Maduronun “oğurlanması” dünyada xaos və anarxiya yarada bilər TƏHLİL
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Dünyanın müxtəlif bölgələrində amansız, dağıdıcı müharibələr fonunda diqqətçəkən hadisələrdən biri də ABŞ prezidenti Donald Trampın göstərişi ilə Venesuela prezidenti Nikolas Maduronun Karakasda öz iqamətgahında saxlanılaraq ABŞ-a aparılmasıdır. Bu hadisə dünyada çox böyük çaxnaşma yaratdı, əksər ölkələr “insan oğurluğu”nu qınasa da, haqq qazandıranlar da oldu. ABŞ rəsmiləri bu prosesi narkotik ticarəti və korrupsiya ilə bağlı ittihamlarla əsaslandırırlar. ABŞ vitse-prezidenti Cey Di Vens sosial şəbəkə paylaşımında baş verənləri “həqiqətən təsiredici əməliyyat” adlandıraraq bildirib ki, Tramp Madurona narkotik ticarətini dayandırmaq və Vaşinqtonun “oğurlanmış” hesab etdiyi nefti geri qaytarmaq üçün dəfələrlə imkan verib. Vens onu da bildirib ki, Maduro indi Trampın dediyini həyata keçirdiyini anlayan ən sonuncu şəxsdir və Karakasda sarayda yaşamaq ABŞ-da narkotik cinayətlərinə görə məsuliyyətdən yayınmağa imkan vermir. ABŞ-ın Baş prokuroru Pem Bondi bildirib ki, Maduro və həyat yoldaşı narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar. Pem Bondin sözlərinə görə, Maduro və ona yaxın şəxslər uzun illər ərzində beynəlxalq narkotik şəbəkələri ilə əməkdaşlıq edərək ABŞ ərazisinə böyük həcmdə narkotik maddələrin daşınmasında iştirak ediblər. İddia olunur ki, bu fəaliyyətlər terrorçu və silahlı qruplaşmalarla əlaqəli şəkildə həyata keçirilib və ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdid yaradıb. Pam Bondi bildirib ki, sözügedən ittihamlar çərçivəsində Maduro ailəsinin üzvləri və Venesuelanın bir sıra yüksəkvəzifəli rəsmiləri də araşdırma predmetidir. Onun sözlərinə görə, yanvarın 5-də, bazar ertəsi günü Maduro və həyat yoldaşına qarşı qaldırılmış cinayət işi çərçivəsində məhkəmələri keçiriləcək.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesueladakı əməliyyatı ilə bağlı bildirib ki, ölkəsi əməliyyatı dörd gün təxirə salmaq məcburiyyətində qalıb: “Əsgərlərdən eşitdim ki, bu, dünyanın heç bir ölkəsinin edə bilməyəcəyi bir manevrdir. Mən sözün əsl mənasında bunu canlı izlədim, sanki televiziya serialına baxırdım. Bu, inanılmaz idi”. Tramp həmçinin əməliyyat zamanı heç bir itki vermədiklərini qeyd edib: "Bir neçə yaralı var, amma ölən yoxdur".
ABŞ Dövlət katibi Rubio Venesuela ilə bağlı ölkəsinin planlarını açıqlayıb. Bildirib ki, ABŞ, müddətini dəqiqləşdirmədən, keçid dövrü üçün Venesuelaya nəzarəti öz üzərinə götürür, ABŞ Karakasda yeni hökumətə "nizamlı keçidi" təmin etmək üçün lazım olduğu müddətcə Venesuelada qalacaq, ABŞ hökuməti Maduronu ABŞ məhkəməsində mühakimə edəcək, ABŞ-nin Venesuela neftinin ixracına dair birtərəfli embarqosu qüvvədə qalır, ABŞ Venesuelaya ikinci, daha güclü işğala hazırdır, lakin buna ehtiyac olmayacaq, ABŞ Qərb yarımkürəsindəki hökmranlığına bir daha heç vaxt meydan oxumamasını təmin edəcək.
