təxəllüsünü qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini, binaları, hasarları yenidən kərpiclə tikdirmək üçün Ulu öndərin köməyi ilə Ümumittifaq büdcəsindən əlavə vəsait alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu inşa etdirmişdi. Bununla yanaşı, sovet ideologiyasının, necə deyərlər, "qılıncının dalının, qabağının kəsdiyi" illərdə "Kirovabad" (SSRİ-nin keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə 1935-1989-cu illərdə Gəncənin adı) adlanan şəhərin adını dəyişdirməyə gücü çatmasa da, şəhəri iki yerə bölmüş, onları Kəpəz və Gəncə rayonları adlandıraraq "Gəncə" sözünü unutmağa məhkum edilmiş xalqın yaddaşını "qıcıqlandırmışdı".

Bu insanın xalq arasında nüfuzu çox yüksək idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri üzrə katibi olduğu 1981-1990-cı illərdə həm ideoloji baxımdan "xalqın adamı" olduğu, həm də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən müəllim vəzifə iddiasında olan rəqiblərindən fərqli olaraq heç bir umacağı olmadığı halda, onların nəzərində "çox təhlükəli namizəd" hesab olunurdu...

Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər Kabinetinin qarşısına göndərilmiş, "Həsən Həsənova istefa", "Vəzifəni tərk et" şüarları ilə piket təşkil olunmuşdu. Ancaq bu piket çox uğursuz alınmış, ürəklərinin çağırışı ilə gəlməyən insanlar mənim də təklifim daxil olmaqla deyilən bir neçə haqlı iraddan sonra dağılışmışdılar. Vəziyyəti belə görən Yaqub Məmmədov səlahiyyətlərindən başqa cür istifadə etmək qərarına gəldi, həmin tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi olaraq yaradılması haqqında Sərəncam imzaladı və o gündən Həsən Həsənov Azərbaycan Respublikasının BMT-də hələ mövcud olmayan Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O, Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi, Nümayəndəliyin işini təşkil etmək üçün Nyu-Yorka yola salındı və beləliklə, ən "təhlükəli rəqib" neytrallaşdırıldı.

Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması 1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti olan və Azərbaycan tarixinə düşmüş hadisə kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin qəbul edilməsi ilə nəticələndi. 

Tarix göstərdi ki, dağ çaylarının coşqun sellərinin qarşısını almaq mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin də, haqqın, ədalətin də qarşısını almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin gün eşitdiyim bir sıra söhbətlər, işə qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər, onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər hadisələr bu şəxsə qarşı ürəyimdə böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən, həyatımın sonrakı mərhələlərində dəfələrlə onunla görüşmək, ünsiyyətdə olmaq şansım yaransa da, həmişə mənə elə gəlir ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım baş tutmuşdur.

Əslində, onu ilk dəfə yaxından görməyim isə tam təsadüf nəticəsində bu hadisədən 11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O vaxtlar dərslər həmin gün başlayırdı və mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə məşğul idim.  İşin çoxluğundan iştirak edə bilmədiyim təntənəli tədbir, çıxışlar, təbriklər gedən dəqiqələrdə dördüncü mərtəbəyə, dərslər keçirilən auditoriyaların yerləşdiyi yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə baxmağa yuxarı qalxacaq. Açığını deyim ki, o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar 26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən də Gəncənin birinci katibi (indiki İcra başçısı) kimi məşhur sima olan Həsən Həsənovu çox görmək istəyirdim.

Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində 60-cı illərdən başlanan milli təəssübkeşlik, vətənpərvərlik kimi hisslər gizli də olsa, çox qabarıq formada hər kəsin daxilində mövcud idi. Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar fəaliyyəti, milli duyğularına görə fərqlənən Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38 yaşında müəmmalı ölümü və digər bu kimi hadisələr ölkədə vətən və xalq sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən Həsənov da həmin o "xalq siyahısında" var idi və zaman göstərdi ki, xalqın proqnozları heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri üzrə katib olduğu dövrdə Azərbaycanın milli vətənpərvər ziyalılarını - Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı və digərlərini "qanadının altına" almışdı, onlarla şəxsi dostluq münasibətləri saxlayır, şeirlərinin, kitablarının çapına, efirdəki çıxışlarına qoyulan qadağaları ləğv etdirir, yeri gəldikcə onları yüksək mükafatlara təqdim edirdi. Belə münasibət, heç şübhəsiz, ölkə başçısının razılığı ilə baş tuturdu, ancaq Heydər Əliyevin açıq edə bilmədiklərini də Həsən Həsənov gizli-gizli həyata keçirir, dövrün və beləliklə, siyasi quruluşun amansız qadağalarına qalib gəlirdi.