Dünya ölkələri narahatdır
Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Venesuela lideri Nikolas Maduro devrilməzdən bir neçə gün öncə ABŞ-dən Türkiyəyə mühacirət etməklə bağlı təklif alıb. Lakin Maduro təklifi qətiyyətlə rədd edib. ABŞ senatoru Lindsi Qrem məlumatı təsdiqləyib. O, Donald Trampın təyyarədə jurnalistlərə dediyi "Venesuela prezidenti Nikolas Maduro bu gün Türkiyədə ola bilərdi, amma o, Nyu-Yorkdadır (həbsdədir)", - ifadəsinin real əsasını xatırladıb. Senator Qrem bildirib ki, Venesuela lideri Trampa və ABŞ ordusuna qarşı çıxmaq qərarına gəlib və indi o həbsdədir. Məlumat üçün onu vurğulamaq lazımdır ki, "New York Times" qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya istefa vermək və Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Maduronun bundan imtina etdiyini yazıb. Ümumilikdə mənzərə heç də ürəkaçan deyil. Çünki bir ölkənin xalq tərəfindən seçilmiş prezidentini digər ölkə bəlli maraqları naminə həbs edir. Bu hal president ola biləcəyi təhlükəsi var. Çünki nisbətən hərbi, siyasi gücə malik dövlətlər başaq bir zəif dövləti sıradan çıxara bilər. Deyək ki, sabah Çin Tayvana hücum edə bilər və yaxud Rusiya Moldavaya, ziddiyyətli münasibətlərdə olduğu Ermənistanan hücumlar təşkil edə bilər. Avropadakı böyük güclər ipə- sapa yatmayan Macarıstana, Serbiyaya D.Trampsayağı əməliyyatlar təşkil edə bilər. Təbii ki, bütün bunlara orta əsrlərə qayıdış deməkdir. Hansı ki, o dövrdə böyük imperiyalara var-dövlətlərini artırmaq, sərhədlərini genişləndirmək üçün digər ərazilərə hücumlar təşkil edir, əraziləri işğal edir, minlərlə, on minlərlə insanları öldürürdülər. Müasir dövrdə belə halların yaşanması çox təhlükəlidir. Bunu nəzərə alan bəzi dövlətlər təcili olaraq BMT Təhlükəsizlik Şurasının toplantının keçirilməsini tələb edirlər. Artıq Kolumbiyanın çağırışına əsasən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın fövqəladə iclas keçirəcək. Braziliya prezidenti Lula da Silva ABŞ-ın addımını “qəbuledilməz xəttin aşılması” kimi qiymətləndirib. O bildirib ki, bu hadisə Latın Amerikası və Karib hövzəsi ölkələrinin siyasətinə müdaxilənin ən qaranlıq dövrlərini xatırladır və region üçün təhlükəli presedent yaradır. Venesuela xarici işlər naziri İvan Gil ABŞ-ni ölkəsinə qarşı hərbi təcavüz etməkdə ittiham edib. Venesuela Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, zərbələr Karakasda, eləcə də Miranda, Aragua və La Guaira ştatlarında mülki və hərbi hədəfləri hədəfə alıb. Nazirliyin yaydığı sənəddə ABŞ-nin hərəkətlərinin BMT Nizamnaməsinin, xüsusən də dövlət suverenliyi, hüquqi bərabərlik və güc tətbiqinin qadağan edilməsi prinsiplərinin kobud şəkildə pozulması olduğu bildirilib. Karakas qeyd edib ki, hadisə, xüsusən də Latın Amerikası və Karib dənizində beynəlxalq sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükəyə atır. Polşanın Baş naziri Donald Tusk ABŞ-nin Venesuelaya hücumlarının regiondan kənarda da nəticələri olacağını bildirib: “Bu dövrdə ABŞ-nin Venesuelaya hücumu kimi böyük hadisələr bütün dünyada öz əks-sədasını verir".
ABŞ bu əməliyyatla həm Rusiyaya, həm də Çinə öz gücünü nümayiş etdirməyə çalışıb
ABŞ-nin Venesuelada əməliyyat keçirməsi təsadüfi deyil. Tramp administrasiyası neftlə zəngin Venesuelanı ələ keçirib, öz maraqlarını həyata keçirməyi planlaşdırıb. Bu əməliyyatla həm Rusiyaya, həm də Çinə öz gücünü nümayiş etdirməyə çalışıb. Təsadüfi deyil ki, Tramp keçirilən əməliyyatdan sonra keçirdiyi mətbuat konfransında dönə-dönə ölkəsinin fenomen hərbi gücə malik olmasından danışdı. Bildirdi ki, belə hərbi gücə malik heç bir dövlət ola bilməz.
Nəzərə almaq lazımdır ki, Venesuela dünyada neftlə zəngin aparıcı dövlətdir. Bu ölkə 304 milyard barreldən çox təsdiqlənmiş neft ehtiyatı ilə Səudiyyə Ərəbistanını da geridə qoyaraq dünyada birinci yerdə dayanır. Bu nəhəng sərvətin mövcud bazar qiymətləri ilə dəyəri 20 trilyon dollara yaxın sərvət olaraq qiymətləndirilir ki, bu da ölkəni qlobal enerji xəritəsinin mərkəzinə çevirir. Eyni zamanda, Venesuela cənub-şərqində, xüsusilə Orinoko mədən qövsü adlanan bölgədə dünyanın ən böyük qızıl, almaz və boksit (alüminium xammalı) yataqları yerləşir. Təxmini hesablamalara görə, ölkənin 10 min tona yaxın çıxarıla bilən qızıl ehtiyatı var. Bununla yanaşı, Venesuela dünyada ən böyük təbii qaz ehtiyatlarına malik olan ilk 10 ölkədən biridir. Dəmir filizi, kömür və nikel kimi sənaye əhəmiyyətli mineralların bolluğu bu torpaqları iqtisadi baxımdan "yatmış nəhəng"ə çevirib. Uzun illərdir davam edən idarəetmə böhranı və infrastrukturun aşınması səbəbindən bu resursların hasilatı minimum səviyyəyə düşsə də, potensial hələ də toxunulmaz qalır.
Təsadüfi deyil ki, Maduronun həbsindən sonra dünya birjalarında neftin bahalaşması müşahidə olunur. Prosesin daha da dərinləşə biləcəyi ehtimalı da var. Gözlənilən təhlükədən danışan Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesueladakı hərbi əməliyyatı və Prezident Nikolas Maduronun həbsi qlobal bazarlarda neft qiymətlərinin artmasına səbəb ola biləcəyini bildirib. Baş nazir, sosial media hesabında paylaşımında qeyd edib ki, Macarıstan hökuməti artıq enerji sektorunun nümayəndələri ilə təcili məsləhətləşmələr aparıb: "Bu gün Macarıstanı Venesuela böhranının nəticələrindən qorumaq üçün Macarıstanın enerji sektorundakı əsas oyunçularla məsləhətləşmələr apardıq. Bu böhran qiymətlərin artmasına səbəb ola bilər. Macarıstan hökuməti bunun üzərində işləyir".
Görünən ondan ibarətdir ki, dünyanın əksər ölkələri Maduronun oğurlanmasından narahat olsalar da, ABŞ rəsmiləri bundan məmnundurlar. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ İraqa, Əfqanıstana, Liviyaya daxil olarkən də “uğurları”ndan çox danışırdılar. Ancaq az sonra sözügedən ölkələrdə böyük itkilər verərək qaçmağa məcbur oldular. Ona görə də, ABŞ Venesuela əməliyyatının sevincini uzun müddətdə yaşaya bilməyəcək. Əminliklə demək olar ki, üzləşdiyi Əfqanıstan fəlakətini Venesuelada da yaşamalı olacaq.
İLHAM ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