Xatırlayıram ki, keçmiş SSRİ dağılanda ən izdihamlı mitinqlər, ən kəskin etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları arasında vətənpərvərlik hissləri digər respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə, siyasi qarışıqlıqlara, yaradılan Qarabağ probleminə, Qərbi Azərbaycandan gələn qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika oldu. Hərdən düşünürəm ki, bizim xalqın milli məsələlərdə bu qədər həssas olmasının səbəbkarlarından biri də Həsən Həsənov, onun gördüyü işlər, atdığı cəsarətli addımlar, fədakarlıq olmuşdur.

Hələ sadalanan hadisələrin baş verməsinə 7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların xidmətləri ilə Azərbaycan yeni bir dövrə hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin, Heydər Hüseynovların faciəli talelərinə baxmayaraq, heç nədən çəkinməyən Həsən Həsənov indi hökumətdə həmin missiyanı yerinə yetirməkdədir. Ona görə də xalq ona daha çox "kərpic Həsən" yox, "türkçü Həsən" deyirdi. Bu "türkçü", "vətənçi", "millətçi" Həsəni yaxından görmək istəyim bütün digər duyğularımı üstələmişdi və dördüncü mərtəbənin foyesində dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq Bağırzadə, "partkom" Qurban Bayramov, prorektor Teymur Vəliyev, daha bir neçə nəfər pilləkənləri qalxanda onların arasında qara saçları arxaya daranmış, qalın eynəkli, üzügülər Həsən Həsənovu o dəqiqə seçdim və gəlib yanımdan keçib gedənə kimi baxışlarımı ondan çəkmədim. Bəlkə də rektor, ya başqa kimsə mənim belə heyranlıqla ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu böyük, 40 yaşında ürəklərdə abidəsini yaratmağı bacarmış şəxsiyyətə heyranlığımı gizlədə bilməzdim, heç gizlətmədim də... Çünki yaxından tanıdıqca rəğbətimin bir az da artdığı, Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də xalqın tarixindən namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənlərinə aid neçə-neçə kitab yazan, sözün əsl mənasında vətəni canından çox sevən bu insanı sevməmək mümkün deyil.

Həsən müəllimin zəngin həyat yolu haqqında düşünərkən yadıma bir xatirə də düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma Salah kəndində yaşayan bütün soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində işləyən Safaya Məmməd qızı Həsənova danışırdı ki, 1988-ci ilin noyabrında İcevan rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı arasında ölən və yaralanan olsun, ona görə də Siz 3 gün müddətində camaatı kənddən çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs camaatın mal-qarası, ev əşyaları necə olacaq. Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə isə, o barədə düşünmək lazımdır. Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı ilə kəndə avtobuslar göndərilir və əhali evindən heç bir əşya götürə bilməyərək, zorla avtobuslara doldurulub Qazax şəhərinə aparılır.

İlk günlər kəndin əksər əhalisi Qazaxda qohum-əqrabasının, dost-tanışının evlərində gecələməli olurlar. Safaya xanım danışır ki, həmin dövrdə Qazax rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə tanış etdim və dedim ki, camaat buradan birbaşa Qarabağa getmək istəyir, xahiş edirəm bizə kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan rəhbərliyinin razılığı ilə həll etmək olar. O, böyük çətinliklə olsa da, mənimlə həmin dövrdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyən Həsən Həsənov arasında telefon əlaqəsi yaratdı. Mən camaatın istəyini ona çatdırdım. Müdrik şəxsiyyət və böyük vətənpərvər insan olan Həsən Həsənov məni diqqətlə dinlədi və köçkünlərin arzusunu nəzərə alıb Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov bizə kömək etdi və Azərbaycanın qonşu rayon rəhbərləri ilə əlaqə saxlayıb, bizim Qarabağa köçməyimizi təşkil etdi. Maşınlar ayrıldı və yalnız bizim kəndimiz yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola çıxdı. Gəncəyə yaxınlaşanda bizi saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun etirazı ilə rastlaşmasaydıq, köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də sonralar başımıza bəlalar gətirən Dağlıq Qarabağ problemi də olmazdı...

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see240

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see193

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see175

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see168

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see151

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see136

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see134

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see128

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see123

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see117

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see116

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see116

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see116

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see115

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see114

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see114

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see113

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri